24 Aprel 2024 08:40
149
SİYASƏT
A- A+

Əsl soyqırımını ermənilər Xocalıda törədiblər

 

Şuşada, Ağdamda, Kəlbəcərdə, Xocalıda, Xocavənddə, Əsgəranda... kütləvi məzarlıqlar aşkarlanır. Hər məzarlıq erməni vəhşiliyinin həddi-hüdudunun olmadığını yenidən üzə çıxarır.
Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqda on iki nəfərə aid qalıqlardan məlum oldu ki, ermənilər həmin şəxsləri qətlə yetirməzdən əvvəl əllərini, ayaqlarını məftil və ya kəndirlə bir-birilərinə bağlayıblar.
Şuşa həbsxanasında ermənilərin əsir saxladıqları azərbaycanlılara ağır işgəncələr verdiklərinin, amansız zorakılıqlarla öldürdüklərinin bariz nümunəsi də həmin ərazidən tapılan kütləvi məzarlıq oldu.
Fərrux yüksəkliyində, Daşaltı kəndində, Kəlbəcərin Başlıbel kəndində aşkar olunan kütləvi məzarlıqlar da vandal ermənilərin amansızlıqla törətdikləri cinayətləri üzə çıxardı.
Xocalı soyqırımı zamanı təcavüzkar ermənilər tərəfindən girov götürülən, otuz ildən çox son taleləri naməlum qalan xocalılıların bir hissəsinin kütləvi basdırıldığı ərazilər aşkarlandı. Xocalı şəhərinin Xalça fabrikinin yaxınlığında həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı kütləvi insan qalıqları tapıldı. Həmin ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların on səkkiz nəfər şəxsə məxsus olması (dörd nəfərin azyaşlı olması ehtimal edilir), müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edildi. Aşkar edilən insan qalıqlarının xüsusiyyətlərinə görə ən azı iyirmi beş il əvvəl basdırıldığı məlum oldu.
Kütləvi məzarlıqlar aşkar olunduqca insan qalıqlarının kimə məxsus olduğunu müvafiq qurumlar DNT analizi vasitəsilə müəyyən edir və doğmalarına təhvil verir. Otuz ildən artıq atasının, anasının, oğlunun, qızının, nəvəsinin və digər qohumlarının, dostlarının aqibətindən xəbərsiz qalanların gözləri yollardan belə yığılır. Doğmalarının, yaxınlarının ziyarətinə getməyə məzarları olur. Ancaq ümidlərin son şöləsi də sönür. Yaxınlarının, əzizlərinin ermənilər tərəfindən ağlasığmaz işgəncələrə məruz qalaraq qətlə yetirilmələri isə sağalmaz yaralarının üstünə daha bir yara vurur.
Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Birinci Qarabağ müharibəsində 3890 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Aşkar edilmiş kütləvi məzarlıqlarda onların bəzilərinin qalıqları eyniləşdirilib. İşğaldan azad edilmiş ərazilərimizdə bu istiqamətdə davamlı olaraq işlər aparılır. İşğalçı, təcavüzkar ermənilərin qəddarlıqla öldürdükləri azərbaycanlıların kütləvi məzarlıqlarının hələ çoxu tapılmayıb...
Bu dəhşətli cinayətləri törədənlərin hər biri əməllərinə görə cavab verməlidir. Onların bir qismi 44 günlük İkinci Qarabağ müharibəsində öz cəzalarını aldılar. Ötən ilin sentyabrında Qarabağda aparılmış lokal xarakterli antiterror tədbirləri zamanı bölgədə qalmış Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri və separatçılar diz çökdürüldü. Separatçıların başçıları həbs olunaraq Bakıya gətirildilər. Həmin canilər törətdikləri cinayətlərə görə cavab verəcəklər. Ancaq azadlıqda olan qəddar canilər də var. 
Ermənistan tərəfi bu illər ərzində itkin düşmüş şəxslərlə, eləcə də kütləvi məzarlıqlarla bağlı məlumatları ölkəmizə təqdim etməkdən yayınır. İndiyədək yalnız respublikamızın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlər nəticəsində bir neçə itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirmək mümkün olub. Hələ də minlərlə azərbaycanlının taleyi haqqında heç bir məlumat yoxdur.
İşğaldan azad edilmiş ərazilərdə davamlı şəkildə aşkar olunan hər bir kütləvi məzarlıq Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərin izlərini üzə çıxarır. İnsan qalıqlarının əsasən qadın və uşaqlara aid olması, onların əllərinin kəndirlə bağlanması, işgəncələrlə qətlə yetirilməsi faktları Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü soyqırımı siyasətini, müharibə və insanlıq əleyhinə törətmiş olduğu dəhşətli cinayətləri sübuta yetirir.
Xalqımıza qarşı ermənilərin nifrətinin, soyqırımı, işğalçılıq siyasətinin əzablarını azərbaycanlılar təkcə XX əsrin sonlarında deyil, iki yüz ildən çox çəkiblər. Çünki iki əsr öncə Azərbaycan ərazisinə köçürülmüş erməniləri burada məskunlaşmaq qane etmədi. Özgə torpaqlarında özlərinə dövlət qurduqdan sonra da yeni-yeni xülyalara düşdülər, utanmadan "böyük Ermənistan" yalanını uydurdular. Doğrudur, özlərindən başqa kimsəni buna inandıra bilmədilər. Lakin bu yalanın, boş xülyanın oduna minlərlə azərbaycanlını yandırdılar, məhv etdilər. 1905-1907-ci illərdə, 1918-ci ildə erməni quldurlarının Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, Lənkəranda, Qarabağda və digər ərazilərimizdə azərbaycanlılara qarşı törətdikləri qırğınların, soyqırımlarının qurbanlarının da çoxunu ermənilər dəhşətli işgəncələr verərək qətlə yetirmiş, kütləvi şəkildə basdırmışdılar.
Əsl və çox təəssüf ki, olduqca ağrılı, dəhşətli tarix budur. Və danılmaz faktlar yalnız mənbələrdə qalmayıb, həm də Azərbaycan xalqının qan yaddaşındadır. Və illərin, əsrlərin belə silə bilmədiyi izləri ölkəmizin ərazilərindədir.
Şəri, yalanı, böhtanı adət-ənənələrinə çevirmiş ermənilər tarixi həqiqətdən uzaq, qondarma "erməni soyqırımı" uydurublar. 24 apreli türklər tərəfindən soyqırımına məruz qaldıqları gün kimi qələmə verirlər. Əsaslanmağa dürüst heç bir mənbələri olmadan ortaya atdıqları bu yalanı bütün dünya ölkələrinin, xüsusilə də böyük dövlətlərin parlamentlərinin gündəminə gətirməyə səy göstərirlər. Onların himayələrinə sığınmaq və böhtanlarına şərik etmək üçün hər oyundan çıxırlar.
Bu yalanın - "erməni soyqırımı"nın real tarixi isə belədir: 1915-ci il aprelin 24-də, əslində, soyqırımına məruz qalan yox, dəhşətli cinayətlər törədənlər ermənilər olub. Tarixi faktlar təsdiq edir ki, onlar 1915-ci ildə türklərə qarşı genişmiqyaslı hücumlar təşkil edib, qırğınlar törədiblər. Təcavüzkar, qəddar ermənilər günahsız insanları dəhşətli işgəncələr verərək qətlə yetiriblər. Osmanlı dövləti erməni üsyanlarının və türklərə qarşı törədilən qırğınların qarşısını almaq məqsədilə təhlükəsizlik tədbirləri həyata keçirib. Nəticədə erməni komitələri və partiyalarının fəaliyyətinə son qoyulub, erməni terrorçuları həbs olunub. Cinayətkar "Daşnaksütyun",  "Hnçak", "Ramqavar" komitələrinin üzvlərinin həbs olunduğu tarixi - 1915-ci ilin 24 aprelini ermənilər "soyqırımı" günü elan ediblər. 
1915-ci il mayın 27-də ermənilərin yerlərinin dəyişdirilməsinə qərar verilən "Təhcir Qanunu" qəbul olunub. Deməli, onların osmanlılar tərəfindən köçürülməsinin də 24 aprellə əlaqəsi yoxdur. Ümumiyyətlə, "Təhcir Qanunu"nun mətnində "erməni" sözü yazılmayıb. Bu qanun yalnız ermənilərə deyil, ümumilikdə Osmanlı dövlətinə qarşı üsyana qoşulanlara, düşmənlərlə əməkdaşlıq edənlərə tətbiq olunub. Tarixi faktlar Osmanlı dövlətinin hər zaman etnik azlıqlarla münasibətlərində humanizm prinsiplərini əsas götürdüyünü, münaqişələrə meydan vermədiyini təsdiqləyir.
O da məlumdur ki, ermənilər hər dövrdə olduğu kimi, Osmanlı dövlətində də rahat şəraitdə yaşayıblar. İctimai-siyasi vəziyyət gərginləşməyə başlayanda isə yenə məkrli xislətlərinə uyğun davranıblar. Dinc, günahsız insanların üzərinə hücuma keçiblər. Uşaq, qoca, cavan, qadın, əlil demədən qarşılarına çıxan türkləri qətlə yetirib, şikəst ediblər. Onların evlərini qarət edib, yandırıblar.
Bədxah ermənilərin XX əsrin doxsanıncı illərində Qərbi Azərbaycanda, Qarabağda, Şərqi Zəngəzurda törətdikləri qırğınlar, soyqırımları həmin cinayətkarlığın davamı idi. Qəddar ermənilər əsrin əvvəllərində olduğu kimi, sonlarında da bəd əməllərindən əl çəkməmişdilər.
Deməli, erməni soyqırımı tarixin ən böyük yalanıdır. Əsl soyqırımını isə 1992-ci il fevralın 26-dan 27-nə keçən gecə ermənilər Xocalıda törədiblər. 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakinini qətlə yetiriblər. 8 ailəni tamamilə məhv ediblər. Erməni qaniçənləri Xocalı adlı şəhəri Yer üzündən siliblər. 

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video