Bəşər sivilizasiyarı tarixində mühüm rol oynamış Ərəbistan yarımadası özünün keçmişi və bu günü ilə fəxr edə bilər. Müasir Almaniyanın ərazisindən beş dəfə böyük olan bu yarımada qədim ərəb qəbilələrinin məskəni olmaqla yanaşı, həm də iudaizm, xristianlıq və islam dinlərinin beşiyi olmuşdur.
Vaxtilə Məhəmməd peyğəmbərin zamanında 1000-dən çox ərəb qəbilə və tayfalarının birləşməsi nəticəsində ərəb xalqı formalaşmış və sonrakı əsrlərdə ərəb-müsəlman mədəniyyəti dünya mədəniyyəti xəzinəsinə dəyərli töhfələr vermişlər.
Bu gün bu arealda çiçəklənən dövlətlər göz önündə canlanır. Ərəb şərqində bir ulduz kimi parlayan Qətər Dövləti qısa zaman kəsiyində həyatın müxtəlif sahələrində möhtəşəm nailiyyətlərə imza atmışdır. Qətəri Ərəbistan yarımadasının incisi adlandırsaq, yanılmarıq. Ərazisi cəmi 12 min kilometr olan Qətər ölkəmizdən 7 dəfə kiçikdir. Ölkəni avtomobillə bu başdan o başa cəmi 1 saata keçmək mümkündür.
Hər il dekabrın 18-də Qətər Dövlətinin Milli Günü ölkə daxilində və xaricində böyük uğurlarla təntənə ilə qeyd olunur. Qətər ərazisinin kiçik olmasına baxmayaraq, iqtisadi, maliyyə məsələlərində özünəməxsus rol oynayır və dünyanın ən zəngin ölkələrindən biridir. Qətərdə əhalinin (3,1 milyon nəfər) adambaşına düşən ümumi daxili məhsulu 2025-ci ildə 71,441 dollar təşkil edib ki, bu da 2024-cü il göstəricisindən 447 dollar çoxdur.
Neft və qaz istehsalı ümumi daxili məhsulun 50 faizindən çoxunu, ixrac dəyərinin 85 faizini və dövlət gəlirlərinin 70 faizini təşkil edir. Neft və qaz adambaşına düşən ümumi daxili məhsula görə, Qətəri dünyanın aparıcı ölkəsinə çevirib. Ümumi daxili məhsulun strukturunda sənaye sahəsi üstün yer tutur (75 faiz), xidmət bölməsi 25 faiz, kənd təsərrüfatı isə 0,1 faiz təşkil edir.
Eyni zamanda bu dövlət bir sıra beynəlxalq qurumlarda söz sahibidir, regional və beynəlxalq sülhyaratma proseslərində fəal iştirak edir, mühüm humanitar təşəbbüslərin müəllifi kimi çıxış edir. Qətər Dövlətinin sorağını dünyanın müxtəlif bölgələrində baş verən hərbi-siyasi münaqişələrin həlli prosesindən almaq olar. Bu dövlətin başçısının sülh təşəbbüsləri bir sıra qaynar bölgələrdə uğurla nəticələnmişdir.
Qətər Dövlətinin Əmiri, Şeyx Təmim bin Hamad Al Taninin müdrik rəhbərliyi ilə Milli Vizyon - 2030 inkişaf konsepsiyası uğurla həyata keçirilir və o, indiki zamanla gələcək arasında bir körpü rolunu oynayır. Bu, hər kəs üçün iqtisadi və sosial ədalətin təmin edildiyi, təbiətlə bəşəriyyətin harmoniyada inkişaf etdiyi dinamik və çiçəklənən bir ölkənin mənzərəsini özündə əks etdirir. Bu konsepsiyanın məqsədi rifah, çiçəklənmə və davamlı inkişafdır. Bu konsepsiya çərçivəsində dost, qardaş Azərbaycan Respublikasının da özünəməxsus yeri var.
Azərbaycan ilə Qətəri birləşdirən oxşar cəhətlər çoxdur. Hər iki xalq həm qədim sivilizasiyaların qurucularıdır, həm də müştərək tarixə malikdirlər. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra onu rəsmən tanıyam ilk dövlətlərdən biri Qətər olmuşdur. Bu məsələdə geoiqtisadi və geosiyasi amillərlə yanaşı, mənəvi, o cümlədən dini amillərin də mühüm rolu var. Hər iki xalqa xas olan qonaqpərvərlik, səxavətlilik, alicənablıq, sülhsevərlik, dar gündə qonşusunun əlindən tutmaq və sairə kimi müsbət keyfiyyətləri qeyd etmək olar.
İki ölkə arasında diplomatik əlaqələr qurulduqdan sonra siyasi münasibətlər yüksələn xətlə inkişaf etmişdir. Bu amil iqtisadi-ticarət, humanitar, mədəni sahələrdə də əlaqələrin davamlı inkişafına təkan vermişdir. İki dövlət başçısı arasımda şəxsi münasibətlərin isti olması da qarşılıqlı siyasi əlaqələrin müsbət məcrada inkişafına münbit zəmin yaratmışdır.
Qətər Dövləti həmişə Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişdir. Bir sıra beynəlxalq problemlərə baxışda tərəflərin maraqları bir-birinə uyğun olmuşdur. Qətər Azərbaycanın işğaldan azad edilmiş rayonlarının bərpa və abadlaşdırılmasında fəal iştirak edir. Eyni zamanda hər iki ölkənin iqtisadiyyatında bənzər strukturların olması Azərbaycan tərəfinin Qətərin müstəqil dövlətçilik təcrübəsindən yararlanmasına şərait yaratmışdır.
Qətər sürətli inkişaf yoluna düşmüş bir dövlətdir. Karbohidrogen ehtiyatlarının ixracından əldə edilən vəsaitin bir hissəsi gələcək nəsillərin ehtiyaclarının ödənilməsi üçün ehtiyat fonduna yığılır. Digər bir hissəsi isə qeyri-neft sektorunun inkişafına sərf edilir. Sosial proqramların həyata keçirilməsi də Qətər hökumətinin prioritet sahələrindən biridir. Qətər həmçinin tez-tez donor dövlət kimi çıxış edir. Dünyanın bir sıra bölgələrinə müxtəlif yardım proqramlarının müəllifidir.
Respublikamızın Körfəz Əməkdaşlığı Şurasında (KƏŞ) yer almasından sonra iki ölkə arasında əlaqələrin dinamikası daha da genişlənmişdir. Qətər BMT, Ərəb Dövlətləri Liqası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və ÜTT platformalarında da Azərbaycanla əlaqələri inkişaf etdirir.
Azərbaycan və Qətər arasındakı münasibətlər güclü siyasi iradə, dini və mədəni bağlılıqlar, həmçinin iqtisadi və ticarət sahəsində əməkdaşlıqla xarakterizə olunur. Xüsusilə də energetika, kənd təsərrüfatı, turizm və investisiyalar sahələrində imzalanmış sazişlər və Birgə İqtisadi Komissiyanın fəaliyyəti ilə bu əlaqələr daha da inkişaf edir.
Azərbaycan və Qətər hökumətləri arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya uğurlu fəaliyyət göstərir. Azərbaycan-Qətər münasibətləri geniş formatlıdır və müxtəlif sahələrdə daha da dərinləşməkdə davam edir.
İki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş mövcuddur. Azərbaycanın İqtisadiyyat Nazirliyinin nümayəndə heyətinin 2025-ci ilin sentyabrında Qətərə səfəri oldu. Səfər zamanı nümayəndə heyətini Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani qəbul edib. Tərəflər energetika, nəqliyyat-logistika, qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirib.
Azərbaycan İnvestisiya Şirkəti ilə Qətərin İnvestisiya Qrupu birgə sərmayələrin təşviqi, bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi barədə səmərəli əməkdaşlıq blokları qurub. Həmçinin vergidən yayınmanın qarşısının alınması üçün saziş imzalanıb. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq memorandumu imzalanıb.
Azərbaycan və Qətər Qətər-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığı çərçivəsində də fəaliyyət göstərirlər. Yaxın və Orta Şərq kimi Cənubi Qafqaz regionu da bu gün dünyanın ən həssas rayonudur. Hər iki dövlət ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlığa can atır. Bunun üçün hər iki ölkədə əlverişli mühit formalaşıb. Qətərli iş adamlarını Azərbaycana cəlb edən amillər də mövcuddur.
Son illər mədəniyyət, elm və təhsil, turizm sahələrində də əlaqələr durmadan inkişaf edir. Cari il aprelin 10-dan 13-dək Bakıda Qətər Mədəniyyəti Günləri keçirilib. Qətərdə də Azərbaycan günlərinin keçirilməsi hər iki xalqın bir-birilə daha da yaxınlaşmasında mühüm rol oynayır. Turizm sahəsində əməkdaşlığa dair anlaşma memorandumu fəaliyyət göstərir və bu da təsirsiz ötüşməyib. Azərbaycana gələn qətərli turistlərin sayı çoxalıb.
Elm və təhsil sahəsində də əlaqələr ürəkaçandır. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin nəzdində fəaliyyət göstərən Qətər Mərkəzi tədris və tərcümə xidmətlərini həyata keçirir. Burada dil kurslarını bitirənlərə müxtəlif səviyyələr üzrə sertifikatlar verilir. Eyni zamanda mərkəzdə dördüncü kurs tələbələri üçün səmərəli və keyfiyyətli təcrübə imkanı da verir. Tədris və tərcümə BDU və Qətər Universitetinin müəllimləri tərəfindən həyata keçirilir. Bu mərkəz Qətər səfirliyi, Qətər Fondu, Qətər Universiteti və digər qurumlarla əlaqə saxlayır. Eyni zamanda Qətər Universiteti tərəfindən fakültənin kitab fonduna yeni nəşrlər də hədiyyə edilmişdir.
Hazırda hər iki dövlət bir-birinə etibarlı tərəfdaş kimi baxır. Yaxın gələcəkdə bu tərəfdaşlığın bəhrəsini təkcə bu ölkələrin sakinləri deyil, həmçinin hər iki regionun qonşu xalqları və dövlətləri də görəcəklər. Yetər ki, həm Yaxın və Orta Şərqdə, eyni zamanda Cənubi Qafqazda sülh prosesi davamlı olsun.
Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti