28 Noyabr 2021 00:37
676
CƏMİYYƏT
A- A+

Humanizm siyasəti layiqincə davam etdirilir

 

Amnistiya aktı şamil olunanlar şəhidlərimizin ruhu qarşısında məsuliyyətlərini heç vaxt unutmamalıdırlar

 

Torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsi xalqımızın qürur mənbəyi, şərəf tarixidir. Bu qüruru, bu şərəfi bizə yaşadan isə möhtərəm Prezident İlham Əliyevin qətiyyətli siyasəti və Ali Baş Komandanı olduğu müzəffər Ordumuz oldu. Bu gün başımız uca, alnımız açıqdır. Çünki işğal altında olan torpaqlarımız artıq azaddır və həm də sürətlə bərpa olunur.

Vətən müharibəsində bu qələbəni bizə yaşadan qəhrəman oğullarımızın böyük əksəriyyəti Qarabağ adlanan füsünkar diyarı görməmişdi belə! Buna baxmayaraq əzəli yurdumuzun xəritəsini beyinlərinə, sevgisini ürəklərinə həkk edib, irəli atıldılar. Düşməni əzib millətimizə Qələbə sevinci yaşatdılar, torpaqlarımızı, adımızı, şərəfimizi geri qaytardılar.

Mənim gənclik və tələbəlik illərim torpaqlarımızın işğalı dövrünə təsadüf etdiyindən o acılı günləri yaxşı xatırlayıram. Aclıq, səfalət, xaos dolu o günlər insanlarda bir çaşqınlıq, ümüdsizlik yaratmışdı. Dövlətçiliyimiz böyük təhdid və təhlükə altında idi. Böyük dövlətlər və beynəlxalq qurumlar ya seyrçi mövqedə dururdular, ya da açıq və ya gizli formada Ermənistana dəstək verirdilər. Əgər elə olmasaydı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələri icra olunardı.

Amma Azərbaycan xalqı heç vaxt ümidlərini itirmədi. Və ümidlərimizi yaşadan Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlişi, Azərbaycanın dövlətçiliyinin və müstəqilliyinin xilası yolunda həyata keçirdiyi missiya ilə başlanan böyük siyasət oldu. Ulu Öndər Heydər Əliyev müdrikcəsinə ilk əvvəl atəşkəsə nail oldu. Daha sonra ölkə iqtisadiyyatının bərpasına start verdi. Ulu Öndərin qeyd etdiyi kimi, yalnız iqtisadiyyatı güclü olan dövlət düşmən üzərində qələbə qazana bilərdi. Cünki güçlü iqtisadiyyat həm də güclü ordu demək idi. Bu baxımdan 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” tariximizin dönüş nöqtəsi oldu. Ulu Öndər bu addımla Azərbaycanın güclü təməllərinin əsaslarını yaratdı.

Ümummilli Lider Heydər Əliyev Ermənistanla danışıqlar prosesində hər zaman Azərbaycanın milli maraq və mənafelərini qətiyyətlə təmin etdi. Amma danışıqlar prosesində iştirak edən beynəlxalq təşkilatlar və dövlətlər həmişə ikili siyasət yürütdülər, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində maraqlı olmadılar.

Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda böyük bir inkişaf siyasətinin təməllərini müəyyən edən Heydər Əliyev bütün siyasi fəaliyyəti boyu torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə apardı. Ulu Öndər Azərbaycan Ordusunu yaratdı, danışıqlar prosesinin Azərbaycanın maraqlarına zidd məcraya yönəlməsinə imkan vermədi.

Prezident İlham Əliyev Azərbaycana rəhbərliyinin ilk günündən Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu layiqincə davam etdirdi. Bu siyasətin əsas tərəflərindən biri torpaqlarımızın işğaldan azad olunması idi. Danışıqlar prosesində dövlətimizin milli maraqlarına zidd təklifləri yaxına buraxmayan İlham Əliyev daim bəyan etdi ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılmasına heç vaxt imkan verməyəcək və respublikamız istənilən yolla işğal altındakı ərazilərini azad edəcək. Bu illər ərzində həyata keçirilən ordu quruculuğu göstərirdi ki, danışıqlar mənasız başa çatacağı təqdirdə Azərbaycan hərbi yolla torpaqlarını azad edəcək.

Apardığı uğurlu iqtisadi siyasət nətiçəsində Azərbaycanı nəinki Qafqazın, hətta dünyanın ən sürətli inkişaf etməkdə olan dövlətinə çevirən möhtərəm Prezident İlham Əliyev bununla həm də Azərbaycanı sürətlə böyük zəfərə aparırdı. Hər il dövlət büdcəsi təsdiq edilərkən cənab Prezident iki məsələyə xüsusi diqqət yetirirdi - müdafiə və sosial xərclərə. Çünki dövlət başçısı üçün əsas prioritetlər vətənin ərazi bütövlüyünün təmin olunması və Azərbaycan vətəndaşlarının yüksək rifahı idi. İqtisadi inkişafdakı sürət dunyanın qabaqcıl ölkələrini belə geridə qoyurdu. Sürətli məktəb tikintisi, ölkənin hər yerində müasir xəstəxanaların, idman komplekslərinin fəaliyyətə başlaması Prezident

İlham Əliyevin sosial məsələlərə, insan kapitalına önəm verməsinin təcəssümü idi.

İlham Əliyev Azərbaycan Ordusunu gücləndirdi, müasir müdafiə sənayesinin təməlini qoydu. Bu gün Azərbaycanın özünün yaratdığı silah markası var. Ordumuz ən müasir silahlarla təchiz olunub, ən yüksək döyüş imkanlarını mənimsəyib. Bununla belə, hələ Vətən müharibəsinə qədər Azərbaycan həmişə beynəlxalq hüquqa hörmət etdiyini, torpaqlarının da beynəlxalq hüququn norma və prinsipləri əsasında azad olunmasına tərəfdar olduğunu bəyan edirdi.

Amma istər Ermənistan, istərsə də ikili standartlardan çıxış edən beynəlxalq təşkilatlar və dövlətlər bizə başqa yol buraxmadılar. Azərbaycan vətəndaşlarının məğlubiyyətlə barışacağını düşünənlər yanıldılar. Əslində bunu ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın bilməsi lazım idi. Çünki onların böyük mütəfəkkiri A.Düma hələ XIX əsrdə “Qafqaz səfəri” əsərində azərbaycanlıların həssas, səmimi, qayğıkeş, ağıllı, qonaqpərvər, mehriban, mərd olduqlarını qeyd etməklə yanaşı, göstərirdi ki, elə xalqlar var ki, öz əli ilə imza qoyduğu sənəddən də boyun qaçırır. Azərbaycanlılarda isə mərdlik var. Onlarla bir şey barədə sövdələşəndə sənəd, imza, möhür tələb etmək lazım deyil. Azərbaycanlı verdiyi sözdən heç vaxt dönməz. Məncə, hər sey aydındır. Tarix kimlərin sözlərini, imzalarını dandığını, kimlərin isə sözünə sadiq qaldığını sübuta yetirir. Bu baxımdan A.Dümanın dediyi sözlər millətimiz haqqında dünyada yüksək təəssürat yaradan ən gözəl tarixi mənbələrdən biridir.

44 günlük Vətən müharibəsi xalqımızın öz azadlığı, öz milli haqqı uğrunda mübarizəsinin təntənəsi oldu. Beynəlxalq hüquqa əməl etməyən Ermənistanı Azərbaycan güc yolu ilə cəzalandırdı və BMT qətnamələri başda olmaqla bütün beynəlxalq sənədlərin tələblərinin həyata keçməsini təmin etdi. Artıq 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azaddır. Vasitəçilərin bu müddətdə həll edə bilmədikləri və ya həll etmək istəmədikləri Dağlıq Qarabağ problemini Azərbaycan 44 günə həll etdi.

Azərbaycanın Ali Baş Komandanı, Azərbaycanın müzəffər Ordusu 44 gün ərzində tarix yazmaqla müharibəni necə aparmaq, necə qalib gəlmək, əsirlərlə neçə davranmaq barədə beynəlxalq hüquqa dərs keçdi, unudulmayacaq bir dərs. Gəncədə, Bərdədə, Tərtərdə günahsız insanların qətlinə rəğmən əldə fürsət varkən düşmənin bir mülki vətəndaşına, bir mülki obyektinə toxunulmadı. Budur, Azərbaycan humanizminin təntənəsi.

Vətən müharibəsindəki zəfərimizi həzm edə bilməyən, bununla barışmaq istəməyən bəzi böyük dövlətlər də, beynəlxalq təşkilatlar da indi özləri üçün başqa yol tutublar. İnsanlıqdan, humanizmdən uzaq olan bir çoxları Azərbaycan hakimiyyətini insan azadlıqlarını və hüquqlarını beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri yerinə yetirməməkdə ittiham etməyə çalışırlar. Bu cür yalan, böhtan atmağa çalışanlara Xocalını xatırlatmaq istərdim. Günahsız körpələri, yaşlıları, qadınları amansızcasına qətlə yetirənlərə havadarlıq edənlərin vicdanlarının yoxluğu yalanlarının, böhtanlarının ölçüsündən görünmür.

Azərbaycan xalqı Vətən müharibəsindəki qələbənin təntənəsini yaşayır. Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında 8 Noyabr - Zəfər Günü ilə bağlı elan edilmiş amnistiya isə cəmiyyətimizin bayram əhvali-ruhiyyəsini daha da yüksəltdi. Qeyd edim, Azərbaycanda müəyyən əlamətdar günlərdə məhkum olunmuş şəxslərin əfv olunması gözəl ənənəyə çevrilib. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu bu ənənə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Sonuncu amnistiya aktı da ölkə Prezidentinin humanizm prinsiplərinə önəm verməsinin əyani sübutudur.

Bundan əvvəl Azərbaycanda 11 dəfə amnistiya elan edilib. 2007-ci ildə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, 2009-cu ildə Novruz bayramı münasibətilə, 2013-cü ildə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə və 2016-cı ildə 28 May - Respublika Günü münasibətilə amnistiyalar Heydər Əliyev Fondunun prezidenti, həmin illərdə Milli Məclisin deputatı olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

8 Noyabr - Zəfər Günü ilə bağlı elan edilmiş amnistiya aktının ümumilikdə 15 mindən çox şəxsə şamil edilməsi humanizm siyasətinin layiqincə davam etdirilməsindən xəbər verdi. Amnistiyanın tətbiq ediləcəyi şəxslərin sayına, əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azadetmə institutlarının dairəsinə görə bu, indiyədək həyata keçirilən ən böyük aktdır. Bu amnistiya aktının fərqi həm də ondan ibarətdir ki, qüvvəyə minməmiş hökmlərə və istintaq mərhələsində olan işlərə də aid edilib.

Bütün bunlar Azərbaycan dövlətinin siyasətində insan amilinin əsas faktor olduğunu göstərir. İnanırıq ki, bu amnistiya aktına şamil olunanlar şəhidlərimizin ruhu qarşısında məsuliyyətlərini hiss edəcək, layiqli vətəndaş kimi cəmiyyətə öz töhfələrini verəcəklər.

 

Zəminə ƏLİYEVA,
Bakı Şəhər Prokurorluğunun idarə prokuroru

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video