15 Fevral 2024 09:00
23061
SİYASƏT
A- A+

İLHAM ƏLİYEV missiyasının yeni mərhələsi 

 

Azərbaycan tarixinin daha sürətli yüksəliş dövrü başlayır 

 

...Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm! 
Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam...
Dünən Prezident əsas hüquqi və mənəvi rəmzlərə - Konstitusiyaya və Qurani-Şərifə and içərək şərəfli missiyasının yeni mərhələsinə başladı...
Mövcudluğunun ən qüdrətli Zəfər dövrünü yaşayan Azərbaycanın isə yeni inkişaf, yüksəliş tarixinin ilk sətirləri yazıldı...

 

Zəfər andı

 

Vətənə, dövlətə və xalqa sədaqət andının gerçəkləşdiyi mərasim yenə də İlham Əliyevin dəyişməz üslubunda idi: bəlağətdən uzaq sadəlik, təmtəraqdan kənar səmimilik, sırf işgüzarlıq dövlət başçısının səlahiyyətlərinin icrasına başlama anının əsas məziyyətləri oldu. 
Fəqət, xüsusi əlamətdarlıqdan və pafoslu mərasim meyarlarından uzaq olan bu andiçmənin məğzində dövlətin və xalqın aliliyini təcəssüm etdirən olduqca mühüm məqamlar dayanırdı.
Parlamentdə baş tutan andiçmənin rəmzi anlamı da var idi. Bu, hakimiyyətin üç qolu (icra, qanunverici və məhkəmə) arasında hüquqi bağlılığı və məsuliyyət vəhdətini mükəmməl şəkildə əks etdirirdi: mərkəzi icra hakimiyyətinin rəhbəri qanunverici orqanının - parlamentin binasında və onun üzvləri qarşısında ali məhkəmə strukturunun təmsilçilərinin iştirakı ilə and içdi!
"İnaqurasiya" latın sözüdür, "həsr edirəm" mənasını verir. Prezident İlham Əliyev də Vətənə, xalqa və dövlətə sədaqət andını, Azərbaycana həsr etdiyi missiyasının növbəti mərhələsinin başlanğıc anını ən yüksək yerində Ulu Öndərin "Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır" yazılmış məkanda - parlamentdə gerçəkləşdirməklə siyasi ənənəni davam etdirdi, həm də bu prosedura rəmzi anlam gətirdi.
Prezident fəaliyyət fəlsəfəsinin - "biz yalnız Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edirik", "Biz xalqın xidmətçisiyik", "Bizim üçün yeganə istinadgah yalnız xalqdır, onun inamı və etimadıdır" amalının dəyişməzliyini növbəti dəfə sübut etdi!
Prezident 20 il öncə elan etdiyi "əsl siyasət real iş və konkret fəaliyyətdən ibarətdir" məramına sadiqliyini göstərdi: andiçmədən və ənənəvi ziyarətlərindən sonra nə ziyafətə, nə də bayram tədbirlərinə qatıldı…
Müqəddəs ehtiram ünvanlarını ziyarətdən sonra birbaşa Prezident Administrasiyasına getdi, səlahiyyətlərinin icrasına başladı, həllini gözləyən problemlərin nizamlanması ilə məşğul oldu…
Ümumiləşdirsək isə şanlı Azərbaycan mücadiləsinin növbəti zəfər məqamlarını yazmağa davam etdi!

 

Prezident sözü Prezident imzasıdır

 

Prezidentin inaqurasiya mərasimində hər kəsin - həm xalqın, həm də ümumiyyətlə, dünyanın gözlədiyi əsas an dövlət başçısının proqram çıxışında toxunduğu məqamlar idi. Azərbaycanın qarşıdakı yeddi il ərzində daxili, xarici, hərbi, iqtisadi, sosial və digər sahələr üzrə siyasətinin əsas koordinatlarını əks etdirən nitq dolğun, aydın və konkret idi. 
Hər kəs bir daha anladı ki, doğru yoldayıq, müstəqilliyimizin, inkişafımızın və Zəfərin reallıqlarının davamlı olması üçün məhz bu yolla irəliləməliyik. 
Prezident dövlətin, xalqın maraqlarının təmini, istiqlaliyyətimizin qorunması üçün nə gərəkdirsə, onu da edəcək!
Prezidentin sözü də, sözünün ahəngi də dəyişməz idi.
Prezident həmişəki kimi qətiyyətli idi. Xankəndidə dalğalanan bayrağın və xalqından növbəti dəfə aldığı möhtəşəm dəstəyin mənəvi gücü Ona kürsüdə xüsusi əzmkarlıq verirdi.
Prezident həmişəki kimi lider görkəmində idi. O, yeniləşdirdiyi Azərbaycanın iftixar icmalını verir və qarşıdakı yeddi ildə yaradacağı Azərbaycanın yeni inkişaf təmayüllərini elan edirdi.
Prezident həmişəki kimi səmimi idi. Sözünün və özünün - fikirlərinin və əməllərinin tam vəhdəti bu dəfə də tam aydınlığı ilə görünürdü. Sadə, anlaşılan dillə, siyasi sofistikadan və pafosdan uzaq çıxışla dünyaya yeni Azərbaycanın yeni siyasətinin mesajlarını çatdırırdı.
Prezident həmişəki kimi milli maraqları ifadə edirdi. Heç bir məkrli qüvvənin Azərbaycanda hansısa ssenari həyata keçirməsinə imkan verilməyəcəyinin, ölkəmizin müstəqil siyasətinin daha inadla və uğurla davam etdiriləcəyinin bəyanatını verirdi.
Prezident həmişəki kimi hər bir azərbaycanlının rəhbəri, dostu, himayədarı kimi danışırdı. O, Azərbaycan insanının bu dövlətin, xüsusən də öz fəaliyyətinin ən müqəddəs dəyəri olduğunu və bu yanaşmanın daha güclü Azərbaycanla daha güclü məna kəsb edəcəyini söyləyirdi.
Prezident həmişəki kimi bu çıxışında da misilsiz natiq, qətiyyətli sərkərdə, müdrik siyasətçi, uğurlu islahatçı, qabiliyyətli iqtisadçı, bacarıqlı diplomat..., ən nəhayət, Azərbaycan dövlətinin və xalqının həm xidmətçisi, həm də Lideri olduğunu təsdiq etdi!

 

Qarşıdakı 7 il...

 

 Prezidentin növbəti yeddi il üçün elan etdiyi proqramında ilkin olaraq ötən 20 ilə nəzər salındı. Keçilən yolu, qazanılan nailiyyətləri xatırlamaq gərəkli idi: çünki görülən işlər görüləcək işlərin zəminidir!
Prezident sonra sabahdan danışdı. Və bu sabah, əslində, qarşıdakı yeddi ili yox, onillikləri əhatə edirdi. Bu inkişaf qaçılmazdır və onun dinamikasının daha da yüksələcəyi tam əsaslandırılıb.
Tək bir şərt var: müstəqillik yolundan, Heydər Əliyev kursundan dönməmək və İlham Əliyev missiyası ətrafında ümummilli səfərbərliyimizi davam etdirmək!
Prezidentin cəmiyyətə, dünyaya mesajları müfəssəl, hərtərəfli və əsaslandırılmış idi. Prezident heç bir vəd vermədi, görəcəyi işlərin, nəzərdə tutduğu planların qısa icmalını çatdırdı. 
Qarşıdakı yeddi il ərzində bu missiyanın uğurla həyata keçəcəyinə şahid olacağıq. Necə ki, ötən 20 il kontekstində Prezident İlham Əliyevin sözünə də, əməlinə də, fəaliyyətinə də tam qiymət vermək mümkündür.
Prezident xalqına gələcəyə nikbinliklə baxmağı tövsiyə etdi. Azərbaycanın daha güclü dövlət olacağını bildirdi. Və sonda hər bir vətəndaşa qürur gətirən sözlərini söylədi: 
"Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!"
Müstəqilliyimizin təminatı, dövlətçiliyimizin sükanı etibarlı əldədir!
Heç şübhəsiz, öz taleyinin sahibi olan xalq tarixin ən qüdrətli Azərbaycanının və ən möhtəşəm Zəfərinin müəllifi olan Liderin rəhbərliyi altında bütün hədəflərə çatacaq!
Qarşıdakı 7 il Azərbaycanın ən şanlı salnamələrinin yazılacağı dövr olacaq - İlham Əliyev bunu da bacaracaq!

İxtiyar HÜSEYNLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video