14 Mart 2023 01:52
1610
SİYASƏT
A- A+
Gələcəyə böyük ümidlər yaradan qlobal forum

Gələcəyə böyük ümidlər yaradan qlobal forum

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumu tarixi əhəmiyyəti, bəşəriyyətə ünvanlanan aktual mesajları, bu gün və gələcək üçün faydalı nəticələri ilə yadda qaldı. Azərbaycan Prezidentinin tədbirin açılışındakı proqram xarakterli çıxışı, qeyd etdiyi məqamlar ölkəmizin evsahibliyi ilə reallaşdırılan bu cür qlobal layihələrin bəşəri əhəmiyyətini anlamağa, belə formatlarda təqdim olunan ideyalardan, aparılan müzakirələrdən aydın nəticə çıxarmağa imkan verir. 

 

Çağırışlar və ümidlər

 

Dünyamızın kifayət qədər gərginliklər içində olduğu çox çətin və mürəkkəb dövrə təsadüf edən X Qlobal Bakı Forumunun mövzusu beynəlxalq aləmin ümumi mənzərəsini əks etdirirdi. 61 ölkədən 350 nəfərdən çox iştirakçının qatıldığı, bu sırada 50-dən çox hazırkı və sabiq prezidentlərin, baş nazirlərin də iştirak etdiyi toplantıda "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusu müzakirəyə çıxarılmışdı. Qlobal Bakı Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara tam uyğun idi. Bütün bunları xüsusi qeyd etməkdə məqsəd burada aparılan müzakirələrin səviyyəsini, əhəmiyyətini, qlobal proseslərə və planetimizin mənzərəsinə təsir imkanlarını diqqətə çatdırmaqdır. 
Digər tərəfdən, Azərbaycanın evsahibliyi ilə təşkil olunan bu cür əhəmiyyətli tədbirlər ölkəmizin irəli sürdüyü təşəbbüslərə böyük marağı, Qlobal Bakı Forumunun nüfuzlu diskussiya platformasına, aparıcı beynəlxalq forumlardan birinə çevrilməsini göstərir. Mövcud konfliktlərin çəkişməyə deyil, məhz qarşılıqlı müzakirə məcrasına yönəldilməsi, problemlərin üzə çıxarılaraq onlara birgə optimal həllərin tapılması, diqqətin bütün insanlığı narahat edən çağırışlara yönəldilməsi tarix boyu bəşəriyyətin formalaşdırdığı ən səmərəli, ümidverici təcrübələrdən olub. Bu baxımdan, Azərbaycanın dünyanın belə çağında bu cür qlobal təşəbbüsləri öz üzərinə götürməsi, foruma yüksək nüfuzlu iştirakçıların qatılması və onları sağlam müzakirə işığına toplaması böyük rəğbət doğurur.

 

Nizami ucalığı

 

X Qlobal Bakı Forumunu Azərbaycan xalqının yetişdirdiyi ən görkəmli şəxsiyyətlərdən olan dahi şair və mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan Beynəlxalq Mərkəzin təşkil etməsi də mühüm simvolik məna daşıyır. Düşüncələri, təlqin etdiyi ideyalar etibarilə Nizami Gəncəvi ümumbəşəridir, bütün dünyaya məxsusdur. Onun dühası, dünya, insan, həyat haqqında düşüncələri, idealları tarixin bütün dövrlərində insanlar üçün böyük dəyərlər formalaşdırır, dünyamızın xoşbəxt gələcəyi üçün aydın istiqamətlər verir. Ona görə də Nizami Gəncəvi milli mənsubiyyətindən, doğulduğu coğrafiyadan və zamandan asılı olmayaraq, tarixdə əbədiyyət qazanmış ən böyük dühalarla eyni zirvədə qərar tutur, düşüncələrə işıq saçır, maddi və mənəvi dünyamızda xeyirin əhatə dairəsini genişləndirir, şər üzərində üstünlüyünü təmin edir. Eyni zamanda Nizami Gəncəvinin öz müdrikliyi və istedadı etibarilə Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirməsi də bir reallıqdır. Nizami Gəncəvi Azərbaycan xalqının milli siması olan, milli potensialımızı, ucalığımızı göstərən şəxsiyyətlərimizdəndir. O, Azərbaycanın qədim şəhərlərindən olan doğma Gəncə torpağında dünyaya göz açıb, bu şəhərdə yaşayıb-yaradıb, bu şəhərdə də dünyadan köçərək dəfn olunub. Nizaminin Gəncədə ucalan məqbərəsi Azərbaycan xalqının mənəviyyat abidələrindəndir. Bu məqbərənin qərar tutduğu ucalıqdan ətrafa nəzər salanda xalqımızı bugünkü günlərə gətirən şanlı keçmiş, qazanılmış tarixi təcrübə, bu xalqın Nizami kimi böyük şəxsiyyətlərinin bəşər mədəniyyətinə bəxş etdikləri qiymətli töhfələr göz önündən keçir və insanın qəlbini qürur hissi ilə dolduran bu ucalıqdan Azərbaycanın aydın gələcəyi görünür. Nizami Gəncəvi kimi şəxsiyyətləri yetirmiş bir xalq ancaq inkişafa, qarşılaşdığı bütün sınaqlardan üzüağ, alnıaçıq çıxmağa, nailiyyətlərini qoruyaraq yoluna davam etməyə layiqdir və xalqımız bu layiqliyi, inkişaf əzmini zamanın bütün dövrlərində sübuta yetirib. 
  

Mənəvi irsə sadiqlik

 

Nizami elə bir dühadır ki, ona çoxları sahib çıxmağa, özünü bu söz mülkü sultanının yandırdığı çırağın nuruna şərik qoşmağa, mənəvi-tarixi irsini hansısa formalarda mənimsəməyə çalışar. Əfsuslar olsun ki, biz də Nizamiyə münasibətdə bu cür cəhdlərlə çox tez-tez rastlaşmalı oluruq. Anti-Azərbaycan fəaliyyətini zaman-zaman davam etdirən qonşu İran bu məsələdə daim xüsusi fəallıq göstərir. Dövrünün aparıcı ədəbiyyat dili olan fars dilində yazıb-yaratmaq amilindən tutub Nizami Gəncəvinin adı, yaradıcı irsi ilə manipulyasiya etməyə çalışır. Bu mövzuda mənasız bəyanatlarla, tarixi həqiqətləri təhrif edən fikirlərlə Nizaminin İran şairi kimi təqdim edilməsinə cəhdlər olur. Nizami Gəncəvi ümumbəşəri olsa da, Azərbaycan xalqının oğludur. Nizami bir ideyadır, düşüncədir, baxış sistemidir. Nizamiyə sahib çıxmaq onun təlqin etdiyi ideyaları yaşatmaqdır, bu ideyalara sadiqliyi sözdə deyil, əməldə göstərməkdir. Nizaminin ideallarının - ədalətin, sülhün, sadə insana, onun halal zəhmətinə dəyərin, xalqlar, mədəniyyətlər arasında qarşılıqlı hörmət ruhunun təmin olunması üçün çalışmaqdır. Azərbaycan dövləti Nizaminin bizə məxsusluğunu bunlarla göstərir. Bütün dünya hər zaman Nizami Gəncəvini Azərbaycan şairi, böyük filosof, alim kimi qəbul edib. Xalqımız Nizamini sadəcə tarixi bir simvol, ad, klassik əbədiyyat faktı kimi qəbul etmir, onun mənəvi irsi işığında ali dəyərləri bütün dünyada yaymağa çalışır. Nizami yaradıcılığı ilə xalqımızın istedadını, mənəvi potensialını, milli ideallarını təqdim edir və ortaya qoyulan real əməllərlə bütün bunlara hansı şəkildə sadiqliyini göstərir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumu və Azərbaycan Prezidenti İlham Əliyevin həmin tədbirdəki çıxışı da buna parlaq nümunə idi. 
Nizami Gəncəvi kimi dühalar xalqlar, mədəniyyətlər, sivilizasiyalar arasında ən möhkəm mənəvi körpüdür. Bəşəriyyət üçün ən çətin anlarda məhz belə mütəfəkkirlərin düşüncəsinə üz tutulmalı, xilas yolları onların ideyalarında axtarılmalı, dünyamızın gələcəyi üçün uyğun həllər tapılmalıdır. Əfsuslar olsun ki, müasir dünyamız soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurması ilə üz-üzədir. 
Azərbaycan Prezidenti Forumdakı çıxışında bu reallığı xüsusi qeyd etdi və mövcud vəziyyətdən çıxmaq üçün uğurlu əməkdaşlıq formatı kimi Qoşulmama Hərəkatının fəaliyyətinə diqqət yönəltdi. Prezident İlham Əliyevin fikrincə, Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılmasında və Hərəkatın təməl prinsiplərinin - Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Çünki həmin prinsiplər - sülh, əməkdaşlıq, ölkələrin ərazi bütövlüyünə, suverenliyinə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir və bu, dünyadakı münaqişələrin, ziddiyyətlərin yoluna qoyulmasını səmimi-qəlbdən istəyən hər kəsin maraqlarına uyğundur. 

 

Qoşulmama Hərəkatına qazandırılan uğurlar

 

Azərbaycan Qoşulmama Hərəkatına 2019-cu ildən başlanan və 120 dövlətin yekdil qərarı ilə daha bir il - 2023-cü ilədək uzadılmış sədrliyi dövründə bu təşkilata belə bir potensialı qazandıra bildi. Ölkəmizin rəhbərliyinə kimi passiv fəaliyyəti ilə yadda qalan, qlobal proseslərdə rolu, təsiri bir o qədər nəzərə çarpmayan Qoşulmama Hərəkatı kifayət qədər canlandırıldı. Bu məqsədlə beynəlxalq tədbirlər, üç Zirvə toplantısı təşkil edildi. Bütün dünyanı çənginə almış COVID-19 pandemiyasının ən gərgin vaxtlarında Azərbaycan Prezidentinin təşəbbüsü, Qoşulmama Hərəkatının dəstəyi ilə BMT Baş Assambleyasının pandemiya ilə bağlı Xüsusi Sessiyasının təşkili mümkün oldu. COVID-19-la mübarizə üzrə məlumat bazası yaradıldı və Ümumdünya Səhiyyə Təşkilatı bu bazadan səmərəli şəkildə istifadə edə bildi. 
Pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsinin ucaldılması, postpandemiya dövrü ilə bağlı aktual məsələlərin gündəmə gətirilməsi, əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardımların edilməsi, koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə yardımının göstərilməsi də Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə gördüyü real tarixi işlərdir. Azərbaycan quruma sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafına nail oldu, o cümlədən bu məqsədlə təşkilatın 60 illik tarixində ilk dəfə ölkəmizin təşəbbüsü ilə Parlament Şəbəkəsi yaradıldı. 

 

Azərbaycan sülhə sadiqdir

 

Bu cür qlobal platformalar başqa bir cəhəti ilə də əhəmiyyətlidir. Belə tədbirlər Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa, ümumən regionda yaşanan tarixi reallıqlar ətrafında düzgün, məqsədyönlü kommunikasiya qurmağa imkan yaradır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı ordumuzun gücü ilə Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra bölgədə yaranmış yeni reallıqlar dövründə də bu cür kommunikasiyalara çox böyük ehtiyac var. Hayastanın işğalçı mövqeyindən geri çəkilməsi, münaqişənin sülh yolu ilə həlli üçün təxminən 30 ilə yaxın müddətdə səbirlə gözləyən, danışıqlar prosesində iştirak edən, sonda isə danışıqların artıq heç bir səmərə vermədiyini görərək torpaqlarımızı cəmi 44 gün içində işğalçılardan təmizləyən Azərbaycan dövləti bu gün də sülhə sadiqdir və məsələlərin dinc yolla həllinə çalışır. 
2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra Azərbaycan sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdü və işğalçı dövlətlə sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdi. Azərbaycan Prezidenti Forumdakı çıxışında bir daha bəyan etdi ki, sülh üçün vaxt yetişib, ölkəmiz daimi sülhün əldə olunmasını istəyir. Ötən ilin oktyabrında Azərbaycanla Hayastan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət, əslində, onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Çoxkonfessiyalı, çoxmillətli ölkə olan Azərbaycanda azlıqların hüquqları Konstitusiyamızla qorunur. Ölkəmizdəki real vəziyyətlə tanış olan hər kəs Azərbaycanın yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkə olduğunu təsdiqləyə bilər. 
Hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Vacib məqam odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin. Hazırda rəsmi İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Azərbaycan Prezidenti ümid etdiyini bildirdi ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı müstəqilliyi qorumaq şansını əldən buraxmamaqda dilə gətirəcəklər. Çünki indiki durumda bu məğlub dövlət tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevrilmiş ölkədir. 
Prezident İlham Əliyev ötən forumdan bəri  enerji təhlükəsizliyi məsələləri ilə bağlı baş verən yeniliklər, Azərbaycanın Avropa Komissiyası ilə imzaladığı memorandum, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin yeri və rolu ilə bağlı fikirlərini də bölüşdü, bu istiqamətdə gələcək perspektivlərə diqqət yönəltdi. Avropanın enerji xəritəsində mühüm dəyişikliklərin olacağını nəzərə çatdırdı və bəyan etdi ki, biz Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişmişik, indi isə növbə "yaşıl enerji"ni təmin edəcək elektrik xətlərinindir. 
X Qlobal Bakı Forumu mövzusuna uyğun olaraq dünyanın ümumi mənzərəsini müəyyənləşdirdi, çağırışlarla bağlı uyğun təşəbbüslərin irəli sürülməsinə şərait yaratdı və gələcəklə bağlı böyük ümidlər doğurdu.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IV Şəki Beynəlxalq Teatr Festivalının rəsmi açılış mərasimi olub  

22:25
01 Dekabr

Azərbaycan derbisi: "Qarabağ" "Neftçi"yə böyük hesabla qalib gəlib  

22:22
01 Dekabr

Hakan Fidan ilə Antoni Blinken beynəlxalq vəziyyəti müzakirə ediblər  

22:20
01 Dekabr

Zelenski Avropa İttifaqı Şurasının yeni prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib  

19:41
01 Dekabr

Fərid Qayıbov: “Üzgüçülük hamı üçün” yarışında müxtəlif yaşda olan insanlara rast gəlmək sevindirici məqamdır

16:19
01 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur

16:07
01 Dekabr

İrakli Kobaxidze: ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərarı müvəqqəti xarakter daşıyır  

16:03
01 Dekabr

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə həyata keçirilib

15:52
01 Dekabr

Misli Premyer Liqasında Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”yə qarşı

15:29
01 Dekabr

Bakıda “Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib  

14:47
01 Dekabr

Bakı Təşəbbüs Qrupu BMT-də Afrika əsilli xalqların hüquqlarının müdafiəsinə dair tədbirdə təmsil olunacaq  

14:09
01 Dekabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:59
01 Dekabr

Mərakeş Diplomatik Araşdırmalar Akademiyasında Azərbaycanın xarici siyasətindən danışılıb  

13:37
01 Dekabr

Rumıniyanın Prezidenti Zati-aliləri cənab Klaus Verner İohannisə  

11:47
01 Dekabr

Prezident İlham Əliyev Laçının işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib VİDEO  

11:39
01 Dekabr

Alimlər inanılmaz həcmdə məlumatların almazda saxlamağın yolunu tapıblar

10:49
01 Dekabr

İranın XİN başçısı Türkiyəyə səfər edəcək

10:08
01 Dekabr

Dünyanı bürüyən mərəz 

08:50
01 Dekabr

Dənizkənarı Milli Park - milli mədəniyyətimizin ən qiymətli parçasından biri

08:45
01 Dekabr

SES ən sərfəli alternativ enerji mənbəyidir

08:40
01 Dekabr

Gəncədə keçirilən əmək yarmarkasında 300-ə yaxın vakansiya təqdim olunub

08:35
01 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!