14 Aprel 2023 01:14
1813
SİYASƏT
A- A+

Ədaləti də, sülhü də "dəmir yumruq" təmin edəcək

 

44 günlük müharibənin üzərindən kifayət qədər vaxt keçib, amma Hayastan ötən müddət ərzində sülh müqaviləsinin bağlanması istiqamətində nəinki hansısa real addım atıb, əksinə, məqsədyönlü şəkildə ölkəmizə qarşı ardıcıl təxribatlar törədərək bu prosesi süni şəkildə əngəlləməyə çalışıb. 
Elə aprelin 11-də hayların Azərbaycana qarşı törətdikləri növbəti təxribat da bölgədə vəziyyəti gərginləşdirmək və barışığa mane olmaq üçün həyata keçirilən daha bir məkrli plana cəhd idi. 

 

Havadarları hayları məhvə sürükləyir 

 

Düzdür, bu, başqa reallıqdır ki, "dəmir yumruq" hər dəfəsində təxribatçı Hayastana layiqli dərsini verərək yerinə otuzdurur. Amma istənilən halda o da gerçəklikdir ki, sülh müqaviləsinin imzalanması Hayastanın bir dövlət olaraq varlığı  üçün həyati əhəmiyyət daşıyır. İllərdir sərsəm ideologiya arxasınca qaçaraq min bir fitnə-fəsada, özgənin torpaqlarına iddia etməyə başı qarışan haylar özlərini blokadaya salıblar, iqtisadi, sosial, demoqrafik böhrana sürükləyiblər. Üstəgəl Vətən müharibəsindəki biabırçı məğlubiyyətlərindən sonra hərbi sahə başda olmaqla, bütün sferalarda dirçəlişi mümkün olmayan iflasa uğradıblar. 
Hayastanın bu "performans"la Cənubi Qafqazın şəksiz lideri Azərbaycana qarşı hansısa revanş hisslərə qapılması, sülh prosesinə təxribatlar yolu ilə əngəl olmağa   çalışması sadəcə gülünc doğurur. 
Vətən müharibəsində "dəmir yumruq" qarşısında diz çökərək məğlubiyyət aktının altına qol qoyan Hayastan, zaman keçdikcə təxribatçı əməllərini yenidən törətmək cürəti nümayiş etdirir. Ötən müddətdə bütün mümkün çirkin yollarla 10 noyabr üçtərəfli Bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərdən yayınan haylar davamlı olaraq Azərbaycana qarşı böhtan və şər atma kampaniyası aparırlar. Amma gec, ya da tez Azərbaycanın diktə etdiyi şərtlərlə sülh müqaviləsini bağlamağa məhkum olduqlarını hiyləgər hayların özləri də yaxşı bilirlər. Sadəcə Azərbaycana qarşı açıq düşmənçilik aparan xarici havadarlarının göstərdiyi dəstək, onlar tərəfindən pulsuz silahlarla təmin olunmaları, eyni zamanda dövlətimizin razılığı olmadan gətirib sərhədlərimizə yığdıqları Avropa İttifaqının məramı sülh olmayan missiyasının varlığı, habelə Avropa Parlamentinin ölkəmizə qarşı "qətnamə" adı ilə qəbul etdiyi bir-iki kağız-kuğuz parçası hayları yenidən revanşa həvəsləndirir. Amma bu quduz iştahalarının Hayastanın özünü məhvə sürüklədiyi də gün kimi ortadadır.

 

İşğal, müharibə, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapacaq

 

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni özü icra edərək torpaqlarını işğaldan azad edən Azərbaycan ədaləti güc yolu ilə döyüş meydanında təmin etdi. Çünki beynəlxalq qurumlar üç onillik boyu Azərbaycanın torpaqlarının Hayastanın işğalı altında olmasına göz yumdular, bu barədə susdular. Yüzminlərlə yurdundan didərgin salınan vətəndaşımızın taleyinə biganə qaldılar, xalqımıza qarşı törədilən qırğınlara, soyqırımlarına heç bir hüquqi qiymət vermədilər, buna görə faşist xislətli haylara təzyiq göstərmədilər.
Elə Vətən müharibəsindən ötən iki ildən çox müddətdə də beynəlxalq havadarları ancaq erməni şər-böhtanının çaldığı havaya oynayıb, Hayastanın ardıcıl olaraq Azərbaycana qarşı təxribatlar törətməsinə heç bir reaksiya verməyib. 
Amma Azərbaycan qüdrətli dövlətdir və milli mənafelərini istər döyüş, istər siyasi platformada qətiyyətlə həll etmək iqtidarında və əzmindədir. Bununla bağlı ölkəmizin iradəsinə heç bir kənar qüvvə mane ola bilməz. 
Necə ki, bu barədə martın 18-də Tərtər rayonunun Talış kəndində bayram tonqalı alovlandıran zaman Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib: "İşğal reallıqları, müharibə reallıqları, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə heç bir sülh müqaviləsi olmayacaq. Ermənistana lazım deyilsə, bizə də lazım deyil. Ondan sonra görək, baxaq bunun axırı nə olacaq?!"

 

Qisasımız qətiyyətlə alındı

 

Zəfərdən sonra işğaldan azad edilən torpaqlarda minatəmizləmə əməliyyatına, quruculuq və bərpa işlərinə başlayan ölkəmiz, paralel olaraq Cənubi Qafqazda davamlı sülhün əldə olunması naminə əməli addımlar atıb, Hayastana təkmil sülh modeli təklif edib. Rəsmi Bakı sülh prosesi çərçivəsində baş tutan üçtərəfli görüşlərdə hər zaman barışıqdan yana olduğunu nümayiş etdirib.
Aprelin 12-də Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul etdiyi zaman da məlumat verdi ki, Ermənistanla Azərbaycan arasında hazırda sülh prosesi iki istiqamət üzrə həyata keçirilir. Dövlət başçısı Azərbaycanın Qarabağ iqtisadi regionundan olan erməni sakinlərlə birbaşa təmasların həyata keçirilməsi istiqamətində Bakıda görüşlərin təşkil edilməsinə dair təkliflərlə çıxış etdiyini vurğuladı və bu xüsusda Azərbaycan tərəfindən xüsusi nümayəndənin təyin edildiyini dedi və onların Bakıya həm reinteqrasiya, həm də müxtəlif infrastruktur layihələrinin müzakirəsi məqsədilə dəvət edildiyini bildirdi. 
Eləcə də dövlət başçısı aprelin 11-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti qeyd edərək, bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu bildirdi.
Xatırladaq ki, aprelin 11-də saat 16:20 radələrində Hayastan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutublar. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutub. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində düşmən təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Təxribatın qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu şəhid olub.
Görünən odur ki, Hayastan İkinci Qarabağ müharibəsində uğradığı biabırçı məğlubiyyətini unudub, ya da unutmaq istəyir. Buna görə də Azərbaycana qarşı təxribatlar törətmək kimi özünün sonu olacaq cəhdlər edir. 
Amma aprelin 11-də igid döyüşçülərimiz mənfur haylara elə bir divan tutdular və şəhidlərimizin qisasını layiqincə aldılar ki, qiyamətə qədər də yadlarından çıxara bilməyəcəklər. Onu da heç zaman unutmayacaqlar ki, "dəmir yumruq" yerindədir, yəni təcavüzkar Hayastanın başının üzərindədir. 

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video