01 Dekabr 2022 01:22
400
İQTİSADİYYAT
A- A+

Kəndli üçün başa çatan təqvim ilidir

 

Təsərrüfat ilininsə sonu olmur 

 

Fermer əkir, biçir, yığır, tədarük edir. Sonra da artığını satıb şəxsi qayğılarını həll edir. Ev-eşik qurur, oğul evləndirir, qız köçürür, uşaq oxutdurur, imkanı çatırsa, kənd təsərrüfatı texnikası alıb təsərrüfatının imkanlarını genişləndirir. 
O, həmçinin daha çox məhsul götürmək üçün yollar arayıb-axtarır, necə deyərlər, baş sındırır, gələn il nədən nə qədər əkəcəyini müəyyənləşdirir. Torpağa qulluq etməyi, onu meliorativ cəhətdən yaxşılaşdırmağı da yaddan çıxarmır. Hələ nə qədər saymadığımız qayğılarla yaşayır bu günün fermeri.
Belələri iri kənd təsərrüfatı rayonu olan Cəlilabadda da çoxdur. Məhz onların əməyi sayəsində rayonda başa çatmasına az qalmış cari il kənd təsərrüfatının bütün sahələri üzrə bol məhsul yetişdirilmişdir. 
Məlum olduğu kimi, Cəlilabad taxılçıları həmişə başqalarına nümunə olmuşlar. Bu gün də elədir. Düzdür, keçən il rayonda keyfiyyətsiz toxumla bağlı məhsuldarlıq nisbətən aşağı olmuşdu. Lakin bundan ciddi nəticə çıxaran taxılçı fermerlər cari ilin payızı üçün keçən ilin payızında daha keyfiyyətli, yüksək reproduksiyalı toxum səpdilər. Nəticəsi də yaxşı oldu, əkinçiləri sevindirdi. Rayon üzrə 62 min hektardan 165 min 600 ton buğda, 13 min 250 ton arpa biçildi.  Buğda əkilən sahələrin hər hektarının məhsuldarlığı 29,2, arpanınkı 25 sentner oldu. Fermerlərdən Lətif Ağayev, Habil Mirzəyev, Xasay Rzayev və başqaları dəmyə şəraitdə hər hektardan daha çox - 35 sentner məhsul götürdülər. 
Payızın yağışlı keçməsinə baxmayaraq, indi hər yerdə taxıl səpini aparılır. "Azərbaycanın Ukraynası" sayılan Cəlilabadda bu il 62 min 500 hektarda payızlıq taxıl əkini aparılacaq. Dəyişkən, əlverişsiz hava şəraitindən bacarıqla baş çıxaran fermerlər taxıl səpinini, demək olar ki, başa çatdırmaq üzrədirlər. Əkdikləri toxumun keyfiyyətini yoxlamaq üçün onu laboratoriyadan keçirmişlər. Əkinə 200-dən çox traktor, 100-dən çox mala, 150 səpin aqreqatı cəlb edilmişdir. 
Digər sahələrdə də nəticələr oxşardır. Bu il rayon üzrə 1471 hektar bağdan 17 min 512 ton üzüm dərilmişdir. Kartofçuluğa gəldikdə, rayonda il ərzində 3 dəfə məhsul götürmək artıq ənənə halını almışdır. İlkin yazda, aprel ayının əvvəlində sellofan örtük altına əkilən nübar kartof yığılan. Ondan bir qədər, təqribən 20-25 gün sonra açıq havada yetişdirilən məhsul bazara çıxarılır. Üçüncü isə hazırda yığılan payızlıq məhsuldur. Cari il rayon üzrə 7 min 750 hektarda kartof əkilib-becərilib. Təxmini hesablamalara görə, həmin sahələrdən 149 min 180 ton yüksək keyfiyyətli kartof tədarük edilib. 
Çiyələk yetişdirilməsi ilə rayonda 800-ə yaxın fermer məşğuldur. Bu il 607 hektar çiyələk sahəsindən 15 min 205 ton məhsul yığılıb. Bunlardan əlavə, cari il Cəlilabadda 3 min 398 ton noxud, 378 ton mərci, 150 ton lərgə, 1350 ton qarğıdalı, 228 ton günəbaxan, 1706 ton bostan-tərəvəz məhsulları istehsal olunub. 
Heyvandarlar da ili uğurla yekunlaşdırırlar. Son məlumata görə, rayonda 90,2 min iribaşlı, 109,6 min baş xırdabaşlı mal-qara var. İndiyəcən heyvandarlar satışa 9 min 339 ton ət, 54 min 621 ton süd, 217 ton yun çıxarmışlar. Quşların sayı isə 542,3 min başa çatmış, il ərzində 17 milyon ədəddən çox yumurta əldə edilmişdir. Mal-qaranın və quşların qışdan sağlam və gümrah çıxarılması üçün rayonda kifayət qədər yem ehtiyatı yaradılmışdır. 
Artıq qışın nəfəsi duyulmaqdadır. Buna baxmayaraq, Cəlilabad ərazisinə daxil olarkən hər tərəfdə qızğın iş getdiyini görürsən. Taxıl əkilir, kartof əkiləcək sahələrdə, çiyələkliklərdə, üzümlüklərdə cari işlər aparılır. Eyni zamanda payızlıq kartof və kələm yığılır. Bütün bunlar göstərir ki, kəndli fermer üçün təqvim ili başa çatmaq üzrə olsa da, təsərrüfat ili davam edir. 

Seyran CAVADOV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video