04 Aprel 2024 08:00
18543
SİYASƏT
A- A+

Cavab amansız olacaq

 

Azərbaycanın mövqelərini zəiflətmək, iradəsini sarsıtmaq mümkün deyil

 

Aprelin 5-də keçiriləcəyi gözlənilən ABŞ-Aİ-Ermənistan görüşü təbii ki, Hayastana açıq dəstək nümayiş etdirmək və Cənubi Qafqazla bağlı planların müzakirə olunması məqsədi daşıyır. 
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller həmin görüşdə regional məsələlərə toxunulmayacağını və Bakı ilə İrəvan arasında sülh prosesindən söhbət getməyəcəyini iddia etsə də, dəqiq bəllidir ki, ABŞ-Aİ-Ermənistan üçlüyü Hayastan silahlı qüvvələrinə silah tədarük olunması, eləcə də Avropa İttifaqının Ermənistandakı missiyasının NATO missiyasına çevrilməsi məsələsini müzakirə edəcəklər. Ermənistanın əsas məqsədi Avropa İttifaqının missiyasının konkret olaraq ABŞ hərbi qüvvələri ilə əvəzlənməsinə nail olmaqdır.  Bu isə təkcə Azərbaycana deyil, həm Rusiya, həm də İrana qarşı yönəlmiş təxribatdır. 
Görünən odur ki, Brüsseldə Avropa İttifaqı, ABŞ və Ermənistan arasında İrəvanın "təhlükəsizliyinə zəmanət" adı altında təcavüzkar mahiyyət daşıyan yeni bir ssenari hazırlanır. Özü də Azərbaycan və Ermənistanın heç vaxt olmadığı qədər sülhə yaxınlaşdığı bir zamanda... 
Başda Fransa olmaqla ABŞ və Qərb dairələri konkret olaraq bölgəni yeni savaş meydanına çevirmək üçün məkirli planlar üzərində işləyirlər. Sözdə məqsədlərini gizlətməyə çalışsalar da, ortaya qoyduqları iddia və göz görə-görə həyata keçirdikləri əməllər hər şeyi aydın şəkildə göstərir. 
Reallıq budur ki, xeyli vaxtdır Ermənistan ordusu yenidən silahlandırılır, Hindistanda Fransa lisenziyası ilə istehsal olunan silahlar Hayastana daşınır, Fransız hərbçiləri Ermənistanın piyada və dağatıcı bölmələrinə təlimlər keçir, Azərbaycanla sərhəddə kəşfiyyat məlumatlarının toplanması üçün Aİ missiyası yerləşdirilir və indi də həmin missiyanın ABŞ hərbi qüvvələri ilə əvəzlənməsinə çalışılır. Son günlərdə isə Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Hayastan silahlı qüvvələrinin bölmələri və döyüş texnikası cəmləşdirilir. Belə ki, şərti sərhəd boyu ərazilərdə düşmənin hücum xarakterli dayaq məntəqələri qurulur, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələri yaradılır, fortifikasiya qurğuları inşa edilir. Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir.
Bütün bunlar real faktlardır və təbii ki, bu da bölgəyə yaxşı heç nə vəd etmir. Bu planlar vasitəçilik missiyasını üzərinə götürdüyünü iddia edən Qərbin "ədalət maskası"nı yırtaraq arxasındakı əsl simanı və əsl məqsədi nümayiş etdirir.  
Əlbəttə ki, Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistandakı revanşist əhvali-ruhiyyəni daha da alovlandırır, regionda sabitliyin yenidən pozulmasına təsir edir. Belə siyasi riyakarlıq Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarına rəvac verə bilər.
Lakin həmin dairələr bu diskriminasiya siyasəti ilə Azərbaycanın mövqelərini zəiflətməyin, iradəsini sarsıtmağın mümkünsüz olduğunu unudurlar. İlk növbədə ona görə ki, Azərbaycan tam şəkildə siyasi və iqtisadi müstəqilliyinə nail olmuş hərbi-siyasi güc kimi özünü təsdiq edib. Azərbaycan Ordusu daha da güclənib və indi ölkənin Silahlı Qüvvələri 2020-ci ildəkindən daha müzəffər, daha qüdrətlidir. 
Digər bir tərəfdən, Azərbaycan savaş istəmir. Artıq torpaqlarını işğaldan azad edən, 200 illik erməni xülyasına son qoyan, Qarabağ və Şərqi Zəngəzuru öz iqtisadi qüdrəti hesabına yenidən quran bir ölkə niyə yenidən müharibə istəməlidir ki?!
Qalib Komandan kimi İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra region dövlətlərini yeni formatlı birgə əməkdaşlığa çağırdı və bu, bölgədə təhlükəsizliyin təminatını şərtləndirəcək yeganə yol idi. Çünki Ermənistanla sülh müqaviləsi bağlanacağı halda yaranacaq yeni əməkdaşlıq platformalarının regionun inkişafına müsbət impuls verəcəyi qaçılmazdır. Bu əmakdaşlıq iqtisadi tənəzzüldə olan, əhalisi səfalət içərisində yaşayan Ermənistanın qurtuluş yolu ola bilər. Bunu Hayastanda da çox yaxşı başa düşürlər. Lakin bütün zamanlarda alət rolunu oynayan rəsmi İrəvan bölgədə maraqları olan, regionun təhlükəsizliyini istəməyən qüvvələrin uydurma vədlərinə etibar edərək səhv yolda addımlayır.  
Əgər yenidən bölgədə hər hansısa xoşagəlməz durum yaranarsa, bu, Qərbin Cənubi Qafqazdakı mövcud mövqeyinin zəiflədilməsindən başqa bir işə yaramayacaq. Çünki  Azərbaycanın Avropa ilə ticari əlaqələri daha çox Qərbin özü üçün strateji əhəmiyyət daşıyır. Bu gün Azərbaycan NATO-nun 6 üzvü də daxil olmaqla, Avropanın 8 dövlətinin enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Üstəlik, bu əlaqələr yalnız qaz təchizatı ilə kifayətlənmir və artıq texniki əsaslandırılması hazırlanmaqda olan alternativ enerji layihələri vasitəsilə də Azərbaycan Avropanın elektrik enerjisinə olan tələbatının ödənməsində əhəmiyyətli rola sahib olacaq. Bundan başqa, Avropadan Şərqə doğru əsas və yeganə təhlükəsiz tranzit olan Orta dəhlizin ən vacib halqalarından biri Azərbaycandır. Uzaq Çindən Şimali Avropaya və ya əksinə marşrutlarla yüklərin ən təhlükəsiz və daha qısa zamanda daşınması Azərbaycan ərazisindən keçməklə reallaşır.  
Bütün bunlar real faktlardır. Qərb, xüsusən də Fransa regionda sülhün olmasını istəmir, vəziyyət qəsdən gərginləşdirilir və Ermənistanı faktiki olaraq Ukrayna kimi qurban vermək bahasına Cənubi Qafqazda münaqişə ocağının saxlanmasına çalışırlar.
Lakin dəyişməyən bir reallıq var ki, beynəlxalq hüquqa selektiv yanaşan dairələr bu kimi gedişlərlə Azərbaycanı çətin duruma sala bilməzlər. Bunu İlham Əliyev prezident seçkisindən sonra fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində bütün dünyaya bəyan edib:  "Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Ancaq nə üçün görmürəm, çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək". 
Hər çıxışı mühüm çağırışlarla, Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajlarla zəngin olan Ilham Əliyevin fevralın 26-da Xocalıdan verdiyi mesajlar isə yəqin ki, Ermənistana və Azərbaycanı istəməyən bütün dairələrə dərs olmalıdır. Çünki Prezident qəti şəkildə bəyan etdi ki, yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və ölkəmizə qarşı ərazi iddialarından əl çəkməkdir. Əks təqdirdə Ermənistanı da Ukraynanın aqibəti gözləyəcək. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video