17 Noyabr 2023 09:00
1118
SİYASƏT
A- A+

Heydər Əliyevin Naxçıvanda ucaltdığı bayraq

 

İlham Əliyev indi onu bütün Azərbaycanda Zəfər qüruru ilə dalğalandırır

 

Bu gün xalqımızın şanlı tarixindəki istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 Noyabr - Milli Dirçəliş Günüdür. Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayan bu günü ilk dəfədir ki, ərazi bütövlüyünü, suverenliyini tam təmin etmiş ölkənin vətəndaşları kimi böyük coşqu ilə, fəxarətlə qeyd edirik. 
Amma bu günün ən möhtəşəm əhəmiyyəti Ulu Öndərin adı, tarixi missiyası ilə bağlıdır. Tam bir qərinə - 33 il öncə, 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında ucaltdığı bayrağımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsl sərkərdə qətiyyəti ilə bu gün Qarabağda, Şərqi Zəngəzurda, bütün Azərbaycanda qürurla dalğalanmaqdadır. 

 

Müstəqil dövlət qurmaq ideyası 

 

1980-ci illərdə keçmiş SSRİ üçün həm iqtisadi, həm də siyasi çətinliklər başlamışdı. Mixail Qorbaçovun başçılığı ilə aparılan bir sıra islahat tədbirləri bu çətinliklərə çarə olmamış, yarımçıq qalmışdı. 
Keçmiş ittifaqın ideoloji dayaqlarının sarsılmağa başladığı zamanda, yəni ötən əsrin axırlarında imperiya daxilindəki xalqların müstəqillik, azadlıq arzuları cücərməyə başlamışdı. Amma ittifaqın "beyin mərkəzləri" hər vəchlə buna qarşı çıxır və hətta cinayət əməllərinə də əl atırdılar. 
Bu xüsusda Azərbaycan xalqına qarşı yürüdülən ayrı-seçkilik siyasəti isə getdikcə kəskin xarakter alırdı. Bundan istifadə edən fürsətcil ermənilər də Mixail Qorbaçov hakimiyyətinin dəstəyi ilə keçmiş Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başladı. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda iki azərbaycanlını qətlə yetirmələri xalqın milli hisslərini daha da alovlandırdı. Azərbaycan xalqına göz görə-görə ermənilər tərəfindən edilən haqsızlıqlara həm ümumittifaq, həm də Azərbaycan Kommunist Partiyasının səssiz qalması xalqın səbir kasasını doldurdu. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı və getdikcə müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.
Xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 1990-cı ildə 20 Yanvar faciəsi baş verdi. Bu ağır gündə xalqın ən böyük dəstəkçisi Ulu Öndər Heydər Əliyev oldu. 
Dahi şəxsiyyət 21 yanvar 1990-cı ildə Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gələrək, bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi. 
Heç şübhə yoxdur ki, 20 yanvar 1990-cı il hadisələri Azərbaycanın müstəqilliyə gedən yolunda ən böyük sınaqlarından biri olmuş və xalqımız bu sınaqdan üzüağ, alnıaçıq çıxmağı bacarmışdır. Hadisənin ertəsi günü Heydər Əliyevin imperiya mərkəzi olan Moskvada mətbuat konfransı keçirməsi, sovet rejimini ifşa etməsi və həqiqəti dünya ictimaiyyətinə çatdırması da bu yolda böyük bir cəsarət nümunəsi idi.
Həmin dövrün hadisələri, baş verən proseslər göstərirdi ki, bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də Ümummilli Lider xalqın istiqlal ruhunu ölməyə qoymadı. Mənəvi əsaslarını və başlanğıcını hələ 1960-cı illərdən götürən bu tarix sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı. 1990-cı il iyul ayının 20-də Bakıya, iki gün sonra isə Naxçıvana gələn Ümummilli Liderimiz xalqın xilaskarına çevrildi.

 

70 ildən sonra ilk dəfə Naxçıvanda ucalan bayraq

 

Həmin dövrdə Naxçıvan da son dərəcə ağır şəraitdə yaşayırdı. Bir tərəfdən iqtisadiyyat dağılaraq iflic olmuş, əhalinin maddi durumu kritik həddə yuvarlanmışdı, digər tərəfdən isə bədnam ermənilərin aramsız hücumları ağır situasiyanı daha da mürəkkəbləşdirmişdi. 
Ozamankı Azərbaycan rəhbərliyınin Naxçıvana ögey münasibətini də xatırlasaq, muxtar respublikanın çətin durumu göz önünə gələr. Belə bir vaxtda Heydər Əliyevin Naxçıvana qayıdışı xalqın əsl nicatına çevrildi. Bu qayıdış Naxçıvanı işğal olunmaq, əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən hifz etdi. 
Ümummilli Lider Heydər Əliyevin Naxçıvana qayıdışı, burada Azərbaycanın xilası naminə tədbirlər həyata keçirməyə başlaması nəinki naxçıvanlıların, bütün Azərbaycan xalqının inamını özünə qaytardı.
Mətbuata verdiyi müsahibələrinin birində Ulu Öndər  bəyan edirdi ki, o, Azərbaycanın iqtisadi və siyasi suverenliyinin, tam müstəqilliyinin tərəfdarıdır. Qarşısına qoyduğu məqsəd siyasi və iqtisadi cəhətdən suveren, müstəqil Azərbaycan uğrunda mübarizə aparmaqdır.
Azərbaycanın fəlakətlər girdabına sürükləndiyi bir dövrdə muxtar respublikanın əhalisi böyük uzaqgörənlik nümunəsi göstərərək görkəmli dövlət xadiminin ətrafında sıx birləşərək onu Naxçıvan Ali Sovetinə deputat seçdi.
Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsinə elə ilk dəfə siyasi qiymət Naxçıvan Ali Məclisi tərəfindən verildi. Xalq deputatı Heydər Əliyev "1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar layihəsini işləyib Ali Məclisin sessiyasının müzakirəsinə təqdim etdi. Heydər Əliyevin böyük siyasi nüfuzu nəticəsində qəbul olunan bu qərarda ilk dəfə qanlı 20 Yanvar hadisələrinə düzgün siyasi qiymət verildi.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.
Həmin sessiyada "Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, onun Naxçıvan Muxtar Respublikası adlandırılması haqqında qərar qəbul edildi. Eyni zamanda Naxçıvan MR Ali Sovetinin Ali Məclis adlandırılması barədə qərar qəbul olundu.
Beləliklə, həmin gün Azərbaycanın üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvanda dalğalandırıldı, dövlət atributlarımızla bağlı çox mühüm qərarlar qəbul edildi. Hələ Kommunist Partiyasının hökm sürdüyü bir dövrdə böyük cəsarətlə qəbul edilmiş həmin qərarlar Azərbaycanın müstəqillik yoluna işıq saldı. 
Həmin tarixi anı sonralar Ulu Öndər belə dəyərləndirmişdir: "Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən etdik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri çıxarılmalıdır. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq".
Qürurla deyə bilərik ki, tarixin bir çox dönəmində Naxçıvan milli-ideoloji məsələlərdə Azərbaycan dövlətçiliyinin dayağı olub, dövlətçiliyimizin əsas atributlarından biri olan üçrəngli, aylı-ulduzlu bayrağımız tarixdə ikinci dəfə məhz Naxçıvanda yüksəldilib.
Tariximizə qızıl hərflərlə yazılan bu prosesə qiymət verən dahi şəxsiyyətin layiqli varisi cənab Prezident İlham Əliyev deyib: "Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda Dövlət bayrağı kimi təsdiq edildi... Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının Dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir".

 

Milli dirçəlişdən milli tərəqqiyə gedən yol 

 

1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Ali Məclisinə Sədr seçilməsi böyük hadisə oldu. Məsələ heç də keçmiş Sovetlər İttifaqı rəhbərliyinin nüfuzlu simasının kiçik bir əyalətə rəhbər seçilməsində deyildi. Bu seçimlə Ulu Öndər ilk növbədə fəal və peşəkar fəaliyyəti ilə nəinki muxtar respublikada, həmçinin bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi. 
Ümummilli Lider eyni zamanda bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı, bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi. Böyük dövlət xadiminin ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi.
İqtisadi blokada şəraitində yaşayan Naxçıvanın düşmən qarşısında duruş gətirməklə bərabər, həm də iqtisadi problemlərin həllinə ciddi diqqət yetirib yeni həyat quruculuğuna başlamasında da dahi liderin önəmli rolu oldu. 
Türk dünyası üçün strateji əhəmiyyət kəsb edən, Şərqlə Qərbin qovşağında, böyük İpək yolunun üzərində yerləşən Naxçıvanın inkişafı, blokadadan qurtuluşu üçün Ulu Öndərin müstəsna xidmətlərindən biri də qardaş Türkiyə ilə əlaqələrin qurulmasıdır. Həmin dövrdə Naxçıvanda Ulu Öndərin "Bir millət, iki dövlət" fikirlərinin reallığa çevrilməsi mərhələsi başlandı. Dahi şəxsiyyət 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində "Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu" imzalandı, Naxçıvanla Türkiyə arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanıldı. Həmin il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verildi. Körpünün istifadəyə verilməsi ilə Naxçıvanda blokadanın ağır fəsadlarının tədricən aradan qaldırılmasına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına, Qərbə inteqrasiyasına başlanıldı. Eyni zamanda bu, Türkiyənin şərq vilayətlərinin inkişafına təkan verib, nəqliyyat əlaqələrinin inkişafı və beynəlxalq daşımalar üçün yeni istiqamət müəyyənləşdirdi. 
Ümummilli Lider körpünün açılması zərurətini xarakterizə edərkən bildirmişdir ki, belə bir körpü tikmək bir azərbaycanlı kimi, şəxsən onun 10 illərlə qəlbində olan arzu idi: "Özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum". 
Ulu Öndərin təşəbbüsü ilə yaradılan "Ümid körpüsü" iki qardaş xalqı bir-birinə qovuşdurmaq, yurddan-yurda, könüldən-könülə körpü salmaq baxımından mühüm əhəmiyyət kəs edirdi. Çünki Türkiyə-Azərbaycan və Naxçıvan əlaqələrinin müasir səviyyəsi, türk dünyasının birlik və bütövlük ideyalarının gerçəkləşdirilməsi istiqamətində görülən işlər şərh edilərkən məhz "Ümid körpüsü"nün əhəmiyyəti xüsusi vurğulanır. Bu körpü Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının başlanğıcı olub.

 

Müasir Naxçıvanın yeni yol xəritəsi

 

Ümummilli Lider Heydər Əliyevin Naxçıvana göstərdiyi qayğı bu gün hörmətli Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Hər zaman Naxçıvanın sosial-iqtisadi inkişafını diqqət mərkəzində saxlayan dövlət başçımız muxtar respublikanın hərtərəfli tərəqqisi üçün çox böyük layihələr reallaşdırmaqdadır. 
Son dövrlər Naxçıvanda aparılan mütərəqqi islahatlar sosial-iqtisadi inkişafa, kəndlərin, qəsəbələrin simasının dəyişməsinə, yeni istehsalat müəssisələrinin yaradılmasına və əhalinin məşğulluğunun artmasına, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsinə, perspektiv üçün zəruri olan bütün iqtisadi və sosial infrastrukturun yaradılmasına əsaslı töhfələr verir. 
Dövlət başçısının sərəncamı ilə Naxçıvanda Prezidentin Səlahiyyətli Nümayəndəsi İnstitutunun fəaliyyətə başlaması və məqsədyönlü islahatların uğurla həyata keçirilməsi ilə qədim diyarımızın modern inkişafı geniş vüsət alıb. 
Prezidentin bu il iyul ayının 5-də imzaladığı "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncamı da bunu təsdiqləyən reallıqdır. 
Naxçıvanın yeni tərəqqisinin yol xəritəsi adlandırılan bu dövlət proqramı müasir dövrdə olan iqtisadi və sosial sahədəki ehtiyacların qarşılanmasına, perspektiv dövrlər üzrə regionun inkişaf istiqamətlərinin dəqiqləşdirilməsinə aydınlıq gətirib. Qədim diyarımızın texniki imkanları, ərazi yerquruluşu, təbii sərvətləri, məhsuldar qüvvələrin ixtisaslaşma və peşəkarlıq səviyyələri sənəddə nəzərə alınıb.
Bu sənədə diqqət etdikdə aydın şəkildə görünür ki, tezliklə muxtar respublikanın sosial-iqtisadi, mədəni həyatında inqilabi yeniliklər olacaq. Dövlət proqramında əksini tapmış inkişaf strategiyasının həyata keçirilməsinin 11 istiqamət üzrə ən əlverişli və münasib icra mexanizmləri və maliyyə mənbələri müəyyən edilib. Bu mühüm sənəd hazırkı mərhələdə yeni Naxçıvanın meydana çıxmasına imkan yaradacaq. 
Sənədə əsasən, Azərbaycan-Türkiyə dövlət sərhədində Araz çayı üzərində yeni körpü tikiləcək, Azad İqtisadi Zona yaradılacaq, vergidən və gömrük rüsumlarından azadedilmə güzəştləri tətbiq olunacaq, sənaye parkları yaradılacaq, tematik parklar salınacaq, Naxçıvan şəhərində tramvay xətti çəkiləcək, yeni bərpaolunan enerji stansiyaları, həmçinin istilik elektrik stansiyaları tikiləcək. 
Göründüyü kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində Naxçıvan özünün yeni inkişaf mərhələsini yaşayır. Həm dövlət başçımızın Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın müasir inkişafını şərtləndirən sosial-iqtisadi islahatları, həm də Birinci vitse-prezidentimizin rəhbərik etdiyi Heydər Əliyev Fondunun muxtar respublikada həyata keçirdiyi mühüm layihələr qədim yurdumuzun simasını daha da modernləşdirir.

 

33 il öncə Naxçıvanda ucalan bayrağın Qələbə əzəməti

 

Bu bir həqiqətdir ki, Ulu Öndər Heydər Əliyev təkcə Naxçıvanın deyil, bütün Azərbaycanın xilaskar liderinə çevrildi. Yenicə qazanılmış müstəqilliyini itirmək təhlükəsində olan respublikamızı məhv olmaqdan xilas etdi. Azərbaycanı yeni inkişaf mərhələsinə çıxararaq dünyaya tanıtdı.  
Tanrının Azərbaycan xalqına bəxş etdiyi bu nadir şəxsiyyətlə öyünməyə, qürurlanmağa, fəxr etməyə haqqımız çatır. Çünki Ümummilli Lider Azərbaycanın bir dövlət kimi dünyada tanınması, inkişafı, xalqının xoşbəxt-firavan yaşaması üçün ömrünü qurban verib desək, yanılmarıq. Dahi şəxsiyyətin ömrü qəhrəmanlıq, Vətənə və xalqa sədaqətli xidmət nümunəsi kimi dəyərləndirilir.
Ümumilikdə, bütün həyatını Azərbaycan xalqı qarşısında böyük xidmətlərə həsr edən Ulu Öndər Heydər Əliyevin ömür yoluna diqqət yetirəndə bir daha əmin oluruq ki, onun əziz xatirəsi xalqımızın yaddaşında əbədidir və heç vaxt unudulmayacaq.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi Ulu Öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil edib. Bu gün bu uğurlu siyasət cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Son 20 ildə ölkəmizdə həyata keçirilən siyasi kursun mahiyyətində məhz bu amil dayanır. Prezident İlham Əliyev dərinməzmunlu və çoxşaxəli siyasi kursu ilə müstəqilliyimizi daha da möhkəmləndirərək Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib. 
Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan hazırda dünyada söz sahibi olan dövlətlərdəndir. Eyni zamanda Cənubi Qafqazın lideri statusunu daşıyır. Tam müstəqil siyasət yürütməsi də respublikamızın beynəlxalq imicinə müsbət təsir edən əsas amillərdəndir. 
Sevindirici haldır ki, builki Milli Dirçəliş Günü Azərbaycanın işğal altında olan torpaqlarının tam azad olunması, suverenliyimizin tam təmin edilməsi ilə nəticələnən Böyük Zəfər bayramı və dahi şəxsiyyətin 100 illik yubileyi ilə bir dövrə təsadüf edir. 
33 il öncə Ulu Öndərin Naxçıvanda ucaltdığı əzəmətli Azərbaycan bayrağı indi əzəli, qədim torpaqlarımız olan Şuşada, Xankəndidə, Ağdamda, Xocalıda, Xocavənddə, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Suqovuşanda və digər kənd və qəsəbələrimizdə, xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində qürurla dalğalanmaqdadır. Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, qəhrəman oğullarımızın sayəsində ucalan Zəfər bayrağımız əbədidir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Oktyabrın 15-də Xankəndi şəhərində bayrağımızı ucaldan Müzəffər Ali Baş Komandanın dediyi kimi, şanlı bayrağımız əzəli torpaqlarımızda əbədi dalğalanacaq. 
Böyük iftixar hissi ilə qeyd edə bilərik ki, müqəddəs Ata vəsiyyətini yerinə yetirən, Azərbaycanı tarixinin ən güclü dövlətinə çevirən və ermənilərin ikiəsrlik avantürasına, "böyük Ermənistan" xülyasına birdəfəlik son qoyan cənab İlham Əliyevlə hələ çox zəfərlərə nail olacağıq. Çünki tarixi Zəfərimizin memarının yürütdüyü tam müstəqil siyasət Azərbaycanın inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir. Bu yol Heydər Əliyev yoludur, bu yol nailiyyətlər, zəfərlər yoludur və bu yolda Azərbaycana atılan bütün iftiraların, qarayaxmaların, oynanılan çirkin oyunların heç bir effekti olmayacaq. Çünki cənab İlham Əliyevin yaratdığı qüdrətli Azərbaycanla artıq heç kim təhdid, təzyiq dili ilə danışa bilməz. 
Şanlı Zəfərimizdən sonra regionda yaranan yeni reallıqları həzm edə bilməyən bəzi Qərb dairələrinin, xüsusən də Fransanın Ermənistanı yenidən müharibəyə təhrik etmək siyasəti də iflasa məhkumdur. Çünki məğlub ölkə nə qədər silahlandırılsa da, hərbi potensialı gücləndirilsə də, Ermənistan çətin ki, Azərbaycanın qarşısına çıxmağa cürət tapa bilə. Çirkin məqsədləri naminə Cənubi Qafqazı yenidən münaqişə ocağına çevirmək istəyənlər də bunu yaxşı anlayırlar. Cənab İlham Əliyevin yürütdüyü siyasətin sayəsində Azərbaycanın hər keçən gün daha da güclənməsi, nüfuzunun artması və ən başlıcası Müzəffər Sərkərdəmizin Xankəndidə dalğalandırdığı bayrağımız onlara gözdağı verir. 

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video