20 May 2025 08:05
872
SİYASƏT
A- A+
Heydər Əliyevin dövlətçilik strategiyasında Konstitusiyanın rolu

Heydər Əliyevin dövlətçilik strategiyasında Konstitusiyanın rolu


Dövlətçilik tarixi yeni mərhələyə qədəm qoyduğu 1991-ci ildən sonra Azərbaycanın qarşısında duran ən mühüm vəzifələrdən biri müstəqil dövlət quruculuğunun hüquqi və ideoloji əsaslarının yaradılması olmuşdur. Sovet İttifaqının dağılması ilə ölkədə yaranan hüquqi boşluq, siyasi qeyri-sabitlik və institusional natamamlıq yeni dövrün çağırışlarına cavab verə biləcək hüquqi sənədlərin və dövlət strategiyasının formalaşdırılmasını zəruri edirdi. Məhz bu çətin və mürəkkəb dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev öz siyasi iradəsi, zəngin idarəçilik təcrübəsi və fəlsəfəsi ilə Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsasını qoydu.

Azərbaycanın müasir tarixində dövlətçilik ənənələrinin bərpası və möhkəmləndirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Böyük rəhbərin siyasi strategiyası, sadəcə idarəetmənin formalaşdırılması ilə məhdudlaşmayıb, həm də milli kimliyin, hüquqi sistemin, iqtisadi müstəqilliyin və beynəlxalq münasibətlərdə balanslı siyasətin əsaslarını qoyan kompleks bir yanaşmanı əhatə edir. Bu strategiyanın əsas hədəfi Azərbaycanı güclü, suveren, demokratik və hüquqi dövlət kimi qurmaq, xalqın rifahını və təhlükəsizliyini təmin etmək olub. Heydər Əliyev öz fəaliyyətində dövlətin və xalqın mənafeyini hər şeydən üstün tutaraq, idarəetmə sistemini milli maraqlara uyğun şəkildə qurmuş, həm sabitliyin təmin olunmasına, həm də uzunmüddətli inkişafın əsaslarının yaradılmasına nail olmuşdur. Böyük rəhbər xüsusilə 1993-cü ildən sonra Azərbaycanı qarşılaşdığı daxili siyasi böhran, separatizm və sosial-iqtisadi tənəzzül şəraitində dağılmaq təhlükəsindən xilas edərək güclü dövlətçilik strategiyası ilə inkişaf yoluna çıxarmışdır. Heydər Əliyevin dövlətçilik strategiyası müstəqilliyin qorunması, hüquqi dövlətin qurulması, milli maraqların müdafiəsi və beynəlxalq aləmdə layiqli yerin təmin olunması kimi əsas istiqamətləri əhatə edir. 

Heydər Əliyev azərbaycançılıq ideologiyasını dövlət siyasətinin mərkəzinə yerləşdirərək cəmiyyətin bütün təbəqələrini vahid milli məfkurə ətrafında birləşdirməyi bacardı. Bu isə həm milli həmrəyliyin, həm də dövlətin uzunmüddətli təhlükəsizliyinin əsas təminatlarından birinə çevrildi. Ulu Öndərin dövlətçilik strategiyası təkcə bir dövrün siyasi idarəetmə modeli deyil, həm də müstəqil Azərbaycanın sabitliyi və inkişafının təməlini təşkil edən strateji yol xəritəsidir. Bu strategiyanın əsas məzmununu və tətbiq mexanizmlərini daha dərindən anlamaq üçün onun əsas komponentlərinə-hüquqi dövlət quruculuğu, milli maraqların qorunması, idarəetmədə islahatlar və xarici siyasət yanaşmalarına ayrıca nəzər salmaq zəruridir.

Heydər Əliyevin dövlətçilik strategiyası reallıqlara əsaslanan, tarixi təcrübəni və gələcək baxışları özündə birləşdirən sistemli bir yanaşma idi. Ümummilli Lider Azərbaycanı müstəqil və güclü dövlətə çevirmək üçün ilk növbədə siyasi sabitliyi bərpa etməyə çalışdı, ölkəni vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etməyi əsas vəzifə kimi qarşısına qoydu. O dövr Gəncədə baş vermiş qiyam, Qarabağ müharibəsinin davam etməsi, iqtisadi çöküş və sosial narazılıq ölkədə xaosun hökm sürdüyünü göstərirdi. Heydər Əliyev bu ağır şəraitdə siyasi iradə və təcrübəsi ilə sabitliyi bərpa etdi, mərkəzi hakimiyyəti gücləndirdi.

Ulu Öndərin dövlətçilik strategiyası eyni zamanda hüquqi islahatlar yolu ilə müstəqil dövlətin dayaqlarını möhkəmləndirməyə yönəldi. Bu strategiyanın mərkəzində milli maraqlara söykənən hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması dayanırdı. Bu baxımdan, 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkə həyatında dönüş nöqtəsi oldu. Yeni Konstitusiya yalnız hüquqi çərçivəni müəyyənləşdirmək deyil, həm də Heydər Əliyevin ideoloji baxışlarının, dövlətçilik prinsiplərinin və xalqın suverenliyinin təcəssümü kimi çıxış etdi. Konstitusiyada dövlətin müstəqilliyi, demokratik idarəetmə prinsipləri, insan hüquq və azadlıqları, hakimiyyətin bölgüsü və hüquqi dövlət prinsipləri açıq şəkildə təsbit olundu. 

Heydər Əliyev dövlətin yalnız siyasi və hüquqi cəhətdən deyil, iqtisadi baxımdan da güclənməsinin tərəfdarı idi. Onun təşəbbüsü ilə 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanaraq Azərbaycan neftinin dünya bazarına çıxarılması təmin olundu. Bu müqavilə təkcə iqtisadi deyil, həm də siyasi baxımdan Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və xarici tərəfdaşlarla qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulmasına gətirib çıxardı. Dövlətçilik strategiyasında iqtisadi inkişaf və enerji təhlükəsizliyi məsələləri prioritet olaraq yer aldı. Bundan əlavə, Heydər Əliyev milli təhlükəsizlik və ərazi bütövlüyünün qorunmasını da dövlət strategiyasının əsas komponentlərindən biri hesab edirdi. Böyük rəhbər erməni işğalına qarşı beynəlxalq aləmdə hüquqi və diplomatik mübarizəni gücləndirdi, münaqişənin sülh yolu ilə həlli istiqamətində qətiyyətli mövqe sərgilədi. 

Heydər Əliyevin dövlətçilik strategiyası ölkənin mövcudluğunu və gələcəyini təmin edən bir sistemə çevrildi. Bu strategiya yalnız onun dövründə deyil, bu gün də Azərbaycan Respublikasının daxili və xarici siyasətində öz əksini tapmaqda davam edir. Onun irsi, hazırladığı hüquqi və siyasi əsaslar, həyata keçirdiyi islahatlar ölkənin sabit və müasir dövlət modelinə çevrilməsində mühüm rol oynamışdır.


Müstəqillikdən sonra yeni Konstitusiyaya ehtiyac yaranmışdı


1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası dövlət müstəqilliyini elan etsə də, bu müstəqilliyi hüquqi baxımdan təsbit edən mükəmməl konstitusion baza mövcud deyildi. Ölkə hələ də 1978-ci ildə qəbul olunmuş və sovet ideologiyasına əsaslanan Azərbaycan SSR Konstitusiyası ilə idarə edilirdi.

1991-1993-cü illərdəki siyasi qeyri-sabitlik, tez-tez dəyişən hökumətlər, hakimiyyət uğrunda mübarizə və hərbi-siyasi böhran hüquqi sistemin daha da zəifləməsinə səbəb olmuşdu. Hakimiyyət institutları arasında səlahiyyət bölgüsü müəyyən edilməmiş, hüquqi normaların tətbiqində xaotik vəziyyət yaranmışdı. Məhkəmə orqanlarının müstəqilliyi təmin olunmamış, insan hüquq və azadlıqları real şəkildə qorunmurdu. Bu dövrün hüquqi baxımdan ən böyük problemi isə normativ-hüquqi aktların qeyri-sabitliyi və səriştəsiz qanunvericilik təcrübəsi idi. 

Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra, ilk növbədə, bu hüquqi boşluğu aradan qaldırmağı prioritet məsələ kimi müəyyənləşdirdi. 1995-ci ilin əvvəlində Konstitusiya Komissiyası yaradıldı və Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq xalqın iradəsinə əsaslanan əsas qanun layihəsinin hazırlanmasına start verildi. Komissiyaya bilavasitə Heydər Əliyev sədrlik edirdi ki, bu da sənədin yüksək siyasi və hüquqi əhəmiyyətini göstərirdi.

Sənədin hazırlanmasında əsas məqsəd xalqın iradəsinə söykənən, hüquqi dövlətin və demokratik cəmiyyətin əsaslarını əks etdirən, eyni zamanda milli-mənəvi dəyərləri qoruyan mükəmməl bir hüquqi çərçivənin yaradılması idi. Bu proses yalnız hüquqi sənədin hazırlanması deyildi - eyni zamanda cəmiyyətin demokratik dəyərlərə yönəldilməsi, insan hüquqlarının təmin olunması və dövlət strukturlarının hüquqi əsaslarla formalaşdırılması yolunda strateji bir mərhələ idi.

Heydər Əliyev bu sənədin sadəcə hüquqşünasların deyil, bütün xalqın sənədi olmasını istəyirdi. Məhz buna görə layihə geniş ictimai müzakirəyə çıxarıldı. Qəzetlərdə, televiziya və radioda layihənin mətninin müxtəlif bəndləri təqdim edildi, vətəndaşlar öz təklif və iradlarını bildirdilər. İctimaiyyətin rəy və təklifləri nəzərə alınaraq layihədə bir sıra dəyişikliklər edildi. Bu proses cəmiyyətin müxtəlif təbəqələrinin, vətəndaş cəmiyyətinin və media orqanlarının iştirakı ilə müşayiət olundu və xalqın ümumi iradəsinin əks olunduğu hüquqi baza formalaşdı.

12 noyabr 1995-ci ildə ölkə tarixində ilk dəfə ümumxalq səsverməsi - referendum keçirildi. Səsvermədə iştirak edən seçicilərin böyük əksəriyyəti layihənin lehinə səs verdi. Bu göstərici həm sənədə olan yüksək ictimai dəstəyi, həm də xalqın hüquqi sabitliyə və inkişaf yoluna olan inamını əks etdirirdi. 

Heydər Əliyev bu Konstitusiyanı Azərbaycanın siyasi və hüquqi həyatında "yeni mərhələnin başlanğıcı" adlandırırdı. Ümummilli Liderin sözlərinə görə, "Azərbaycan Respublikasının Konstitusiyası xalqın iradəsinin, azadlığının və hüquqlarının ifadəsidir. Bu sənəd hüquqi dövlətin təməl daşıdır və xalqın rifahı naminə hazırlanıb". 1995-ci il Konstitusiyasının qəbul olunması ilə ölkədə hüquqi anarxiyaya son qoyuldu, idarəetmə sistemində sabitlik və sistemlilik yarandı, demokratik inkişaf üçün zəruri hüquqi mühit formalaşdı. Konstitusiya təkcə həmin dövr üçün deyil, Azərbaycanın gələcək inkişaf mərhələləri üçün də yol xəritəsinə çevrildi.

Heydər Əliyev bu sənədin qəbulunu Azərbaycanın müstəqilliyinin siyasi və hüquqi cəhətdən təsdiqi kimi dəyərləndirmiş, Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığını qeyd etmişdir. Böyük rəhbərin sözləri ilə desək: "Konstitusiya müstəqil Azərbaycanın sabitliyinin, inkişafının və gələcəyinin təminatıdır". Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası təkcə hüquqi sənəd deyil, eyni zamanda dövlətin suverenliyini təmin edən, müstəqilliyini möhkəmləndirən və gələcək inkişaf yolunu müəyyən edən strateji əsas idi. Bu Konstitusiyanın mahiyyətində Heydər Əliyevin dövlətçilik baxışı, hüquqi təfəkkürü və milli maraqlara əsaslanan siyasi iradəsi dayanırdı. Onun rəhbərliyi ilə hazırlanan bu sənəd Azərbaycanın müstəqil dövlət olaraq hüquqi-siyasi xəritəsinin çəkilməsi demək idi.


Konstitusiyanın Heydər Əliyev ideologiyasındakı yeri


Azərbaycan Respublikasının Konstitusiyası təkcə hüquqi sənəd deyil, həm də dövlətin ideoloji və siyasi xəttini müəyyən edən əsas milli dəyərdir. Bu baxımdan, 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın Heydər Əliyevin dövlətçilik fəlsəfəsində və ümumilikdə ideologiyasında xüsusi yeri vardır. Ulu Öndərin rəhbərliyi ilə hazırlanan bu sənəd müstəqil Azərbaycanın hüquqi, siyasi və mənəvi inkişaf istiqamətlərini müəyyənləşdirməklə onun dövlətçilik ideyalarının praktik təcəssümünə çevrildi.

Heydər Əliyevin ideologiyası bütövlükdə Azərbaycanın müstəqilliyini, suverenliyini, xalqın rifahını, hüquqi və sosial ədaləti təmin etməyə yönəlmiş kompleks bir inkişaf modelidir. Bu modelin hüquqi əsaslarının formalaşdırılması və dövlətin ali qanunu kimi Konstitusiyada öz əksini tapması onun ideoloji sistemində mühüm yer tutur. Məhz bu səbəbdən Konstitusiya Heydər Əliyevin yaratdığı milli inkişaf strategiyasının əsas dayaqlarından biri kimi çıxış edir.

Heydər Əliyevin ideologiyasında hüquqi dövlət anlayışı əsas yer tutur. Ulu Öndər dəfələrlə vurğulayırdı ki, yalnız hüquqa söykənən, qanunun aliliyinin təmin olunduğu bir dövlət və cəmiyyət modeli Azərbaycanın gələcəyini təmin edə bilər. Bu baxımdan, 1995-ci il Konstitusiyası onun ideyalarının hüquqi baza üzərində həyata keçirilməsinin təməl daşına çevrildi. 

Konstitusiyada xalq hakimiyyətinin təsbit olunması, yəni dövlət hakimiyyətinin mənbəyinin xalqın iradəsi kimi tanınması birbaşa olaraq Heydər Əliyevin siyasi fəlsəfəsinin əsasını təşkil edirdi. O hesab edirdi ki, xalqın iradəsi ilə formalaşmayan heç bir hakimiyyət uzunömürlü ola bilməz. Konstitusiyada bu prinsipin ayrıca vurğulanması onun ideoloji baxışlarının hüquqi ifadəsi idi. Konstitusiyanın 1-ci maddəsində "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır" deyə göstərilməsi də məhz bu fəlsəfənin hüquqi təsbitidir.

Konstitusiyanın vətəndaş hüquq və azadlıqlarına dair müddəaları Heydər Əliyevin insan mərkəzli idarəetmə fəlsəfəsini tam şəkildə ifadə edir. Söz, fikir və vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, seçki hüququ, qanun qarşısında bərabərlik, ədalətli məhkəmə təminatı kimi hüquqların konstitusion səviyyədə təsbit olunması birbaşa Ulu Öndərin təşəbbüsü və siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Bu, həm də onun idarəetməsində insan amilinə verilən yüksək dəyərin göstəricisi idi. 

Heydər Əliyev Konstitusiyanı yalnız qəbul edilmiş sənəd kimi yox, həm də daim yaşayan, inkişaf edən və zamanın çağırışlarına cavab verən bir hüquqi əsas kimi dəyərləndirirdi. Məhz bu baxış nəticəsində Konstitusiyada sonrakı illərdə bir neçə dəfə dəyişikliklər edilməsi təşəbbüsü də onun ideyalarına uyğun şəkildə həyata keçirilmişdir. Bu dəyişikliklər vasitəsilə cəmiyyətin tələblərinə uyğunlaşdırma aparılmış, idarəetmənin daha çevik və effektiv modeli qurulmuşdur.

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası Heydər Əliyev ideologiyasının hüquqi daşıyıcısı kimi çıxış edir. Bu sənəd onun dövlətçilik fəlsəfəsini, insan və vətəndaş hüquq və azadlıqlarına verdiyi əhəmiyyəti, milli maraqları və müasir hüquqi dövlət anlayışını sistemli şəkildə əks etdirir. Bu gün də Azərbaycan dövləti məhz həmin konstitusion əsaslar üzərində inkişaf edir və bu, Ulu Öndərin ideoloji irsinin aktuallığını bir daha təsdiqləyir. 

Konstitusiyada təsbit edilmiş suverenlik prinsipləri təkcə formal hüquqi müddəalar deyil, real siyasi və ictimai proseslərdə öz təsirini göstərən, tətbiq olunan prinsiplər kimi çıxış edir. Son illər ərzində, xüsusilə də Qarabağ Zəfərindən sonrakı dövrdə Konstitusiyada əks olunmuş ərazi bütövlüyü prinsipi Azərbaycanın dövlət siyasətində əsas yerə çıxmışdır. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri üzərində faktiki suverenliyi bərpa olundu. Bu, Konstitusiyanın 11-ci maddəsində qeyd olunan "Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və  bölünməzdir" prinsipinin reallıqda gerçəkləşməsi demək idi. Beləliklə, Konstitusiyada əks olunan suverenlik anlayışı sadəcə hüquqi norma olaraq qalmadı, eyni zamanda dövlət iradəsi və siyasi güc sayəsində təmin edildi.

Konstitusiyanın dinamikliyi də bu günə qədər onun aktuallığını qoruyub saxlamasına şərait yaratmışdır. Zamanın tələblərinə uyğun olaraq müxtəlif illərdə Konstitusiyaya əlavə və dəyişikliklər edilmiş, idarəetmədə çevik və funksional sistem yaradılmışdır. Xüsusilə 2002, 2009 və 2016-cı illərdəki əlavə və dəyişikliklər demokratik institutların gücləndirilməsi, insan hüquqlarının müdafiəsinin genişləndirilməsi və idarəetmədə səmərəliliyin artırılması məqsədi daşıyırdı. Bu dəyişikliklər göstərdi ki, Konstitusiya yaşayan sənəddir və cəmiyyətin inkişaf tempinə uyğun şəkildə özünü yeniləməyə qadirdir.

Eyni zamanda Konstitusiya müasir dövrdə Azərbaycanın beynəlxalq aləmdə müstəqil və etibarlı tərəfdaş kimi tanınmasında mühüm hüquqi əsas rolunu oynamışdır. Xarici siyasətin milli maraqlara uyğun şəkildə aparılması, beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurulması və ölkənin diplomatik uğurları - hamısı suveren dövlətin hüquqi və siyasi dayaqları ilə birbaşa bağlıdır. Konstitusiyada əks olunan suverenlik, hüquqi dövlət və xalq hakimiyyəti prinsipləri bu münasibətlərin təməlində dayanır.

Bütün bu faktlar bir daha sübut edir ki, 1995-ci il Konstitusiyası yalnız tarixi  sənəd deyil, müasir Azərbaycanın hüquqi-siyasi həyatının əsas bələdçisidir. Onun mətnində əks olunan dəyərlər, prinsiplər və ideyalar Heydər Əliyevin uzaqgörən dövlətçilik strategiyasının davamıdır. Bu sənəd müstəqillik tariximizin hüquqi rəmzlərindən biri olmaqla Azərbaycanın inkişafına, sabitliyinə və beynəlxalq mövqeyinə xidmət edir.


Aysel İSMAYILOVA,

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Elmi-Tədqiqat və Statistik İnnovasiyalar  Mərkəzi Statistik məlumatların nəşri şöbəsinin rəisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibətilə konsert olub  

01:01
16 İyun

İran - İsrail gərginliyi: qarşılıqlı raket atışları bu gecə də davam edib

00:17
16 İyun

Rusiya vətəndaşlarının İrandan təxliyəsi mərhələli şəkildə həyata keçirilir  

22:46
15 İyun

Böyük Britaniya Yaxın Şərqə hərbi təyyarələr yerləşdirir

22:29
15 İyun

Ukraynaya daha 1200 nəfər həlak olmuş vətəndaşın cənazəsi qaytarılıb  

21:39
15 İyun

Bəzi yerlərdə leysan, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq - XƏBƏRDARLIQ

21:33
15 İyun

Fahrettin Altun: Azərbaycanın Milli Qurtuluş Gününü və Şuşa Bəyannaməsinin dördüncü ildönümünü ən səmimi duyğularımla təbrik edirəm  

21:19
15 İyun

AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib

21:06
15 İyun

Gəncənin MDB-nin idman paytaxtı seçilməsi ilə bağlı sertifikat şəhər rəhbərliyinə təqdim edilib  

20:50
15 İyun

Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram  

20:48
15 İyun

Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib  

20:26
15 İyun

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib  

20:13
15 İyun

İranda 2 nəfər casus ələ keçirilib

19:47
15 İyun

Roma Papası dünyada sülh üçün çağırış edib  

19:35
15 İyun

Şamil Ayrım: Yeni dünya nizamının qurulduğu bir vaxtda Azərbaycan diplomatik, hərbi qələbələrə imza atıb  

19:26
15 İyun

Qırğızıstanın İrandakı səfirliyinin daha bir neçə əməkdaşı Azərbaycan ərazisinə daxil olub

18:41
15 İyun

İran İsrailə 50 ballistik raket atıb

18:40
15 İyun

Andrey Buqrov: Dünyanın hərtərəfli etimada, ədalətə ehtiyacı var

18:38
15 İyun

İran hökumət nümayəndəsi: Biz heç vaxt müharibə istəməmişik

17:53
15 İyun

Lu Mey: Dünya yeni bir qeyri-sabitlik və transformasiya mərhələsinə daxil olub

17:34
15 İyun

Bahar Muradova: Ədalət ümumbəşəri dəyərdir və o, coğrafiyaya, məqsədlərə, maraqlara görə dəyişməməlidir

16:57
15 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!