14 May 2025 09:05
605
Mədəniyyət
A- A+
Görkəmli ədibin zəngin xəzinəsi

Görkəmli ədibin zəngin xəzinəsi


"Neçə sənə əmimin evində qalmaq mənim üçün əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın əzablar verirdilər"...

Qələmi yerə qoydu. Yazdıqlarını ağır-ağır oxudu. O, bədii əsərlərində çox insanın həyatını, başına gələn faciələri, qəlbinin təlatümlərini, hisslərini, duyğularını qələmə almışdı. Ancaq məşhur yazıçının budəfəki qəhrəmanı özü idi. Əbdürrəhim bəy Haqverdiyev xatirələrini kağıza köçürürdü.

Yazı masasına söykədiyi sağ əlini çənəsinə dirsəklədi. Bir də yazdıqlarına göz gəzdirdi. Əmisinin evində zülüm-zillət görən o uşaq sanki yazıçının keçmişindən gəlmişdi. Sətirlərdən ona baxırdı.

O günədək heç xoş günləri olmamışdımı? Xatırlamırdı. Ancaq eşitdiklərindən bilirdi ki, ömrü belə qəm-qüssə ilə başlamamışdı. 17 may 1870-ci ildə dünyaya gəlişi ilə doğmalarına şadlıq gətirmişdi. Haqverdiyevlərin Şuşa şəhəri yaxınlığında, Ağbulaq kəndindəki mülkləri sevincə bürünmüşdü.

Ona babası Əbdürrəhim bəyin adını verdilər. Balaca Əbdürrəhim bəy təkcə atası Əsəd bəyin yox, həm də əmisi Əbdülkərim bəyin gözünün nuru oldu. Övladı olmayan Əbdülkərim bəy qardaşı oğluna doğma balası kimi baxırdı. 

Əzizlənə-əzizlənə böyüyən, bir sözü iki edilməyən körpənin səadət dolu günləri üç yaşında bitdi. Onun Qəza İdarəsində mütərcimlik edən atası Əsəd bəy vəfat etdi. Dağılan tifaq faciəsini o zaman körpə Əbdürrəhim bəy öz ailəsinin timsalında yaşadı. Əsəd bəyin cavan yaşda dünyadan köçməsi ilə sanki ailələrinin üzərində qara yel əsdi. Bir il sonra Hüsnücahan xanım körpə qızı Nabat qucağında ata evinə qayıtdı. Ananın ürəyi qan ağlayırdı. Çünki qəlbinin bir parçasını - oğlunu Haqverdiyevlər ocağında qoyub gedirdi. Hüsnücahan xanım Əbdülkərim bəyin Əbdürrəhimi canından çox istədiyini yaxşı bilirdi. Ancaq qaynı arvadının rəhimsizliyinə, əzazilliyinə də bələdiydi. Əbdülkərim bəy evdə olmayanda uşağı  incidəcəkdi. Ona görə də oğlunu özü ilə aparmaq istəmişdi. Amma qaynına söz keçirə bilməmişdi.

Qardaş dərdindən beli bükülmüş Əbdülkərim bəy ən böyük təsəllisi, ümidi, nəslinin gələcəyi saydığı Əbdürrəhim bəyi anasına vermədi. Qardaşı oğlunu öz evində doğma oğlu kimi böyüdəcəkdi...

Yazıçının qələmə aldıqları da ömrünün bundan sonrakı sətirləri idi. Əbdürrəhim bəy bayaq yarımçıq qoyduğu xatirələrini yazmağa davam etdi: "Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim". Yenə əl saxladı. Xəyalları yazıçını o günlərə apardı...

Əmisi evində həyatı ikiyə - əmisinin evdə olduğu və olmadığı vaxtlara bölünmüşdü. Əbdülkərim bəy evdə olanda ona gözün üstə qaşın var deyən olmazdı. Əmisi onu əzizləyir, o, evdə olmayanda incidilib-incidilmədiyini soruşurdu. Balaca Əbdürrəhim bəy başına gələcəklərini bildiyi üçün həqiqəti söyləməyə qorxurdu.

Elə ki, Əbdülkərim bəy qapıdan çıxırdı, Əbdürrəhimin həyatının ağır dəqiqələri başlayırdı. Əmisinin arvadı və onun gətirib evində övladı kimi saxladığı qardaşı oğlu onu döyür, incidirdilər. Ona görə əmisi evdən çıxanda Əbdürrəhim özünə xəlvəti bir yer tapır, gözə görünmək istəmirdi. Seçdiyi tənha guşədə əmisinin evindən daha rahat, xoşbəxt olurdu. Orda qurduğu xəyallarında analı-atalı, bacılı günlərinə qayıdırdı.

Əbdülkərim bəyin evə gəldiyini biləndə üzə çıxırdı. Onu bu dünyada hər kəsdən çox sevən, qoruyan doğmasının varlığı balaca Əbdürrəhimi ürəkləndirirdi. Ancaq həyat ona bu ümidi də çox gördü. Bir gün yenə öz xəlvəti guşəsinə sığınıb gözlərini qorxa-qorxa qapıya dikmişdi. Həsrətlə əmisinin gəlişini gözləyirdi. Ancaq ən böyük havadarı olan əmisinin əvəzinə onun qara xəbəri gəldi. Qonşu bəylər Əbdülkərim bəyi qətlə yetirmişdilər.

Əmsinin evindəki tək pənahı da artıq yox idi. Bundan sonra əmisi arvadı ilə onun qardaşı oğlunun qorxub-çəkinəcəkləri kimsə qalmamışdı Onu hər gün döyürdülər. Ümidi kimi dözümünün də tükəndiyi bir gündə onların əllərindən qurtulub ayaqyalın qaçmağa başladı. Həsənəli bəy Sadıqbəyovun evinin qarşısında dayandı. Bu evdə onun anası, bacısı yaşayırdı. Hüsnücahan xanım Əsəd bəyin vəfatından bir neçə il sonra Həsənəli bəy Sadıqbəyovla ailə qurmuşdu.

Əbdürrəhim ani tərəddüddən sonra titrək əlləri ilə qapını açdı. Anası onu görəndə qollarını açıb qabağına yüyürdü. Balasını həsrətlə bağrına basdı. Bir-birlərinə sarılıb ağladılar. "Nabat, qızım, gəl, qardaşındır, üzündən öp" - Hüsnücahan xanım bir kənarda dayanıb onlara baxa-baxa göz yaşı tökən qızına səsləndi. Nabat qardaşını qucaqladı.

Həsənəli bəy Sadıqbəyov Əbdürrəhimi mehribanlıqla qarşıladı. Savadlı olan Həsənəli bəy yeddi yaşlı oğulluğunun da təhsil almasına çalışdı, ona rus dilində yazıb-oxumağı, danışmağı özü öyrətməyə başladı.

Oğluna görə həmişə narahatlıq keçirən Hüsnücahan xanımın artıq ürəyi sakitləşmişdi. Ailədə ən çox şadyanalıq edən isə balaca Nabat idi. Özündən iki yaş böyük qardaşının gəlişi ilə o həm də oyun yoldaşı tapmışdı. Bacı-qardaş ilk gündən ayrılmaz dosta çevrildilər...

Bundan sonra baş vermişlər barədə yazmaq nədir, düşünmək belə ağırdı. Amma elə xatirələr var ki, insanın yaddaşında hər zaman canlı qalır. O gün olanlar da yazıçı Əbdürrəhim bəy Haqverdiyevin hafizəsində keçmişə çevrilə bilmirdi. 

Həsənəli bəy hər il yay aylarında ailəsi ilə Şuşa yaxınlığındakı yaylağa köçərdi. 1878-ci ilin yayında da yaylaqdaydılar. Hamısının əhvalı xoş idi. Ancaq balaca Nabat hamıdan şən görünürdü. Səhərdən-axşamadək qardaşı ilə birlikdə qonşu uşaqlarla oynamaq, çayda çimmək xoşuna gəlirdi.

Həmin gün də qaçdı-tutdu oynadılar. Sonra oyunlarını çayda davam etdirdilər. Çayın sularına baş vurur, gülür, əylənirdilər. Birdən sanki çayın gözü döndü. Suları bulanmağa, iti axmağa başladı. Hələ qorxu hiss etməyən uşaqlar şənlənirdilər. Çay isə getdikcə burulğana dönürdü. Bir az əvvəl dünyanın qayğılarından xəbərsiz olan uşaqlar indi onları oyuncaq kimi atıb-tutan çayın sularında ölümlə pəncələşirdilər. Qarşısında aciz qaldıqları amansız sel gözlərinin qabağında yoldaşlarını aparırdı.

Hay-haray düşdü: "Uşaqları sel aparır". Eşidən sahilə doğru qaçdı. Suları qırmızıya boyanmış çaya çatanda dayandılar. Aralarında üzməyi bacaranlar az deyildi. Ancaq dəliyə dönmüş sellə əlbəyaxa olmaq ölümü gözə almaq idi. Həyat isə şirindi. Uşaqların ürək parçalayan fəryadları, nalələri aləmə yayılmışdı. Onların imdadına çatmaq hissi həyat eşqindən güclü çıxanlar çaya atıldılar. Uşaqların hamısını xilas edə bilmədilər. Nabatı  tapıb sahilə çıxaranda artıq gec idi...

Dərd-ələm içində yaylaqdan geri döndülər. Amma əvvəlki həyatlarına bir də heç vaxt qayıda bilmədilər. Şad-xürrəm keçirdikləri günlər bitdi. Altı yaşlı Nabatın ölümüylə evə matəm çökdü. Sən demə, dünyalarını şənliyə çevirən o balaca qızın varlığı imiş. Bunu Nabatın yoxluğunda anladılar.

Əsəd bəyin yadigarını qoruya bilmədiyini düşündükcə Hüsnücahan xanımın əzabları daha da artırdı. Anasının acınacaqlı, pərişan halı, qısa müddətdə isinişdiyi bacısının yoxluğu Əbdürrəhimi sarsıtmışdı. Bacısından sonra özünə yer tapmırdı. Nə üzü gülür, nə də uşaqlara qoşulub oynayırdı. Təkcə Həsənəli bəy ona yazıb-oxumağı öyrədəndə, özü ilə harasa aparanda dərdini müvəqqəti də olsa unudurdu.

İki il sonra - 1880-ci ilin mayında Həsənəli bəy müflis olduğu üçün Şuşaya köçdülər. Həmin ilin yayında o, Əbdürrəhimi Şuşadakı Yusif bəy Məlik-Haqnəzərovun müvəqqəti hazırlıq yay məktəbinə qoydu. Həsənəli bəy kimi, Yusif bəy Məlik-Haqnəzərovun da Əbdürrəhimin təhsilində böyük rolu oldu.

Həmin ilin sentyabrında imtahan verib şəhər məktəbinə qəbul edildi. Orada bir il oxudu. 1881-ci ildə Şuşa şəhərində altısinifli yeni tipli məktəb açıldı. Əbdürrəhim təhsilini Şuşa Realni Məktəbində davam etdirdi. Yusif bəy Məlik-Haqnəzərovun da bu məktəbdə müəllim işləməsi onu çox sevindirdi. Yusif bəy böyük həvəskarı olduğu teatrı da şagirdlərinə sevdirirdi.

Xatirələrini kağız üzərində sıralayırdı. Teatra sevgisinin yarandığı günlərinin məqamı çatmışdı. Əbdürrəhim bəy yazırdı: "1884-cü ildə, 14 yaşında ikən bir dəfə teatra getdim. Mirzə Fətəlinin "Xırs quldurbasan" pyesini oynayırdılar. Teatrda pərdə açılmayınca mən bu əqidədə idim ki, fokus göstərəcəklər. Pərdə açıldı. Bir də baxdım ki, müəllimim Yusif bəy əynində çuxa, başında buxara papağı, belində xəncər, əlində tüfəng səhnədə dayanb igidlikdən dəm vurur. Get-gedə tanıdığım müəllimlərin birini arvad libasında, birini polis libasında görüb teatrın və komediyanın nə olduğunu anladım".

Səhnədə gördükləri ona böyük təsir göstərdi. Mirzə Fətəli Axundzadənin əsərlərini tapıb oxudu. Onun "Hekayəti-mərdi-xəsis, yaxud Hacı Qara" adlı pyesinin təsiri ilə həmin məzmunda "Hacı Daşdəmir" adlı komediya yazdı. Bu, Əbdürrəhim bəyin ilk qələm təcrübəsi idi. Əsərini Yusif bəyə verib oxumasını xahiş etdi. Müəllimi oxuyub özünə qaytaranda zəif cəhətlərini elə dedi ki, onu bədii əsərlər yazmağa daha da həvəsləndirdi. Əbdürrəhim bəy Mirzə Fətəli Axundzadənin pyeslərinin təsiri ilə bədii cəhətdən "Hacı Daşdəmir"dən fərqlənməyən bir neçə komediya da yazdı...

O, illər sonra Yusif bəy Məlik-Haqnəzərovu ehtiramla xatırlayırdı: "Realnı Məktəbdə oxuyarkən yenə hər yay Yusif bəyin "kontoruna" gedirdim.Yusif bəy mütəəssib bir teatro həvəskarı idi. Yay fəsillərində Şuşaya cəm olan kənd müəllimlərinin iştirakı ilə gedən teatroları qabaqca Şahnəzərovun evində, sonra şəhər klubunun zalında verirdilər. Yusif bəy özü mütəəssib olub, şagirdlərini də teatro tərəfinə təşviq edirdi və mənim teatroya həvəsim onun təşviqi sayəsində başlanıb getdikcə artdı. Axır vaxtlarda Yusif bəylə aramızda sıxı bir rəfaqət var idi və qocalığına baxmayaraq mənim əsərlərimdən rollar götürüb gözəl oynayırdı".

Əbdürrəhim Şuşa Realnı Məktəbini 1890-cı ildə bitirib Tiflisə getdi. Tiflis Realnı Məktəbinin yeddinci sinfinə qəbul olundu. Tiflisin teatr mühiti onun dramaturgiyaya marağını artırdı. İllər sonra o günləri belə xatırlayırdı: "Mənim ədəbiyyata ciddi surətdə girişməm 1890-cı illərdəndir ki, Tiflis Realnı Məktəbində olan vaxt rus ədiblərindən Qoqolu, Ostrovskini, Avropa ədiblərindən Şekspir, Molyer, Şiller və başqalarını tanımağa başladım və müntəzəm olaraq Tiflisin teatrlarına gedib, həqiqi səhnənin nə olduğunu anladım".

Tiflis Realnı Məktəbini 1891-ci ildə başa vurdu. Ali təhsil almaq istəyi onu  Sankt-Peterburq şəhərinə apardı. Yol Nəqliyyat Mühəndisləri İnstitutuna daxil oldu. Tələbəlik illərində azad müdavim kimi universitetin Şərq fakültəsində tanınmış müəllimlərin məruzələrini də dinlədi. Gənc tələbə təqaüdə çıxmış generalın evində yaşayırdı. Generalın həyat yoldaşı ona fransız dilini və musiqi alətlərində çalmağı öyrədirdi.

Şəhərin ədəbi və mədəni mühiti ilə tanış olduqca Əbdürrəhim bəyə elə gəlirdi ki, bambaşqa bir aləmə düşüb. O, rus və Qərb ədəbiyyatını öyrənir, vaxtaşırı teatra gedirdi. Oxuduğu əsərlər, baxdığı tamaşalar düşüncələrini aydınladır, onu yazıçı, dramaturq kimi formalaşdırırdı. Sankt-Peterburqda Mariinski və Mixaylovski teatrlarının zəngin repertuarları, peşəkar aktyor heyətləri vardı. Ancaq Əbdürrəhim bəyin qənaətincə, onların heç biri Aleksandrinski Teatrı ilə müqayisəyə gəlməzdi. Bu teatrı o, Yusif bəydən sonra özünün ikinci müəllimi hesab edirdi.

1892-ci ildə Sankt-Peterburqda "Yeyərsən qaz ətini, görərsən ləzzətini" komediyasını, 1896-cı ildə isə milli dramaturgiyamızın ilk faciə əsərlərindən sayılan "Dağılan tifaq"ı yazdı. Əsər 1896-cı ildə müəllifin rejissorluğu, teatr həvəskarlarının iştirakı ilə Şuşada səhnələşdirildi. Tamaşada Nəcəf bəy rolunu Əbdürrəhim bəyin sevimli müəllimi Yusif bəy Məlik-Haqnəzərov oynayırdı.

1897-ci ilin avqustunda Şuşa teatr həvəskarları Əbdürrəhim bəyin rejissorluğu ilə "Məcnun Leylinin qəbri üstündə" adlı səhnəcik hazırladılar. Həmin səhnəcik uzun illər Şuşa teatrsevərlərinin yaddaşından silinmədi.

Əbdürrəhim bəy Sankt-Peterburqda səkkiz il yaşadı. 1899-cu ildə Şuşaya döndü. 1900-cü ildə "Bəxtsiz cavan" pyesini yazdı. Əsərin qəhrəmanı Fərhadın çəkdiyi əzablar ona tanış idi. Bu gənc özünə bənzəyirdi.

Ali təhsilli, yaraşıqlı cavan idi. Qohumları təkidlə "Daha bəsdir, sən də ailə qur" deyirdilər və ona Mamo bəy Mamayinin qızı Tükəzban xanımla evlənməyi məsləhət görürdülər. Mamo bəy Əbdürrəhim bəyin bacısının həyat yoldaşı idi. Bu, onların ikisinin də ikinci evlilikləri idi. Əbdürrəhim bəyin bacısının birinci evliliyindən iki övladı, Mamo bəyin isə Tükəzban adlı yetkin bir qızı vardı.

Əbdürrəhim bəy Tükəzban xanımı gördü, sevdi. Sonra evlənmək qərarını verdi. Tükəzban xanım təhsil almamışdı, amma nənəsindən, anasından eşitdiyi dastanları, xalq nağıllarını güclü hafizəsində hifz edirdi. Onları şirin dillə Əbdürrəhim bəyə söyləyir, onda nağıllara maraq oyadır, yaradıcılığına təsir göstərirdi. Tükəzban xanımdan eşitdiyi "Qızıl don" xalq nağılı ona "Pəri cadu" pyesini yazdırdı.

Əbdürrəhim bəy 1901-ci ildə Bakıya köçdü. Bu şəhərin ədəbi mühiti onu doğmalıqla qarşıladı. Əbdürrəhim bəy də tükənməz həvəslə çalışmağa başladı. Bakıda tanış olduğu tanınmış ziyalılarla - Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov, Cahangir Zeynalov və Hüseyn Ərəblinski ilə birgə teatr üçün repertuar hazırlayır və rejissorluq edirdi. Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü ilə 1901-ci ildə "Bakı müsəlman truppası" yaradıldı. Baş rejissor işini Əbdürrəhim bəy görürdü. Onun rejissorluğu ilə "Vəziri-Xani-Lənkəran", "Hacı Qara", "Müfəttiş", "Otello", "Yağışdan çıxdıq, yağmura düşdük", "Adı var, özü yox", "Dağılan tifaq", "Bəxtsiz cavan" və başqa əsərlər səhnələşdirildi. 1902-ci ilin yanvarında Tağıyev teatrında keçirilən "Şərq konsertləri"nə Əbdürrəhim bəy Haqverdiyev rəhbərlik etdi.

1904-cü ildə Şuşa Şəhər İdarəsinə üzv seçildiyindən doğma şəhərinə döndü. 1905-ci ildə Gəncə quberniyasından Dövlət Dumasına nümayəndə göndərildi. Duma dağıldıqdan sonra dörd ay Sankt-Peterburqda qaldı. "Ağa Məhəmməd şah Qacar" pyesini də o zaman qələmə aldı.

1906-cı ildə Sankt-Peterburqdan Tiflisə yollandı. Cəlil Məmmədquluzadə ilə orada tanış oldu. Mirzə Cəlilin təklifi ilə "Molla Nəsrəddin" jurnalına felyetonlar yazmağa başladı. Bu jurnalda "Xortdan", "Mozalan", "Süpürgəsaqqal", "Lağlağı", "Ceyranəli" imzaları ilə felyeton, hekayə və publisist yazıları dərc olundu. 

1906-cı ildən 1913-cü ilədək Qafqazı başdan-başa gəzdi, Türküstana və İrana səyahət etdi. Geri döndükdən sonra Ağdama köçdü, bir müddət orada yaşadı. 1916-cı ildə işləmək üçün Tiflisə dəvət olundu. Tiflisdə Şəhərlər İttifaqının Qafqaz şöbəsində işə başladı. 1918-ci ildə Borçalı qəzasına müvəkkil təyin edildi və Şulaver qəzasına getdi. Bölgədə Daşnaksütyun partiyasının təhrikləri ilə ermənilər azərbaycanlılara qarşı qətliama başlamışdılar. Əbdürrəhim bəy Borçalıda olduğu yarım il ərzində həm Azərbaycan, həm də erməni kəndlərinə gedir, sakinləri barışığa çağırırdı. 1918-ci ildə o, Aşağı Saral stansiyasında vəzifə başında olarkən qarşılaşdığı sui-qəsddən təsadüfən xilas oldu. Səhəri gün Borçalını tərk etdi. Tiflisə qayıtdı. Əbdürrəhim bəy azərbaycanlılar üçün açılmış yeni məktəbdə inspektor vəzifəsində işlədi, Gürcüstan türklərinin Milli Şurası tərəfindən Gürcüstan parlamentinə üzv seçildi. Orada dörd ay çalışdı.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Əbdürrəhim bəy Haqverdiyev milli hökumət üçün əvəzsiz kadrlardan biri idi. Yazıçı o illərin xatirələrini belə qələmə alırdı: "1919-cu sənədə Musavat hökuməti məni Bakıya çağırıb Dağıstana göndərdi. Orada mənim işləməyim Denikinə xoş gəlməyib, onun əmri ilə 24 saatda Bakıya sürgün olundum. Bakıda bir az qaldıqdan sonra Ermənistana göndərdilər". O, 1919-cu il avqustun 24-də Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi vəzifəsinə təyin olundu. 1920-ci ilin martınadək həmin vəzifədə çalışdı.

Aprel işğalından sonra Azərbaycanda Sovet hakimiyyəti quruldu. 1920-ci ildə onu hökumət teatrosuna komissar, sonra isə sənaye şöbəsinin müdiri təyin etdilər. Əbdürrəhim bəy həm də yaxşı pedaqoq idi. Azərbaycan Dövlət Darülfünununa dəvəti məmnuniyyətlə qəbul etdi, müəllimliklə məşğul oldu.

Övladları olmadığı üçün Tükəzban xanım özünü günahkar bilir, Əbdürrəhim bəyin yenidən evlənib oğul-uşaq sahibi olmasını istəyirdi. Ayrılıq qərarını təkbaşına verdi. Və bir də heç zaman ailə qurmadı. Əbdürrəhim bəy isə tatar qızı Yevgeniya Osipovna ilə evləndi. İkinci evlilikdən də övladı olmadı. Amma "Ceyran" deyə çağırdığı bu qadından həyatının son anlarınadək ayrılmadı.

Əbdürrəhim bəy Haqverdiyev 1933-cü il dekabrın 11-də 63 yaşında Bakıda ürək xəstəliyindən dünyasını dəyişdi. Fəxri xiyabanda dəfn olunan ədib xalqına ən qiymətli xəzinəsini - felyetonlarını, hekayələrini, povestlərini, pyeslərini əbədi irs qoyub getdi.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb

20:34
22 İyun

İstanbulda Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər müzakirə edilib

20:33
22 İyun

Abbas Əraqçi: BMT üzvü olaraq İranın öz haqqını qorumaq hüququ var

20:29
22 İyun

Azərbaycanın XİN başçısı əlcəzairli həmkarı ilə İsrail-İran qarşıdurması nəticəsində yaranmış vəziyyəti müzakirə edib

20:27
22 İyun

Türkiyə XİN: Rəsmi Ankara İranın nüvə obyektlərinə hücumun mümkün nəticələrindən narahatdır

19:31
22 İyun

Şəhid əsgər Nail Mahmudovun xatirəsi anılıb

18:29
22 İyun

AEBA: İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra radiasiya səviyyəsində artım yoxdur

17:16
22 İyun

Azərbaycan ilə Somali arasında əlaqələr müzakirə olunub

17:15
22 İyun

Azərbaycanın XİN başçısı Azərbaycanın Cammu və Kəşmirlə bağlı mövqeyini bir daha açıqlayıb

13:41
22 İyun

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:39
22 İyun

Almaniyada COP29 Sədrliyi iqlim şəffaflığı sahəsində qlobal təşəbbüsləri müzakirə edib

13:37
22 İyun

ABŞ İranın üç nüvə obyektini vurub

13:35
22 İyun

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

13:34
22 İyun

Respublika üzrə iyun ayının pensiya ödənişi yekunlaşıb

13:31
22 İyun

Rəsmi Tehran AEBA-nın Rəhbərlər Şurasının təcili iclasının keçirilməsini istəyib

13:29
22 İyun

İran BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib

10:20
22 İyun

İran XİN: Nüvə obyektlərinə hücumun uzunmüddətli nəticələri olacaq

10:17
22 İyun

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

10:10
22 İyun

Bilmək istəyirəm

09:45
22 İyun

Baxışlar, baxışlar...

09:40
22 İyun

İsrail-İran qarşıdurması: gərginlik səngimir

09:35
22 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!