05 Mart 2024 08:00
8375
SİYASƏT
A- A+

Enerji siyasətinin yeni hədəfləri

 

Əsas prioritet Avropaya "yaşıl enerji"nin önəmli ixracatçılarından biri olmaqdır

 

Ötən həftə Bakı növbəti mötəbər tədbirə - "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarına evsahibliyi etdi. Budəfəki iclaslarda Azərbaycanın Avropa enerji təhlükəsizliyində oynadığı rol, bərpaolunan enerji mənbələri üzrə potensialı və Xəzərdən Avropaya "yaşıl enerji"nin ixrac perspektivləri  müzakirə olundu və həmçinin Azərbaycanın potensial enerji imkanları dünyaya təqdim edildi.
Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkətin təmsil olunduğu sözügedən iclaslarda çıxış edən Prezident İlham Əliyev ölkəmizin indiyədək enerji siyasəti istiqamətində atdığı addımlar, reallaşdırdığı layihələr barədə məlumat verdi, eyni zamanda mövcud potensialdan, imzalanan sazişlərdən söz açıb, gələcək perspektivləri, nəzərdə tutulan layihələri dəyərləndirdi. Dövlət başçısının çıxışı həm də müəyyən ölkələrə müraciət xarakteri daşıdı. Əldə etdiyimiz gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırtmaqla bu sahəyə töhfə verməyin önəmini diqqətə çatdırdı.

 

Azərbaycan qazına olan tələbat getdikcə artır

 

Öncə onu deyək ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir və bu il tədbirin 10 ili tamam olur. Budəfəki toplantıda dünya bir daha Azərbaycanın enerji potensialına, ölkəmizin bu sahədə nəyə qadir olduğuna şahidlik etdi. 
Prezidenti İlham Əliyev "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı "Euronews" televiziyasına müsahibəsindəki fikirləri ilə reallıqları göstərdi. 
Ötən il bu sahədə Azərbaycanın əldə etdiyi nailiyyətlərə diqqət edək: 
2023-cü ilin ən mühüm hadisəsi "Abşeron" qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatıdır. Çünki bu, "Şahdəniz"dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. 
"Abşeron" qaz-kondensat yatağı ölkəmizin gələcək şaxələndirmə layihələrinin resurs bazasını təşkil edəcək. Bu layihənin ilk fazası artıq təsdiq edilib. Orada illik hasilatın 1,5 milyard kubmetr həcmində olması gözlənilir. 
İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcək ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq.
Növbəti nailiyyət isə Azərbaycanın daha iki ölkə - Macarıstana və Serbiyaya qaz nəql etməsi oldu. Bununla da Avropaya qaz təchizatımızın coğrafiyası genişlənmiş oldu. Hazırda Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. 
Prezident həmçinin mövud potensialı dəyərləndirərək nəzərdə tutulan digər layihələr barədə də ətraflı məlumat verdi. Bəlli oldu ki, Azərbaycan qazına olan mövcud tələbat getdikcə artır. Ölkəmizin ixtiyarında mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Ötən il ərzində Azərbaycan qardaş Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığına gəlib. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Daha artıq alternativlər və seçimlər ola bilər. Çünki onların hər biri enerjinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin maksimum səmərəliliklə təmin olunması kimi vahid məqsədə xidmət edir.

 

"Azərbaycanda kifayət qədər qaz yoxdur" deyənlərə ünvanlanan mesaj

 

Gələcək planlara nəzər yetirsək görərik ki, həqiqətən də, Azərbaycanın çox əlverişli imkanları və potensialı var. Gələn ilin ilk rübündən etibarən "Azəri-Çıraq-Günəşli" dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatı gözlənilir. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, "Azəri-Çıraq-Günəşli" Azərbaycanın neft ixracının əsas mənbəyidir. Hazırda kəşfiyyata başlanılması ilə bağlı tərəfdaşlarla razılığa gəlinib və bu əlavə töhfə olacaq. Prezidentin də söylədiyi kimi, ilkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dəfə artacaq. Bu, "Şahdəniz" və "Abşeron" yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaq. Bununla yanaşı, "Ümid" qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlar var ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar.
Beləliklə, bütün bu planlar tamamilə realdır, onlar müfəssəl təhlilə, məlumata, informasiyaya və bizim maliyyə resurslarına, habelə investorlarla razılaşmalarımıza əsaslanır. Layihələrin bəziləri investorlarla birlikdə icra olunacaq, bəziləri isə SOCAR-ın özü tərəfindən həyata keçiriləcək. 
İlham Əliyev əminliklə vurğuladı ki, bütün bunlar potensialın olduğunu və  getdikcə artdığını göstərir. Bu, eyni zamanda Azərbaycanı istəməyən qüvvələrə də bir mesaj oldu. Prezidentin dediyi kimi, illərdir ki, ortalıqda yayılan və Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün "Azərbaycanda kifayət qədər qaz yoxdur" kimi bütün şayiələr bir daha onu göstərdi ki, onlar tamamilə əsassızdır və bizim potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi.
Göründüyü kimi, Azərbaycanın enerji gündəliyi çox zəngindir və ölkəmiz həm ənənəvi enerji mənbələri, həm də bərpa-olunan enerji üzrə Avropanın enerji xəritəsini yenidən formalaşdırır. Bütün bu uğurlar İlham Əliyevin milli maraqlara söykənən xarici siyasətinin sayəsində mümkün olub. 

 

Azərbaycan artıq mühüm yolu qət etməyə başlayıb

 

Azərbaycan ənənəvi enerji rezervləri ilə yanaşı, həm də alternativ enerji üzrə böyük potensiala malikdir. Ölkəmizin quruda, suda bərpaolunan enerjisinin texniki potensialı 292 QVt gücündə qiymətləndirilir. Bundan başqa, bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı isə 27 QVt həcmində dəyərləndirilir. 
2022-ci ilin dekabrında 4 ölkənin Buxarestdə imzaladığı "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"ə əsasən, 4 MVt-lıq "yaşıl enerji" Qara dənizin dibi ilə Avropaya nəql olunacaq. Yəni Azərbaycan "Qara Dəniz Yaşıl Kabel" layihəsi ilə Avropaya "yaşıl enerji"nin önəmli ixracatçılarından biri olmağı planlaşdırır.
İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində bildirib ki, Azərbaycanın bərpaolunan enerji layihələrinin gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Azərbaycan artıq bu mühüm yolu qət etməyə başlayıb: "Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq".
Bir sözlə, İkinci Qarabağ müharibəsindəki böyük zəfərdən sonra Cənubi Qafqazda yaranan reallıqları məharətlə dəyərləndirən İlham Əliyev irəli sürdüyü qlobal təşəbbüslərlə, həyata keçirdiyi mütərəqqi islahatlarla Azərbaycanın gələcək uğurlarının konturlarını müəyyənləşdirir. Məhz İlham Əliyevin təşəbbüsü ilə reallaşan qlobal enerji layihələri ilə Azərbaycanın beynəlxalq nüfuzu, siyasi çəkisi artmaqdadır. Dünyanın geosiyasi və geoiqtisadi gündəmini düzgün qiymətləndirən dövlət başçısı verdiyi sözünə, vədinə sadiqliyi ilə Azərbaycana dünyada ən etibarlı tərəfdaş statusunu qazandırıb. Hazırda Azərbaycan Avropanın enerji təminatında açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunur. Bu, ölkə sərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə etiraf edilir. Bu prosesi dəyərləndirən İlham Əliyev deyir ki, Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaş ölkələrin dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişib. Çünki Azərbaycan tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən enerji kəməri çəkməklə yeni rekordlara imza atıb.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video