Qalib Lider İlham Əliyev Xankəndidən bir daha dünyaya "Qarabağ Azərbaycandır!" ismarıcını verdi
"Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir".
2024-cü il martın 18-də Xankəndi şəhərində Novruz tonqalını alovlandıran Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər meydanından Vətən qürurunu bölüşdü, Azərbaycan xalqına bayram təbriklərini çatdırdı. Onilliklərin ardından bu Novruzun bütün Azərbaycanda keçirilməsindən doğan xoşbəxtliyini dilə gətirən Qalib Lider fəxr hissi ilə azərbaycanlıların bu xan şəhərindən bütün dünyaya "Qarabağ Azərbaycandır!" ismarıcını səsləndirdi. Xankəndidə qaladığı müqəddəs tonqalın gur işığı ilə dosta sevinc, düşmənlərə gözdağı verdi...
Vətənin bütövlüyü uğrunda canlarından keçən və təqvimdəki qara haşiyəli günlərimizi bayrama çevirən şəhidlərimizin ruhunu şad etdi...
Bu Novruzun bir başqa təmtərağı var
İndi yaşıl donlu, gül-çiçək ətirli bahar elimizə bir başqa təntənə, növraqla qədəm basıb. İlin bu vədəsi adətən, qaş-qabaqlı olan Günəş zərrin şəfəqləri ilə ana torpağa nur çiləyir, ağaclar sevinclə tumurcuq gözlərini açır, ala-ala talalardan zərif bənövşələr boy atır. Göylərdən nur ələnir, Qarabağdan, Şərqi Zəngəzurdan baş götürən ilıq yaz mehi yurdumuzun dörd bir yanına burum-burum Vətən ətri yayır...
Şuşada, Xankəndidə, Xocalıda, bütün Azərbaycanda çatılan Zəfər, Novruz tonqallarının şölələri xalqımızın ruhuna, qəlbinə xoşbəxtlik saçır...
İllərlə bu günlərin həsrətilə yanıb-qovrulmuşduq. Bir müddət idi ki, xalqımız coşqu ilə bayram keçirməyi, şadlanmağı yadırğamışdı. 1990-cı illərin əvvəllərində yenicə müstəqillik qazanıb qədim el bayramlarımıza qovuşsaq da bu xoşbəxtliyimiz çox uzun sürməmişdi.
Bir-birinin ardınca faciələrə tuş gəlmişdik. Torpaqlarımız işğala məruz qalmışdı, Xocalı soyqırımı kimi müsibət yaşamışdıq, minlərlə oğul-qızımızı şəhid vermişdik, yüz minlərlə soydaşımız məcburi köçkünə çevrilmişdi...
Ötən müddətdə xalq olaraq düçar olduğumuz ağrı-acılara birtəhər sinə gərməyə çalışdıq, adət-ənənəmizin unudulmasına yol vermədik və el bayramlarımızı, Novruzu adına layiq keçirməyə çalışdıq. Amma ürəyimizdəki o buruqluq, nisgil, Vətən yarası heç zaman keçmədi. Keçmiş məcburi köçkünlərimiz isə bu ağrı-acını ikiqat yaşadılar. Elə hey Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Zəngilanda, Füzulidə, Qubadlıda, Cəbrayılda, Xankəndidə, Xocalıda, işğal altında olan bütün yurdlarımızda vaxtilə keçirdikləri bayramları dərin kədər hissi ilə xatırladılar, o yerlər üçün burunlarının ucu göynədi. Vətəndə qəribə çevrilən yüzminlərlə vətəndaşımız göz yaşları içərisində "Tanrım, gələn il Novruzu öz doğma ocağımızda, yurd-yuvamızda qeyd etməyi nəsib et bizə", - deyə, Allaha yalvardılar...
Arzular çin oldu
Budur, artıq bütün dualarımızın çin olduğu, Azərbaycanın bütövlüyündən doğan fərəh, qürur, xoşbəxtlik içərisindəyik. Vətənimizin başındakı duman, çən-çiskin dağılıb, elimiz başdan-başa bayram libasına bürünüb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu, canlarını bu torpağa qurban verən müqəddəs şəhidlərimiz xalqımıza bayram ərməğan edib, keçmiş məcburi köçkünlərimizin yurda qayıdış ümidləri gerçəyə çevrilib. Minlərlə vətəndaşımız qayıdış köçləri ilə əzəli yurdlarına qovuşub. O torpaqlarda körpələr dünyaya gəlib, toy çalınıb, bir sözlə, həyat axarına düşüb...
Artıq dörd ildir ki, Qarabağ və Şərqi Zəngəzurda da bayram tonqalları çatılır, Novruz bayramı qeyd edilir.
Xalq olaraq bizi bu xoşbəxtliyə qəlbimizdəki Vətən sevgisi, bir də düşmənə sönməyən qəzəb hissimiz qovuşdurdu.
Hələ 2021-ci ildə Qalib Lider İlham Əliyev Novruz bayramında mədəniyyət paytaxtımıza səfər edərək illərdən sonra ilk dəfə Qarabağın mirvarisi Şuşada qələbə tonqalını alovlandıran zaman məhz bu məqama toxunmuşdu: "Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, bayraq, ürəklərində Vətən sevgisi. Vətən sevgisi bizi qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik qələbəmizin əsas amilinə çevrildi".
"Novruz tonqalı da son təmizləmə işlərini görür"
2023-cü ilin sentyabrında qazandığımız Xankəndi Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə həkk edildi. 1988-ci ildə Xankəndidə erməni quldurlarının başlatdığı separatizm xalqımıza çox müsibətlər yaşatdı, amma sındırmadı. Heç zaman ərazilərimizin işğalı ilə barışmadıq, Vətən uğrunda göz qırpmadan ölməyə razı gəldik, bütün dünyaya göstərdik ki, torpaqdan pay ola bilməz. "Dəmir yumruq" cəmi 23 saata xunta rejimini diz çökdürdü və Müzəffər Ali Baş Komandan Azərbaycanın ay-ulduzlu, üçrəngli bayrağını Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda dalğalandırdı.
Beləliklə, 200 il idi ki, xalqımızın qanına susamış erməni faşizminin başı əzildi, Qarabağdakı quldur yuvası dağıdıldı, onların murdar ayağı müqəddəs torpağımızdan qazınaraq atıldı.
Xankəndidən bayram təbriklərini çatdıran Prezident İlham Əliyev də altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatının beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi olduğunu söylədi: "Fevralın 26-da mən Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoydum. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası - dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerləyeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür".
Böyük xoşbəxtlik
Bəli, artıq hər anımız xoşbəxtliyə, sevincə köklənib, hər günümüz bayram coşqusu ilə keçir. Qədim el bayramımız Novruz da Azərbaycanın hər tərəfində coşqu ilə qeyd edilir. Bütün bölgələrimizdə olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurda da tonqallar çatılır, bayram süfrələri açılır, şadlıq edilir.
Bu əziz bayramda xalqımız Şəhidlər xiyabanlarına yollanır, torpaqlarımız uğrunda canlarından keçən övladlarına əbədi minnətdarlığını bildirir, onların ruhlarına dualar edirlər...
Şükürlər olsun Tanrıya, düz bir qərinəlik ağrı-acıdan sonra Şuşa, Xankəndi zəfərləri sayəsində arzularımızın şah zirvəsi olan Vətənin bütövlüyünün fərəhi ilə Novruzu yurdumuzun hər yerində böyük coşqu, təmtəraqla keçiririk...
Ümumilikdə xalq olaraq yaşadığımız bütün bu hisslərin adı isə xoşbəxtlikdir. Necə ki, bunu Xankəndidə Zəfər meydanından Novruz tonqalı qalayan zaman Qalib Lider İlham Əliyev də dilə gətirib: "Əziz həmvətənlər, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq".
Yasəmən MUSAYEVA,
"Azərbaycan"