29 Mart 2023 01:24
689
Mədəniyyət
A- A+

İşıqlı gələcəyə doğru

 

Memar Tələt Dadaşovun yaradıcılıq kredosu

 

Azərbaycanda memarlıq üzrə ali təhsilin formalaşması və inkişafı XX əsrin əvvəllərinə təsadüf edir. Belə ki, 1920-ci ildə fəaliyyətə başlayan Azərbaycan Politexnik İnstitutunun tərkibində İnşaat fakültəsi (sonradan Memarlıq-İnşaat fakültəsi) yaradılmış və 1935-ci ilə kimi bu fakültədə 344 tələbə təhsil almışdır.
1934-cü ildə isə institutda ayrıca olaraq Memarlıq-İnşaat fakültəsi təşkil olunmuşdur. Yeni fakültənin yaradılması kadr hazırlığı prosesini daha da sürətləndirmişdir. O dövrdə həmin fakültəyə xüsusi qabiliyyəti, savadı və ən əsası, memarlığa yüksək marağı olan gənclər qəbul edilirdi. Onlardan biri də görkəmli memar, memarlıq namizədi, memarlıq təhsilinin təşkilatçısı Tələt Dadaşov idi. 
Bu il Tələt Dadaşovun anadan olmasının 100 ili tamam olur. O, xatirələrində bildirirdi ki, hələ uşaq yaşlarından memar olmaq istəyib. Təəssüf ki, orta məktəbi bitirdiyi illər müharibəyə təsadüf edib. Lakin sonda əzmkarlığı qalib gəlib. 1945-ci ildə cəbhədən qayıdan Tələt Dadaşov elə həmin il Memarlıq fakültəsinə qəbul olunub. 6 illik təhsildən sonra - 1951-ci ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda işə başlayıb. Bir müddət sonra o, aspiranturaya qəbul olub və təhsil almaq üçün Moskvaya göndərilib. Tələt Dadaşov həmin illər memar köməkçisi və tədqiqatçı kimi ölkə üzrə böyük nəqliyyat layihələrinin hazırlanmasında iştirak edib. Moskvada memarlıq üzrə ən son elmi-texniki biliklərə yiyələnən, yaradıcılığını inkişaf etdirən memar 1958-ci ildə Bakıya qayıdıb və böyük zəhməti sayəsində qısa müddətdə peşəkar, xüsusi yaradıcılıq qabiliyyətinə malik mütəxəssis kimi tanınıb. Müxtəlif layihələrdə iştirak edən gənc memar 1961-ci ildən Azərbaycan Dövlət Layihə İnstitutunda memar və baş mühəndis kimi fəaliyyətini davam etdirib. 
Tələt Dadaşovun yaradıcılığı daha çox məktəb binalarının layihələndirilməsi ilə bağlı olub. Onun müəllifliyi ilə Bakıda və regionlarda bir sıra məktəb binaları inşa edilib ki, bu gün də həmin binalar memarlığı və tələblərə uyğunluğu baxımından seçilir. Onlardan biri də eksperimental layihə əsasında tikintisi 1965-ci ildə başa çatdırılan 13 saylı orta məktəbin binasıdır. Memar təhsil binalarında uşaqların sağlamlığının təmin olunmasına ciddi diqqət yetirir, sinif otaqlarının insolyasiyası probleminə, yəni siniflərin günəş şüaları ilə normalara uyğun işıqlandırılmasına xüsusi diqqət yetirirdi. Təsadüfi deyil ki, 1973-cü ildə 13 saylı məktəb binasının layihəsi Moskvada keçirilən ümumittifaq müsabiqəsində "Ən yaxşı məktəb layihəsi" nominasiyasında qızıl medala layiq görülmüşdür.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda genişmiqyaslı məktəb tikintisinə 1946-cı ildən başlanılıb. Təkcə 1946-70-ci illərdə respublikanın şəhər və kəndlərində 444 min şagirdlik 520 ümumtəhsil məktəb binası istifadəyə verilib. 1970-80-ci illərdə Ulu Öndər Heydər Əliyevin təhsilə diqqəti və qayğısı nəticəsində məktəb tikintisi daha da genişləndirilib. Həmin dövr ərzində 683,1 min şagirdlik 1191 ümumtəhsil məktəb binası inşa olunub. Ümumiyyətlə, Ulu Öndərin rəhbərliyi dövründə respublikada məktəb tikintisi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. İlk növbədə standartlara ciddi nəzarət edilib, yeni normaların müəyyən olunması istiqamətində dərin tədqiqatlar aparılıb. 
Tələt Dadaşovun peşəkarlığı bu mərhələdə də öz sözünü deyib. Onun təbii amillərdən istifadə etməklə tikilinin effektivliyinin artırılması üsulu həmin dövrdə inşa edilən məktəblərdə tətbiq olunub. O, memarı olduğu məktəblərdə sinif otaqlarının havalandırılması və insolyasiyasına xüsusi diqqət yetirib, bu gün də aktual olan problemlərin həlli üçün ən müasir tələbləri diqqət mərkəzində saxlayıb, məktəb binasında idman zalı, yeməkxana, dərs və digər otaqların yeni konfiqurasiyasını tətbiq edib. Sinif otaqlarının iki coğrafi cəhətə səmtlənməsi (ikitərəfli işıqlanması) şagirdlərin sağlamlığı üçün zəruri olan təbii işıqlanmanı təmin edib. Onun müəllifi olduğu layihələr əsasında yaradılan sinif otaqlarının sağlam, təmiz, işıqlı mühiti Tələt Dadaşovun Azərbaycan xalqına, onun gələcəyi olan uşaqlara sevgisinin təzahürü idi. 
Tələt Dadaşov praktik olaraq tətbiq etdiyi yaradıcılığını və elmi-texniki metodlarını nəzəriyyədə də əks etdirirdi. Onun müəllifi olduğu "Bakı şəhəri məktəblərinin bəzi spesifik xüsusiyyətləri", "Sinif otaqlarının təbii işıqlandırılması", "Azərbaycan SSR şəhər məktəblərinin layihələndirilməsi və tikintisi məsələlərinə dair" və "Yeni tipli məktəblərin dizaynına dair bəzi qeydlər" adlı elmi məqalələr bu gün də məktəb binalarının layihələndirilməsi işində qiymətli tədqiqat hesab olunur.  
Biz bir neçə il öncə Tələt Dadaşovun elmi, pedaqoji fəaliyyətini araşdırdıq. Onun 1964-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin arxivində toplanılan şəxsi işinə nəzər salanda heyrətamiz faktlarla qarşılaşdıq. Sən demə, o, orta məktəblərlə bağlı bir neçə səhifəlik elmi məqalə üçün 3 il müddətində Bakıda və regionlardakı məktəbləri gəzib, məktəb binalarının memarlığı ilə bağlı tədqiqat aparıb və çox aktual problemləri ortaya çıxarıb. Məsələn, Tələt Dadaşov həmin tədqiqatlardan sonra universitetdə keçirilən seminarların birində yeni təkliflə çıxış edərək təbii işıqlandırma probleminin həlli çətin olan yerlərdə məktəb binalarının ayrı-ayrı korpuslara bölünməsi ilə insolasiyanın təmin edilməsi və korpusların vahid kompozisiyada birləşdirilməsini təklif etmişdir. Onun məruzələri ilə tanış olanda görürük ki, Tələt müəllim həm alim, həm də istedadlı memar olub. O, ən kiçik nüansı belə gözardı etməyib, problemləri həll etməklə yanaşı, həmin problemləri məharətlə üstünlüyə çevirib. T.Dadaşovun memarlığı ilə inşa edilən məktəblərdə sinif otaqları uşaqların yaş qruplarına, fənlərin xüsusiyyətlərinə görə xüsusi ustalıqla hazırlanıb. 
Görkəmli memarın əsas üstünlüklərindən biri də onun öz yaradıcılığını mühitin, təbiətin ruhuna uyğunlaşdırması olub. Memar çalışıb ki, inşa edilən bütün tikililər vahid kompozisiyanın bir parçası olsun. Tələt müəllim şəhərsalma problemlərinə də xüsusi həssaslıqla yanaşıb, layihələrində binaların ətraf mühitlə düzgün bağlanılmasına ciddi diqqət yetirib. Onun bu istiqamətdə də dərin araşdırmaları var. Bununla bağlı Moskvada, Sverdlovskda bir neçə dəfə elmi seminarlarda, konfranslarda çıxış edib. Hər zaman topladığı bilik və təcrübəni geri qayıdan kimi həmkarları, tələbələri ilə bölüşüb. T.Dadaşovun şəhər parklarının memarlığı, şəhərlərdə yaşıllıqla bağlı narahatlıqları olub və hər fürsətdə, mütəxəssislərin toplandığı bütün tədbirlərdə bu problemə diqqət çəkib. 
Tələt Dadaşovun digər ictimai binalar və memarlıq irsimizlə bağlı da dərin tədqiqatları mövcuddur. "Azərbaycanda ictimai binaların memarlığının inkişafı", "İnkişafda olan ictimai binaların arxitekturasının inkişafı", "Konstruktivizmin Azərbaycan memarlığına təsiri" və "Azərbaycanın ictimai binaları və memarlıq irsi" adlı tədqiqatları bu gün də aktualdır. Həmin tədqiqatlardan xüsusi olaraq "Konstruktivizmin Azərbaycan memarlığına təsiri"nə toxunmaq istərdik. 1920-ci illərdə memarlıq avanqardının meydana çıxması böyük mədəni hadisə idi. Bu hadisə sürətli şəkildə şəhərlərin yeni simasını formalaşdırır, yeni ruh yaradırdı. Həmin dövr bir çox ictimai bina inşa edilmiş, yaşayış məskənləri salınmışdır. Tələt Dadaşov bu tədqiqatında həmin dövrü, konstruktivizmin Azərbaycan memarlığına təsirini və yaranan yeni memarlıq üslubunu araşdırıb. Hesab edirik ki, onun bu və bu kimi tədqiqatları indi də qiymətli elmi araşdırmalar sırasındadır.
Tələt Dadaşov uzun müddət Memarlıq kompozisiyası kafedrasının müdiri, universitetin Elmi Şurasının elmi katibi vəzifələrində çalışıb. O, tutduğu bütün vəzifələrdə yüksək intellekt, mədəniyyət, təşkilatçılıq qabiliyyəti nümayiş etdirirdi. Tələt müəllimin elmi hazırlığına, bilik və savadına universitetimizdə onunla çalışan hər kəs yaxşı bələd idi. Memarlıq fakültəsinin Elmi Şurasında onun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasına yenidən dosent seçilməsi zamanı Azərbaycanın tanınmış memarı, şəhərsalma mütəxəssisi, professor Fikrət Hüseynov çıxış edərək Tələt Dadaşov haqqında bu sözləri demişdir: "Tələt müəllimi hamımız tanıyırıq və düşünürəm ki, onun necə istedadlı pedaqoq və şərəfli alim olduğunu demək artıq olardı. Çox sevincliyəm ki, Tələt Dadaşov kimi böyük ziyalı və alim bu kafedradadır və bizim birgə işləmək imkanımız var". Bu, onun alim kimi fəaliyyətinə verilən dəyər, bilik və savadı, istedadı, zəhməti sayəsində əldə etdiyi peşəkarlığının nəticəsi idi. 
Tələt müəllim tələbələrinin gözündə də ən yaxşı müəllimlərdən biri olub. Yenə də arxiv sənədlərinə diqqət çəkmək istərdik: 1985-ci ildə tələbələr arasında Tələt Dadaşovun müəllim kimi fəaliyyəti haqqında 21 sualdan ibarət gizli sorğu keçirilir. Onun tələbkarlığı, mühazirələri, seminarları aparması, tələbələri tədqiqata cəlb etməsi, qiymətləndirmə meyarları və s. öyrənilir. Nəticə çox müsbətdir - tələbələrin böyük əksəriyyəti ondan razılıq edir. 
Əminəm ki, mənim kimi digər tələbələri də bu gün Tələt müəllimi böyük sevgi, hörmət və minnətdarlıq hissi ilə xatırlayırlar. Yeri gəlmişkən qeyd edək ki, Tələt müəllimin tələbələri ilə münasibəti təkcə tələbəlik illərini əhatə etmirdi. O, hər zaman tələbələrini soraqlayır, axtarıb tapır və ən yaxşılarını universitetdə işləməyə dəvət edirdi. Bu gün universitetimizdə çalışan bir neçə müəllimimiz var ki, onlar Tələt müəllimin təkidi ilə istehsalatdan gəliblər. Bu, onun ziyalı missiyasından irəli gəlirdi. O çalışırdı ki, kadr hazırlığına ən yaxşı mütəxəssislər cəlb olunsunlar. 
Bir nüansı da vurğulamaq yerinə düşərdi. Tələt Dadaşov memar, yaradıcı insan olaraq davranışı, geyim tərzi ilə də seçilirdi. O, hər zaman yüksək zövqlə və dəblə geyinirdi. Görünür, bu da onun müstəsna yaradıcı ruhundan irəli gəlirdi. 
Tələt Dadaşovun fəaliyyəti bir-iki təşkilat, qurumla çərçivələnmir. O, yaradıcılıq, elmi və ictimai fəaliyyətini paralel aparmağı bacaran ziyalı idi. Dəfələrlə Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin üzvü seçilib, Azərbaycan Elmlər Akademiyasının İctimai elmlər bölməsinin elmi katibi olub.  Ən yaxşı layihələr üzrə müxtəlif respublika müsabiqələrində münsiflər heyətində təmsil edilib. Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü seçilib və ölkəmizin sərhədlərindən kənarda da yaxşı tanınıb. Bütün bunlar onu deməyə əsas verir ki, Tələt Dadaşov XX əsr Azərbaycan memarlığında iz qoymuş və memarlıq elminin inkişafında böyük xidmətləri olan görkəmli memarlarımızdandır. 

Gülçöhrə MƏMMƏDOVA,
memarlıq doktoru, 
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video