19 Mart 2023 03:07
1570
SİYASƏT
A- A+

Heydər Əliyevin siyasi mübarizəsi tarixin səhifələrinə yazılıb

 

Dünya tarixinin səhifələri ayrı-ayrı şəxsiyyətlərin, xüsusilə görkəmli siyasi xadimlərin həyat və fəaliyyətlərinə həsr olunmuş  materiallarla zəngindir. Belə şəxsiyyətlərin tərcümeyi-halı tədricən şəxsi ölçülərdən çıxır, dünyəvi xarakter alır. Çünki məhz böyük şəxsiyyətlər dünyaya, dünyada baş verən hadisə və proseslərə təsir etmək, onu istiqamətləndirmək gücünə malikdirlər. 
Azərbaycan xalqının görkəmli oğlu, XX əsrin nəhəng simalarından biri olan Heydər Əlirza oğlu Əliyev belə siyasi xadimlərdəndir. Bu ad onun dostları və pərəstişkarları tərəfindən hərarətlə, ehtiramla çəkilir. Yer kürəsinin hər bir xalqı öz övladları, xüsusilə də görkəmli oğulları ilə fəxr edir. Məhz belə insanlar xalqına və vətəninə əbədi şöhrət qazandırırlar. Heydər Əliyev bəşəri müdrikliyi özündə əks etdirən tarixi şəxsiyyətdir. 
Azərbaycanın qədim məkanlarından biri olan Naxçıvan torpağında dünyaya göz açan Heydər Əliyev hələ gənc yaşlarından həyatın bütün keşməkeşlərini görmüş və onun çətinliklərinə hazır olmuşdur. Böyük və mehriban ailədə  dünyaya gələn və formalaşan Heydər Əliyevin valideynləri övladlarını əməyə alışdırmaq üçün əllərindən gələni etmişdilər, çünki dövrün çətinliklərinə yalnız gərgin zəhmətlə sinə gərmək mümkün idi.
Məhz bu sadə azərbaycanlı ailəsi xalqımıza Həsən, Cəlal və Rəfiqə Əliyevlər kimi tanınmış akademikləri bəxş etmişdi, oların elmə verdikləri töhfələr əvəzsizdir. Rəssam Hüseyn Əliyevin əsərləri hazırda dünyanın ən yaxşı şəkil-qalereyalarının bəzəyidir. Əliyevlər ailəsinin hər bir üzvü böyük nəslin, elin, xalqın iftixarı olmaq şərəfinə malikdir.
Müstəqil həyata dövlət təhlükəsizliyi orqanlarında fəaliyyətə başlamaqla qədəm qoyan Heydər Əliyev çox çətin yol seçmişdi. Təhlükəsizlik orqanlarında  xidmət etmək nə qədər şərəfli idisə, bir o qədər də ağır və riskli idi. Başqalarının rahat və təhlükəsiz yaşaması naminə bəzən öz həyatınla risk etmək lazım gəlirdi. Bu orqanlarda işləmək istəyənlər yüzlərlə idi, lakin oraya seçilmiş adamları götürürdülər. Təhlükəsizlik orqanında işləmək üçün təkcə maraq və arzu kifayət deyildi, vətənə hədsiz məhəbbət, onun yolunda özünü fəda etməyə hazır olmaq, dəyanət, səbir, dözüm, güclü analitik təfəkkür, sərbəst qərar qəbul etmək bacarığı və digər keyfiyyətlər tələb olunurdu. Heydər Əliyevdə bunların hamısı cəmlənmişdi. Bütün sınaqlardan dəyanətlə keçən Heydər Əliyevi dövlət təhlükəsizliyi orqanlarında işə qəbul etdilər. Burada ən aşağı pillədən fəaliyyətə başlayan Heydər Əliyev bütün mərhələləri uğurla keçərək leytenantdan generala, sıravi əməkdaşdan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin Sədri vəzifəsinədək yüksəldi. 
Heydər Əliyev ilk azərbaycanlı idi ki, hədsiz maneələri dəf edərək - totalitarizm dövründə belə maneələrin sayı-hesabı yox idi - DTK-nin sədri vəzifəsinə qədər yüksəlmişdi. Bu isə o dövrdə sözün həqiqi mənasında olduqca böyük qəhrəmanlıq idi, çünki totalitarizm dövründə qeyri-rus millətindən olan adamların belə yüksəlişi nadir hadisə idi. Çünki bu, "dəmir Mərkəzin" iradəsinə  zidd idi, buna görə də qeyri-mümkün sayılırdı. Başqa azərbaycanlı kadrlar üçün  bu yolu Heydər Əliyev açmış, öz üzərinə götürdüyü vəzifənin öhdəsindən məharətlə gəlmişdi. Sonralar Yeni Azərbaycan Partiyasının I Qurultayındakı çıxışı zamanı keçdiyi həyat yolundan  danışan Heydər Əliyev qarşılaşdığı çətinliklərdən bəhs edərək deyirdi ki, "mənim həyatım hamınıza məlumdur, onun ürəkaçan səhifələri olduğu kimi, çox ağır, çətin və təhlükəli illəri də olmuşdur". Heydər Əliyevin silahdaşları, keçmiş xidmət yoldaşları öz sədrləri haqqında hərarət və fəxrlə danışır, onun rəhbərliyi altında işlədikləri dövrləri böyük həyat məktəbi adlandırırdılar. Heydər Əliyev haqqında deyilənləri oğlu, yeni nəsil siyasi liderlərdən olan, Azərbaycan Prezidenti İlham Əliyevin fikri ilə tamamlamaq istərdim: "Heydər Əliyevin oğlu olmaq böyük xoşbəxtlikdir, lakin bu həm də çox böyük məsuliyyət deməkdir. Mən hələ uşaqlıqdan  bu məsuliyyətlə yaşayıram".

 

Heydər Əliyevin dövlətçilik fəaliyyəti 1969-cu ildən başlayır

 

Bir siyasi xadim kimi, Heydər Əliyevin dövlətçilik yolu 1969-cu ilin isti yay günlərindən başlayır. Bu yolun başlanğıcında Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumu durur, məhz həmin  plenumdan sonra respublikaya Heydər Əliyev rəhbərlik edir. Sovet totalitarizminin durğunluq dövründə Heydər Əliyevin siyasi olimpdə peyda olması sanki partlayışa bənzər bir hadisə olub bütün cəmiyyəti silkələmişdi. Hər yerdə, həm Azərbaycanda, həm də ittifaqda hamı ondan danışırdı. Biganəlik aradan qalxmış, hamı Heydər Əliyev məntiqinin gücünə heyran qalmışdı. Konkret həyat reallıqlarından çıxış edən böyük rəhbərin sübut və nəticələrinin dəqiqliyi, problemləri təhlil etmək və düzgün qiymətləndirmək bacarığı, həyat həqiqətlərinə yanaşma və onları qiymətləndirmə üslubu, ədalət meyarları göstərirdi ki, sovet məkanında yeni bir siyasi lider meydana gəlib.
Heydər Əliyevin Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumundakı  çıxışı təkcə Azərbaycanda yox, bütövlükdə sovet cəmiyyətində yaranmış neqativ halların və çatışmazlıqların təhlilinə, habelə onların aradan qaldırılması yollarının müəyyənləşdirilməsinə həsr olunmuşdu. Təsadüfi deyildi ki, həmin  illərdə Heydər Əliyevin belə cəsarətli çıxışı  nəinki düşünən beyinləri, habelə, bütün cəmiyyəti silkələyərək insanları yeni quruculuğa ruhlandırmışdı.
Heydər Əliyev siyasi dühasının kredosu "Qoy  ədalət zəfər çalsın!" adlı məqalədə öz bariz ifadəsini tapmışdı. "Literaturnaya qazeta"da dərc edilmiş həmin məqalə bütün sovet məkanında dərin əks-səda yaratmış, insanlarda iftixar hissi oyatmışdı: nəhayət ki, bütün ittifaqda həqiqəti deməyə qadir olan, buna cəsarəti çatan tapıldı - bu həqiqəti uzun illərin sükunətindən sonra gur səslə məhz Azərbaycan torpağının yetirməsi - Heydər Əliyev deyə bilmişdi. Məqalənin məğzi, mənası  həqiqətin, ədalətin zəfər yürüşünə müncər olmuşdu. Məqalənin müəllifi bütün sovet  cəmiyyəti, bütün sinif və təbəqələr üçün vahid ədalət meyarını irəli sürüb əsaslandırırdı.
1969-cu ilin iyun plenumundan on il sonra 1979-cu ilin aprelində ideoloji problemlərə həsr olunmuş Ümumittifaq konfransındakı məşhur məruzəsində Heydər Əliyev bütün dünya qarşısında təntənəli şəkildə xalq rəhbərinin, liderin böyüklüyünü nümayiş etdirirdi. Cəmiyyətin inkişafı yolundakı bütün maneələr: mühafizəkarlıq, tamahkarlıq, korrupsiya, bürokratizm,  himayəçilik və digər neqativ hallar onun başlıca düşmənləri idi. Böyük rəhbər bunu addım-addım, günbəgün, ilbəil edirdi. İnsanlar da Heydər Əliyevin fədakar əməyinə eyni fədakarlıq və səmimiyyətlə cavab verirdilər. Məhz liderlə xalqın bir-birini başa düşməsi, üzvi şəkildə qovuşması, bütövləşməsi Azərbaycana imkan vermişdi ki, sovet totalitar dövrünün ağrı-acılarını sonadək  yaşamadan dirçəlsin və çiçəklənsin. Kütləvi informasiya vasitələri gur səslə Azərbaycan həqiqətlərini bütün dünyaya yayırdı, respublikamız haqqında hər yerdə danışılırdı.
Öz siyasi baxışları olan Heydər Əliyev standart qəliblərə, ölçülərə sığmayan bir şəxsiyyət idi. Məhz onun hakimiyyəti illərində respublikamız, sözün həqiqi mənasında, ziyarətgaha çevrilmiş, dünyanın hər yerindən minlərlə adlı-sanlı insanları qəbul etmiş və yola salmışdı. Çin, Vyetnam, Hindistan, Misir, Filippin, Almaniya, Portuqaliyadan və digər ölkələrdən gəlmiş qonaqlar gördüklərindən razı gedirdilər. Məhz bunun nəticəsi idi ki, respublikamız və onun rəhbəri Heydər Əliyev haqqında dünyanın hər yerində böyük hörmətlə danışırdılar.

 

Şəxsi keyfiyyətləri Heydər Əliyevi daim diqqət mərkəzində saxlayırdı

 

Məhz buna görə idi ki, Ulu Öndər SSR İttifaqının rəhbərləri içərisində ilk sıralara çıxa bilmiş, Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinədək yüksəlmişdi. Onun nadir istedada malik şəxsiyyət olması bu vəzifələrdə də özünü bariz şəkildə göstərmişdi. Heydər Əliyevin məziyyətlərindən bəhs edən keçmiş SSRİ Təhsil Komitəsinin sədri, görkəmli alim Gennadi Yaqodin komitənin kollegiya iclasından sonra yazırdı ki, onun geniş analitik çıxışı, problemi dərindən bilməsi, inkişaf yollarını düzgün göstərməsi, məsələlərə tənqidi münasibəti bizi heyrətə salmışdı. Məhz həmin çıxışdan sonra biz ilk dəfə olaraq hiss etdik ki, dərin yuxudan ayılmalıyıq, daha əvvəlki kimi işləməməliyik.
Sovet rəhbərlərindən keçmiş SSRİ Dəmir Yolları naziri Konarev nazirliyin geniş iclasında Heydər Əliyevin dərinməzmunlu çıxışından sonra yazırdı ki, nazirlik bütün tarixi boyu belə bir şey görməmişdi: "Bizə elə gəlirdi ki, qarşımızda bütün həyatını nəqliyyat işinə həsr etmiş klassik dəmiryolçu çıxış edirdi. O, dəmiryol nəqliyyatının işindən elə ətraflı və detallarına qədər dəqiqliklə söhbət açır, problemləri və onların həlli yollarını elə geniş şərh edirdi ki, bunu yalnız həmin sahə ilə uzun müddət  əsaslı şəkildə məşğul olan adam edə bilərdi".
Eyni fikri SSRİ Səhiyyə Nazirliyinin və Elmlər Akademiyasının rəhbərləri, onun kuratorluq etdiyi bütün sahələrin əməkdaşları da qeyd edirdilər. Bu, siyasi lider, təşkilatçı, rəhbər yetişdirmək üçün böyük ənənələri olan məktəbin - Heydər Əliyev məktəbinin yaradılması demək idi.
Ulu Öndər Naxçıvana olduqca ağır dövrdə gəlmişdi. Dağıntı, yoxsulluq, müharibə, blokada şəraitində yaşamaq əhalini üzür, çətin vəziyyəti daha da ağırlaşdırırdı. Heydər Əliyev hara gəldiyini bilir və sonralar bu barədə deyirdi ki, "1990-cı il iyunun 9-dan mən sizinlə birlikdəyəm. O zaman Naxçıvan blokadada idi... Burada insanların yaşayışı çox ağır  və çətin idi. Mən də sizinlə birlikdə  eyni şəraitdə və vəziyyətdə yaşamağa başlamışdım. Bir yerdə yaşayırdıq. Ağır günlərimiz oldu. Su, elektrik enerjisi çatışmırdı.  Qaz, istilik yox idi, ərzaq sarıdan çətinlik çəkirdik. Xatirinizdədirsə - mən sizə dəfələrlə deyirdim ki, - bərabər yaşayacağıq, bu vəziyyətdən bərabər çıxacayıq. Əgər burada şaxtadan donsaq, bir yerdə donacağıq. Ancaq nə qədər çətin olsa da, donmadıq, ac da qalmadıq, bu çətin dairədən çıxdıq".
1987-1988-ci illərdən başlayaraq Azərbaycan xalqı hakimiyyət vakuumunu duyur və görürdü, hakimiyyətdə elə bir adam yox idi ki, bu boşluğu doldursun, xalqda inam yaratsın, ölkədə hamını birləşdirsin. Ancaq xalq bilirdi ki, onun yeganə xilaskarı Heydər Əliyev ola bilər. Dramatik hadisələrlə dolu ötən əsrin 90-cı illərində o, hakimiyyətin, milli dirçəlişin, ruh  yüksəkliyinin, Azərbaycanın bütövlüyünün simvolu idi. Azərbaycan xalqı seçimində yanılmamışdı. Yüzlərlə problemlərlə üz-üzə dayanan Heydər Əliyev xalqla birlikdə, xalqın içərisində idi. 
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin həyata keçirdiyi tədbirlər, nəhəng quruculuq işləri tezliklə öz bəhrələrini verməyə başladı. Ermənistanla müharibə cəbhələrində atəşkəs yarandı, daxili sabitlik təmin edildi. Amma bundan sonra "başabəla liderlər" yenə səslərini çıxarmağa başladılar. Yeni Azərbaycan Partiyasının I Qurultayında çıxış edən cənab İlham Əliyev haqlı olaraq  deyirdi ki, siyasi demoqoqlar və boşboğazlar nəhayət dərk etməlidirlər ki, onlara ölkənin siyasi səhnəsində yer yoxdur. Onların yeri arxivdir, onların bağlanmış kitabı arxivin elə ucqar yerinə qoyulmalıdır ki, heç kəs yaxın keçmişimizin bu biabırçı səhifələri ilə tanış ola bilməsin.
Əgər 1993-cü ilin ortalarında, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında Heydər Əliyev olmasaydı, indiki vahid və suveren Azərbaycan dövləti də olmayacaqdı. Nəyə görə məhz Heydər Əliyev? Ona görə ki, Heydər Əliyev siyasi xadim olmaq üçün  uzun bir yol keçmişdi. Xalqın içərisindən çıxmışdı, uşaqlıq illərindən  əməyin və çörəyin qiymətini bilirdi, ağrı və acılar görmüşdü. Buna görə də çətin anlarda belə özünü itirmədi, yaranmış vəziyyətdən çıxış yolu tapdı, uzun müddət davam edən xaosdan sonra "vətəndaş sülhü" yarandı.

 

Xalqın müqəddəratı həll olunduğu bir zamanda Ulu Öndər rəhbərliyi üzərinə götürdü

 

Heydər Əliyev ikinci dəfə - son dərəcə çətin və  xalqın müqəddəratının həll olunduğu bir zamanda ölkəyə rəhbərliyi üzərinə götürdü. Addım-addım, günbəgün ölkənin qarşılaşdığı problemlərin mahiyyətinə vardı. 
İllərlə davam edən qarmaqarışıqlıq və anarxiya dövründən sonra hakimiyyətə gələn Ulu Öndərin gördüyü ilk tədbirlər ölkənin bərpası, əmin-amanlığın yenidən bərqərar olması ilə bağlı idi. 1993-cü ilin hərc-mərcliklə dolu yay günlərində baş verənlərin məsuliyyətini öz üzərinə götürmək böyük cəsarət və mərdlik tələb edirdi. Bunu isə xalqın, Vətənin gələcəyi naminə özünü "oda atan" Heydər Əliyev kimi böyük şəxsiyyətlər edə bilərdilər. Həmin dövrü xarakterizə edən başlıca amillərə nəzər salaq: iqtisadiyyatın dağılması, istehsal prosesinin dayanması və durğunluq, siyasətdə anarxiya, Ermənistanın respublikamıza qarşı açıq müdaxiləsi, Azərbaycanın bir sıra  rayonlarının bir-birinin ardınca işğalı, silahlı qüvvələrin ayrı-ayrı şəxslərin əlində olması, hakimiyyətdə çaşqınlıq, yaxın gələcəyə dair dumanlı və dəhşətli proqnozlar elə mürəkkəb şərait yaratmışdı ki, sanki çıxış yolu yox idi. Yaranmış mənzərənin mürəkkəbliyini dərinliklərinə qədər dərk edən Heydər Əliyev, eyni zamanda çətin də olsa, həll yollarını görürdü. Məhz bununla əlaqədar onun getdiyi riskin tarixi analoqu yox idi, belə riskə getməklə Heydər Əliyev, ilk növbədə, onu boya-başa çatdıran xalqın və vətənin xilasına nail olmağı qarşıya müqəddəs vəzifə kimi qoymuşdu. 
Təsadüfi deyildi ki, Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilən Heydər Əliyev görünməmiş enerji ilə fəaliyyətə başlayır, ölkədə qayda yaratmaq, daxili sabitliyi bərqərar etmək, silahlı qüvvələri möhkəmləndirmək, erməni təcavüzkarları və onların havadarlarının hücumlarını dayandırmaq, beynəlxalq aləmə Azərbaycan həqiqətlərini çatdırmaq uğrunda fəal mübarizə aparır. Cəbhəçilərin mitinq və fraksiya mübarizələrindən bezmiş xalq kütlələrini ruhlandırmaq, onlarda özlərinə inam yaratmaq, ölkənin bərpası işinə cəlb etmək üçün başqa yol yox idi. 

 

Azərbaycan diplomatiyası addım-addım öz məqsədlərinə doğru irəlilədi 

 

Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə xarici siyasət məsələlərinə xüsusi diqqət yetirirdi. Həm də xarici siyasəti daxili siyasətin başqa vasitələrlə davamı hesab edən klassik baxışlardan fərqli olaraq Ulu Öndər xarici siyasətə milli müstəqilliyin və suverenliyin möhkənlənməsi vasitəsi kimi baxır, bu mənada bütün dünya qarşısında azad Azərbaycanın bir növ surətini yaradırdı. 
1993-cü ildən başlayaraq tarixən son dərəcə qısa bir dövr ərzində beynəlxalq münasibətlər sisteminə qoşulan Azərbaycan Respublikası dünyanın 200 ölkəsi tərəfindən "de-yure" tanınmış, Birləşmiş Millətlər Təşkilatında, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Assambleyasında, İqtisadi Əməkdaşlıq Təşkilatında, habelə dünyanın onlarla qeyri-hökumət təşkilatlarında qəti olaraq öz yerini möhkəmlətmiş, dünyada sülh və təhlükəsizlik uğrunda mübarizə proseslərinə qoşulmuşdur.
Ümummilli Lider Heydər Əliyevin yeritdiyi sülhsevər xarici siyasət xətti beynəlxalq aləmdə böyük rezonans yaratmışdı. Belə ki, Ulu Öndər diplomatiyasının gücü ilə ənənəvi partnyorlarımızla bağlı çoxlu ziddiyyətlər aradan qaldırılmış, dünyanın bir çox ölkələri ilə imzalanmış müqavilə və sazişlər nəticəsində respublikamızın ikitərəfli və çoxtərəfli əlaqələri olduqca genişlənmişdi. Bu gün Azərbaycan diplomatlarının səsi dünyanın bütün qitələrindən, planetimizin onlarla ölkəsindən gəlir, respublikamızın çox ölkələrdə səfirlikləri fəaliyyət göstərir. İstanbulda konsulluq, Nyu Yorkda nümayəndəlik, habelə Cenevrə və Strasburqdakı beynəlxalq təşkilatların yanında nümayəndəliklər açılmışdır.
Azərbaycanın daxilində və ətrafında baş verməkdə  olan proseslərin Bakı nefti, habelə ixrac neft kəmərləri ilə sıx bağlılığını düzgün qiymətləndirən Heydər Əliyev "neft diplomatiyasını" balanslaşdırılmış xarici siyasət strategiyası ilə üzvi şəkildə bağlamağa müvəffəq olmuşdu ki, məhz bunun nəticəsində nəinki Azərbaycanda, habelə bütün Qafqazda nisbi siyasi sabitlik yaranmışdı. 
Heydər Əliyevin Budapeşt sammitindən Lissabon sammitinədək olan dövrdə apardığı bütün diplomatik danışıqların əsas məqsədi Dağlıq Qarabağ probleminin dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin pozulması prinsipləri əsasında çözülməsindən ibarət olmuşdur. 
Heydər Əliyevin siyasi tərcümeyi-halı beynəlxalq miqyaslı siyasi hadisələrlə o dərəcədə zəngindir ki, bu barədə cild-cild kitablar yazmaq mümkündür. Ulu Öndərin təkcə prezidentliyi dövründə etdiklərinin siyahısı tarixin yaddaşında əbədi həkk olunmağa kifayət edər. Bunların  içərisində başlıca yeri 1993-cü ilin qanlı-qadalı iyun günlərində xalqın tələbi ilə hakimiyyətə qayıtdığı zaman göstərdiyi müdriklik, ölkəni milli müstəqilliyi itirməkdən və xaosdan xilas etməsi, başlamaqda olan vətəndaş müharibəsini milli barışığa çevirməsi o dövrdə hakimiyyətdə olan bonopartçı  "qəhrəmanların" oyun kartlarını qarışdırdı, onların arzularını ürəklərində qoydu. 

 

O daim xalqla birlikdə olub 

 

Mahiyyətcə 1993-cü ilin iyun hadisələrindən o qədər də fərqlənməyən 1994-cü və 1995-ci il hadisələri də bütövlükdə Azərbaycan xalqına qarşı çevrilmişdi. Bu hadisələrin arxasında da xarici qüvvələr, respublikanın şimala və cənuba qaçmış başabəla "qəhrəmanları" durmuşdular, onlar əvəz çıxmaq üçün fürsət gözləyirdilər. Lakin  Heydər Əliyev xalqı öz ətrafında birləşdirərək həmin qara qüvvələrin mənfur niyyətlərinin reallaşmasına imkan vermədi.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyası işlənib hazırlandı və ümumxalq referendumu yolu ilə qəbul edildi, bununla da müstəqilliyimiz və suverenliyimiz qanuni yolla təsbit edildi. Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq Azərbaycan respublikasında ölüm hökmü ləğv edildi. 
Siyasi baxımdan böyük əhəmiyyəti olan məsələlərdən biri də Azərbaycanda senzuranın ləğv olunması idi. KİV-in müraciət etdiyi mövzulara heç bir məhdudiyyət yoxdur. 
Ulu Öndər Heydər Əliyevin Azərbaycanın suverenliyi və istiqlaliyyəti uğrunda başlatdığı mübarizəni layiqli varisi Azərbaycan Prezidenti və Müzəffər Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirməkdədir. İlham Əliyevin Prezident seçildiyi 2003-cü ildən sonrakı iyirmi il ərzində Azərbaycan region siyasətində qazanılmış nəaliyyətləri davam etdirdi, beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirdi və dünya birliyinin sayılıb-seçilmiş üzvləri arasında yer aldı. 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsinin gedişində, "Dəmir yumruq" əməliyyatını həyata keçirməklə Ermənistan silahlı qüvvələrini darmadağın edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Azərbaycan Ordusunun qələbəsi Cənubi Qafqazda geosiyasi konfiqurasiyanı da dəyişməklə regionda yeni qüvvələr balansı yaratdı. Müasir Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında daxili, regional və beynəlxalq siyasət meydanında uğurla irəliləməkdədir.

Ağalar ABBASBƏYLİ, 
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video