Ərzaqlıq buğda əkən fermerlərə müasir suvarma sistemləri üçün aldıqları kreditlərə dövlət zəmanəti və faiz subsidiyası veriləcək
Ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə aqrar sektorda həyata keçirilən islahatlar sayəsində bir çox kənd təsərrüfatı məhsulunun istehsalında artım müşahidə olunur. Bu, daxili tələbatın yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ixraca da təsir edir.
Aqrar sektorda aparılan islahatlar əsasən fermerlərə dövlət tərəfindən verilən dəstəklə bağlı olur. Bu gün kənd təsərrüfatı ilə məşğul olanlar torpaq vergisindən savayı bütün növ vergilərdən azad olunub, dövlət tərəfindən istehsalçılara yanacaq və gübrələr güzəştli qiymətlərlə verilir və s. Təbii ki, bütün bunlar nəticəsiz qalmır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 3, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3, bitkiçilik məhsulları üzrə 2,7 faiz artmışdır.
Bu günlər fermerlərə daha bir dəstək verildiyi məlum olmuşdur. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən vetilən məlumata görə, ərzaqlıq buğda əkən fermerlərə müasir suvarma sistemləri üçün aldıqları kreditlərə dövlət zəmanəti və faiz subsidiyası veriləcək. Dövlət tərəfindən verilən zəmanət 30 faizdən 60 faiz arasında dəyişəcək. Bu, banklar tərəfindən veriləcək kreditin faiz dərəcəsindən asılı olacaq. Bu dəstəyin əsas hədəflərindən biri əkin sahələrində müasir suvarma sisteminin tətbiqi ilə məhsuldarlığı artırmaqdır. Bununla həm də ölkədə ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsi yüksələ bilər.
Sahibkarlara kreditlərin verilməsi bankların öz resusları hesabına həyata keçiriləcək. Şərtlərə görə, hər layihə üzrə kreditin məbləği 3 milyon manatdan çox olmamalıdır. Müasir suvarma sistemlərinin alıcıları onların qiymətləndirmə nəticəsində müəyyən olunan satış dəyərinin minimum 20 faizi həcmində ilkin ödəniş həyata keçirməlidirlər. Dövlət zəmanəti və faiz subsidiyası 2028-ci il yanvarın 1-dək bağlanılmış bütün kredit müqavilələrinə şamil ediləcək.
Bu günlər həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə "Fermerlərin dəstəklənməsi və dövlət-özəl sektor əməkdaşlığı" mövzusunda tədbir keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, 150 fermer, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin və maliyyə qurumlarının nümayəndələri iştirak ediblər.
Çıxış edənlər kənd təsərrüfatının inkişafı, bu sahədə hədəflər, dövlət dəstəyi tədbirləri və güzəştlər, eləcə də özəl sektorun fermerlərlə əməkdaşlığı barədə məlumat veriblər. Müzakirələrdə həmçinin rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, bunun üçün vacib olan amillər, bazarlara çıxış, özəl sektorun bu sahədə rolu məsələlərinə də toxunulub.
Veysəloğlu Şirkətlər Qrupunun "Tarladan rəfə" strategiyası üzrə təqdimatda qeyd edilib ki, məhsulların birbaşa tarladan mağaza rəflərinə gətirilməsi ilə bağlı 52 fermerlə başlanılan təşəbbüsün müsbət nəticəsi olaraq əməkdaşlıq edilən fermerlərin sayı 190-ı keçib. Şirkətlər qrupu 2023-cü ilin yanvar-noyabr ayları ərzində fermerlerdən 50 min tona yaxın kənd təsərrüfatı məhsulu alaraq pərakəndə satış şəbəkələrində realizə edib.
Tədbir çərçivəsində təşkil olunmuş "Dövlət-özəl sektoru əməkdaşlığı" panelində kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması, istehlakçıların keyfiyyətli və uyğun qiymətə yerli məhsullarla təmin edilməsi, idxaldan asılılığı azaldaraq tədarük zəncirinin davamlılığının artırılması, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafının dəstəklənməsi kimi mövzulara toxunulub, fermerlərin təklifləri dinlənilib.
Şirkətlər Qrupunun qurduğu "soyuq zəncir" nəticəsində fermerlərin məhsullarını satmaq üçün vaxt və pul sərf edərək Bakıya gəlmələrinə ehtiyac qalmadığı, məhsullarını şirkətin regional anbarlarına çatdırmaqla satışa nail olunmasının əhəmiyyəti vurğulanıb.
Rüstəm KAMAL,
"Azərbaycan"