Həmişə qoca qitədən söhbət düşəndə gözlərimiz önündə mühüm bir tərəfdaş kimi canlanan ölkə dost Bolqarıstan olur. Bu ölkə və onun sakinləri özünəməxsus bir tarixə, mədəniyyətə malik olmaqla yanaşı, qonşu və uzaq ölkələrə bəslədikləri səmimi və xeyirxah münasibətilə də fərqlənirlər.
Tarixçi gözü ilə baxsaq, görərik ki, Bolqarıstanın adına indiki formada ilk dəfə Bizans qaynaqlarında rast gəlinib. Azərbaycan kimi bolqar xalqı da tarixboyu öz azadlıq və istiqlaliyyəti uğrunda savaşlara qatılmış və bu sınaqlardan üzüağ çıxmışdır. O həm də heç vaxt köləsi olmayan azsaylı ölkələrdən biridir. Bolqar torpaqlarında aparılan arxeoloji qazıntılar da keçmişin zəngin mirasını üzə çıxarmaqdadır. Burada aşkar edilmiş dünyanın ən qədim qızıl dəfinəsi (6 min il yaşı olan 3 mindən çox qızıl əşya) numizmatika ilə məşğul olanların da böyük sevincinə səbəb olmuşdur. Heç də təsadüfi deyil ki, Bolqarıstan qiymətli arxeoloji abidələrin sayına görə Avropada Yunanıstan və İtaliyadan sonra üçüncü yeri tutur.
Hazırda Dünya Bankı Bolqarıstanı orta səviyyədən yuxarı gəlirə malik ölkə kimi təsnif edir. Onun iqtisadiyyatı tikinti, dağ-mədən sənayesi, xidmətlər (o cümlədən turizm) və kənd təsərrüfatına əsaslanır. Bu ölkənin cəlbediciliyi həm də onun gözoxşayan narın qumlu və təmiz, mavi dəniz çimərlikləri olan toxunulmaz sahil zolağı kimi istirahət yerlərinə sahib olmasıdır. Mühacirlərin əksəriyyətinin etirafına görə, Bolqarıstanda yaşamaq üçün ən yaxşı yer Burqas şəhəridir. Paytaxt Sofiya isə daha çox iş adamları və səhmdarlar tərəfindən yaşamaq və peşəkar inkişaf üçün seçilir.
Son illər dünyada gedən iqtisadi təlatümlərə baxmayaraq, ölkədə qabaqlayıcı tədbirlər görülür. Həmçinin bolqar şirkətlərinin dünya bazarına təqdim və təklif etdikləri məhsullar özünün rəqabət qabiliyyətinə görə üstün mövqeyini qoruyub saxlayır. Bu cəhətdən 2024-cü ildə Bolqarıstan iqtisadiyyatı sabitliyə nail olmuş, ölkənin gəlirləri yüksəlmiş və inflyasiya azalmışdır. Onun quru yolla Şengenə qəbul edilməsi isə bir sıra göstəricilərə görə yaxşı nəticə hesab olunur.
Bolqarıstanda kənd təsərrüfatının əsas sahələri texniki bitkilər və taxıl istehsalıdır, xırda əmtəə istehsalı isə tərəvəzçilik, bağçılıq və heyvandarlıqda üstünlük təşkil edir. Onun əhalisi 7 milyon nəfərdən çoxdur. Kənd təsərrüfatı Bolqarıstanın milli gəlirinin ondabirindən azını təşkil edir. Əkin sahələrinin demək olar ki, beşdəüçündə taxıl bitkiləri becərilir. Buğda əhəmiyyətli yer tutsa da, qarğıdalı, arpa, çovdar, yulaf, soya və düyü də becərilir. Sənayenin əsas sahələri metal və metal məmulatlarının istehsalı, yeyinti, tütün və həmçinin enerji sənayesidir.
Sovetlər birliyinin süqutundan sonra Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi və Cənubi Qafqazda strateji mövqeyinin möhkəmlənməsi eyni zamanda onu Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı dövlətə çevirdi. Cənub-Şərqi Avropada yerləşən, Avropa İttifaqının və Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvü olan Bolqarıstan özünün xarici siyasət kursunda Azərbaycan ilə münasibətlərə xüsusi önəm verir.
Tarixin müxtəlif çağlarında bu iki xalqın bir-birilə mədəni təması, ticarət əlaqəsi olub. Hətta XX əsrin əvvəllərində Ukraynadan bir çox bolqar ailəsi Azərbaycana pənah gətirmiş və gözəl tarixi Gəncə şəhərində məskunlaşaraq özünü rahat, məmnun hiss etmişlər.
SSRİ-nin çöküşündən sonra bu iki xalq arasında münasibətlərin tarixində keyfiyyətcə yeni səhifə açıldı. 1992-ci ilin yanvarında Bolqarıstan Azərbaycanın dövlət müstəqilliyinin bərpasını rəsmən tanıdı və həmin ilin iyununda iki ölkə arasında diplomatik münasibətlər quruldu. Ümummilli Lider Heydər Əliyev 1995-ci ildə Bolqarıstan Respublikasının Prezidenti Jelyu Jelevin dəvətilə Sofiyaya rəsmi səfər etdi. Bu səfər zamanı dostluq və əməkdaşlıq haqqında sazişin imzalanması iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafının başlanğıcını qoydu.
1999-cu ilin dekabrında Bolqarıstanın Azərbaycanda, 2005-ci ilin fevralında isə Azərbaycanın Bolqarıstanda səfirliyi öz fəaliyyətinə başladı. Həmin dövrdən etibarən iki ölkə arasında sıx əlaqələr quruldu. Xüsusi vurğulamaq lazımdır ki, 2015-ci ildə Strateji tərəfdaşlıq haqqında birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Tezliklə həmçinin xarici işlər nazirlərinin sədrliyi ilə strateji dialoq təsis olundu.
Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi hazırda ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan tərəfi Bolqarıstanın Avropa qitəsində, xüsusilə Balkanların mərkəzində yerləşən strateji mövqeyini yaxşı dəyərləndirir. Bolqarıstan da Azərbaycanın Cənubi Qafqaz regionundakı strateji mövqeyinə yüksək önəm verir.
Hazırda Azərbaycan ilə Bolqarıstan arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, investisiyaların qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, nəqliyyat, gömrük, turizm və digər sahələrdə 80-dən çox sənəd imzalanıb. Bolqarıstan böyük Avropa bazarına giriş qapısı kimi Azərbaycan üçün strateji rol oynadığı kimi, Azərbaycan da Bolqarıstan üçün geniş Asiya bazarına giriş üçün etibarlı körpü rolunu oynayır.
İki ölkə arasında siyasi müstəvidə münasibətlərin yüksək səviyyədə inkişafı həyatın digər sahələrində əlaqələrə də müsbət təsir göstərir. Dövlət və hökumət başçılarının tez-tez qarşılıqlı səfərləri və müxtəlif beynəlxalq forumlar, zirvə toplantıları zamanı keçirilən görüşlər siyasi münasibətlərə yeni təkan verir. Bu mənada ötən il mayın 8-də Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfəri qarşılıqlı münasibətlərin inkişafına müsbət təsir göstərdi. Prezident İlham Əliyev bildirdi ki, iki ölkə arasında iqtisadi, enerji, nəqliyyat sektorları sahəsində əməkdaşlıq çox yaxşı səviyyədədir.
Hər iki ölkənin parlament sədri və parlament nümayəndə heyəti arasında görüşlərin keçirilməsi də təqdirəlayiq haldır və bu da öz müsbət bəhrəsini verir. Həmçinin ayrı-ayrı parlamentarilərin, dostluq qruplarının görüşləri də siyasi münasibətlərin yaxşı səviyyədə olduğunun göstəricisidir.
Hər iki ölkənin müxtəlif dövlət və hökumət qurumları arasında əməkdaşlıq memorandumları da imzalanmışdır. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Bolqarıstanın Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumu da bu qəbildəndir.
Davamlı olaraq İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclaslarının keçirilməsi ortaya çıxan hər hansı bir problemin vaxtında öz həllini tapması ilə yanaşı, yeni ideya və təkliflərin də reallaşmasına zəmin yaradır. Bolqarıstan-Azərbaycan biznes-forumlarının davamlı şəkildə keçirilməsinin də müsbət nəticələri olur.
Hazırda iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Azərbaycan-Bolqarıstan əməkdaşlığında enerji sektoru prioritet əhəmiyyət kəsb edir. Bolqarıstanın Sofiya şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ofisi fəaliyyət göstərir.
Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycan enerji məsələlərində Bolqarıstanın əsas tərəfdaşıdır. Hər iki tərəf bu sahədə yüksək fəaliyyət göstərir. Keçən il "yaşıl enerji" layihəsi üzərində hər iki ölkənin nümayəndə heyəti sıx şəkildə işləmişlər. Bu günə qədər iki tərəfin də maraqlarına uyğun mükəmməl bir əməkdaşlıq qurulmuşdur. Azərbaycan tərəfi 2023-cü ildə Bolqarıstan bazarına 1 milyard 250 milyon kubmetr qaz nəql etmişdir. Bu göstərici 2024-cü ildə 1,5 milyard kubmetrə çatıb.
Enerji sahəsində uğurlu əməkdaşlıq ticarət dövriyyəmizin xeyli artmasına səbəb olub. Təkcə 2024-cü ilin birinci rübündə qarşılıqlı ticarət dövriyyəsi təxminən dörd dəfə artaraq 153 milyon dollara çatıb, ixracat isə dörd dəfədən çox artaraq 146 milyon dollar təşkil edib. Bolqarıstan hazırda Azərbaycanın TOP 10 ixrac bazarı sırasındadır. Keçən il ölkəmizin xarici ticarət dövriyyəsinin 1,5 faizi Bolqarıstanla aparılmış ticarət əməliyyatlarının payına düşüb. 2024-cü ilin yanvar-may aylarında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 78 faizdən çox artaraq 240 mln. dollardan çox olub.
Son zamanlar Azərbaycanda sənaye, tikinti, ticarət və xidmət sahələrində Bolqarıstan şirkətlərinin fəaliyyəti daha da artıb. Hazırda Azərbaycanda 15 bolqar şirkəti fəaliyyət göstərir. 2024-cü ilin mayında Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO və Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilib, əməkdaşlığın yeni sahələri və imkanları müəyyən edilib.
Xalq dplomatiyası, mədəni əlaqələr sahəsində atılan addımlar da iki xalqın daha da yaxınlaşmasında mühüm rol oynayır. Xüsusilə ölkələrarası münasibətlərdə müsbət bəhrəsini verən "qardaşlaşmış şəhərlər" təcrübəsi də təqdir olunası haldır. Bu mənada Qabrovo ilə Şəki, Varna ilə Gəncə, Burqas ilə Sumqayıt və Veliko Tırnovo ilə Naxçıvan arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulması alqışlanmalı haldır.
İki ölkə arasında turizm əlaqələri də durmadan inkişaf edir. Bakı ilə Sofiya arasında 2024-cü ilin payızından etibarən fəaliyyət göstərən yeni birbaşa aviareysin əhəmiyyəti olduqca böyükdür. Bu aviareys biznes mühitinə və xalqımıza daha çox qarşılıqlı əlaqə imkanları təqdim edir və eyni zamanda turizm sektoruna böyük töhfə verir.
Ölkələr arasında ədəbi əlaqələrin inkişafı da ürəkaçandır. Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri hələ XIX əsrdə bolqar dilinə tərcümə edilərək nəşr olunmuşdur. Həmçinin bolqar ədəbiyyatının klassikləri İvan Vazov, Xristo Botev, Emiliyan Stanev və başqalarının əsərləri də Azərbaycan dilinə tərcümə edilib.
Son zamanlar Azərbaycan ilə Bolqarıstan arasında elm və təhsil sahəsində də geniş əlaqələr inkişaf edir. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Slavyan ölkələri tarixi kafedrasında Bolqarıstan tarixi də tədris olunur. Bakı Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti tədris edilir. Orada həmçinin bolqar dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. Eyni zamanda Sofiya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir.
Böyük inamla qeyd etmək olar ki, enerji nəqli, logistika və ticarət sahələrində genişmiqyaslı layihələrin həyata keçirilməsi Cənubi Qafqaz, Avropa və Qara dəniz regionlarının sabitliyi və iqtisadi inkişafı üçün atılan mühüm addımlardır. Bu, ümumilikdə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Əminliklə vurğulamaq olar ki, Bolqarıstan və Azərbaycan bir-birini Cənubi Qafqazda və Cənub-Şərqi Avropada strateji və etibarlı tərəfdaş hesab edirlər. Təkcə Azərbaycan və Bolqarıstan deyil, digər ölkələr də bu əməkdaşlığın faydasından bəhrələnirlər.
Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti