Bu günlərdə Avropa Parlamentinin (AP) yenə də destruktiv siyasi mövqeyini ortaya qoyaraq ermənilərə lazımsız himayədarlıq etməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
AZƏRTAC xəbər verir ki, Ermənistanın siyasi hakimiyyəti ilə yanaşı, ictimaiyyəti də Qarabağ probleminin süni surətdə yaradıldığını artıq başa düşərək, bundan yaxa qurtarmağa və Azərbaycan ilə mehriban qonşuluq prinsipinə uyğun olaraq yaşamaq istədikləri halda AP bunun əleyhinə çıxır. Regionun iki dövləti arasında davam edən sülh prosesinə mane olmağa çalışan AP-nin bu addımı onun heç də müasir dünyada bəyan etdiyi demokratik inkişafa xidmət etmir.
Azərbaycan Qarabağı işğaldan azad edərək orada yaşayan heç bir erməniyə, necə deyərlər “gözün üstündə qaşın var” demədi. Qarabağı könüllü olaraq tərk edən erməni ailələrinin heç bir şikayəti olmadığı halda AP-nin qeyri-konstruktiv xarakterli qərarını necə başa düşmək olar?
Demokratiya, insan hüquqları və digər bu kimi siyasi kateqoriyaları əldə rəhbər tutan AP deputatları Azərbaycanın əraziləri işğal ediləndə, Xocalı soyqırımı törədiləndə, müsəlman məscidləri tövləyə çevriləndə hara baxırdılar? Birdən-birə nə oldu ki, Qarabağın azad olunmasından 5 il keçdikdən sonra avropalı deputatların ermənilərin “pozulan hüquqları” yada düşdü? Bu “səxavət”in və “humanizm”in mənbəyi nədən ibarətdir? Bu sualları cavablandırmaq əslində o qədər də çətin məsələ deyil.
Bu günlərdə Argentinaəsilli, keçmişi qaranlıq və bir çox dələduzluqda adı hallanan BMT Ədalət məhkəməsinin keçmiş prokuroru Luis Okompo və oğlunun videosunun ictimailəşməsi AP-nin tam olaraq korrupsiya bataqlığında ilişib qaldığını deməyə əsas verir. Cinayət sxemi quran keçmiş prokuror erməni lobbisindən pul alaraq fond yaradır, AP-nin Cozep Borrel kimi təmsilçisi ilə bölüşərək qurumun saxta qərarlar çıxarmasına nail olur.
Avropa qurumlarında birinci dəfə deyil ki, rüşvət və korrupsiya qalmaqalı mətbuata sızır. Hələ 2014-cü ildə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Moqerini Belçika polisi tərəfindən məsuliyyətə cəlb olunmuşdu. F.Moqerini Aİ büdcəsindən rektoru olduğu Avropa kollecinə qanunsuz köçürmələr edərək mənimsəyirdi. Bu işdə o, tək olmasa da, toxunulmazlığı götürüldü, həbs olundu, məsuliyyətə tək cəlb olundu. Lakin az keçməmiş azadlığa buraxıldı. 2019-cu ildə isə Ursula Fon der Lyayen COVID-19-a qarşı vaksin almaq üçün 70 milyardlıq korrupsiya əməli haqqında nəticəsi olmayan araşdırma aparıldı.
2022-ci ildə baş verən “Qətərqeyt” qalmaqalı isə polşalı jurnalist “Gündəlik Polşa qəzeti”nin müxbiri Adrian Stankovskinin yazdığı - “AP çürüməyə davam edir və yaxın illərdə tamamilə çürüyüb məhv olacaq ki, buna da səbəb AP-dəki korrupsiyadır” sözlərini təkrarlamağı vadar edir.
Belçikanın “L' Echo” qəzeti yazırdı ki, AP-nin 44 yaşlı sədr müavini Yeva Kayli Qətərdən külli miqdarda rüşvət alaraq futbol üzrə dünya çempionatının bu ölkədə keçirilməsi üçün lobbiçiliyi təkbaşına etməyib. Buna görə də polis 16 ünvanda axtarış aparıb və Y.Kaylinin evindən 600 min avro götürüb ki, bunun da mənbəyini AP-nin sədr müavini izah edə bilməyib. Onunla birlikdə həbs olunan 5 nəfərin arasında Y.Kaylinin atası Aleksandrosa Kayli və “Beynəlxalq Həmkarlar İttifaq” (International Trade Union Confederation, ITUC) qeyri-hökumət təşkilatına rəhbərlik edən Luka Visentini də var idi. A.Kaylini polis ölkədən qaçmaq istəyərkən yaxalamışdı.
Həbs olunan digər bir “qəhrəman” isə AP-nin keçmiş deputatı sosial-demokrat Pyer-Antonio Pançeri idi. Təəccüb doğuran isə odur ki, P.A.Pançeri “Qanunsuzluğa qarşı mübarizə” (Fight Impunity) qeyri-hökumət təşkilatının (QHT) təsisçisi və rəhbəri idi. Bu mütəşəkkil cinayətkar dəstənin daha bir üzvü “Ədalətsiz dünyaya yox deyək” QHT rəhbəri Nikkolo Fiqa Telmanka olub. Əlbəttə ki, Y.Kaylinin ömür-gün yoldaşı Fransçesko Corci kənarda qalmayıb. O da FIFA təmsilçiləri və AP deputatlarını pul ilə ələ alaraq müvafiq qərarın çıxarılması üçün qanunsuz əməllərə yol verib. Həmin dövrdə AP-yə sədrliyi Cozep Borrel edirdi.
İndi bu adamlardan ibarət olan bir Avropa qurumu Azərbaycana qarşı qərar qəbul edir və özünü demokrat, insan hüquqlarını qoruyan təşkilat kimi qələmə verir. Buna kim inanar? Azərbaycanın 44 günlük müharibədə qələbəsini həzm edə bilməyənlər, regionu istədikləri kimi yönəldib şəxsi və çirkli bizneslərini böyütmək istəyənlər ermənilərə himayədarlıq edirlər. Ermənistandan soruşmaq lazımdır ki, onların belə cinayətkarlar yetişdirən bir qurumun himayəsinə ehtiyacları varmı?
“Transparency International” təşkilatının nümayəndəsi Viktor Teykseyra bildirib ki, “Qətərqeyt” qalmaqalı AP-da baş verən yeganə korrupsiya halı deyil. Bu qurumun keçmiş və indiki deputatlarının əksəriyyətinin adı korrupsiyada hallanır.