05 May 2026 09:00
839
Mədəniyyət
A- A+
İlmə-ilmə toxunan həyat

İlmə-ilmə toxunan həyat


Bəzən insanın taleyi bir saniyənin içində dəyişir. Gün sanki həmişəki kimi başlayır, zaman öz axarı ilə süzülür, heç bir təhlükə görünmür. Amma həyatın gözlənilməz bir anında baş verən hadisə bütün planları, xəyalları, gələcəyi alt-üst edir. O andan sonra həyat artıq əvvəlki kimi olmur. Kimisi bu dəyişiklik qarşısında sınır, kimisi isə həmin dağıntıların içindən yenidən doğulur. Bu, məhz ikinci yolu seçənlərin - büdrəsə də, yoluna davam edənlərin əzmkar hekayəsidir.

Solmaz Səfərovanın ömür yolu da hamar olmadı. Onun yaşam mübarizəsi həm də səbrin, iradənin, özünü yenidən tapmağın canlı sübutuna çevrildi. Bununla o, insan ruhunun nə qədər güclü ola biləcəyini göstərdi.


Uşaqlıqdan başlayan çətin yol


1984-cü ildə Siyəzən rayonunun Böyük Həmyə kəndində dünyaya gələn Solmazın həyatı hələ doğulmamışdan sınaqlarla başlayıb. O, atasını heç vaxt görməyib. Atası onun anasının bətnində olduğu vaxt, cəmi 7 aylıqkən dünyasını dəyişib. 42 yaşında həyatla vidalaşan atadan sonraya 6 uşaq və hamilə qadın qalıb. Anası cəmi 34 yaşında yeddi uşağın yükünü çiyninə götürməli olub. Bu, təkcə maddi yox, həm də mənəvi baxımdan ağır bir həyat demək idi. Solmaz deyir ki, o günləri xatırlayanda hələ də göz yaşlarını saxlaya bilmir.

Solmazın həyatında kəskin dönüş 19 yaşında baş verir. Evdə olduğu zaman hündürlükdən yıxılır və bununla bütün həyatı bir anda dəyişir. Yerdən qalxmaq istəyəndə ayaqlarını hiss etmədiyini anlayır. Baxır ki, ayaqları yerindədir, amma heç bir hiss yoxdur. Solmaz bir daha ayağa qalxa bilmir. Xəstəxanada məlum olur ki, onurğa travması alıb, fəqərələri sınıb. Dəfələrlə əməliyyat olunub. Solmazın yenidən sağlamlığına qovuşması üçün ailəsi əlindən gələni edir. Evdə olan hər şey satılır, pul toplanır, müxtəlif həkimlərə müraciət edilir. Amma nəticə dəyişmir...


İnad, ümid və mübarizə


Həkimlərin "Səni qaldırsa, yalnız idman ayağa qaldıra bilər" sözünü eşidən Solmazın mübarizəsi elə həmin andan başlayır. Günlərlə, saatlarla, yorulsa da, ağrılardan qovrulsa da, idman edir. Bəzən gün ərzində 7-8 saat məşq edir. Özünə proqram qurur. Səhər durur, saatlarla məşq edir, bir az dincəlir, yenidən idmana başlayır. Ayaqlarını hərəkət etdirmək üçün xüsusi dəmir aparatlarla çalışır. Dəfələrlə yıxılır, ayaqlarında çatlar əmələ gəlir, amma dayanmır.

On il əlil arabasından istifadəni qəbul etmir. Bu, onun üçün sadəcə bir vasitə deyil, psixoloji baryer idi. O düşünürdü ki, əgər əlil arabasına otursa, artıq heç vaxt ayağa qalxa bilməyəcək. Bu inad Solmazı uzun müddət evə məhkum edir. İllərlə evdən çıxmır. Hər 3-4 aydan bir reabilitasiya mərkəzlərinə gedir. Orada özü kimi insanlarla tanış olur, yeni şeylər öyrənir, ruhdan düşməməyə çalışır.

2012-2013-cü illərdə həyatında yeni bir səhifə açılır. Reabilitasiya mərkəzində ona idmanla daha ciddi məşğul olmağı tövsiyə edirlər. Həmsöhbətim deyir ki, uzun illər evdə etdiyi idman hərəkətləri onu qüvvətləndirmişdi: "Xüsusilə qollarım çox güclü idi. Yüngül atletika növünü seçdim, disk atma, nüvə atma və nizə atma ilə məşğul olmağa başladım. Siyəzən rayonunda yaşadığım üçün Bakıda qalmağa yerim yox idi. Belə qərara alındı ki, elə Ramanada yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində yaşayım. Həm Gənclikdə yerləşən məşq yerimə gedib-gəlirdim, həm də buradakı dərnəklərə qoşulurdum. 2013-cü ildən 2018-ci ilə qədər paralimpiya ailəsinin üzvü oldum. Bu illər həyatımın dönüş nöqtəsi oldu".

Solmazın həyatında ən böyük dönüşlərdən biri də əlil arabasını qəbul etməsi olur. Bu, onun üçün məğlubiyyət deyil, azadlıq olur. Artıq o, evdən çıxır, işləyir, cəmiyyətin aktiv üzvünə çevrilir. Solmaz beynəlxalq turnirlərdə iştirak edir, Avropa və dünya çempionatlarına qatılır. Hətta Avropa çempionatında 3-cü yerə layiq görülür. İdman onun üçün sadəcə fiziki fəaliyyət deyildi. Bu, onun cəmiyyətə qayıdışı idi. Evdən çıxmayan Solmaz artıq dünyanı gəzir, insanlarla tanış olur, özünü sübut edir.


Növbəti sınaq


Amma həyat onu yenə də sınağa çəkir. 2017-2018-ci illərdə onurğasında yenidən problemlər yaranır. Kəskin ağrılar başlayır. İdmanla məşğul olmaq mümkünsüz hala gəlir. İdmandan uzaqlaşmaq onun üçün ağır qərar olur. Amma bu dəfə o artıq əvvəlki Solmaz deyildi. Mübarizə aparmağı öyrənmişdi. O bilirdi ki, həyatda bir qapı bağlananda digəri açılır. Və həyat bütün çətinliklərə baxmayaraq, davam edir.

Reabilitasiya mərkəzində yaşayarkən idmanla birlikdə müxtəlif dərnəklərə qatılır, özünü toxuculuq, dərzilik və digər sənətlərdə sınayır. Amma xalçaçılıq ona daha doğma gəlir. Uşaqlığı yoxsulluq, zəhmət və çatışmazlıqlar içində keçsə də, onların evində bir şey heç vaxt əskik olmayıb - əmək və sənət. Vaxtilə ailələrində hər kəs xalçaçılıqla məşğul olub. Nənəsi, anası, bacıları, xalaları, bibiləri - hamısı xalça toxuyurdu. Solmaz da gözünü açandan xalça dəzgahları görüb, uşaq oyunlarını belə onların yanında oynayıb. Amma o vaxtlar bu sənətə xüsusi maraq göstərməyib. Artıq xalçaçılıq onun həyatının mərkəzinə çevrilib. İlmə-ilmə naxışlar toxuyur, səbirlə əsərlər yaradır, bu sənətdə püxtələşir, öz üslubunu formalaşdırır. Əvvəlcə kiçik xalçalar toxumağa başlayır, sərgilərdə iştirak edir. Əl işləri alıcı tapdıqca bu, ona həm maddi dəstək, həm də motivasiya verir.


Onlar da mənim kimidir...


Solmazın istedadı və əzmi diqqətdən kənarda qalmır. Təxminən beş il öncə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlimçi kimi fəaliyyətə başlayır. O, burada sadəcə xalça toxumağı öyrətmir, həm də həyatı, fiziki məhdudiyyətlərlə yaşamağı öyrədir.

"Onlar mənim kimidir", - deyir Solmaz - "Ona görə də tələbələrimin hisslərini bu qədər yaxşı anlayıram". Onlarla yalnız müəllim kimi deyil, həm də dost kimi davranır, motivasiya verir, öz hekayəsini paylaşır, özlərini olduqları kimi qəbul etmələrinə kömək edir.

Solmaz heç kimə möhtac olmadan özünü idarə edə bilir. Bu, onun üçün böyük nailiyyətdir. Solmazın həyat fəlsəfəsi sadə, amma dərin məna daşıyır: "Həyatda əsas cansağlığıdır. Onsuz heç nəyin mənası yoxdur". Bu sözlər onun üçün sadəcə fikir deyil, yaşanmış bir həqiqətdir.

Solmaz Səfərovanın hekayəsi təkcə çətinliklərin hekayəsi deyil. Bu, insanın özünü yenidən var etməsinin, həyatla barışmasının, onu yenidən sevməsinin hekayəsidir. O, uzun illər özü özüylə mübarizə aparıb və nəhayət, həyatını yenidən qazanıb. Solmaz taleyini qəbul edib. Məhz bu qəbul onu azad edib. O, artıq təkcə öz həyatını dəyişmir, başqalarının da həyatına işıq olur, güc verir. Çünki bəzən ən böyük güc ən böyük dərdi yaşamış insanlarda olur.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Komissiyası 2050-ci ilə qədər yoxsulluğu aradan qaldırmağı hədəfləyir

18:43
07 May

Mükəmməl ictimai nəqliyyat niyə avtomobilləri tam əvəz edə bilmir?

18:31
07 May

WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib

18:29
07 May

İğdırdakı Heydər Əliyev adına liseydə “Bir millət, iki dövlət” adlı sinif otağı açılıb  

18:28
07 May

Zelenski: Ukrayna Rusiyanın hücumlarına “uzaqmənzilli sanksiyalar” ilə adekvat cavab verəcək  

18:26
07 May

Körfəz ölkələri iqtisadiyyatı təhlükədə

18:16
07 May

Fermer təsərrüfatlarında günəş enerjisi tətbiqi sadələşdirilib

18:13
07 May

Dünya enerji nəhəngi rekord mənfəətini açıqlayıb

17:36
07 May

AYİB Zəngəzur dəhlizinin Naxçıvan hissəsinin maliyyələşdirilməsini nəzərdən keçirir

17:34
07 May

Böyük Britaniyada hava təcili yardım xidmətləri təhlükə altındadır

17:29
07 May

Azərbaycan və Gürcüstanın hərbi qurumları arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndirilir  

17:24
07 May

Yeni Zelandiya çaylarını qorumaq uğrunda mübarizə aparır

17:17
07 May

Yaxın Şərqdəki gərginlik Kaliforniyada benzin qiymətlərini rekord həddə çatdırıb

17:02
07 May

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

16:25
07 May

Baş prokuror: Azərbaycan və Monqolustan arasında hüquqi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyulub  

16:24
07 May

İran Prezidenti milli birliyə çağırır və həmrəyliyi zəiflətmək barədə xəbərdarlıq edir  

16:22
07 May

Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazanıb

16:21
07 May

ADA Universitetində tələbələrin sosial məsuliyyət və sənaye əməkdaşlığı layihələri mükafatlandırılıb  

16:16
07 May

ABŞ Yaxın Şərqdəki hərbçilərinin sayını artırıb

15:57
07 May

“SAHA Expo 2026”da yeni texnologiyaların nümayişi davam edir

15:41
07 May

“Nəvahi” və “Şəfəq” yarımstansiyaları üzrə əlavə işlərə başlanılıb

15:38
07 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!