22 Mart 2023 19:55
505
CƏMİYYƏT
A- A+

İslam aləmində on bir ayın sultanı - Ramazan ayı

 

Sabahdan – martın 23-dən Ramazan ayı başlayır. Ramazan ayı İslam aləmində on bir ayın sultanı olaraq adlanır. Bunun səbəbi Ramazan ayında müsəlmanlar üçün iki mühüm dini hadisənin baş verməsidir. Həmin hadisələrdən biri İslam dininin müqəddəs kitabı “Qurani-Kərim”in Həzrəti Peyğəmbərimizə (s.a.v.) Ramazan ayının gecələrinin birində nazil olmağa başlamasıdır ki, həmin gecə “Qədr” və ya “Əhyə” gecələridir, digəri isə müsəlman təqvimi ilə hicirinin 2-ci ilində (miladi təqvimi ilə 623-cü il) İslamın ibadətlərindən biri olan Orucun Allah-təala tərəfindən bütün müsəlmanlar üçün fərz buyurulmasıdır. Oruc ibadətinin Ramazan ayında fərz buyurulması səbəbilə bu ibadətin adı “Ramazan orucu” olaraq adlandırılır.

AZƏRTAC Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müəllimi, dosent Anar Qafarovun Ramazan ayı əlaqədar qeydlərini təqdim edir.

“Qurani-Kərim”in nazil olduğu “Qədr gecəsinin” Ramazan ayının gecələrindən biri olduğu bilinsə də, bəşəriyyət üçün mühüm olan bu hadisənin Ramazanın son on gecəsinin tək günlərində (19, 21, 23, 25, 27) baş verdiyinə dair ilahiyyatçı alimlər arasında müxtəlif fikirlər var. “Qurani-Kərim” Qədr gecəsində nazil olduğuna görə Allah-təalanın da Qədr surəsində buyurduğu kimi, Ramazan ayının həmin gecəsi min aydan daha xeyirlidir (Qədr surəsi, 1-3). Bu mənada, Ramazan ayı bəşər həyatına ilahi müdaxilənin gerçəkləşdiyi aydır.

Oxu əmri ilə başlayan bu ilahi müdaxilə hicri təqviminin ikinci ilində Oruc ibadətini vacib buyurmaqla, insana onun Allah və yaratdıqları qarşısındakı mənəvi məsuliyyətini bir daha da xatırlatdı. Bu mənada, “Qurani-Kərim”in digər adının “Zikr” olması heç də təsadüfi deyildir. Uca Allah oruc ibadəti ilə bağlı əl-Bəqərə surəsinin 183-cü ayəsində belə buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” Ayədən də görünür ki, oruc ibadəti ilə məqsəd fərdi və ictimai müstəvidə insan həyatını mənəvi olaraq saflaşdırmaq, pisliklərdən arındırmaqdır. Həzrəti İbrahimin dini ənənəsindən qopan və ümumbəşəri ilahi dəyərlərin aşınmasına səbəb olan cəmiyyətlərin həyatına mənəvi nizam vermək üçün insanların oruc kimi ibadətlə məsul tutulması olduqca əhəmiyyətlidir. İslam dininin təşəkkülündən əvvəlki dövrə tarixi ekskursiya etdikdə İslamaqədərki dövrdə Məkkə, Mədinə (Yəsrib) və başqa cəmiyyətlərdə ümumbəşəri dəyərlərdə aşınma olduğunun, insana mənsub olduğu qəbiləyə və maddi imkanlara görə dəyər verildiyinin, bir çox mənəvi və əxlaqi prinsiplərin məna yükünün qəbilə təəssübkeşliyi əsasında formalaşdığının və mənəvi anlamda özünəyadlaşan insan profilinin geniş vüsət aldığının şahidi oluruq. Allahın orucu bir ibadət olaraq vacib buyurmasındakı məqsəd mənəvi böhranla qarşılaşan insanı bu girdabdan xilas etməkdir.

Oruc ibadətinin əhəmiyyətini sadəcə keçmişlə izah etmək doğru olmaz. Oruc bu gün də öz əhəmiyyətini qoruyur və aktuallığını itirməyib. Cəmiyyətlərin mədəni inkişafı naminə beynəlxalq qurum və institutların illərlə keçirdiyi rəsmi müzakirələrə baxmayaraq, planetimiz hələ də zülm, haqsızlıq, ədalətsizlik, mərhəmətsizlik, özgələşdirmə, yadlaşdırma, ifrat həddə istehlak və s. kimi problemlərlə çalxalanmaqdadır. Bu mənada, ilahi buyruqlar olan ibadətlər, o cümlədən oruc qəlbsiz və ruhsuz dünyanın qəlbi və ruhudur. Oruc insanın öz mənəvi mövcudluğunu qoruması üçün sığınacağı limandır. Oruc bəşər övladını özünə yadlaşmaqdan xilas edir, onu fərdiyyətçilikdən, mənfəətpərəstlikdən müəyyən qədər xilas edərək, özünü başqalarının yerinə qoya bilən, başqalarının ən zəruri tələbatlarını qarşılaya bilmədiklərinə görə keçirdiyi hissləri keçirən bir insan və fenomen halına gətirir. Oruc maddi aləmin qaranlıq zindanına həbs olunmuş insanın ruhunu azadlığa qovuşduran fiziki və mənəvi bir ibadətdir. Bu ibadət insan həyatının mərkəzinə kapital və əşya yerinə haqq, həqiqət, ədalət, duyğudaşlıq, sevgi və mərhəməti, yəni insan olmaq kimi dəyərləri yerləşdirir. İnsan bu ibadətlə həyatın ona bəxş etdiyi maddi-mənəvi imkanlarının sərhədlərini müəyyənləşdirir, sevgiyə, mərhəmətə, həqiqətə, duyğudaşlığa, haqqa, ədalətə, vicdani sükunətə sərmayə qoyur. Fiziki həzzlərə və kapitala qoyulan sərmayənin bir gün itirilmə imkanı var. Amma mənəvi şeylərə qoyulan sərmayə ancaq və ancaq, insana qazanc gətirər. Bu mənada insanın oruc ibadəti sayəsindəki qazancları təqva (daima Allahın, Haqqın şüurunda və fərqində olmaq), tərbiyə edilmiş güclü iradə, səbr, şəxsiyyət bütövlüyü, dini-mənəvi fəzilətlər, mənəvi-psixoloji sükunət və rahatlıqdan ibarətdir”.

Qəbahətli duyğu, fikir, söz və davranışlardan çəkinməyən insan heç vaxt mənəvi rahatlıq tapa bilməz. Bütün bu pisliklərə qarşı yeganə qalxan Peyğəmbərimizin (s.a.v.) də buyurduğu kimi, orucdur. Hədislərin birində belə buyurulur: “Oruc günahlara qarşı bir qalxandır. Sizdən biriniz oruc tutduğu zaman pis söz söyləməsin və dalaşmasın”.

Oruc boyatlaşmış insan şəxsiyyətini yeniləyər. Oruc arzu və tələbatlarımızı müəyyən bir müddət ərzində durğunlaşdırır və insan bu yol ilə təqva sahibi olur. İnsanın doyumsuzluğunu nizamlayır. Oruc daxilimizdə nizamı bərqərar edir, ruhumuzu və iradəmizi gücləndirir, arzu və ehtiraslarımızın önünə bir qalxan kimi sədd çəkər. Oruc insanın gözünü, qulağını, dilini və bədənin digər üzvlərinin yersiz və günah yönümlü funksiyalarını məhdudlaşdırır. Oruc vicdanın səsini dinləməyi öyrədir insana. İnsan oruc sayəsində özü ilə üzləşmə fürsəti əldə edir. Səbirsiz və eqoist cəhətlərini daha aydın görür.

Oruc Allah üçün bütün günü ac qalmaq deyil. Allahın belə oruca ehtiyacı yoxdur və Allah qatında orucun dəyəri təkcə bütün günü ac qalmaqla ölçülmür. Bu məqam Peyğəmbərimizin (s.a.v.) ayələri əsas alan hədislərində də vurğulanır. Peyğəmbərimiz (s.a.v.) buyurur ki, “Kim yalan danışmağı və yalanla iş görməyi tərk etməzsə, Allah həmin şəxsin yemək-içməyi buraxmasına (ac qalmasına) qiymət verməz.” Sual oluna bilər ki, oruc ibadəti sayəsində əldə edilmiş mənəvi saflaşmanın əlamətləri nələrdir?

“Qurani-Kərim”, hədislər və onları əsas alan əsərlərdə oruc ibadəti ilə əldə edilmiş mənəvi saflaşmanın əlamətləri özünü ictimai həyatda nümayiş etdirilən davranış və düşüncələrin ilahi buyruqlara, dini-mənəvi və etik prinsiplərə uyğunluğunda biruzə verir. Yəni bu ibadəti haqqıyla yerinə yetirən insanda teoloji, psixoloji, fərdi, sosioloji, iqtisadi və eyni zamanda, tibbi aspektləri oruc konkret olaraq aşağıdakı fəzilətlərin təşəkkül və inkişafına vəsilə olur:

-Tərbiyə edilmiş, arzu və ehtiraslarının önünə mötədil şəkildə sədd çəkilmiş nəfs;

-Nəfsə qarşı cihad qabiliyyəti;

-Möhkəm və qətiyyətli iradə;

-Empatiya (özünü başqalarının yerinə qoyma) duyğusu;

-Yardımsevərlik.

-xəbislik, kin, hiylə, zülm, acgözlük, və b. qəbahət və haramlardan uzaq duran, ədalət, sevgi, mərhəmət, şəfqət, sədaqət və s. kimi yüksək mənəvi-əxlaqi keyfiyyətləri özündə biruzə verən duyğu, düşüncə və davranışlar;

-Halal və təqvalı (Allahın fərqində olaraq) yaşamaq;

-Gözü, qulağı, dili və bədənin digər üzvlərini günahlardan uzaq tutmaq;

-Nemətlərin qədrini bilən və buna görə şükr edən dilə malik olmaq;

-Yüksək fikir və idrak qabiliyyəti;

-Ruhi və fiziki olaraq sağlam səhhət.

Bu mənada, həm “Qurani-Kərim”də, həm də Peyğəmbərimizin hədislərində nəzərə almalı olduğumuz mühüm məqamlar var. Belə ki, Əraf surəsinin 31-ci ayəsində buyurulur ki, “Yeyin, için, amma israf etməyin. Allah israf edənləri sevməz.” əl-Bəqərə surəsinin 172-ci və 197-ci ayələrində isə Allah buyurulur ki, “Ey iman edənlər! Sizə ruzi olaraq verdiklərimizin təmiz olanlarından yeyin və ancaq Ona sitayiş edirsinizsə, Allaha şükr edin”; “Sizin etdiyiniz yaxşılıqları Allah bilir. (Özünüzlə) azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır”. Peyğəmbərimiz (s.a.v.) buyurur ki, “Kim bir orucluya iftar verərsə (etdirərsə) orculu qədər savab qazanar. Oruclunun savabından da heç nə əskilməz.”

Mənəvi fəzilətləri ilə birlikdə tibbi fəzilətləri də olan oruc sayəsində insanın mədə-bağırsaq sistemi və həzm mexanizmləri bir ay boyunca güclənir. Peyğəmbərimiz buyurur ki, mədə xəstəliklərin evi, pəhriz isə dəva və dərmandır. Hər bir xəstəlik mədənin doldurulması ilə başlayır. Buna görə də Peyğəmbərimiz (s.a.v.) sağlam səhhətə qovuşmaq üçün oruc tutmağımızı tövsiyə edir.

İslamda ibadətləri fəziləti, o cümlədən orucun fəzilətləri sadəcə dünya həyatı ilə məhdudlaşmır. Belə ki, oruc insanın günahlarının bağışlanmasına, Allahın əcr və mükafatına vəsilə olur. Peyğəmbərimiz (s.a.v.) buyurur ki, “Oruclu mömin üçün sevinəcəyi iki an (vaxt) var: biri iftar etdiyi vaxt, digəri də orucunun savabı ilə Rəbbinə qovuşduğu vaxtdır.” Bir digər hədisdə isə bildirilir ki, “Kim fəzilətinə inanaraq və qarşılığını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa keçmiş günahları bağışlanar.”

Nəticə etibarilə, Peyğəmbərimizin (s.a.v.) də buyurduğu kimi, Ramazan ayının əvvəli rəhmət, ortası məğfirət (bağışlanma), sonu isə cəhənnəmdən qurtulmaqdır.

Oruc nə vaxt başlayır və necə tutulur?

Qeyd edək ki, müsəlmanlar ən mühüm ibadətlərini, o cümlədən orucu hicri-qəməri təqviminə əsasən yerinə yetirirlər. Ayın Günəşə və Yerə nisbətən vəziyyətindən asılı olaraq müxtəlif mərhələləri olur. Həmin mərhələlərdən biri də qövsvari hilaldır, yəni təzə aydır. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. İki təzə ay arasında keçən müddət 29,5 orta Günəş gününə bərabərdir ki, bu da bir ay edir. Qədim dövrdə bu, vaxt vahidi kimi götürülərək bəzi aylar 29, bəziləri isə 30 gün olaraq qəbul edilib. Qeyd edək ki, Ay təqvimində tarixlər sabitdir, bu tarixlər yalnız Günəş təqviminə nisbətən yerini dəyişir. Orucun Ay təqvimi ilə tutulmasında bir hikmət var. Belə ki, bu təqvimə əsasən müsəlmanlar ilin bütün dövrlərində, fəsillərində və aylarında oruc tutmuş olur. Yəni, hər bir müsəlman Günəş təqvimi ilə ilin 12 ayının hər birində oruc tutmuş olur.

Orucun müddəti bir aydır və hər gün səhər dan yeri sökülməsindən başlayıb, axşam günəşin qürub etdiyi ana qədər davam edər. Qurani Kərimdə buyurulur ki, “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın; Bugün orucun günlük müddətini Ramazan təqvimləri, sübh və şamda əzan vaxtları ilə müəyyənləşir.

Allahın oruc ibadəti ilə bağlı buyurduqlarına əsasən uşaqlar, xəstələr, hamilə qadınlar, döyüşçülər, əsirlikdə olanlar və səyyahlar oruc tutmaqdan azaddırlar. Bunlardan yalnız xəstə, əsirlikdə olan və səyahət edənlər daha sonra (xəstə səhhətinə qovuşandan, əsir əsirlikdən xilas olandan, səyahət edənin səyahəti bitəndən sonra) münasib olduqlarında tutmadığı günlərin sayı qədər oruc tutmalı və ya fidyə verməlidirlər. (əl-Bəqərə, 185)

Orucun şərtləri aşağıdakılardır:

-Müsəlman olmaq;

-Həddi-büluğa, yetkinlik yaşına çatmaq;

-Ağıl sahibi olmaq;

-Sağlam olmaq;

-Qüsullu olmaq;

-Oruca niyyət etmək;

-Orucu pozan şeylərdən (yemək, içmək, siqaret çəkmək, cinsi münasibət, sürmə çəkmək, ətirlənmək, tütün və gül iyləmək) uzaq durmaq;

Orucu qəsdən pozanlar onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.

Orucluğun başa çatdığı gün Fitr bayramı başlayır. Həmin hər kəs bir-birbirini təbrik edir, qohum-əqraba, böyüklər və xəstələr ziyarət edilir, vəfat edənlərin qəbirləri ziyarət edilir, ruhlarına dualar oxunur. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kiloqram buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video