Misilsiz xidmətləri və göstərdikləri qəhrəmanlıqları ilə hərb tariximizə böyük ad-san qazanmış generallar bəxş etmiş Kəngərlilər nəslinin görkəmli nümayəndələrindən biri də Cəmşid Naxçıvanskidir. Cəmşid Naxçıvanski 23 avqust 1895-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb. Gələcəyin generalı 7 yaşında anası Fərrantac xanımdan Azərbaycan dilində yazmağı, dayəsi Anna Nikolayevnadan isə rus və fransız dillərində danışmağı öyrənmişdi.
O, kiçik yaşlarından artıq ulduz kimi parlamağa başladı. Cəmşid Naxçıvanski 1904-cü ildə Tiflis kadet (yeniyetmə) korpusuna qəbul olmuşdu. İlk hərbi təhsilini Tiflisdə almağa başlayan Cəmşid bu məktəbdə hərb elminin sirlərini dərindən öyrənmiş, dövrünün müasir biliklərinə yiyələnmişdi. 1911-ci ildə təhsilini yüksək qiymətlərlə bitirmişdi. C.Naxçıvanski 1914-cü ildə kadet korpusunda (zadəgan övladları üçün hərbi məktəb) yeddiillik təhsilini uğurla başa vurmuşdu. Bundan sonra sanki ömrünün sabahlarına gedən yollar qarşısında geniş açılmışdı.
Gələcəyin generalı sınaqlardan uğurla keçərək Qərbi Ukraynanın Yelizavetqrad şəhərindəki Süvari Hərbi Məktəbinə qəbul olur. Həmin illərdə Birinci Dünya müharibəsi gedirdi. 1 sentyabr 1914-cü ildə Cəmşid Naxçıvanski Rusiya imperiyasının ordusunda hərbi xidmətə başlayır və müharibəyə göndərilir. Birinci Dünya müharibəsində göstərdiyi döyüş bacarığı və igidliyi qısa müddət ərzində ona böyük ad-san qazandırır. Hərbçi kimi üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlir. Müharibədə göstərdiyi igidlik və qəhrəmanlıq layiqincə qiymətləndirilir. İgidliyinə görə çoxsaylı ordenlərlə təltif olunur. Cəmşid Naxçıvanski döyüşlərdə, Avstriya və Rumıniya cəbhələrində üç dəfə yaralanır. Amma yaralanmağına baxmayaraq, döyüşlərdən qalmır, hərbi borcunu şərəf və ləyaqətlə yerinə yetirir.
C.Naxçıvanski göstərdiyi şücaətə görə süvari zabiti kimi gümüş silahla təltif olunur. Bununla yanaşı, ikinci, üçüncü, dördüncü dərəcəli Anna, ikinci, üçüncü dərəcəli Stanislav ordenləri ilə mükafatlandırılır. Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronunun komandiri olan Cəmşid Naxçıvanski "Brusilov cəbhəsi"nin yarılmasında iştirak edir və əməliyyatlar zamanı böyük igidlik göstərir. Bu şücaətinə görə o, 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunur. Döyüşlərdə cəsarəti və təşkilatçılığı ilə başqa hərbçilərdən seçilir. Bütün bunlar onun gələcəkdə böyük hərb xadimi olacağından xəbər verir. Amma Rusiyada baş verən hadisələr, inqilablar çar ordusuna da təsirsiz ötüşmür. Azərbaycanın hərb tarixində layiqli yer tutan şəxsiyyətlərdən biri olan Cəmşid Naxçıvanski 1917-ci ilin sentyabrında general Kornilovun uğursuz yürüşündən sonra başçılıq etdiyi süvari alayı ilə birgə Qafqaza qayıdır. Bununla da qəhrəman süvari döyüşçü Cəmşid Naxçıvanskinin hərbi həyatının ikinci mərhələsi başlayır. Komandiri olduğu alayı ilə birlikdə Gəncə şəhərinə gələn C.Naxçıvanski 1918-ci ildə bolşeviklərə qarşı vuruşur.
Cəmşid Naxçıvanskinin komandiri olduğu alayın şəxsi heyəti Bakının işğaldan azad edilməsində də böyük hünər göstərir. Həmin il iyulun 30-da Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin əmri ilə rotmistr Cəmşid xan Naxçıvanskiyə polkovnik-leytenant hərbi rütbəsi verilir.
O, 1918-ci ilin sentyabrında türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə ölkəmizin müstəqilliyi uğrunda cəsarətlə vuruşur. Hərbi Nazirliyin 24 mart 1920-ci il tarixli əmrinə əsasən, II Qarabağ süvari polkunun komandiri təyin edilir. Ona Əsgəran qalasını erməni işğalçılarından azad etmək tapşırığı verilir. Cəmşid Naxçıvanski bu tapşırığın öhdəsindən layiqincə gəlir. Aprel ayının 12-dək Ağdam, Xankəndi, eləcə də Şuşa erməni işğalçılarından təmizlənir. Təəssüflər olsun ki, cəmi 23 ay yaşamış və xalqımızın tarixində parlaq, şərəfli bir səhifə kimi qalmış Azərbaycan Xalq Cümhuriyyəti 27 aprel 1920-ci ildə bolşeviklərin təzyiqi və hücumları nəticəsində süqut edir.
Cəmşid Naxçıvanski görkəmli siyasi xadim, yazıçı, dramaturq Nəriman Nərimanovun məsləhəti ilə özünün alayı ilə birlikdə bolşevik hökumətinin tərəfinə keçərək xidmətini davam etdirir. Təcrübəli zabit Bakıda yaradılmış Azərbaycan Birləşmiş Hərbi Məktəbinin rəisi, 1921-ci ilin dekabrında isə Azərbaycanın ilk milli dağ-atıcı diviziyasının komandiri təyin olunur. C.Naxçıvanski yüksəkixtisaslı hərbçi kadrların hazırlığında mühüm rol oynayır. Bu yolda bütün bacarığı ilə çalışır. Cəsur sərkərdənin təşəbbüsü və köməyi ilə yaradılmış Azərbaycan diviziyası Zaqafqaziya ordusunun taktiki-təlim məşqlərində birinci yeri tutur, çoxlarına nümunə olur. 1921-ci ildən 1931-ci ilədək Azərbaycan milli dağ-atıcı diviziyasının komandiri olmuş tanınmış sərkərdə 10 il ərzində ölkənin ordu quruculuğuna, hərbi həyatına böyük töhfələr verir. Bacarığı və peşəkarlığı ilə ordu həyatına yeniliklər gətirir. Göstərdiyi xidmətlərə görə 5 dekabr 1935-ci ildə Cəmşid Naxçıvanskiyə general hərbi rütbəsi verilir. Həyat onun üzünə gülməyə başlayır. Həmin xoş günlərdə cəmiyyətdə bir neçə ildən sonra baş verəcək, minlərlə, miyonlarla insanın həyatına son qoyacaq repressiyanın ab-havası duyulmurdu. Təəssüflər olsun ki, bütün bunlar iki ildən sonra baş verdi. Repressiya dalğası taun xəstəliyi kimi ölkənin hər tərəfini bürüdü. Görkəmli hərb xadimi, böyük sərkərdə C.Naxçıvanski də bu repressiyanın qurbanı oldu.
Keçmiş ittifaq dövründə hərb sənətinin inkişafında və kadr hazırlığı sahəsində səmərəli xidmətlərinə görə dəfələrlə ən yüksək orden və medallarla mükafatlandırılmasına baxmayaraq, bu dalğa Cəmşid Naxçıvanskini də yaxaladı. Bir zamanlar Azərbaycan Xalq Cümhuriyyətinin zabiti olduğu üçün daim nəzarətdə saxlanılır, ona qarşı təqiblər get-gedə çoxalırdı. Həbs olunmaq təhlükəsi artırdı. Generala qarşı heç bir əsası olmayan uydurma ittihamlar irəli sürülürdü. 1938-ci ildə ona olan inamsızlıq daha da artır. Görkəmli sərkərdə həmin ilin mayında həbs olunur. O, məşhur Lefortovo həbsxanasının divarları arasında 97 gün ağır işgəncələrə məruz qalır. Yaşadığı dövrün totalitar rejim qayda-qanunları istedadlı sərkərdə, general Cəmşid Naxçıvanskinin ömrünü yarıda qoyur. 43 illik həyatının 26 ilini hərb sənətinə həsr edən general ömrünün ən parlaq çağında qırmızı terrorun qurbanı olur. 26 avqust 1938-ci ildə keçirilən məhkəmə iclasında ona ölüm hökmü kəsilir. Hökm qısa müddətdə icra olunur. Onun ölümünün üstündən illər keçəndən sonra 1956-cı ildə SSRİ Ali Məhkəməsi tərəfindən C.Naxçıvanskiyə rəsmi bəraət verilir. Təsəllidən başqa heç nəyə gərək olmayan bu bəraət itirilən heç nəyi geri qaytarmır.
1971-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü, diqqət və qayğısı sayəsində Bakı şəhərində Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi təmayüllü məktəb yaradılır. Həmin dövrdə hərbi məktəbə repressiya qurbanı olmuş general Cəmşid Naxçıvanskinin adının verilməsi cəsarətli bir addım və tarixi hadisə idi. Bütün çətinliklərə baxmayaraq, Ulu Öndər məqsəd və amalına nail olur, başladığı müqəddəs işi uğurla sona çatdırır. Bu məktəbin yaradılması təkcə hərbi təhsil məsələsi deyildi, Azərbaycanın gələcəkdə öz müstəqilliyini bərpa edəcəyinə inamın müjdəsi, çox böyük uzaqgörənlik idi. Buna görə də xalqımız bu gün haqlı olaraq C.Naxçıvanski adına Hərbi Liseyi "Heydər Əliyev məktəbi" adlandırır.
General Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbdə oxumaq həm şərəfli, həm də çox məsuliyyətlidir. Burada böyük həvəslə təhsil alan müdavimlər bunu dərindən dərk edir, həmişə Vətən, xalq və dövlət qarşısındakı vəzifə borclarını ləyaqətlə yerinə yetirməyə və generalın adına layiq xidmət etməyə çalışırlar.
Azərbaycanın hərb tarixində özünəməxsus yer tutan Kəngərli nəslinin yetirdiyi 6 generaldan biri olan Cəmşid Naxçıvanski döyüşlərdə göstərdiyi şücaəti, Vətənə sədaqəti, sərkərdə məharəti, döyüşçü cəsarəti ilə bütün zamanlarda gənc nəsillərə örnək olaraq qalacaq. Süvari yunkerlikdən general rütbəsinədək şərəfli bir yol keçən unudulmaz Cəmşid Naxçıvanski hərb tariximizə şanlı səhifələr yazıb. Bu səhifələr hər birimiz üçün doğma və müqəddəsdir. Buna görə də sərkərdənin adı heç vaxt unudulmur, xatirəsi həmişə ehtiramla yad edilir.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"