26 Aprel 2023 09:15
2620
SİYASƏT
A- A+

MƏĞLUBİYYƏTİ MƏĞLUB EDƏN ƏBƏDİ QALİB

 

Hansısa müdrikin fikridir:

Uduzmaq hələ məğlub olmaq demək deyil!

Məğlub olduğunu qəbul etmək məğlubiyyətdir!

Mübarizələr və müharibələr tarixində döyüşü uduzan, geri çəkilmək məcburiyyətində qalan sərkərdələr çox olub.

Sonra ordunu yenidən toparlayıb, yüksək döyüş əhvali-ruhiyyəsi yaratmaqla yenidən hücuma keçənlərə, düşməni darmadağın edərək qələbə bayrağını qaldıranlara da təsadüf edilib.

Əsl qələbə istədiyin nəticəyə nail olmaq, nəzərdə tutduğun hədəfə çatmaqdır!

Ulu Öndər Heydər Əliyevin həyatında da müxtəlif uğursuzluqlar baş verib.

Lakin Ümummilli Liderimiz heç zaman uğursuzluqlarla barışmayıb, özünü məğlub saymayıb!

Bütün qüvvə və imkanları səfərbər etməyi, xalqa arxalanaraq ən çətin hədəfləri belə fəth etməyi bacarıb!

Möhkəm iradəsi, sarsılmaz qətiyyəti, cəsarəti və qorxmazlığı, tutduğu yolun doğruluğuna və ədalətə inamı sayəsində daim həlledici döyüşləri udub!

Əslində, dünyaya qalib kimi gələrək, bir qalib kimi də əbədiyyətə qovuşub!

***

Böyük şəxsiyyətlər, görkəmli dövlət xadimləri və siyasətçilər adətən açıq mübarizə aparırlar.

Onlar istədiklərini ucadan səsləndirir, hədəflərini aydın və dəqiq göstərir, məqsədlərinə çatmaqdan ötrü yorulmadan çarpışırlar.

Adətən uğurlu insanlara qısqanclıqla yanaşanlar, paxıllıq edənlər, gizlincə ayağından çəkərək əngəl yaratmağa çalışanlar da olur.

Belələri üzdə gülsələr də, açıq şəkildə rəqiblərini tərifləyib hətta bəzən yaltaqlansalar da, əllərinə fürsət düşən kimi kəndir kəsməkdə, murdar niyyətlərini ən miskin formada həyata keçirməkdə mahirdirlər.

Təəssüf ki, hərdən bu xəbislər uğur da qazana bilirlər.

Mənfur niyyətlərinə yetəndə sanki "rahatlıq" tapırlar.

Amma heç zaman sonadək qalib ola bilmirlər.

Çünki xain və xəbis niyyətlilər daim məqsədlərinə çatsalar, yəqin ki, həyat inkişafdan dayanar, dünya zülmətə bürünər.

Tanrı işıqlı insanları, xoş niyyətliləri sevir!

Onlara arxa duraraq onların əli ilə həyatı yaxşılaşdırır, insanlara sevinc və xoşbəxtlik nəsib edir!

Ulu Öndər Heydər Əliyev də Tanrının sevdiyi, qoruduğu, arxa durduğu, onun əli ilə dünyaya ədalət və sevinc çatdırdığı insanlardan biri olub!

***

Ulu Öndər Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə respublikanı başdan-başa yenidən tikib qurdu, sənayeni, kənd təsərrüfatını, elmi, təhsili, mədəniyyəti, habelə xalqın sosial rifahını əsaslı şəkildə yüksəltdi!

Bu uğur və nailiyyətləri ilə bərabər, özü də görkəmli dövlət xadimi, siyasətçi və təşkilatçı kimi tanındı, yüksəldi!

SSRİ kimi superdövlətdə görünmək, fərqlənmək, başqalarından əsaslı şəkildə seçilmək o qədər də asan deyildi.

Lakin böyük miqyaslı rəhbər kadrlar da hər zaman yetişmir.

Ulu Öndər Heydər Əliyevin gördüyü işlər, bacarıq və məharəti diqqət cəlb etdi!

Onu həmin dövr üçün ən yüksək vəzifələrdən sayılan SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin etdilər, Sov. İKP MK Siyasi Bürosunun üzvü seçdilər!

Moskvaya, SSRİ-nin rəhbərlərindən biri kimi işləməyə dəvət etdilər!

Çətin və ciddi sınaqlarla dolu etimad və təyinat!

Dünya "Türk oğlu işləmək üçün Kremlə aparıldı!" - deyə bu seçimə reaksiya verdi.

Heydər Əliyev nəhəng miqyaslı fəaliyyətə başladı, iyirmiyədək nazirliyə rəhbərlik etdi, Baykal-Amur Magistralının həyata vəsiqə qazanmasında böyük zəhmət sərf etdi!

Bu gün də rus elitası, həmin dövrü araşdıran tarixçilər və tədqiqatçılar Heydər Əliyevin fəaliyyətini qədirbilənliklə dəyərləndirirlər.

***

Təbiidir ki, bədxahlarsız da ötüşmək mümkün olmur.

"Donoslar", "anonimçilər" işə salındı, "gözdənsalma" kampaniyasına start verildi.

Bu qaragüruhun başında o zaman Sov.İKP MK-nın katiblərindən biri olan M.Qorbaçov dururdu.

Sonralar öz əqidəsinə xəyanət edən, öz vətəndaşına ordunun əli ilə güllə atdıran, xəyanətə yuvarlanaraq xidmət etdiyi SSRİ-ni dağıdanlar sırasında başlıca "fiqur"a çevrilən M.Qorbaçov!

Heydər Əliyevin ölkədəki nüfuzundan, onun kölgəsində qalmaqdan qorxan M.Qorbaçov baş katib vəzifəsinə keçdikdən sonra paxıllıq və qısqanclığını düşmənçilik səviyyəsində davam etdirdi!

Xalq arasında başqa bir deyim də vardı: "Moskvaya aparılan "türk kadrları" oradan geriyə salamat qayıtmır".

Bu deyimin ən tutarlı nümunəsi xalq komissarı Nəriman Nərimanovun başına gətirilənlər idi.

Heydər Əliyevi də belə bir aqibət gözləyirdi!

Gözlənilənlər baş verdi.

Sapsağlam insan qəfildən ölüm yatağına düşdü.

Sui-qəsd demək olar ki, baş tutdu.

Lakin başqa bir həqiqət də var: Tanrının sevdiyi və qoruduğu insana heç bir bəndənin gücü çatmaz!

Çox çəkmədən Heydər Əliyevin özünün imtina etdiyi partiya da, tutduğu vəzifə də, 15 müttəfiq respublikadan yaranmış nəhəng SSRİ də parçalandı, yox oldu.

Heydər Əliyev isə yenidən doğma Azərbaycanına qayıtdı!

Sağaldı, əvvəlki kimi enerjili, qətiyyətli və işgüzar oldu!

Bu qayıdış məğlubiyyət deyildi!

Sonrakı hadisələr də bunu göstərdi.

Əslində, Heydər Əliyev xəyanətkarlar, satqınlar üzərində qələbə çalaraq geri dönmüşdü!

Doğma xalqı, hər şeydən çox sevdiyi Azərbaycan qarşısında tarixi missiyasını yerinə yetirmək naminə qayıtmışdı!

***

Lakin Ulu Öndəri vətəndə də etibarsızlar, xainlər, vəzifə hərisləri və şəxsi maraqlarını ümumi mənafedən yüksək tutanlar gözləyirdilər.

Bakıda daha bir sui-qəsd cəhdi oldu və bu plan da boşa çıxdı!

Ulu Öndərin vaxtilə oxutdurduğu, arxa durduğu, vəzifə pillələri ilə irəlilətdiyi insanların bir qismi ona qarşı dönüklük etdilər.

Hətta bu böyük insanın uzun illər boyu öz əlləri ilə tikib qurduğu Bakıda yaşamasına imkan yaratmadılar.

Heydər Əliyev doğma yurdu Naxçıvana üz tutdu.

Yenə də məğlub kimi yox!

Çünki yaxşı bilirdi ki, təsadüfən ölkə rəhbərliyinə gələn, yüksək vəzifə tutan bu dönüklər, əslində, nə siyasətdən baş çıxarırlar, nə də həmin dövrdə baş verən hadisələrdən.

Ayaz Mütəllibov SSRİ dağılan dövrdə onu saxlamaq, qorumaq üçün ölkədə referendum keçirirdi!

 AXC-Müsavat cütlüyü yaratdığı anarxiya və başıpozuqluqdan istifadə edərək hakimiyyəti ələ almağa, bu yolla var-dövlət yığmağa can atırdı.

Ulu Öndər yenidən güc toplamaq, dövləti və xalqı fəlakətdən qurtarmaq üçün kiçik vətəninə döndü.

Onun Naxçıvana qayıdışı isə həm də Naxçıvanı aclıqdan, soyuqda donmaqdan və işğaldan qurtardı!

***

M.Ə.Sabir necə də gözəl deyib:

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,

Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!

Sular durulmağa başlayanda Heydər Əliyevin yeri göründü!

Ə.Vəzirovdan sonra A.Mütəllibov da təyyarəyə minərək ölkədən qaçdı.

Səriştəsizlər və naşılar - AXC-Müsavat cütlüyü isə "vəzifələrini donduraraq" hakimiyyətdən getdilər.

Ancaq bundan əvvəl Naxçıvana Heydər Əliyevə dalbadal çağırış göndərərək geriyə qayıdıb ölkəni fəlakətdən qurtarmasını xahiş-minnət etdilər.

Əsl qələbənin, Ulu Öndərin qələbəsinin etirafı da məhz bu idi!

Çünki Azərbaycanda yaşayan hər kəs yaxşı anlayırdı ki, dövləti və xalqı bu fəlakətdən yalnız Heydər Əliyev dühası xilas edə bilər!

Ulu Öndər Heydər Əliyev yarımçıq işləri başa çatdırmaq üçün yenidən geriyə döndü!

Lakin Azərbaycanın müstəqilliyini istəməyənlər, antiazərbaycançı şəbəkəyə qulluq edənlər hələ də niyyətlərindən əl çəkməmişdilər.

İki dəfə -1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhd olundu.

Silahlanmış müxalifət hakimiyyəti ələ keçirməyə çalışırdı.

Onlar elə güman edirdilər ki, Ə.Vəzirov, A.Mütəllibov, Ə.Elçibəy kimi Heydər Əliyev də postunu tərk edərək harasa qaçacaqdır!

Amma çox ciddi səhv etmişdilər!

Heydər Əliyev "Mən özümün də, övladlarımın da həyatını Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə qurban verməyə hazıram" deyərək Prezident kürsüsünü tərk etmədi, xalqı mübarizəyə qaldırdı!

Artıq başı daşdan-daşa dəyən, həqiqi rəhbərlə qorxaq dövlət başçılarını yaxşı ayırd edən xalq Heydər Əliyevin ətrafında yumruq kimi birləşdi, öz dövlətinin və rəhbərinin müdafiəsinə qalxdı!

Xalq-Heydər birliyi son qələbəni müəyyən etdi!

Xalqın çağırışı ilə Azərbaycan rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev tarixi missiyasının icrasına başladı, bu yolda sonadək qətiyyət və qəhrəmanlıq göstərdi.

***

Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin ikinci dövründə ölkədə möhkəm və dönməz sabitlik yaratdı.

Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.

Zəruri islahatlar apararaq bazar iqtisadiyyatı münasibətlərinə keçidi təmin etdi!

"Əsrin müqaviləsi" ilə ölkənin gələcək iqtisadi inkişafına dəyərli töhfə verdi!

Ulu Öndər Heydər Əliyevin Azərbaycan qarşısındakı xidmətləri saysız-hesabsızdır.

Onlardan ikisini xüsusi qeyd etmək istərdik:

Heydər Əliyev siyasi kursunu müəyyən edərək Azərbaycanın əbədi inkişafını təmin etməsini;

Ən layiqli siyasi varisini yetişdirərək ölkənin taleyini etibarlı əllərə tapşırmasını!

***

Həyatının son dövrlərində Heydər Əliyevin ən böyük "düşmən"i səhhətində yaranan problemlər oldu.

Uzun illərin gərgin işi, Moskvada sağlamlığına vurulan zərbə, çoxsaylı problemlərin həllinə sərf edilən enerji, dövlətə qarşı xəyanətlərin ifşası, Qarabağ məsələsi ilə bağlı illərlə çəkən gərgin danışıqlar və digərləri yorulmaq bilmədən çalışan Ümummilli Liderimizin fiziki cəhətdən zəifləməsinə və xəstəliklərlə mübarizəsinə mənfi təsir göstərmişdi.

Ulu Öndərin xəstəliklə son "döyüş"ü bu gün adını daşıyan sarayda baş verdi.

21 aprel 2003-cü ildə.

İnsanların maraq və məhəbbətlə iştirak etdiyi görüşdə, televiziya ilə birbaşa ölkə ərazisinə translyasiya olunan tədbirdə.

Əvvəlcə xəstəlik güc gəldi, bu yenilməz insanın müvazinəti pozuldu.

Sonra bütün Azərbaycan xalqının sonsuz məhəbbət və heyrətlə izlədiyi hadisələr baş verdi...

Bu görüşdə həm də Ulu Öndərin yaratdığı C.Naxçıvanski adına Hərbi Liseyin kursantları da iştirak edirdilər.

Ali Baş Komandan gələcək hərbçilərə də məğlubedilməzlik nümunəsini göstərdi!

Həkimlərin bütün xahiş və xəbərdarlıqlarına baxmayaraq, Heydər Əliyev yenidən çıxış etdiyi kürsüyə qayıtdı!

 Sözünün mabədini söylədi...

Azərbaycan xalqını böyük nigarançılıqdan qurtardı...

Hələ də ayaqda olduğunu, mübarizənin, quruculuğun davam etdiyini nümayiş etdirdi!

 Gələcək zabitlərə ən çətin anlarda qələbəyə doğru necə irəli getməyin nümunəsini göstərdi!

Göstərdi ki, qalib gəlməyin, məqsədə çatmağın yeganə yolu ayaqda qalmaq, sonadək mübarizə aparmaqdır!

Bütün həyatı boyu Heydər Əliyev kimi yorulmadan, dayanmadan, heç bir təhdid və təhlükədən qorxmadan mübarizə aparmaqdır!

Ən nəhayət, sübut etdi ki, o, sınaqlardan çıxmış, heç zaman məğlub olmayan Heydər Əliyevdir!

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqın əbədi sevgi və məhəbbət ünvanı olan Heydər Əliyev!

 

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video