Üç onillik həsrət... Külə dönmüş ocaqlar... Viran qalmış yurdlar... Nəhayət, 2020-ci ilin payızında zəfərin səsi eşidildi, torpaqlarımızın əsarəti bitdi. Qələbədən qısa müddət sonra Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinə başlanıldı. Bunun nəticəsi olaraq 2022-ci ilin iyul ayından etibarən keçmiş məcburi köçkünlər yurdlarına qovuşurlar. Elə bir ay, həftə yoxdur ki, qayıdış köçünün şahidi olmayaq.
Uzun illərdir əzəli yurd yerlərinə həsrət qalan vətəndaşlarımız mərhələli olaraq torpaqlarına qayıdırlar. Köç karvanlarını qarşılayan ərazilərimizdən biri də Ağdam rayonunun Kəngərli kəndidir. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən kəndin təməli 4 oktyabr 2022-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Dünən Kəngərli kəndi daha 207 sakininə (50 ailə) qucaq açıb. Kəndin artıq 255 sakini var. Birinci mərhələsinin açılışı mayın 10-da baş tutan Kəngərliyə bu mərhələdə 1279 nəfərin köçürülməsi planlaşdırılır. Ümumilikdə isə kənd 2544 nəfərin yaşayışı üçün nəzərdə tutulub.
Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Burada artıq 292 iki, üç, dörd və beşotaqlı fərdi ev tikilib.
Keçmiş məcburi köçkünlərin daimi məskunlaşdıqları digər ərazilərdə olduğu kimi, bu kənddə də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
Ölkəmizdə yeni uşaq müəssisələrinin yaradılması prosesi işğaldan azad olunmuş ərazilərimizdə də uğurla davam etdirilir. Bu layihələr həmin ərazilərə köçən uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə reallaşdırılır. Kəngərlidə kənd körpələr evi-uşaq bağçası istifadəyə verilib. Müasir standartlara uyğun inşa edilmiş 120 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların sağlam mənəvi və fiziki mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 6 qrup fəaliyyət göstərəcək. Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri aparılıb.
Kəngərli kəndində həmçinin klub-icma mərkəzi də inşa edilib. İkimərtəbəli mərkəzdə rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Burada əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Kənddə əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına imkan yaradacaq yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati bina tikilib. Binada müxtəlif tədbirlərin keçiriləcəyi iclas zalı və işçilərin normal şəraitdə fəaliyyət göstərmələri üçün iş otaqları yaradılıb. Bütün bunlar uzun illər çətinlik, ağrı-acı görmüş insanların rahat, təhlükəsiz və firavan yaşaması üçün həyata keçirilir.
Qürurla deyə bilərik ki, bu günədək 14000 keçmiş məcburi köçkün əzəli torpağına qovuşub, 14 yaşayış məntəqəsində daimi məskunlaşma reallaşdırılıb. İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 571 ailə (2091 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 376 ailə (1409 nəfər) Şuşa şəhərində, 85 ailə (341 nəfər) Xocalı şəhərində, 512 ailə (2293 nəfər) Cəbrayıl şəhərində, 172 ailə (811 nəfər) Xocalı rayonunun Ballıca kəndində, 90 ailə (306 nəfər) Ağdərə rayonunun Həsənriz kəndində, 180 ailə (592 nəfər) Ağdərə rayonunun Suqovuşan kəndində, 184 ailə (767 nəfər) Ağdam rayonunun Sarıcalı kəndində, 60 ailə (255 nəfər) Ağdam rayonunun Kəngərli kəndində məskunlaşıb.
2026-cı ilin sonunda Böyük qayıdışın birinci mərhələsi bitəcək. O zamana qədər Qarabağ və Şərqi Zəngəzurda 140 min nəfərin, 34 min 500 ailənin dədə-baba torpaqlarında daimi məskunlaşması təmin ediləcək. Düşmənin viran qoyduğu şəhər və kəndlərimiz yenidən qurulduqca uzun illərdir əsarət altında qalmış yurdlarına geri dönmək arzusu ilə yaşayan yüz minlərlə soydaşımız əzəli torpaqlarına qovuşacaqlar.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"