Azərbaycan gəncliyinin idman sahəsində də irəliləməsi, uğurlar qazanması üçün hər cür şərait yaradılıb. Son 22 ilin idman yekunlarına nəzər saldıqda bunu aydın görmək mümkündür.
Gənclərimizin yüksək nailiyyətlər qazandığı idman növləri sırasında güləş xüsusi yer tutur. Güləş ölkəmizdə ən populyar idman növlərindən biri olmaqla yanaşı, kütləvilik baxımından da ön sıralarda dayanır. Tarixi kökü olan bu idman növü Azərbaycanda heç vaxt ənənəsini itirməyib.
Azərbaycan güləş məktəbinin yetirmələri olan Olimpiya, dünya, Avropa çempionları iştirak etdikləri bütün yarışlarda rəqibləri üçün ən ciddi və ən çox ehtiyat edilən idmançılar sayılırlar. Pəhləvanlarımız iştirak etdikləri istənilən turnirin favoritləridir. Belə pəhləvanlardan biri də yunan-Roma güləşçimiz Həsrət Cəfərovdur.
Həsrət Cəfərov 2002-ci il oktyabrın 5-də Goranboyda doğulub. Güləşçimiz 2021-ci ildə Belqrad şəhərində (Serbiya) baş tutan U-23 dünya çempionatında qızıl medala sahib olub. 2022-ci ildə isə Həsrət əvvəlcə martda Budapeşt şəhərində (Macarıstan) təşkil edilmiş Avropa çempionatının bürünc medalını qazanıb. Daha sonra təmsilçimiz İtaliyanın paytaxtı Romada Matteo Pellicone turnirinin və Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Həsrət Cəfərov dünya və Avropa çempionatlarında qazandığı uğurları Olimpiya medalı ilə daha da zənginləşdirib. Belə ki, pəhləvanımız 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bürünc mükafata sahib çıxıb. 67 kq çəkidə güləşən Həsrət Cəfərov yarışa 1/8 finaldan başlayıb. Dünya çempionatlarının gümüş və bürünc mükafatçısı Mohamed Elsayedi (Misir) xalçaya çıxmağa peşman edib. Güləşçimiz tam üstünlüklə (9:0) qələbə qazanaraq 1/4 finala yüksəlib. O, ikinci qarşılaşmasında moldovalı Valentin Petiçlə mübarizədə üstünlük əldə edib. H.Cəfərov bu "duel"dən də qalib ayrılıb - 3:1.
Pəhləvanımız finala gedən yolda Ukraynanı təmsil edən həmyerlimiz Pərviz Nəsibovla qüvvəsini sınayıb. Görüş 3:3 hesabı ilə yekunlaşsa da, sonuncu xal prinsipinə əsasən, rəqib mərhələni adlayıb.
Yekunda Həsrət Cəfərov bürünc mükafat uğrunda döşəyə çıxıb. Pəhləvanımızın rəqibi təsəlliverici qarşılaşmada serbiyalı Mate Nemesə qalib gələn qırğızıstanlı Amantur İsmayılov olub. Görüş idmançımızın inamlı qələbəsi ilə yekunlaşıb - 8:0. Bununla da Həsrət Cəfərov Olimpiadanı bürünc medalla bitirib.
Göründüyü kimi, Azərbaycan dövləti idmançılara hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərimiz də bu etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəmirlər.
Elçin CƏFƏROV,
"Azərbaycan"