Fransada 2027-ci il prezident seçkilərinə namizəd olan "Əyilməz Fransa” (La France insoumise LFI) partiyasının lideri Jan-Lük Melenşon ölkəsinin NATO-dan çıxmasının və əməkdaşlığa əsaslanan bitərəflik siyasəti yürütməsinin vacibliyini bəyan edib. O deyib ki, bu strategiya Çinlə münasibətlərin genişləndirilməsi ilə müşayiət olunmalıdır.
AZƏRTAC xəbər verir ki, LFI-yə bağlı “La Boétie” İnstitutu tərəfindən təşkil olunan geosiyasi konfransda Melenşon deyib ki, Fransa NATO-da qalmamalı, Asiya-Sakit okean regionunda Avstraliya, Yeni Zelandiya və Böyük Britaniyanın iştirak etdiyi yeni hərbi ittifaqlara qoşulmamalıdır. Bununla yanaşı, o vurğulayıb ki, NATO-dan çıxmaq Avropa İttifaqı ölkələri ilə müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsinə mane olmayacaq.
Melenşon Pekinlə dialoqun genişləndirilməsinə və Çinlə daha sıx əməkdaşlığın qurulmasına çağıraraq, qarşıdurma əvəzinə dialoqun üstün tutulmasının vacibliyini qeyd edib. Onun fikrincə, ABŞ-dən fərqli olaraq Çinin iqtisadi yüksəlişi imperialist siyasətlə müşayiət olunmayıb.
LFI lideri, həmçinin G7 və G20 kimi platformaları "qapalı klubların diplomatiyası" adlandıraraq, daha təsirli və yenilənmiş BMT modelinin yaradılmasının tərəfdarı olduğunu bildirib.
Ukraynadakı müharibəyə toxunan Melenşon Rusiyanın Ukraynadan geri çəkilməsindən sonra Moskva ilə qarşılıqlı təhlükəsizlik təminatları üzrə danışıqlara başlanmasının vacibliyini vurğulayıb. O əlavə edib ki, mümkün sülh razılaşması çərçivəsində sərhədlərin dəyişdirilməsi yalnız həmin ərazilərdə yaşayan əhalinin razılığı ilə mümkün ola bilər.
Bu açıqlamalar Jan-Lük Melenşonun 2027-ci il prezident seçkiləri kampaniyası çərçivəsində Fransanın gələcək xarici siyasət kursuna dair baxışlarını təqdim etdiyi bir vaxtda səsləndirilib.