28 May 2023 19:54
233
Səfərlər
A- A+

Laçın rayonunda Şərqi Qafqaz turları və şahin quşları təbiətə, müxtəlif növ balıqlar Həkəri çayına buraxılıb

 

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Laçın rayonunun ərazisində Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Əvvəlcə Prezident İlham Əliyevin iştirakı ilə ölkə ərazisində reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində rayonun ərazisinə boyunlarına xüsusi siqnalötürücü xaltalar bağlanmış Şərqi Qafqaz turları və şahin quşları təbiətə buraxıldı.

Məlumat verildi ki, Şərqi Qafqaz turları ölkəmizdə Böyük Qafqazın Cənub və Şərq yamaclarında daha geniş yayılıb. Əsasən dəniz səviyyəsindən 1000-3000 metr hündürlükdə yaşayan bu heyvanların sayı ölkəmizdə 7-8 min başdır. Şərqi Qafqaz turlarının fəallığı mövsümdən və yem bazasından asılı olaraq dəyişir. Vaxtilə bu heyvanlar Kiçik Qafqaz dağlarında yaşasalar da, sonradan həmin ərazidə nəsli tükənib.

Həmçinin qeyd olundu ki, adı “Qırmızı kitab”a düşən şahin quşları Qətərdən Azərbaycana gətirilib. Bundan əvvəl də 200-dək şahin quşu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qətər Dövlətinin Proqramı çərçivəsində ölkəmizin bioloji müxtəlifliyinin inkişafına dəstək məqsədilə Xızı, Siyəzən və Şabran rayonları ərazisində vəhşi təbiətə buraxılıb.

Dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olundu.

Bildirildi ki, Laçın rayonu işğaldan azad olunduqdan sonra 2022-ci il sentyabrın 5-8-də rayon ərazisində monitorinq aparılıb. Monitorinq zamanı Laçın şəhəri ərazisində 10 müxtəlif yerdə ümumilikdə 13 hektar yaşıllıq sahəsinin, Laçın yolu adlandırılan ərazidə isə 448,8 hektar meşə sahəsinin yandırılması faktı müəyyən edilib. Yaşıllıq sahəsinin yandırılması nəticəsində müxtəlif növ 7135 ağacın, sıx örtülü meşə sahəsinin məhv edildiyi aşkarlanıb.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində də iştirak etdi.

Dövlətimizin başçısına nadir və həssas növlərin artırılması və populyasiyalarının bərpası istiqamətində otuz ildən sonra ilk dəfə Qarabağda və Şərqi Zəngəzurda fauna və flora növlərinin tədqiqi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Qırmızı kitab”ın üçüncü nəşri ilə bağlı görülmüş işlər və perspektivlər barədə məlumat verildi.

Qeyd olundu ki, işğaldan azad edilmiş ərazilərdə ötən dövrdə fauna növlərindən 33 baş ceyran öz tarixi areallarına qaytarılıb. Otuz ilə yaxın işğal dövründə ekoloji tarazlığın pozulması, regiona xas növlərin yaşama yerlərinin fraqmentləşməsi kimi mənfi halların aradan qaldırılması üçün təbii bərpa prosesinə dəstək tədbirləri davam etdiriləcək.

Bildirildi ki, işğal dövründə tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsi yenidən qurularaq modernləşdirilib. Ərazidən axan əsas çaylar üzərində 11 avtomat hidroloji, Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında 5 avtomat meteoroloji, Zəngilan rayonundakı “Ağıllı kənd” ərazisində avtomat aqrometeoroloji, həmçinin transsərhəd ərazilərdə radiasiya fonunun nəzarətdə saxlanılması məqsədilə avtomat radioekoloji stansiyalar quraşdırılıb.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə formalaşan bərk məişət tullantılarının idarə olunması istiqamətində görülən işlər barədə də məlumat verildi. Bu ərazilərdə tullantıların müasir standartlara uyğun idarə olunması üçün xüsusi təyinatlı texnika və avadanlıqların alındığı və Regional Strategiyanın hazırlandığı diqqətə çatdırıldı.

x x x

Sonra Prezident İlham Əliyev istirahət üçün nəzərdə tutulan kottec tipli evlərin inşası ilə tanış oldu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video