18 Fevral 2024 09:30
16481
SİYASƏT
A- A+

Hədəf daha güclü Azərbaycan yaratmaqdır

 

Dövrünün bütün qüdrətli liderlərinin uğurunu şərtləndirən əsas cəhətlərdən biri məhz strateji düşüncə, zamanın axarını duymaq bacarığı və gələcəyə hazır olmaq əzmidir. Müasir dünyamızın ən parlaq dövlət adamlarından olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin, verdiyi qərarların məzmununa nəzər yetirdikdə dövlət rəhbərimizin bütün qüdrətli liderlərə xas olan yüksək cəhətləri necə uğurla öz şəxsiyyətində birləşdirdiyini görə bilirik.
Xalqımızın yekdil dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyevin Milli Məclisdəki andiçmə mərasimi milli dövlətçilik ənənələrimizin əlamətdar anlarından biri kimi tarixə yazıldı. Azərbaycan bununla yeni bir dövrə daxil oldu. Dövlət rəhbərimizin andiçmə mərasimindəki çıxışı həm cənab İlham Əliyevin 2003-cü ildən bəri ölkəmizə rəhbərlik etdiyi tarixi dövrə ümumi baxış, həm mövcud reallıqların dəyərləndirilməsi, həm də gələcəyin proqnozlaşdırılması etibarilə böyük maraq kəsb edirdi. Bu, əslində, 20 illik yüksəliş və inkişaf mərhələsinin əsl mahiyyətini, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın şərəf salnaməsini gözlərimiz önündə bir daha canlandırdı.  
Cənab İlham Əliyev prezident seçkisində ona yenidən böyük etimad və dəstək göstərən xalqımıza öz dərin təşəkkürünü yetirərək bəyan etdi ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlindən gələni əsirgəməyəcək. 

 

Bütün vədlər yerinə yetirilib

 

"İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi".
Əgər Azərbaycan Prezidentinin 2003-cü ilin oktyabrında keçirilmiş inaqurasiya mərasimindəki çıxışını təhlil edib həmin çıxışla iki onillik ərzində yaradılmış tarixi reallıqlar arasında müqayisələr aparsaq, görərik ki, cənab İlham Əliyevin 20 il əvvəl xalqımız qarşısında verdiyi bütün vədlər yerinə yetirilib. Azərbaycan vətəndaşlarının istəyinə uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin davam etdirilməsi, o cümlədən bu siyasətin əsas prioriteti olan ölkəmizin ərazi bütövlüyü məsələsinin təmin olunması - Ata vəsiyyətinin yerinə yetirilməsi həmin vədlər sırasında birinci gəlir. Azərbaycan Prezidenti 2003-cü ildə də, ondan sonrakı andiçmə mərasimlərində də bəyan etmişdi ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Nəyin bahasına olursa-olsun, doğma torpaqlarımız azad ediləcək. Cənab İlham Əliyev illər ərzində böyük səbirlə, təmkinlə iştirak etdiyi sülh danışıqlarının artıq heç bir mənasının olmadığına, ərazi bütövlüyümüzün bərpasından ötrü hərbdən başqa bir yolun qalmadığına tam əminlikdən sonra ordumuzun gücü ilə problemi həll etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız yumruq kimi birləşərək torpaqlarımızın azadlığına, ərazi bütövlüyümüzə, dövlət suverenliyimizə nail oldu.
"Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz, doğrudan da, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik", - deyə cənab İlham Əliyev andiçmə mərasimindəki çıxışında vurğuladı.
Bizim ən böyük istəyimiz regionumuzda daimi sülhün, davamlı inkişafın, bütün maraqlı tərəflərin faydalana biləcəyi qarşılıqlı əməkdaşlıq mühitinin olmasıdır. Bu gün Azərbaycan dövləti təkcə yurdlarımızı yenidən qurmur, illərlə doğma torpaqların həsrətini çəkən həmvətənlərimizi əzəli məskənlərimizə yetirmir, eyni zamanda bölgəmizin ekologiyasına sahib çıxır, qırılan meşələrimizi həyata qaytarır, zəhərlənən çaylarımızı təmizlədir. Rəsmi İrəvan bir neçə onillik ərzində Qarabağda, Şərqi Zəngəzurda ağır cinayət əməlləri törətmişdi. Azərbaycan vətəndaşlarının min bir əziyyətlə qurduqları evlərin dağıdılması, dövlətimizin illər boyu yaratdığı sosial-iqtisadi infrastrukturun məhvi, tarixi binalarımızın, mədəniyyət müəssisələrimizin, məscidlərimizin və digər müqəddəs məkanlarımızın tar-mar olunaraq Yer üzündən silinməsi, ətraf mühitə qarşı ekoloji cinayətlər bunun ayrı-ayrı təzahürləridir. Haqq, ədalət bizimlədir. Bu dəyərlərin bizim tərəfimizdə olduğunu bilirik. Bu bizə böyük güc verir, mövqeyimizi möhkəmləndirir, haqqımız olanı almaq üçün mücadiləmizi davam etdirməyə, doğru olanları etməyə yönəldir. 

 

Erməni separatçılarının tabutuna vurulan son mismar

 

Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı ilə cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya ordusunu tam iflic vəziyyətinə salan, onları ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur qoyan qüdrətli ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə daha bir tarix yazdı. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. 7 fevral növbədənkənar prezident seçkisinin müstəqillik tariximizdə ilk dəfə olaraq ölkənin bütün ərazisində keçirilməsi, Azərbaycan Prezidentinin özünün bir zamanlar erməni separatizminin əsas mərkəzi olmuş tarixi şəhərimiz Xankəndidə səs verməsi xalqımızın bu nailiyyətinin bütün dünyaya nümayişi oldu. 
Cənab İlham Əliyevin Xankəndidə səs verdiyi bina vaxtilə erməni separatizminin əsas yuvası idi. Ötən əsrin 80-ci illərinin sonlarından Azərbaycan xalqına qarşı qanlı cinayətlər məhz burada başlanmışdı. Burada xalqımıza qarşı soyqırımı əməlləri planlaşdırılır və idarə olunurdu. Həmin binanın önündə erməni millətçiləri, daha sonra isə Ermənistan dövləti Azərbaycana qarşı soyqırımı iddiaları irəli sürürdü. Vaxtilə Qarabağı Azərbaycandan ayırmaq istəyənlər bu binada xüsusi komitə də yerləşdirmişdilər. Ona görə də bu bina tarixən erməni separatizminin simvollarından birinə çevrilmişdir. Bu baxımdan Azərbaycan Prezidentinin məhz həmin binada təşkil olunmuş məntəqədə səsverməsi böyük rəmzi məna daşıyırdı. "Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi" - həmin anın tarixi mahiyyətini Azərbaycan Prezidentinin andiçmə mərasimindəki çıxışında səsləndirdiyi belə bir unudulmaz cümlədən gözəl ifadə etmək mümkün deyil.
Cənab İlham Əliyev çıxışı zamanı Azərbaycanın artıq daxil olduğu yeni strateji dövrün ümumi mənzərəsini də canlandırdı, əsas hədəflərini diqqətə çatdırdı. Reallıq bundan ibarətdir ki, müstəqil dövlətimiz bu yeni dövrə tarixin ağır mirasından xilas olmuş, bir zamanlar həlli müşkül görünən problemləri uğurla yoluna qoymuş şəkildə, eyni zamanda əvvəlki dövrlərin zəngin təcrübəsi ilə daha da güclənmiş halda, milli qürurunu, ləyaqətini bərpa etmiş tərzdə - alnıaçıq, üzüağ daxil olur. Davamlı inkişaf, ardıcıl nailiyyətlər, önümüzdəki böyük hədəflərə çatmaq üçün qarşımızda keçilməsi qeyri-mümkün maneələr yoxdur. 
"Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub" deyən Azərbaycan Prezidenti buna böyük əminliyini ifadə etdi: "Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Uzun danışıqlar prosesi çərçivəsində dəfələrlə bizə hansısa yarımçıq təkliflər irəli sürülürdü, təklif edilirdi. Ancaq o təkliflər bizim üçün qəbuledilməz idi, mən hər dəfə deyirdim ki, Azərbaycan Bayrağı ərazimizin hər bir yerində dalğalanacaq… Bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq, bizim siyasətimiz bundan ibarət idi. Biz bütün gücümüzü səfərbər edib bu hədəfə doğru gedirdik, biz hər gün, hər saat bu müqəddəs günü yaxınlaşdırırdıq. Bu gün xalqımız yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayır. …Biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun".

 

"Biz elə ordu yaratmışıq ki…"

 

Azərbaycan Prezidenti yeni strateji dövrdə ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsini əsas vəzifələrdən biri kimi diqqətə çatdırdı. Ordu quruculuğu ölkəmizdə davamlı bir prosesdir. Hazırda dövlət büdcəmizdə də ən böyük xərclər, məhz hərbi xərclər Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəlmişdir. Ordu quruculuğu prosesi 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra da uğurla davam etdirilib. 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatı Azərbaycan Ordusunun hətta 2020-ci ildəkindən də nə qədər qüdrətli olduğunu göstərir. Cənab İlham Əliyev bəyan etdi: "Biz elə ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz". 
Güclü hərbi sənaye kompleksinin yaradılması da yeni dövrün əsas prioritetlərindən olacaq. Cənab İlham Əliyev artıq bunun birinci mərhələsinin başa çatdığını, ikinci mərhələsinin isə daha da genişmiqyaslı olacağını bildirdi. Bununla Azərbaycan özünü daha böyük həcmdə silah-sursat, texnika ilə təmin edəcək və bu sahədə də xarici asılılıq aradan qalxacaq. Siyasi, iqtisadi cəhətdən özünün tam müstəqilliyini bərpa etməyə müvəffəq olmuş dövlətimiz üçün bu, çox ciddi faktordur. Dünyanın müxtəlif bölgələrinin müharibə ocaqlarına çevrildiyi bir dövrdə ordu quruculuğu, müdafiə sənayesi potensialının gücləndirilməsi, ərazi bütövlüyü bərpa olunmuş ölkəmizin bütün sərhədlərində müasir mühafizə infrastrukturunun yaradılması və sərhədlərimizin ən etibarlı şəkildə qorunması çox mühüm amildir. Azərbaycan dövləti yeni strateji dövrdə bütün bu məsələlərə xüsusi diqqət yetirir, eyni zamanda xarici təhdidlərdən, sərhədlərin o biri üzündən gələn ideoloji risklərdən qorunmaq üçün tədbirlər görür.
Azərbaycan Prezidenti sərhəd tanımayan ideoloji risklərin dəf edilməsi üçün gənc nəslin vətənpərvərlik və milli ənənələr ruhunda tərbiyə olunmasını əsas vəzifələrdən biri kimi aktuallaşdırdı. Bildirdi ki, gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir. Burada isə sağlam ailə dəyərləri, məktəb tərbiyəsi mühüm əhəmiyyət daşıyır. Ölkəmizdə mövcud olan milli birlik yeni strateji dövrdə də qorunacaq, vətəndaş cəmiyyəti quruculuğu prosesləri davam etdiriləcək.

 

Quruculuq və texnoloji inkişaf dövrü

 

Azərbaycanın ilk addımlarını atdığı bu yeni başlanğıcın əsas tarixi vəzifələrindən biri də şanlı Qələbəmizdən sonra Qarabağın, Şərqi Zəngəzurun tam  bərpası, torpaqlarımızın minalardan təmizlənməsi, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışıdır. Bu məsələlər uğurla yerinə yetirilir. Ölkəmizin yanvar ayındakı iqtisadi göstəriciləri də iqtisadi inkişaf tempinin bərpa olunduğunu göstərir.  Əldə olunan nailiyyətlər sosial-iqtisadi inkişaf proqramlarını uğurla yerinə yetirməyə imkan yaradır. "Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır" deyən Azərbaycan Prezidenti əldə edilmiş razılaşmaların, imzalanmış kontraktların yaxın bir neçə ildə özünü göstərəcəyini və bunun sıçrayış olacağını xüsusi vurğuladı. 
Yeni strateji dövrdə ən əsas məsələlərdən biri də texnoloji inkişafın təmin edilməsindən ibarət olacaq. Dövlət rəhbərimiz bildirdi ki, texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi - bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar: "Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Ancaq nə üçün görmürəm, çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək. Ona görə texnoloji inkişafa nail olmasaq, burada geniş, yəni bir neçə min yox, on minlərlə azərbaycanlı bu işdə olmasa, biz geridə qala bilərik".

 

Bizim ailəmiz türk dünyasıdır

 

Azərbaycan Prezidentinin andiçmə mərasimindəki çıxışının ən yaddaqalan məqamlarından biri də ölkəmizin bundan sonra beynəlxalq təşkilatlarla atacağı addımlarla bağlı oldu. Cənab İlham Əliyev bəyan etdi ki, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. " Bizim ailəmiz türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur… Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik". Dünyanın yeni çağırışlar, təhdidlərlə üzləşdiyi müasir dövrümüzdə türk dövlətlərinin belə qarşılıqlı inamı, müştərək tədbirləri, ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan zirvə görüşü zamanı dövlət rəhbərləri arasında aparılan müzakirələr, əldə olunan razılaşmalar, ticarət, mədəniyyət, enerji, nəqliyyat və sairə bu kimi istiqamətlərdə imzalanan müxtəlif sənədlər türk dövlətlərinin birliyi üçün yeni fürsətlər açır. Tarixən türk dünyasının əsas mərkəzlərindən olan Azərbaycanı XXI əsrdə də bu birliyin mərkəzində görmək qürurverici hissdir.
Azərbaycan haqq işimizə daim dəstək verən İslam Əməkdaşlıq Təşkilatı, hazırda inkişafında ölkəmizin müstəsna rol oynadığı Qoşulmama Hərəkatı kimi təşkilatlar formatında, COP29 kimi möhtəşəm tədbirə evsahibliyi ilə, kommunikasiya imkanları ilə qlobal proseslərə təsir imkanlarını daha da gücləndirəcək, dünyada dayanıqlı inkişafa, iqlim dəyişikliyinin qarşısının alınmasına, neokolonializm, dini, irqi ayrı-seçkilik kimi təzahürlərə qarşı mübarizəyə - bir sözlə, insanın xoşbəxtliyi və rifahına töhfələrini verəcək.
Vətən müharibəsi tarixi dəyişdi, həyatımızda yeni başlanğıcların əsasını qoydu, eyni zamanda düşüncələrdə də böyük dəyişikliklərə yol açdı. Bu gün tarix səhnəsində ötən əsrlərin ən böyük Zəfərini qazanmış, dövlətimizin, ordumuzun, milli vəhdətimizin verdiyi ruhla sarsılmaz gücə sahib Azərbaycan xalqı, qətiyyətli Liderin - Prezident İlham Əliyevin mətin iradəsi, bu günə və gələcəyə aydın baxışı, müdrikliyi sayəsində tarixinin ən qüdrətli mərhələsinə yetişmiş Azərbaycan dövləti var. Bütün bunlar xalqımızın layiq olduğu qalibiyyət, qüdrətlilik duyğusunu gücləndirir, bizi yeni dövrün milli hədəflərinə doğru aparır. 
 
İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video