Yoxluğundan bizi 40 illik bir zaman ayırsa da, adı çəkiləndə istər-istəməz adamın üzü gülür. Baxışları, danışığı, hərəkətləri, səs tembpri, hətta yerişi belə fərqli idi. Sanki Tanrı onu aktyorluq, insanlara gülüş, xoş ovqat bəxş etmək üçün yaratmışdı. Söhbət öz peşəsinə sonsuz sevgisi, bənzərsiz fitri istedadı, yaratdığı çoxsaylı obrazları ilə aktyorluq sənətinin zirvəsini fəth edərək adını mədəniyyət tariximizə əbədi olaraq yazmış Əliağa Ağayevdən gedir.
Əliağa Ağayev ifaçı aktyor yox, yaradıcı təfəkkürə malik sənətkar idi. O, yaratdığı ən xırda obraza belə xarakter verirdi. Aktyorun qəhrəmanları əbədiyaşarlıq statusu alırdı. Onun sənətkarlığı, böyüklüyü onda idi ki, tamaşaçı bu insanın yaratdığı qəhrəmanları başqa aktyorların ifasında qəbul edə bilmirdi. "O olmasın, bu olsun" filmindəki Məşədi İbad obrazını Azərbaycan kino sənətinin uğuru kimi qəbul etmək olar. Aktyorun rol aldığı ən kiçik epizod belə, illərlə tamaşaçının hafizəsinə həkk olub həyata vəsiqə alırdı. "Əhməd haradadır?" filmindəki kassir obrazını Əliağa Ağayev canlandırıb. Filmin ekran həyatı yaşamasından 60 il keçsə də, bu epizodu xatırlamayan kinosevər tapılmaz.
Əliağa İsmayıl oğlu Ağayev 1913-cü ildə martın 22-də Bakıda anadan olub. Erkən yaşlarından atasını itirib. Yeddinci sinfi bitirdikdən sonra Paris Kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. Əmək fəaliyyətinə gəmi təmiri zavodunda çilingər kimi başlayıb. Əliağa Ağayevin canayatımlı şirin səsi var idi. Rol aldığı səhnələrdə mahnıları özü ifa edərdi. Elə zavodda işləyəndə ona aktyorluq sənətinə cığır açmaqda səsi kömək etmişdi. Bəm və şirin zümzüməli səslə işdə dodaqaltı züm-zümə edən Əliağanın iş yoldaşları onun istedadını hiss edib zavodun dram dərnəyinə yazılmasını məsləhət biliblər. Aktyorun ilk rolu Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Hacı Qara obrazı olub. Beləliklə, Əliağa Ağayevin Hacı Qara ilə başlayan aktyorluq fəaliyyəti yüzlərlə yaddaqalan obrazın tamamlanması ilə 1983-cü ilin 13 noyabrında başa çatıb.
1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə işə qəbul olunan görkəmli gülüş ustası peşəkar səhnədə ilk dəfə Jül Vernin "Kapitan Qrantın uşaqları" əsərində çıxış edib. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq mühitinin inamını qazanan Əliağa Ağayev az sonra əksər tamaşalarda rol alıb. Aktyor Gənc Tamaşaçılar Teatrında klassik milli və dünya dramaturqlarının əsərlərində bir-birindən fərqlənən maraqlı, koloritli silsilə rollar yaradıb.
Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin operettası əsasında çəkilmiş "O olmasın, bu olsun" bədii filmindəki Məşədi İbad obrazı aktyora nəinki respublikamızda, hətta dünyada böyük şöhrət qazandırıb. Bu filmdəki Məşədi İbad obrazını yaradan aktyor Əliağa Ağayev 1961-ci ilin payızında Akademik Milli Dram Teatrında işə qəbul olunub. Milli Dram Teatrının səhnəsində aktyorun ilk rolu Şıxəli Qurbanovun "Əcəb işə düşdük" komediyasında Abış Surxayeviç obrazı olub.
Əliağa Ağayevə bəzən komediya ustası, gülüş aktyoru deyilir. Məsələ burasındadır ki, onun sənətinin sərhədi yox idi. O, əsl sənətkar idi. Komediyalarda, satirik səhnələrdə güldürməyi bacardığı kimi, dramatik rolları ilə insanları düşündürməyi də bacarırdı. Onun gülüşü yüngül, mənasız güldürmək xatirinə deyildi. Əsl hədəfə istiqamətlənmiş satira idi, tərbiyəedici yumor idi.
İyirmi iki il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işləyən Əliağa Ağayev təkcə bu böyük sənət ocağının səhnəsində yüzlərlə obraza səhnə həyatı vermişdi.
Görkəmli səhnə ustası Əliağa Ağayevin Məşədi İbadla başlayan kino yaradıcılığı "Sehrli xalat"da Xan, "Görüş" də Şıxəli, "Qanun naminə"də anbardar Məmmədxan, "Bir məhəlləli iki oğlan" filmində Feyzi və digər yaddaqalan obrazlar yaratmışdır. Ümumilikdə aktyor 37 filmdə gözəl obraz yaratmaqla kino tariximizə də öz adını əbədi olaraq yazan nadir sənətkarlardandır.
Aktyorun səhnə fəalliyyəti yüksək qiymətləndirilərək ona 1943-cü ildə respublikanın Əməkdar artisti, 1954-cü ildə isə Xalq artisti fəxri adları verilmişdi.
Aktyorun ölümü də çox qəribə olub. Sanki hansısa bir rolu ifa edirmiş kimi. 1983-cü ilin 13 noyabrında yaxınları, dostları ilə bir süfrə arxasında oturub lətifələr danışır. Sonuncu dəfə sevdiklərini güldürür və özü də gülür. Güldüyü yerdəcə qəfildən gözlərini əbədi yumur. Amma bu dəfə pərdələr çəkilmir. Alqış səsləri eşidilmir. Gözlərdəki gülüşü göz yaşları əvəz edir. Beləcə, böyük bir sənətkarın bu dəfə səhnə həyatı yox, ömrü gülə-gülə tamamlanır.
Elşən QƏNİYEV,
"Azərbaycan"