31 Mart 2023 03:10
1378
SİYASƏT
A- A+

“Dəmir yumruq" Laçın yolunu tam nəzarətə götürdü

 

Hayastandan Qarabağa qanunsuz silah-sursat və minaların daşınmasının qarşısı alındı

 

Müzəffər Azərbaycan Ordusu Qarabağdakı qeyri-qanuni hay silahlı dəstələrinin qanunsuz hərbi təyinatlı daşımalarının qarşısını aldı. Bundan sonra Hayastanın cinayətkar ordusunun tör-töküntüsü hər hansısa torpaq yolla silah-sursat, hərbi təyinatlı texnikalar daşıya bilməyəcək. 
Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.
Hərbi ekspertlərin də qeyd etdiyi kimi, Cağazur və Zabux kəndləri arasındakı bir sıra strateji əhəmiyyətli yüksəkliklərin azad olunması Azərbaycan Ordusuna əlverişli imkanlar yaradıb. Bu, ilk növbədə həmin strateji ərazilərimizdən düşmənin istənilən hərəkət qüvvəsinin müşahidə altında saxlanıla bilməsidir. Bundan sonra ordumuzun nəzarəti altında olan ərazilərdən keçərək dağ yolları ilə qanunsuz silah-sursatın danınması qeyri-mümkündür. 
Nəzarətə götürülən geniş sahələr həmin yolda Nəzarət Buraxılış Məntəqəsinin yerləşdirilməsi imkanı yaradır. Yəqin  ki, tezliklə bu proses də reallaşacaq və sülh müqaviləsi imzalamaq əvəzinə Qarabağa qanunsuz silah-sursat və minalar daşıyan Hayastanın məkrli oyunları alt-üst olacaq. 
Onu da vurğulayaq ki, bu çirkin oyunlar Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilirdi. Yəni aparılan müşahidələr də göstərirdi ki, Hayastanın silahlı bölmələrinin və qeyri-qanuni hay silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan kolon şəklində hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilirdi. Azərbaycan Müdafiə Nazirliyi məhz bu real faktlara əsasən yaydığı məlumatlarda Rusiya sülhməramlı kontingentinin rəhbərliyini diqqətli olmağa və bu cür hərəkətlərə son qoymağa çağırsa da, qarşı tərəf yenə də hayların qanunsuz əməllərinə göz yumurdu. 
Müdafiə Nazirliyi isə bəyan edirdi ki, Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər üçtərəfli Bəyanatın icrası ilə bağlı onların üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir. Vəzifə və öhdəliklərinin əksinə olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması deməkdir. Belə hallara dərhal son qoyulmalıdır.
Nazirliyin məlumatlarında qeyd edildi ki, mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu bir daha təsdiqləyir. Çünki dəfələrlə edilən xəbərdarlığa baxmayaraq, martın 25-i yenidən günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərir. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılır. 
Göründüyü kimi, dəfələrlə xəbərdarlıq edilsə də, Hayastan yenə öz çirkin əməllərindən əl çəkmirdi. Azərbaycan ərazilərində yaşayan ermənilərin reinteqrasiyası üçün dialoq təklif etdiyi halda Hayastanın və kənar qüvvələrin təsiri, təlimatları əsasında ölkəmizin ərazisində qalan ermənilər hələ konstruktiv yola gəlmək niyyətində olmadıqlarını nümayiş etdirirlər. 
Xatırladaq ki, vaxtilə Azərbaycan Hayastana keçmiş münaqişəni dinc vasitələrlə tənzimləmək üçün təkliflər edirdi. Eyni zamanda dinc yollar fayda verməyəcəyi təqdirdə, məsələnin güc yolu ilə həll ediləcəyi də vurğulanırdı. Lakin Hayastan Azərbaycanın mövqeyini düzgün qiymətləndirə bilmədi və nəticəsi çox açınacaqlı oldu. 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı cəmi 44 günə düşməni qarşısında diz çökdürdü. Əvvəllər İlham Əliyevin təkiflərinə reaksiya verməyən Hayastan rəhbərliyinə bir daha bəlli oldu ki, Azərbaycan Prezidenti sözünün sahibidir. İlham Əliyev müharibədən öncə hansı fikirləri səsləndirmişdisə, bütün hamısını reallığa çevirdi. "Dəmir yumruq" düşmənin başını elə əzdi ki, zəfərdən 2,5 il keçməsinə baxmayaraq, hələ də Hayastan özünə gələ bilməyib. 
Lakin sülh müqaviləsi imzalamaqdan hələ də boyun qaçıran Hayastan havadarlarının dəstəyi ilə Qarabağda qeyri-qanuni silahlı dəstələrini silahlandırmaqda davam edir. Azərbaycan hər zaman olduğu kimi bu prosesi görür və Hayastana xəbərdarlığını edirdi.   
İlham Əliyev bütün çıxışlarında qeyd edirdi ki, Ermənistanın siyasi rəhbərliyi, onlara havadarlıq edənlər, revanşist qüvvələr tərəfindən Azərbaycanın maraqlarına təhlükə yaradan hərəkətlər olarsa, dərhal adekvat addımlar atılacaq. Yəni silahlı qüvvələrimiz əməliyyat şəraitinə nəzarət edərək gələcəkdə Azərbaycana qarşı ola biləcək təxribatların qarşısını almaq iqtidarındadır. Sonuncu keçirilən əməliyyatlar da Qarabağdakı separatçıların silah-sursatla təmin olunmasına qarşı atılan addımlardır. 
Bütün bunlar göstərir ki, Hayastana "arxa durub" onu məkrli oyunlar oynamağa sövq edən dairələrin də planları alt-üst olur. Azərbaycan öz ərazisində qətiyyət nümayiş etdirir və hansısa qüvvə ölkəmizlə hədə-qorxu ilə danışa bilməz. Martın 18-də Tərtərin Talış kəndindən Hayastana və onun havadarlarına sonuncu xəbərdarlığını edən İlham Əliyev dedi ki, Azərbaycana qarşı hansısa çirkin planlar həyata keçməyəcək. İstənilən çirkin plana güclü iradəmiz, güclü siyasətimiz, müzəffər ordumuz cavab verəcək. Əgər qüdrətli Azərbaycan Vətən müharibəsində 44 gün ərzində müzəffər ordusu ilə yalnız irəliyə gedibsə, bu gün qalib ölkə kimi də hərbi sahədə, bütün istiqamətlər üzrə yalnız irəli addımlayır. Azərbaycanla hesablaşmamaq Hayastanın özünə ağır zərbə vurması deməkdir. 
Bu gün Hayastanın bir yolu var - İlham Əliyevin sülh müqaviləsi üçün irəli sürdüyü 5 prinsipi qəbul etməklə barışa imza atmaq. Bu, Hayastanın yeganə xilas yoludur. Yox, əgər məğlub ölkə havadarlarına arxalanıb yenə də məkrli oyunlar oynayarsa, bu zaman günahkar axtarmağa dəyməz...

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video