12 May 2023 09:00
2023
SİYASƏT
A- A+

İlham Əliyevin 10 günü

 

Və Qarabağla Şərqi Zəngəzurda daha sürətlə başlayan yeni quruculuq mərhələsi

 

44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm quruculuq işlərinə başlanıldı. Dövlət başçımızın birbaşa nəzarəti altında həyata keçirilən yenidənqurma və bərpa işləri  2 il yarımdır ki, sürətlə davam edir. 
Daşı-daş üstündə qalmayan hər iki iqtisadi rayonumuzda, demək olar ki, böyük infrastruktur qurulur, müxtəlif müəssisələr, obyektlər tikilir, beynəlxalq standartlara uyğun yollar salınır. 
İşğaldan azad olunmuş ərazilərimizin turizm və iqtisadi potensialı nəzərə alınaraq regionda hava limanları da tikilib (Füzuli, Zəngilan) istifadəyə verilib. Hazırda bir hava limanı (Laçın) tikilməkdədir. Təbii ki, bizi Qarabağa bağlayan, eyni zamanda xarici turistlərin rahat gediş-gəlişinin təmin olunması, həmçinin yüklərin daşınması baxımından bu hava limanlarının müstəsna əhəmiyyəti var. Növbəti illərdə bu aeroportların əhəmiyyəti nəzərəçarpacaq dərəcədə artacaq. 
2020-ci ilin noyabrından Qarabağda və Şərqi Zəngəzurda başlanan quruculuq işlərini dövlətimiz öz hesabına həyata keçirir. İşğaldan azad olunmuş torpaqlarımızda "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyasına əsasən şəhərlər və kəndlər yenidən qurulur. Beynəlxalq standartlara uyğun, ən müasir texnologiyalar və innovasiyalar tətbiq olunur. Beləliklə, Qarabağ və Şərqi Zəngəzur modern şəkildə tikilərək gündən-günə əzəmətini artırır. 

 

Bu il işğaldan azad olunmuş ərazilərin bərpasına 3 milyard manat ayrılıb

 

İlk növbədə işğaldan azad olunmuş ərazilərdəki quruculuq işləri Böyük Qayıdış proqramını tezləşdirir. Xatırladaq ki, 2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurun bərpasına dövlət büdcəsindən 2.2 milyard manat, 2022-ci ildə isə 2 milyard 670 milyon manat ayrılmışdı. Bu il üçün isə büdcədən 3 milyard manat ayrılıb. 
Dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində vəsaitin xüsusi çəkisinin olması, Prezident İlham Əliyevin regionda görülən bərpa və yenidənqurma işlərinə birbaşa nəzarət etməsi, Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri, təməlqoyma və açılış mərasimlərində iştirakı, görülən işlərlə yerində tanış olması bu ərazilərin bərpasının Azərbaycan dövlətinin prioritet istiqaməti olduğunu bir daha təsdiqləyir. 
Eyni zamanda "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapan "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı"nın hazırlanması da bərpa prosesinin daha da sürətlənməsinə və Böyük qayıdışın həyata keçirilməsinə şərait yaradacaq. 
Prezident İlham Əliyevin ötən il Qarabağ və Şərqi Zəngəzura 21 səfəri baş tutmuşdu ki, bunların hər birində ölkə rəhbəri müxtəlif  müəssisə, kənd, obyekt və digər infrastruktur layihələrin əsasını qoymuş və hər səfərində görülən işlərin tikintisi ilə tanış olmuş və açılışlarını həyata keçirmişdi. 
Vətən müharibəsindən dərhal sonra başladılan quruculuq işlərinin nəticəsi olaraq qısa müddət ərzində - 2020-ci ilin iyun ayında Zəngilanın Ağalı kəndinə ilk qayıdışa start verildi. Və bu köç mərhələli şəkildə bu günə kimi davam edir. İndiyə qədər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Şərqi Zəngəzurun yeni yaşayış sahələrinə 86 ailənin - 420 nəfərin daimi məskunlaşması təmin olunub. Mart ayında isə köçürülmənin üçüncü mərhələsi yekunlaşıb.
Bundan başqa, bu ilin martında bayramdan əvvəl Tərtər rayonunun Talış kəndinə də qayıdış baş tutdu. Kənd sakinləri milli bayramlarını öz doğma dədə-baba kəndlərində qeyd etdilər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da Novruz tonqalını Talışda qaladı.  Qeyd edək ki, Talış kəndinə ümumilikdə 20 ailə - 90 nəfər köçürülüb. 

 

Prezidentin bir ayda Qarabağ və Şərqi Zəngəzura səfərləri

 

Qarabağ və Şərqi Zəngəzurun bərpasını dövlət siyasətinin prioritet istiqaməti müəyyənləşdirən dövlət başçımızın bu il də işğaldan azad olunmuş ərazilərə səfərləri yaddaqalandır. İlham Əliyev son günlərdə Qarabağa və Şərqi Zəngəzura səfərləri zamanı bir çox obyektin açılış, təməlqoyma mərasimlərində iştirak etdi və bəzi layihələrin tikintisi ilə tanış oldu.
Belə ki, mayın 2-də Ağdama səfər edən Prezident İlham Əliyev "Azərişıq" ASC-nin Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, eyni zamanda inzibati binanın təməlini qoydu. Həmçinin Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış oldu. 
Mayın 3-də Şuşada "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda beynəlxalq konfransda iştirak edən dövlət başçımız daha sonra  Şərqi Zəngəzur iqtisadi rayonunun 4  və Qarabağın 2 rayonuna səfər etdi. İlk öncə ümumilikdə 581 ailənin məskunlaşması planlaşdırılan Laçının Güləbird kəndinin əsasını qoydu. Birinci mərhələdə kəndə 150 ailənin köçürülməsi üçün fərdi evlərin inşası planlaşdırılır. Burada həmçinin 432 şagird yerlik məktəb, 
80 yerlik uşaq bağçası da tikiləcək. Güləbirddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Kənddə klub icma, ailə və idman sağlamlıq mərkəzləri, habelə  digər zəruri infrastruktur obyektləri inşa olunacaq. Burada istirahət parkı salınacaq, idman və uşaq meydançaları yaradılacaq, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.
Daha sonra Qubadlıya səfər edən İlham Əliyev şəhərdə ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik məktəbin, 91 çarpayılıq mərkəzi xəstəxananın təməlini qoydu. Həmçinin Qubadlı rayonunun Xanlıq, Mahruzlu, Zilanlı kəndlərinin də əsası qoyuldu. 
Qeyd edək ki, Xanlıq kəndində birinci mərhələdə 1357 nəfərin köçürülməsi üçün 356 fərdi evin, Mahruzluda 649 nəfərin məskunlaşdırılması üçün 145 evin, Zilanlıda 772 nəfərin məskunlaşdırılması üçün 159 evin tikilməsi planlaşdırılır. Gələcəkdə Zilanlıda 2520 nəfərin yaşaması nəzərdə tutulub. Zilanlı kənd inzibati ərazi dairəsində yerləşən Kürd Mahmudlu və Seləli kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib. Perspektivdə Xanlığa 4 mindən çox, Mahruzluya isə 2700-dən çox sakinin köçürülməsi nəzərdə tutulub.

 

Möhtəşəm quruculuq ünvanı

 

Prezidentin növbəti üz tutduğu rayon isə Zəngilan oldu. Zəngilan Konqres Mərkəzi, "Sarıqışlaq" Su Elektrik Stansiyasında tikinti işləri ilə tanış olan dövlət başçımız bu şəhərdə inzibati binanın, hotel kompleksinin, rayon mərkəzi xəstəxanasının əsasını qoydu. Bundan başqa, Zəngilanın Cahangirbəyli kəndinin də təməlqoyma mərasimi keçirildi. Kənd perspektivdə 2520 nəfər əhalinin -573 ailənin yaşaması üçün planlaşdırılıb. Birinci mərhələdə burada 1200 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Cahangirbəylidə fərdi evlərlə bərabər, bloklaşdırılmış üçmərtəbəli binalar da inşa olunacaq. 
Elə həmin gün Cəbrayıl rayonuna səfər edən dövlət başçısı burada da təməlqoyma, açılış mərasimlərində iştirak etdi. Belə ki, Cəbrayılda "Araz Vadisi İqtisadi Zonası"nda, məktəb binasının tikinti işləri ilə tanış olan Prezident 330 kV-luq "Cəbrayıl" qovşaq yarımstansiyasının açılışını etdi.
Həmçinin Cəbrayılda Xudafərin qəsəbəsinin, Şükürbəyli və Horovlu kəndlərinin əsası qoyuldu.
Mayın 5-də isə Qarabağ iqtisadi rayonuna daxil olan Xocavənd rayonuna səfər edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir sıra layihələrlə tanış oldular. Ölkə rəhbəri Tuğ kəndində İnzibati Mərkəzin, ilk yaşayış məhəlləsinin təməlinin qoyulmasında iştirak etdi. Həmçinin Hadrutda ilk yaşayış məhəlləsinin, inzibati mərkəzin əsası qoyuldu. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin və "Hadrut" qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı baş tutdu. 
Mayın 5-də dövlət başçısı və birinci xanımın üz tutduğu növbəti rayon Füzuli oldu. Füzuli-Hadrut avtomobil yolunun, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışını edən, Pirəhmədli, Dədəli kəndlərinin, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin, içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin əsasını qoyan  İlham Əliyev Füzulidə yaşayış kompleksi və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanış oldu. 
Mayın 8-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir daha Şuşaya səfər etdilər. Dövlət başçısı və birinci xanım Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış oldular. Prezident və birinci xanım həmçinin Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak etdilər.
Mayın 9-da ölkə rəhbəri və birinci xanım Şuşada bir sıra açılış və təməlqoyma mərasimlərində iştirak etdilər. "Azərişıq" ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin və Atatürk küçəsinin, Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin, Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışı oldu. Dövlət başçımız Qarabağ küçəsində qeyri-yaşayış binasının təməlini qoydu, Qarabağ və Sadıqcan küçələrində, Xüsusi nümayəndəliyin inzibati binasının qarşısındakı meydanda həyata keçiriləcək işlər barədə Prezidentə məlumat verildi.
Azərbaycan Prezidenti həmçinin Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət etdi.
Ata vəsiyyətini böyük əzm, iradə, qürurla yerinə yetirən Müzəffər Ali Baş Komandan mayın 10-da Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümündə Şuşada xalqa müraciətindən sonra da ailə üzvləri ilə birgə bir sıra açılış və təməlqoyma mərasimlərində iştirak etdi.
Həmin gün Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində, Xurşidbanu Natəvan və Zəfər, Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsindəki lövhələrin, Dəmir yumruq küçəsinin lövhəsinin, Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin, Yaradıcılıq Mərkəzinin, Yuxarı Gövhər Ağa, Saatlı məscidlərinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışları oldu.
Ölkə rəhbəri həmçinin Şuşada 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlini qoydu və 23 binadan ibarət yaşayış kompleksində aparılan, Şuşa şəhərində dövlət xidmətləri mərkəzinin yenidənqurma və təmir işləri ilə tanış oldu. İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində burada təşkil edilən "Heydər Əliyev və Qarabağ" fotosərgisi, Gül Festivalı və Yuxarı Gövhər Ağa məscidinin ərazisində yerləşən mədrəsə binasında "Mir Möhsün Nəvvab Qarabaği - XIX əsrin ensiklopedik alimi" sərgisi ilə də tanış oldu.
Bütün bunlar mayın 2-dən Qarabağ və Şərqi Zəngəzura səfər edən Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizin tezliklə bərpasına verdiyi önəmin göstəricisidir. Dövlət başçımız xalqa müraciətində bununla bağlı dedi:  "Mən mayın 2-dən bu günə qədər Qarabağ və Şərqi Zəngəzurdayam, bir çox tədbirlər keçirilmişdir, 10 kəndin təməli qoyulmuşdur, bir çox açılışlar həyata keçirilmişdir. On günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik".
Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyev dahi lider Heydər Əliyevin Qarabağ və Şərqi Zəngəzuru azad görmək arzusunu reallaşdırdı. İndi isə İlham Əliyev həmin torpaqlara həm də firavanlıq, gözəllik, abadlıq bəxş edir. Yenidən qurur o torpaqları.
Beləliklə, Prezident İlham Əliyevin mayın 2-dən 10-na qədərki müddətdə Qarabağ və Şərqi Zəngəzura səfəri bərpa və quruculuğun sürətlə davam etdiyini bir daha göstərdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 30 illik işğaldan azad olunmuş torpaqlarımız elə mahir sərkərdənin rəhbərliyi ilə də sürətlə dirçəlir. Bütün bunlar isə Böyük qayıdışın tezliklə tam reallaşacağından, Qarabağ və Şərqi Zəngəzurun cənnətməkana çevriləcəyindən xəbər verir. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video