08 Aprel 2023 02:05
1552
CƏMİYYƏT
A- A+

Görkəmli alim, mərhəmətli insan, müqəddəs ana

 

Azərbaycan Milli Elmlər Akademiyası, Milli Məclisin Səhiyyə komitəsi və "Azərbaycan" qəzetinin birgə elmi konfransı 

 

Azərbaycan Milli Elmlər Akademiyası, Milli Məclisin Səhiyyə komitəsi və "Azərbaycan" qəzetinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib.
Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarları önünə tər çiçəklər düzüblər.

AMEA Rəyasət Heyətinin binasında keçirilən konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa HƏBİBBƏYLİ diqqətə çatdırdı ki, dövlət başçısı İlham Əliyevin "Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında" 3 noyabr 2022-ci il tarixli Sərəncamından sonra ölkəmizin elm və təhsil müəssisələrində, səhiyyə sistemində görkəmli elm xadiminin yubileyi geniş şəkildə qeyd olunur. 
Zərifə xanım Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur. Ölkəmizdə XX əsrin birinci yarısına qədər daha çox terapiya və cərrahiyyə sahələrinin inkişaf etdiyini vurğulayan AMEA rəhbəri məhz Zərifə xanım Əliyevanın xidmətləri sayəsində əsrin ikinci yarısından başlayaraq Azərbaycanda oftalmologiya elminin və göz xəstəlikləri tədqiqatlarının inkişaf edən sahələrdən birinə çevrildiyini söyləyib.
"Bu, Zərifə Əliyevanın Azərbaycan tibb elmi qarşısındakı böyük məqsədlərindən biri idi. Zərifə xanım Əliyeva respublikamızı keçmiş Sovetlər İttifaqında və onun hüdudlarından kənarda da oftalmologiya üzrə elmi tədqiqat işləri aparılan nüfuzlu mərkəzə çevirmişdir. Zərifə xanımın göz həkimi kimi məşhurlaşması, bu sahədə məktəb yaratması ilə Azərbaycandan kənardakı tibb mərkəzlərinə xəstələrin axınının qarşısı alınmışdır. Zərifə xanımın bir məqsədi də ondan ibarət idi ki, o, rus həkimlərindən ibarət heyət yaradaraq, onları Azərbaycanın regionlarına aparır, müalicə işi təşkil edirdi. Zərifə xanım Əliyeva dünya tibb elminə yeni müalicə üsulları gətirmiş, bu istiqamətdə apardığı tədqiqatları təkcə nəzəri müddəalarla deyil, həm də o müddəaları formalaşdırmaqda ona əsas verən təcrübə ilə əlaqələndirməklə fərqlənmişdir", - deyə akademik İsa Həbibbəyli bildirib. 
Qeyd edib ki, Zərifə xanım Əliyevanın Bakı Məişət Kondisionerləri Zavodu və Bakı Şin Zavodunda apardığı müşahidələr, yaratdığı tibbi müalicə və diaqnostika mərkəzi oftalmologiya sahəsində özünə qədər və ondan sonra aparılan tədqiqatlardan tam fərqli elmi nəticələrin əldə olunmasına öz töhfəsini verib. Məhz bunun nəticəsində ölkəmizdə 1960-cı illərə qədər geridə qalmış tibb sahələrindən biri sayılan oftalmologiya elmi artıq 1970-ci illərdə Moskva, Sankt-Peterburq kimi elm sahəsində əsas mərkəzlərlə bir sırada dayanmışdı və bir çox hallarda onlardan önə keçmişdi. Həmin illərdə dünyanın bir sıra ölkələrinin, həmçinin keçmiş SSRİ-nin görkəmli alimlərinin məqsədlərinin Bakıda keçirilən konfranslarda iştirak etmək, müzakirələr aparmaq, reallıqları görmək olduğunu deyən akademik İsa Həbibbəyli bunun birbaşa Zərifə Əliyevanın praktik və elmi fəaliyyəti ilə əlaqədar olduğunu söyləyib. 
Həmçinin vurğulayıb ki, akademik A.Qarayev adına Fiziologiya İnstitutunda Zərifə xanımın yaratdığı və rəhbərlik etdiyi göz xəstəliklərinin diaqnostikası və profilaktikasına həsr olunmuş laboratoriya Azərbaycanda göz xəstəlikləri elminin hüdudlarını Səhiyyə Nazirliyinin dairəsində genişləndirərək akademik mühitə daşınmasında ən yeganə nümunədir. 
"Zərifə xanım Əliyeva həm də ölkəmizdə böyük ictimai xadim kimi qəbul olunmuşdur. Zərifə xanımın obrazını canlandırarkən onun sədaqətli olması mütləq ön sırada gəlir. O, Əziz Əliyevin ocağında qazandığı sədaqət andını Heydər Əliyev kimi görkəmli dövlət xadiminin sədaqətli yoldaşı olmaqla, bütün dünyanın gözü qarşısında isbat etmişdir. Zərifə xanım Əliyevanın çoxcəhətli fəaliyyəti ölkəmizdə hər zaman yüksək qiymətləndirilmişdir. O, Əməkdar elm xadimi adına, "Qırmızı əmək bayrağı" ordeninə layiq görülmüş, o zaman üçün əlçatmaz sayılan "Averbax" mükafatının Azərbaycana gətirilməsinin mümkünlüyünü sübut etmişdir. Milli Oftalmologiya Mərkəzi Zərifə xanım Əliyevanın adını daşıyaraq ölkəmizin nüfuzlu tibb mərkəzlərindən biri kimi inkişaf etmişdir. Akademiyada Zərifə xanımın adına mükafat təsis olunmuşdur. Bakıda məktəb-lisey Zərifə xanımın adını daşıyır. Ən başlıcası isə Zərifə xanım Əliyeva Heydər Əliyev kimi görkəmli siyasi xadimin həyat yoldaşı, XXI əsrdə Azərbaycanın zəfər tarixinə adını yazdırmış Prezident İlham Əliyevin anasıdır", - deyə AMEA rəhbəri bildirib.  

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman ƏMİRASLANOV ölkəmizdə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərin keçirildiyini, tədbirin isə tamamilə yeni formatda təqdim olunduğunu söylədi. Tədbirin "Azərbaycan" qəzeti, AMEA və Milli Məclisin Səhiyyə Komitəsinin birgə təşkilatçılığı ilə keçirildiyini qeyd edən akademik əlavə edib ki, belə bir mötəbər tədbirin ölkəmizin nüfuzlu əsas mətbu orqanı olan "Azərbaycan" qəzetində geniş işıqlandırılması böyük əhəmiyyət kəsb edir. 
- Hər bir xalq öz şəxsiyyətləri ilə ucalır. Onların ömür nümunələri böyük ideallara  aydın istiqamət verir. Məhz bu keyfiyyətlər, insanlara və insanlığa fayda gətirən əməllər həmin şəxsiyyətləri zamanın fövqünə qaldırır, əbədi abidələrini ucaldır. Xalqımızın belə əbədiyaşar şəxsiyyətlərindən biri də zəmanəsinin görkəmli oftalmoloq alimi, akademik Zərifə Əziz qızı Əliyevadır.
Mənalı ömür yolu, peşə fəaliyyəti və elmi yaradıcılığı ilə mənəviyyat, kamillik, müdriklik örnəyinə çevrilmiş Zərifə xanım Əliyeva bu gün də milyonlarla insanın qəlbində yaşayır, adı daim dərin ehtiramla, rəğbətlə anılır. O, tibbin mühüm istiqamətlərindən olan oftalmologiya sahəsində uzun illər dəyərli tədqiqatlar aparmış, elmə sanballı töhfələri, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti ilə yüksək zirvələri fəth etmişdir.
Zərifə xanım 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində Azərbaycanın tanınmış ictimai-siyasi və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Sonralar ailə Əziz müəllimin işi ilə əlaqədar Bakıya köçüb. Məktəbin son siniflərində Zərifə xanım artıq gələcək peşə seçimini müəyyən etmişdi. O da atası Əziz Əliyev kimi həkim olmaqda qərarlı idi. Bu bir tərəfdən atasının sənətinə vurğunluğundan irəli gəlirdi, digər tərəfdən də həkimliyin insan həyatı üçün nə qədər vacib olmasından, insanların bu müqəddəs peşə sahiblərinə böyük ehtiyacını duyub hiss etməsindən qaynaqlanırdı.
1941-1942-ci illər ən ağır, ən məşəqqətli dövr idi. II Dünya müharibəsi yenicə başlanmışdı. Bakıdakı bir çox binaları hospitallara çevirmişdilər. Zərifə xanımın yaşadıqları evin yaxınlığında da bir neçə hospital vardı. Buralar cəbhədən gətirilmiş yaralı hərbçilərlə dolub-daşırdı. Onların müalicəsi üçün tibbi heyət çatışmırdı. Zərifə Əliyeva dərsdən sonra rəfiqələri ilə birgə bu hospitallara gəlir, həkimlərə, tibb bacılarına kömək etməyə çalışır, yaralı hərbçilərə öz ailələrinə məktub yazmaqda yardımçı olurdu.
Zərifə xanımın yaşının erkən çağlarından şəxsiyyət kimi formalaşmasında böyüdüyü ailənin də çox mühüm rolu vardı. Azərbaycanın o dövrdə yaşayıb-yaratmış bir çox tanınmış elm və mədəniyyət xadimləri Əziz Əliyevin yaxın dostları idilər, onun evində tez-tez qonaq olardılar. Məktəbdəki yüksək təhsildən əlavə bu evdə mövcud olan sağlam düşüncə mühiti, aparılan söhbətlər Əziz Əliyevin övladları üçün böyük bir universitet təhsilinə bərabər idi. Bu mənada həkimlik sənəti erkən yaşlarından Zərifə xanım üçün tale seçiminə çevrilmişdi. 
Zərifə xanım Əliyeva 1942-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil oldu. O, fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü, yüksək mədəni səviyyəsi ilə ona dərs deyən müəllimlərin də, tələbə yoldaşlarının da dərin rəğbətini qazanmışdı. İnstitutda təşkil olunan tələbə-elmi toplantılarında məruzələrlə çıxışlar edir, sərbəst mülahizələr yürüdür, dəyərli nəticələr çıxararaq tanınmış alimlərlə fikir mübadiləsi aparırdı.
Zərifə Əliyevanın özünə ixtisas kimi məhz göz həkimliyini seçməsi də təsadüfi deyildi. Onda bütün dünyada və Azərbaycanda traxoma xəstəliyi geniş yayılmışdı. Problemin miqyası haqqında təsəvvür yaratmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının həmin dövr üçün bir hesabatına diqqət yetirək: hesabatda bütün dünyada 400 milyona qədər insanın traxoma xəstəliyinə tutulduğu, bunun nəticəsində 80 milyondan çox adamın korluğa düçar olduğu bildirilirdi.
Bu xəstəlik Azərbaycanın bölgələrində xüsusilə tüğyan edirdi. Görmə orqanını sıradan çıxaran, bəzən hətta insanların tam korluğuna səbəb olan bu infeksion xəstəliyə qarşı təsirli vasitələr lazımi səviyyədə deyildi. Belə bir zamanda Zərifə xanım Əliyeva məhz oftalmologiyanı seçdi.
1947-ci ildə gənc həkim Azərbaycan Tibb İnstitutunda təhsilini başa vurub Moskvadakı Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçməyə getdi. Buradakı iki illik kurs onun üçün böyük bir məktəb oldu. Zərifə xanım ixtisasına daha mükəmməl yiyələndi. 1949-cu ildə Vətənə döndü. Həmin ildən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başladı. 1950-ci ildə isə aspiranturaya daxil olaraq praktik həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlara da başladı. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini məhz traxoma xəstəliyinin müalicəsinə həsr etdi. O illərdə gənc həkim bu xəstəliyə qarşı mübarizə aparan həmkarları sırasında traxoma xəstəliyinə qarşı həyata keçirilən müalicəvi və profilaktik tədbirlərin ön cərgəsində idi. Konkret müalicə təcrübəsindən əlavə, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında maarifləndirmə işləri aparırdı. Həmin dövrdə respublikada regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektli müalicə üsullarını, profilaktika tədbirlərini işləyib hazırlamaq da ciddi tələbata çevrilmişdi. Bu zərurəti görən Zərifə xanım elmi axtarışlarını əzmlə davam etdirirdi. Əsl vətəndaş mövqeyində dayanaraq ölkə daxilində yayılmaqda olan traxoma xəstəliyinin qarşısını almaq üçün diaqnostika, müalicə və profilaktika üsullarının kompleks şəkildə tətbiqi istiqamətində mühüm tədbirlər planı hazırlayaraq həyata keçirirdi. İşin çətinliyinə, məsuliyyətinə baxmayaraq, tezliklə bu sahədə böyük nəticələr əldə etdi. Bacarıqlı tədqiqatçı traxomanın müalicəsində o dövrün güclü antibiotiklərindən hesab edilən "Sintomisin"dən isifadə etməklə, yeni üsul tətbiq etmiş, uğurlu nəticələrə nail olmuşdu.
Zərifə Əliyeva apardığı elmi tədqiqatların nəticələrini 1959-cu ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib tibb elmləri namizədi elmi dərəcəsi aldı. Onun təklif etdiyi müalicə metodunun tezliklə bütün respublikada tətbiqinə başlandı. Beləliklə, bu xəstəliyə qarşı mübarizədə ciddi dönüş əldə olundu. Bu baxımdan, dünya oftalmoloqları traxomanın sosial xəstəlik kimi ləğvində Zərifə Əliyevanın tarixi xidmətlərini bu gün də böyük ehtiramla qeyd edirlər.
Namizədlik dissertasiyasının müdafiəsindən sonra o, 1960-cı ildən 1967-ci ilədək Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışdı. Bu illərdə Zərifə Əliyeva praktik həkimlik fəaliyyəti ilə məşğul olur, bir çox cərrahiyyə əməliyyatları aparır, xəstələri qəbul edirdi. Bir sözlə, fəaliyyəti təkcə klinikada qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını əhatə edirdi. Göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparır, elmi tədqiqatları üzərində çalışırdı. Zərifə xanım xüsusilə qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı mühüm elmi nəticələr əldə etmişdi.
1967-ci ildə oftalmoloq alim Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət alır. 1968-ci ildən o, sistemli şəkildə həmin dövrə qədər çox az tədqiq olunmuş mövzu - görmə orqanının patologiyası məsələləri ilə məşğul olmağa başlayır. Peşə ilə əlaqədar əmələ gələn göz xəstəliyi problemi bütün ömrü boyu bu fədakar alimin maraq dairəsində idi. Zərifə xanım yod-sənaye müəssisələrində, neft-kimya zavodlarında çalışan şəxslərin görmə orqanına təsir edən amillərə xüsusi diqqət yetirməyə başlayır.
Alim bu problem üzərində iş apararkən çox vaxt sənaye müəssisələrinə gedir, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi. Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparırdı. Bununla da genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zərərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdi.
Alimin çoxillik elmi araşdırmalarının nəticəsi olaraq kimya sənayesi işçilərinin göz xəstəliklərinin tədqiqini ümumiləşdirən, ciddi elmi nəticələr doğuran "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" adlı doktorluq dissertasiyasını 1976-cı ildə H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda uğurla müdafiə edir. O, öz tədqiqatı zamanı şin və yod istehsalı sahəsində çalışan 1500-dən çox insan üzərində müşahidələr aparmış, spesifik iş şəraitinin, sanitar-gigiyenik durumun görmə orqanlarına mənfi təsirini elmi dəlillərlə sübuta yetirmişdi. Dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, bu sahədə ilk fundamental tədqiqatlardan biri kimi dəyərləndirilmişdir.
 Zərifə xanımın elmi araşdırmaları əmək müəssisələrinin ekologiyası məsələsini gündəmə gətirir və günümüz üçün də son dərəcə aktualdır. Elmi-tədqiqat işlərinə paralel olaraq Zərifə Əliyeva pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. 1967-ci ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasında əvvəlcə kafedranın dosenti, professoru, daha sonra müdiri vəzifəsində çalışmışdır. Həkimlərin diplomdan sonrakı hazırlıqlarının tələblərə uyğun şəkildə aparılmasına əlverişli şərait yaratmışdır. Onun təkmilləşmə kursu keçən həkimlərə oxuduğu mühazirələrin,  apardığı praktik məşğələlərin əsasını tibb elmində əldə edilən yeniliklərin şərhi, praktik vərdişlərə yiyələnmənin istiqamətləri, müasir tibbi cihazların gündəlik təcrübədə tətbiqi üsullarının dərindən mənimsənilməsi kimi mühüm istiqamətlər  təşkil edirdi.
Bu illərdə Zərifə xanım praktik həkimlik fəaliyyətindən də bir an olsun kənarda qalmırdı: müntəzəm şəkildə cərrahiyyə əməliyyatları aparır, xəstələrin müalicə və müayinəsi ilə məşğul olurdu. Görkəmli alim həm də əsl elm təşkilatçısı idi. O, ətrafına istedadlı gənc həmkarlarını toplayaraq elmi-tədqiqat işlərini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil etmişdi.
Zərifə xanım oftalmologiyanın qlobal problemlərinin elmi həlli yolunda bir sıra konkret təşəbbüslərlə çıxış etmiş, 1977-ci ildə onun təklifi ilə Bakıda Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Belə bir möhtəşəm tədbir respublikamızda ilk dəfə keçirildiyindən böyük təşkilatçılıq bacarığı, gərgin zəhmət və təcrübə tələb edirdi. Akademik Zərifə Əliyeva bu işlərin öhdəsindən uğurla gəlmiş, Bakıda yüksək səviyyədə təşkil olunmuş plenum ümumən keçmiş ittifaqda böyük maraqla qarşılanmışdır. Plenum Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasının yaradılması ilə bağlı professor Zərifə Əliyevanın irəli sürdüyü təşəbbüsü də bəyənmişdir. Zərifə xanımın elmi nailiyyətlərinin bir çoxu Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutu ilə bağlıdır. Çünki onun təklif etdiyi laboratoriya 1979-cu ildə burada yaradılmışdı. Bu laboratoriya Azərbaycan oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi sayılırdı. İndi də həmin məktəbin yetirmələri Zərifə xanımın elmi ənənələrini davam və inkişaf etdirirlər. Laboratoriyanın tədqiqat bazası Bakı Məişət Kondisionerləri Zavodu idi. Burada elmi tədqiqatlarla yanaşı, müalicə işləri də aparılırdı. Bu mənada, Zərifə xanım Əliyeva alimlik istedadı ilə həkimlik bacarığını mahir şəkildə özündə birləşdirmişdi. Akademik həm görmə patologiyasının müalicə metodlarını təkmilləşdirmiş, həm də özünün kəşf etdiyi görmə aparatı vasitəsilə kompleks diaqnostika və erkən cərrahi müalicə üsullarının müvəffəqiyyətlə tətbiqinə başlamışdı.
Akademik Zərifə Əliyeva böyük elmi məktəb yaratmış alimlərdən idi. Onun fədakar zəhməti sayəsində ərsəyə gəlmiş dərs vəsaitləri, dərsliklər, monoqrafiyalar bu gün də təkcə Azərbaycanda deyil, ümumən dünyada oftalmologiya elminin inkişafına xidmət edir. Gənc ixtisaslı həkimlərin və bu sahədə tədqiqatlar aparan alimlərin yetişməsinə kömək göstərir. "Kəskin virus konyunktivitləri", "Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Gözyaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" və digər əsərləri Zərifə xanım Əliyevanın tibb elminə sanballı töhfələridir. Alim gözyaşı aparatı xəstəliklərinin öyrənilməsinə də xüsusi diqqət yetirmiş, bu mövzuya həsr etdiyi "Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi", "Gözyaşı yollarının qoruyucu cərrahiyyə üsulları" və digər əsərləri ilə Azərbaycan lakrimologiyasının banisinə çevrilmişdir.
Zərifə xanım tibb elminin nadir sahələrindən olan iridodiaqnostika və iridoterapiya problemlərinə də diqqət yönəltmişdir. Onun bu mövzuda iki monoqrafiyası çapdan çıxmışdır. Bunlar "İridodiaqnostikanın əsasları" və "İridodiaqnostika" monoqrafiyalarıdır. Onu da xüsusi qeyd edək ki, dünya miqyasında iridodiaqnostikaya dair ilk kitablar məhz akademik Zərifə  Əliyevaya məxsusdur.
 1980-ci ildə Zərifə Əliyevanın "Şin istehsalında gözün peşə patologiyası", "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası", "Gözün və göz siniri yollarının yaşla əlaqədar dəyişiklikləri" adlı üç monoqrafiyası çapdan çıxmışdır. Alimin daktriologiyadan bəhs edən - "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi" monoqrafiyaları təkcə oftalmoloqların deyil, həm də fizioloqların diqqətini cəlb etmişdir. Alim müasir dövrdə də hər bir oftalmoloqun stolüstü kitabı olan "Terapevtik oftalmologiya" əsərinin müəlliflərindən biridir.  
Həkimlik etikası Zərifə xanım Əliyevanı daim maraqlandıran əsas məsələlərdən idi. Çünki o, özü həkimlik sənətini bu peşənin yüksək etikası işığında sevmişdi. Onun üçün əsl həkimlik meyarı atası Əziz Əliyevin bütöv şəxsiyyəti idi. Uşaqkən ilk gördüyü, insanların sağlamlığı, milli səhiyyəmizin inkişafı üçün hər cür fədakarlığa qatlaşan həkimlər idi. Zərifə xanım həkimliyi bu insanların nurlu simasında təsəvvür edirdi və özü də həkimlik etikasını uca tuturdu. İnsan sağlamlığını ictimai sərvət, insanların gözlərinə nur bəxş olunmasını bəşəri humanizm kimi səciyyələndirirdi. O, belə bir ali dəyəri gənc həkimlərə də ötürməyə çalışırdı. Onların mənəvi tərbiyəsi, həkimlərin peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsi və həlli üçün əməyini əsirgəmirdi. Zərifə xanımın bir çox məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuşdu. Alimin "Yüksək etimad" kitabı bu gün də "Hippokrat andı"na sadiq qalan, özünü əsl tibb işçisi kimi, yetişdirmək istəyən həkimlərin stolüstü kitabıdır. Zərifə xanım bu kitabında həkimlə xəstənin birbaşa əlaqəsinin müalicənin əhəmiyyətini yüksəltdiyini, xəstəyə ümid verdiyini, orqanizmin xəstəliyə qarşı müqavimətini artırdığını, bəzən dava-dərmandan da güclü təsir göstərdiyini yazır. 

Alim kitabında həkim və xəstənin qarşılıqlı münasibətlərinin başlıca qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin təkcə təhsilinin yox, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir. Akademik Zərifə Əliyeva həmkarlarına həmişə tövsiyə edirdi ki, insana tibbi yardım göstərmək, sağlamlığı uğrunda mübarizə aparmaq həm də onu özünə qaytaran əsl humanist xidmətdir. Zərifə xanımın təbabət fəlsəfəsinin başlıca qayəsi insanı sağaltmaqla onu öz məninə qaytarmaq idi. Bu baxımdan, alim hesab edirdi ki, tibb elminin  fəlsəfəsini dərk etmək üçün, ilk növbədə, sağlam mənəvi-intellektual mühit, bütün tibb ictimaiyyətinin mənəvi-əxlaqi meyarlara yiyələnməsi tələb olunur.
Akademik həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini idi. Bu sahədə fədakarcasına çalışırdı. Bir sıra xarici ölkələrdə səmərəli görüşlər keçirir, dəyərli çıxışlar, məruzələr edir, dünya xalqlarını hər çıxışında sülhə, əmin-amanlığa səsləyirdi. 
O, respublika "Bilik" cəmiyyəti idarə heyətinin, keçmiş SSRİ-nin Oftalmoloqlar Elmi Cəmiyyəti idarə heyətinin, Moskvada çıxan "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü kimi maarifçilərimizdən gələn ənənələri də uğurla davam etdirirdi.
Zərifə xanım Əliyevanın tibb elminin inkişafı və pedaqoji kadrların hazırlanması sahəsindəki xidmətləri daim yüksək qiymətləndirilmişdir. 1980-ci ildə bu xidmətləri nəzərə alınaraq ona Əməkdar elm xadimi fəxri adı verilmişdir. 1981-ci ildə kimya istehsalında göz zədələnmələrinin profilaktikasının öyrənilməsi üzrə işləri, o cümlədən "Şin istehsalında gözün peşə patologiyası" monoqrafiyası oftalmologiya sahəsində ən yüksək mükafata -  SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Onu da qeyd edək ki, Zərifə xanım keçmiş SSRİ-də belə yüksək mükafata layiq görülən ilk qadın alim idi. 1983-cü ildə isə görkəmli alim tibb elmindəki böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir.
Həyatın, taleyin ona bəxş etdiyi ən böyük mükafat isə Zərifə Əliyevanın malik olduğu və elmi-ictimai işlərinin gərginliyinə rəğmən hər zaman qoruduğu qadın incəliyi və zərifliyi idi. Zərifə xanım Əliyeva qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı missiyasını da uğurla yerinə yetirirdi. O, Ümummilli Lider Heydər Əliyevin ən sadiq silahdaşı olmuşdur. Zərifə xanım Əliyeva Vətənimiz üçün iki layiqli övlad tərbiyələndirmişdi. Bu gün Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yetirmiş dövlət rəhbərimiz cənab İlham Əliyevə bu torpağa, bu Vətənə tükənməz sevgini aşılamış dəyərli  anadır.
Akademik Zərifə xanım Əliyeva ilə bağlı düşüncələrdən bir həqiqəti dərk edirsən ki, ömrünü böyük mənəvi ideallara həsr etmiş şəxsiyyətlər heç zaman unudulmur. O ideallar yaşadıqca, var olduqca Zərifə xanım kimi şəxsiyyətlər də yaşayır. 

2023-cü ilin xalqımız üçün əhəmiyyətli dövr olduğunu qeyd edən səhiyyə nazirinin müavini Nadir ZEYNALOV vurğuladı ki, bu il tanınmış oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə bərabər, onun ömür-gün yoldaşı, dahi şəxsiyyət, görkəmli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də 100 illik yubileyi təntənə ilə qeyd olunur. 
Akademikin şəxsi keyfiyyətlərindən, humanistliyi ilə seçilən peşəsi haqqında ətraflı bəhs edən Nadir Zeynalov Zərifə Əliyevanın oftalmologiya sahəsində həm praktik həkim kimi çalışdığını, həm də uzun illər ərzində elmi tədqiqatlar apardığını, yaşadığı dövrdə respublikamız üçün real problem olan gözün traxoma xəstəliyi ilə yaxından maraqlandığını, öz araşdırmalarını bu problemin həllinə yönəltdiyini bildirdi. Traxoma xəstəliyi gözlərin infeksion xlomidi törəyicisi tərəfindən yaranan bir xəstəlikdir ki, müalicə olunmasa, tam korluğa gətirə bilər və keçən əsrin ortalarında bu, Azərbaycanda ciddi bir problem idi. Zərifə Əliyevanın tədqiqatları nəticəsində traxoma xəstəliyinin müalicəsində yeni bir üsul meydana gəldi, tədricən bu xəstəliyin ölkəmizdə yayılmasının qarşısı alındı.
Ötən əsrin 60-70-ci illərində keçmiş SSRİ məkanında sənayenin, o cümlədən kimya sənayesinin sürətli inkişafının iqtisadi artıma səbəb olması ilə yanaşı, insan sağlamlığına mənfi təsirlər göstərdiyini də qeyd edən Nadir Zeynalov akademik Zərifə Əliyevanın göz xəstəliklərinin peşə amili ilə bağlı məsələ ilə ciddi məşğul olduğunu, həm praktik, həm elmi, həm də təşkilati baxımdan nizamlı bir sistem yaratdığını bildirdi: "Akademikin təşəbbüsü ilə müəssisələrdə tibb məntəqələri təşkil olunmuşdu ki, burada yaradılan peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicə sistemi keçmiş SSRİ respublikaları üçün bir nümunə olmuşdur".
Nazir müavini qeyd etdi ki, 1982-ci ildə Zərifə Əliyevanın həmmüəlliflərlə birgə "İridodiaqnostikanın əsasları" kitabı işıq üzü görüb və burada alternativ təbabət, Şərq xalq təbabəti sahəsinə aid olan diaqnostika üsulları geniş şərh edilib. Akademikin tibbi etika və deontologiya sahəsində də araşdırmalar apardığını bildirən Nadir Zeynalov əlavə etdi ki, Zərifə xanım Əliyeva həkim və pasiyent, həkim və cəmiyyət arasında münasibətlərin necə olması ilə əlaqədar elmi əsərlər yaradıb.
Çıxışının sonunda görkəmli akademikin oftalmologiya sahəsi üzrə elmi məktəb yaratdığını deyən nazir müavini o məktəbin yetirmələrinin bu gün də respublikanın tibb sahəsində çalışdıqlarını vurğuladı.

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyini yalnız elm ictimaiyyətinin deyil, bütün xalqımızın əlamətdar tarixi məqamı kimi səciyyələndirən "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV bildirdi ki, görkəmli alim ictimai sferada da fəal olmuş, respublikamızda qadın hərəkatının inkişafında yaxından iştirak etmişdir:
-  Adını respublikamızın elm tarixinə həkk etmiş görkəmli şəxsiyyətlərimizin arasında Zərifə Əliyevanın xüsusi yeri var. Çünki Zərifə xanım elmlə yanaşı, həm də ölkəmizin ictimai həyatında, qadın hərəkatının inkişafında iz qoymuş, böyük xidmətlər göstərmiş dəyərli insandır. Bu baxımdan biz Zərifə Əliyevanın həyat və yaradıcılığına hansı prizmadan müraciət etsək görərik ki, görkəmli alimimizin həyat amalı yalnız öz vətəninə və xalqına xidmətdən ibarət olub. 
Haşiyə çıxaraq diqqətinizə çatdırmaq istərdim ki, bu günlərdə akademik Zərifə Əliyevanın "Yüksək əqidə" kitabını yenidən oxudum. Xatırladım ki, kitabdan parçalar "Azərbaycan" qəzetində dərc olunur. Bu əsərdə özünün ifadə etdiyi kimi, Zərifə Əliyevanın həyat amalını insanlara sevgi, onların xoşbəxt və sağlamlığı naminə fədakarlıqla pərvanəyə çevrilmək təşkil edib. Qızıl hərflərlə yazdığı ömür kitabının səhifələrini vərəqlədikcə də görürük ki, Zərifə xanım həyat yolunda yalnız nəcibliyi və mərhəməti özünün mayakı sanıb, insanların gözünə, könlünə nur çiləyərək neçə-neçə zülmət dünyalara ziya bəxş edib. 
Burada dəyərli alimlərimiz Zərifə Əliyevanın alim kimi fəaliyyəti, tibb elminə töhfələri barədə ətraflı bəhs etdilər və növbəti çıxışlarda da bu barədə söz açılacaq. Mən onu qeyd etmək istərdim ki, Zərifə xanımın respublikamızın tibb elminə və oftalmologiyanın inkişafına töhfələri nə qədər misilsizdirsə, onun həkim peşəsinə vurğunluğu, bu peşəyə verdiyi dəyər və önəm bir o qədər qüdrətlidir. "Yüksək əqidə" əsərində həkimlik peşəsinin ucalığından bəhs edən Zərifə Əliyevanın vurğuladığı kimi, həkim xeyirxah olmalıdır. Həkimlərin "Hippokrat andı"nın da yüksək humanizm və insani dəyərlərə söykəndiyini yazan görkəmli alimimiz qeyd edir ki, xəstəlik fiziki cəhətdən nə qədər mürəkkəbdirsə, xəstənin ruhi aləmi də o qədər incə, nazik olur. Kömək etmək və onu qala kimi möhkəmlətmək üçün həkim ürəyinin atəşini və öz gücünü əsirgəməməlidir. 
Zərifə Əliyevanın bir həkim kimi fəaliyyətində ali insani keyfiyyətlər hər zaman özünü qabarıq büruzə verib. "Yüksək əqidə" əsərindən də aydın olur ki, o, müraicət edən pasientlərinə sadəcə bir həkim kimi yanaşmayıb. Zərifə  xanım onlara həm də dərdlərinə şərik çıxan insan kimi yanaşıb və xəstəliklə üzləşmiş şəxsləri müalicə etdikdə özünü dünyanın xoşbəxti sanıb. Pasientlərə yardımını əsirgəməyən, ümidsizliyə qapılmağa qoymayan Zərifə Əliyeva özünün yüksək mənəviyyatından irəli gələrək həmin insanların fiziki sağlamlıqlarının keşiyində möhkəm dayanıb, böyük ürək sahibi kimi onlara dayaq durub. 
Zərifə xanım bunu həm peşə, həm də insanlıq vəzifəsi hesab edib. Əsərində Zərifə Əliyeva bu barədə yazır: "Vicdan bizim əsas hakimimizdir. Çətin dəqiqələrdə də, xoşbəxt saatlarda da onunla baş-başa qalanda o soruşur: Ağ xalat geyinməyə haqqın varmı? Sənin əllərin  xəstəlikdən əziyyət çəkənə yalnız biliyini deyil, həm də qəlbinin həyəcanını, ürəyinin yanğısını çatdıra bildimi? Düzünü desək, vicdanın şəxsi mühakiməsindən şərəflə keçmək böyük xoşbəxtlikdir. Yaxşı həkim həmişə xəstə ilə birlikdə həyəcan keçirir, pasientin ağrısı elə həkimin şəxsi ağrısıdır. Əgər sağlamlığını itirən şəxs yenidən ona malik olursa, demək, həkim də yenidən həyata qayıdır, doğulur. Bizim sənətimizin mənəvi təməli də elə bundadır". 
Bəli, o, öz tibbi fəaliyyətini ilk növbədə insan sağlamlığına həsr etmişdir. Amma onun fəaliyyətində diqqəti çəkən bir nüans da var ki, Zərifə Əliyeva öz işini yalnız xəstəxanada görməklə kifayətlənmirdi. Bu baxımdan həkimlik və elmi fəaliyyətini bilavasitə insan orqanizmi üçün zərərli olan sənaye müəssisələrində həyata keçirməsi isə Zərifə Əliyevanın yüksək mənəvi dünyasının təcəssümü idi. Belə müəssisələrdə yaratdığı laboratoriyalarda apardığı genişmiqyaslı təcrübi tədqiqatlar nəticəsində görkəmli alim, həm də zəhərli maddələrin görmə orqanına təsirlərini öyrənərək tibb elmində mühüm yeniliklərə imza atmışdır. Çıxışlarda da qeyd olunduğu kimi, təcrübələrinin, tədqiqatlarının nəticələri Zərifə xanımın doktorluq işinin əsasını təşkil etmişdir. Respublikamızda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə Əliyevanın adı ilə bağlıdır. 
"Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında" Prezident İlham Əliyevin sərəncamında da qeyd olunduğu kimi, alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır.  Oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə xanım oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülməsi isə bütün Azərbaycan elminin böyük uğuru idi. Zərifə Əliyeva həm də bu mükafata layiq görülən ilk qadındır. 
Akademik Zərifə Əliyevanın tariximizdəki möhtəşəm izlərindən ən alisi məhz müasir Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin ən böyük çiyindaşı, ilham mənbəyi olmasıdır. 1969-cu ildə Heydər Əliyevin respublikamızın rəhbəri seçilməsi Zərifə Əliyevanın da həyatında yeni mərhələnin başlanması idi. Əlbəttə, ölkə rəhbərinin xanımı olmaq mühüm sosial status, eyni zamanda böyük məsuliyyət idi. Bu baxımdan böyük şəxsiyyət, əbədiyaşar Heydər Əliyevin ən etibarlı silahdaşı kimi Zərifə xanım bu məsuliyyətin də öhdəsindən layiqincə gəlmişdir. Zərifə Əliyeva haqqında xatirələri oxuyanda, foto və videoxronikaları izləyəndə görürük ki, o, heç vaxt xüsusi seçilməyə, fərqlənməyə çalışmamış, müxtəlif imtiyazlar qazanmaqdan uzaq olmuş, təvazökarlığını və sadəliyini qoruyub saxlamışdır.  Bütün bunlar onun zəngin mənəvi dünyasının təcəssümüdür.
Zərifə Əliyeva bir azərbaycanlı xanımı kimi nümunəvi həyat yoldaşı olmaqla bərabər, qayğıkeş ana kimi də örnək idi. Bu baxımdan Zərifə Əliyevanın həyatdakı digər möhtəşəm imzası onun Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, millətimizə zəfər yaşadan cənab İlham Əliyevi bəxş etməsidir. Dövlətimizin başçısının daşıyıcısı olduğu yüksək keyfiyyətlər, milli dəyərlərimizə son dərəcə bağlılığı da öz mənbəyini Heydər Əliyev və Zərifə Əliyeva dünyasından götürür. Bu iki böyük və mənəvi baxımdan zəngin insanın təlim-tərbiyəsi başqa cür ola da bilməzdi. 
Bir alim, həkim kimi Zərifə Əliyevanın fəaliyyəti çoxşaxəli olduğu üçün işi də az olmamışdır. Amma bütün bunlara baxmayaraq, ailə qayğısı və övladlarının təlim-tərbiyəsi məsələsi Zərifə Əliyeva üçün hər şeyin fövqündə dayanmışdır. Zərifə Əliyevanı yaxından tanıyanlar onu ailəsinə və övladlarına olduqca bağlı, eyni zamanda gərgin iş qrafikinin olmasına baxmayaraq, övladlarının tərbiyəsini xüsusi diqqət mərkəzində saxlayan fədakar ana kimi xatırlayırlar. O, xarakterindəki ən gözəl xüsusiyyətləri, insanlara qayğı ilə yanaşmağı və vətənə məhəbbət hissini övladlarına da ötürmüşdür. Sözsüz ki, möhtərəm  Prezident İlham Əliyevin qazandığı bütün uğurlarda, bu gün dünyanın ehiram olunan siyasi liderləri ilə bir cərgədə dayanmasında, xalqımızın sevgisini qazanmasında Heydər Əliyevin və Zərifə xanımın təlim-tərbiyəsi əvəzolunmaz rol oynamışdır.
Bütün bunlara görə biz Zərifə Əliyevanı yalnız görkəmli alim, insanlara nur verən şəfqət mücəssəməsi kimi deyil, həm də mükəmməl ömür-gün yoldaşı, fədakar ana kimi anırıq. 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Zərifə xanımla bağlı söylədiyi fikirlər, əslində, Azərbaycan qadınının ailədəki rolu barədə ən dolğun təəssürat formalaşdırır: "Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib".
Zərifə Əliyeva həm də icitmai fəaliyyətlə məşğul olmuşdur. O, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş ittifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi. İctimai sferadakı fəallığının daha bir nümunəsi kimi Zərifə Əliyeva ötən əsrin 70-ci illərində respublikamızda qadın hərəkatının liderlərindən biri kimi diqqət çəkmişdir. Zərifə Əliyeva ictimai sferadakı uğurlarına respublikanın birinci şəxsinin həyat yoldaşı olduğuna görə nail olmamışdı. O, yüksək statuslara özünün elmi fəaliyyəti, zəngin mənəviyyatı ilə sahib olmuşdu. Alimlərin, yaradıcı insanların dostu olmaqla yanaşı, Zərifə Əliyeva öz xeyirxah əməlləri ilə həm də sıravi vətəndaşların himayədarı idi və bu gerçəklik heç vaxt diqqətdən qaçmayıb. 
Bu gün biz həmin xeyirxahlığı Heydər Əliyev, Zərifə xanım ocağının gəlini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin ayrı-ayrı nümunələrində görürük. Bütün bunlar göstərir ki, Zərifə Əliyevanın irsi yaşayır, xeyirxahlıq missiyası davam etdirilir. Zərifə Əliyeva kimi Mehriban Əliyeva da çoxşaxəli fəaliyyətini insanların rifahına yönəldir, köməyə ehtiyacı olanlara dayaq durur.
Cəmi 62 il yaşasa da, Zərifə Əliyeva şərəfli bir ömür sürmüş, öz elmi yaradıcılığı ilə adını Azərbaycan tibb elminə həkk etmişdir. Onun yaratdığı elmi irs isə bu gün də Azərbaycanı dünyada tanıdır, ölkəmizə uğurlar  qazandırır. Ona görə Zərifə Əliyevanın əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulacaq, ehtiramla anılacaq.

(Ardı var)

"AZƏRBAYCAN"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video