06 Oktyabr 2024 08:30
2735
CƏMİYYƏT
A- A+
Bir gün balıq ovunda…

Bir gün balıq ovunda…


Heç bilirdinizmi ki, bir gün balıq ovu istirahəti birillik stres atmağa bərbərdir?!

Bəs bilirdinizmi balıqçılıq təkcə hobbi deyil, həm də idman növüdür?!

Əslində, bunları bilməmək eyib deyıl, çünki onları bilənlərin sayı tək-tükdür…

Elə isə "Bazar günü reportajı"nın bugünkü mövzusunu bu sahəyə ayırdıq. 

Bir gün balıqçılarla maraqlı ova çıxdıq…

 

Balıq tutmaq həm bacarıq, həm də hövsələ tələb edir


Öncə dəniz, göl, kanal, çay balıqçıları arasında seçim etdik… 

Bəllidir ki, göldə, kanalda, çayda balıq tutmaq Xəzər dənizində balıq tutmaqdan bir qədər asandır. Dənizdə tilovla balıq tutmaq həm bacarıq, həm də hövsələ tələb edir. Bu səbəbdən də üzümüzü dənizə tutduq. 

Həm də o balıqçılarla ki onlar bu ova hobbi və idman növü kimi yanaşırlar. Yəni onlar çəkisindən, növündən asılı olmayaraq, tutduqları balıqları yenidən suya buraxırlar. Onların tilovları da, qarmaqları da, ləvazimatları da digər balıqçıların istifadə etdikləri avadanlıqlardan fərqlidir.    

2011-ci ildə Bakı Balıqçı və Sualtı Ovçular Klubu kimi qeydiyyatdan keçən qurumun üzvləri ilə keçirdiyimiz bir gündə çox şey öyrəndik.  

Səhər gün doğmamış klubun təsisçisi Azər Əliyevlə birgə dənizə - Xəzərin Türkan sahillərinə doğru yola düşdük. Yolboyu etdiyimiz söhbət də maraqlı oldu. Deyir ki, ümumiyyətlə, dünyada ən yaxşı məşğuliyyət növlərindən biri də balıq ovudur. Bu ov zamanı insanın ruhu dincəlməklə yanaşı, müəyyən müddət ərzində bütün qayğılardan, stresdən uzaqlaşır və özünü çox gümrah hiss edirsən. 

Azərbaycan həm də qədim balıqçılıq məkanıdır. Su hövzələri ətrafında yerləşən bütün məkanlarda balıq ovu əsas məşğuliyyət növlərindən biri olub. Əvvəllər bu ov növü qida ehtiyacı hesab olunsa da, sonralar balıq ovu hobbiyə çevrilib. Cəmiyyət inkişaf etdikcə balıqçılıq hətta idman növünə çevrilib. 

Hazırda Azərbaycanda balıq ovunun bütün növlərindən yararlanan həvəskar və peşəkar şəxslər var. 


İdman balıqçılığı - əziyyətlə balıq tut, sonra da suya burax...


Azər Əliyev deyir ki, təsisçisi olduğu Bakı Balıqçı və Sualtı Ovçular Klubu Azərbaycanın müstəqilliyi dövründə ilk balıqçılıq yarışı keçirən klubdur. Bu yarış həvəskar balıqçılar arasında yalnız idman növü kimi təşkil olunub.

"Bəs idman balıqçılığı nədir?" sualına Azər Əliyevin verdiyi cavab diqqətimizi çox çəkir.  Bəlli olur ki, dünyada balıqçılıq həm də idman növü kimi qəbul edilir. Bu idman növü həvəskar balıqçılıqdan çox fərqlidir.

Bu idman yarışının ən mühüm amili balıqlara zərər verməməkdir. "Surfkasting" (okean və dənizlərdə çətin şəraitdə uzaq məsafələrdən balıq ovlamaq növü) adlanan idman növü üzrə keçirilən yarışlarda iştirak etmək üçün balqıçının bütün avadanlıqları beynəlxalq standartlara uyğun olmalıdır. Yəni balıqçı tilovunun hər bir detalından tutmuş balığın sudan çıxarılması prosesində istifadə edilən xüsusi taralaradək….


Onların tilovları da, avadanlıqları da fərqlidir


Biz dəniz kənarına çatanda dan yeri yenicə işıqlanırdı. Qəribə bir sakitlik vardı.  Klubun digər üzvləri bizdən öncə çatıb və artıq tilovlarını da dənizə atmışdılar. 

Azər Əliyev də lazımi əşyaları açılıb-yğılan masanın ətrafına, əlinin çatacağı yerə düzdükdən sonra tilovları uzun çantadan çıxarıb açdı. Qarmaqlara dəniz qurdu taxıb xüsusi atış formasında tilovu var gücü ilə suya atdı.                                                                                                                                                                                                                                          

Elə bu atış formasından da bəlli oldu ki, burada xüsusi bacarıq, idman hərəkəti tələb olunur.  Azər Əliyev deyir ki, bu cür tilov atışını öyrənməkdən ötrü düz bir il məşq edib. 

Bizə maraqlı gələn məsələlərdən biri də idman balıqçılığında istifadə edilən tilovun qarmağı oldu. İdman balıqçılığında həvəskarların istifadə etdiyi diyircəkli qarmaqdan istifadə olunmur. Diyircəkli qarmaq balıq onu udarkən ağzından asanlıqla çıxmaması üçündür. Bu, ilk növbədə balığın ağzını zədələyir.

İdman balıqçılığının qarmaqları isə diyircəksiz olur. Yəni qarmağa düşən balıq asanlıqla qurtula bilir. Ona görə də balıqçı o qədər professional olmalıdır ki, ov tilovundan çıxıb qaçmasın. Burada ustalıq və bacarıq, çeviklik lazımdır. 

Azər Əliyevin sözlərinə görə, artıq onların beynəlxalq uğurları da var. Müxtəlif ölkələrdə keçirilən yarışlarda dəfələrlə iştirak edərək Azərbaycan bayrağını yüksəkliyə qaldırıblar.


"Dənizə gələndə şərt deyil ki, balıq tutum, ya tutmayım..."


Tilovunu dənizə atıb ovunu gözləyən Bakı Balıqçılar və Sualtı Ovçular Klubunun xarici əlaqələr üzrə sədr müavini Çingiz Qəniyevlə söhbət edirik. Çingiz balıqçılıqdan  elə maraqla danışır ki...

- Mən sahibkaram. Mebel istehsalı ilə məşğul oluram. Balıqçılıq isə hobbimdir. Soruşsanız ki, balıqçılıq nədir, çəkinmədən deyərdim ki, balıqçılıq mənim üçün ayrı bir həyat, ruhən istirahət, ömrümün mənalı anları deməkdir...

Mən dənizə gələndə şərt deyil ki,  balıq tutum, ya  tutmayım. Fərqi yoxdur...

Balıqçılıqda həyatın bütün elementləri var. Torpaq, günəş, su, canlı aləm, təbiətin ən ali varlığı insan. Burada insan özünü, insafını, nəfsini görə bilir.  İnsan ruhu ilə üzbəüz qalır. Ən əsası da vicdanı qarşısında hesabat verir. Əsas da odur ki, insan vicdanının səsini eşidə bilsin. Fiziki cəhətdən yorulanda insan gedib yatır, hansısa bir formada dincini ala bilir... Balıqçılıq ruhun istirahətidir, mənəvi dinclikdir... Balıqçı harada olur?  Təbiətin ən gözəl yerində, çay, dəniz, göl qırağında... Hər şey su ilə, torpaq ilə təmizə çıxır...

Balıqçılıq insanları pis vərdişlərdən də qoruyur. Balıqçılıqla məşğul olmaq ruhu saflaşdırmaqla yanaşı, fiziki sağlamlıq deməkdir. Dəniz havasını, günəşi az qala həkimlər dərman kimi məsləhət bilirlər insanlara. Balığın özü də  ən yaxşı qida növüdür. Buradan ailəmizin ruzusunu aparırıq. Övladlarımız sağlam qidalanırlar. Əsl balıqçı heç vaxt nəfsinin əsiri olmaz... Biz beynəlxalq idman yarışlarına qatılırıq, mükafatlar qazanırıq. Eyni zamanda ailəmizin qida rasionu üçün balıq ovlayırıq. Amma kiçik balıqları tutduqda mütləq suya buraxırıq. 


Okeanda maraqlı və qorxulu anlar


Elə bu sözü söyləmişdi ki, tilovların biri tərpəndi. Çingiz 150 metr uzaqlığa atdığı tilovu tez-tez yığmağa başlayır və məlum olur ki, kiçik bir kütüm balığı tutulub. Amma balıq qarmağı elə udub ki, çıxarmaq çox çətindir. Əgər dartıb çıxarılsa, balıq zədələnəcək və öləcək. Bu səbəbdən də çantadakı xüsusi avadanlığı gətirib onun vasitəsilə qarmağı çıxardır və balığı yenidən suya buraxır.     

Proses başa çatdıqdan sonra çay süfrəsi arxasında Çingiz Qəniyev başlarına gələn maraqlı hadisələrdən söz açır:  

- Balıqçıların Mərakeşdə turniri keçirilirdi. İlk dəfə idi ki, okeanda balıq tutacaqdım. Bəyəm biz okean görmüşdük ki, orada balıq tutmağı da bilək? Okean balıqçılığının öz qanunları var. Sən demə, okeanda hər dalğa gələndə  suyu sahilə  200-300 metr vurub sonra geri çəkilirmiş. Bizim gördüyümüz dənizdir, dalğası da nə qədər  böyük olsa belə maksimum 5 metrdən artıq sahilə çıxmır. Atlantik okeanının sahilində çantalarımızı yanımıza qoyub, balıq tutmaq üçün hazırlıq işləri aparırdıq. Bir də gördük dalğa gəlir. Kənardan baxanda adi bir dalğa idi. Bu "adi" dalğa gəlib bizi aldı ağuşuna və hər şey qaldı suyun altında...

Yerli şəraitdən baş çıxarmaqdan ötrü xeyli əlləşəsi olduq. Geri çəkilirik, tamamilə quruda qalırıq, irəli gedirik, suyun altına düşürük... 

Atalar misalı var: "Könlü balıq istəyənin quyruğu suda ola gərək". Sən demə, okeana tilov atıb balıq tutmaq üçün mütləq suya girib xeyli irəliləmək, sonra tilovu atıb tez geri çəkilmək lazımdır...

Türkiyədə Qara dənizdə yaxşı balıq ovlamışıq. Levrek, minekop balıqları tutmuşam. Bu balıq növlərini övlamaq üçün xüsusi  peşəkarlıq lazımdır. Əslində, bu balıqların bir-birinə bənzəri çoxdur. Cüzi fərqlə onları bir-birindən seçmək olur. Levrekin beli bir qədər donqar, minekopun isə beli düz olur. Bunlar güclü olduğu qədər də çevik hərəkət edən balıqlardır. Çəkiləri çox da böyük olmur. 1-1,5 kiloqram çəkidə olsalar da, tilovda saxlamaq, sudan çıxartmaq hər adamın işi deyil. İstər-istəməz  tilovu qıra bilirlər. Türkiyəyə yarışa gedəndə məşq zamanı birini Elbrus, birini də mən çıxartdım. Hətta bizim ustalığımıza türk balıqçıları təəccüblənmişdilər.

Söhbəti Azər Əliyev davam etdirir və başlarına gələn qorxulu hadisəni danışır:

- Atlantik okeanında yarışa getmişik. Çingiz kiçik balıq tutdu. Bizim tanıdığımız balıqlara bənzəmirdi. Xeyli əlimizdə saxlayıb diqqətlə balığa baxdıq. Birdən balıq əldən sürüşüb qumluğa düşdü və quyruğunun kiçik bir hissəsi Çingizin ayaq baş barmağına toxundu və həmin yer ağ rəngə boyandı. Bu gün də Çingizin ayağında həmin hissə ağ rəngdədir və hissiyyat yoxdur.

Sən demə, bu balıq trakunya balığı imiş. Gəlib yanımızda balığı gördülər və dedilər o balıqdan aralı durun. Əgər bel hissəsindəki iynələrindən biri bədəninizin hansısa bir hissəsinə toxunsa, həmin hissə (bütün bədən boyu) iflic olar. Hətta onun ölüsünü qumluğa da atmaq olmaz. Balıq orada ölüb çürüsə belə kiminsə ayağı nə vaxtsa ona toxunsa, yenə analoji hal baş verir. Bizim bəxtimiz gətirmişdi sadəcə... Cingizin ayağına balığın quyruq hissəsi toxunmuşdu. 


Qızıl balıqdan istəyəcəyimiz arzuları Prezidentimiz gerçəkləşdirdi


İnsan tək olanda istər-istəməz qəribə hisslər yaşayır. Hətta əlçatmaz, mümkün olmayan şeylər haqqında düşünür. Elə balıqçı olmaz ki, ömrünün hansı çağındasa suya tilov atanda "sehirli qızıl balıq" tutmağı arzulamasın. Bəzən aciz insanlar daha çox mifik şeylər düşünürlər. Gərək insan balığın yox, Allahın gücünə inansın...

Çingiz Qəniyev deyir ki, heç "sehirli" balıq tutmağı arzulamayıb. Amma 4 il öncəyədək xəyalından belə bir şey keçirib: "44 günlük Vətən müharibəsindən əvvəl ən böyük arzum tilovuma sehirli  qızıl balıqın düşməsi idi.  Əgər belə bir şey reallaşsaydı, sehirli balıqdan Qarabağın azad olunmasını istəyərdim. İndi tilovuma sehirli balıq düşərsə, bircə şey istəyərəm. Azərbaycanı qalib xalq edib, bütün dünyada bizə qalibiyyət qüruru yaşadan, arzularımızı gerçəkləşdirən Müzəffər Ali Baş Komandanımızı qorumasını...

Çox şükür ki, qızıl balıqdan istəyəcəyimiz bütün arzularımızı Prezidentimiz   gerçəkləşdirdi..."

Türkiyəli balıqçı Ləvənt Çamurçu söhbətə qoşulur:

- Trabzonluyam. Azərbaycanlı xanımla ailə qurmuşam. Çox xoşbəxtəm. Ən başlıcası xanımım məni başa düşür. Hobbimə hörmətlə yanaşır. İstədiyim zaman balıq ovuna gedə bilirəm.

Balıqçı olmağım mənə xeyli dost qazandırıb. Dostlarımın hər biri də ailəsinə, vətəninə bağlı insanlardır. Hamısı da təmənnasız dostluq etməyi bacarır. Özümü burada qətiyyən yad hesab etmirəm. Əgər mənim tilovuma sehirli qızıl balıq düşsə, ondan bircə xahişim olar. Deyərəm ki, heç kimə imkan vermə ki, Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına xələl gətirsin. Bu xalqların gücü, qüdrəti  birliyindədir...


Balıqçıların problemləri, balıq ovuna qoyulan qadağalarda uyğunsuzluq  


Söhbət əsnasında balıqçılar yaşadıqları bəzi problemləri də dilə gətirirlər. Çingiz Qəniyev deyir ki, bütün ölkələrdə balıqçılıq federasiyaları fəaliyyət göstərir. Mədəni balıqçılığa, idman balıqçılığına dövlət maddi və mənəvi dəstək göstərir: "Bircə fakt deyim. Türkiyənin  Kocaeli bələdiyyəsi keçən il  balıqçıların turnirin keçirilməsi üçün  bizim pul ilə 250 min manat vəsait ayırmışdı. Mərakeşdə, Tunisdə, Rusiyada, Polşada, İtaliyada, Rumuniyada keçirilən turnirlərdən balıqçılarımız  yaxşı nəticələrlə qayıdıblar. Adlarını qeyd etdiyim ölkələrdə qalib kimi  bayrağımızı ucaltmağa, himnimizi səsləndirməyə nail olmuşuq. Biz həmin yarışlara öz vəsaitimiz hesabına getmişik. Bir-birimizə gücümüz çatan qədər maddi kömək edirik ki, dəvət aldığımız ölkələrə gedə bilək.

Digər məsələ balıq ovuna qoyulan qadağa ilə bağlıdır. Ölkəmizdə hər il may ayının 1-dən iyun ayının 30-dək həvəskar və idman balıqçılığına balıqtutma qadağası qoyulur. Həmin zaman yalnız sazan balıqları kürü tökür. Dənizdə isə bu proses fevralda və mart-aprel aylarında baş verir. Balıqçılar da təklif edirlər ki, qadağalar qoyularkən bu məqamlar nəzərə alınsın. Yəni onlar hesab edirlər ki, may-iyun aylarında sazanın, fevral ayında kefalın, mart-aprel aylarında isə kütümün tutulması qadağan edilsin. Əgər belə olarsa, qanunun effektivliyi özünü göstərər".   

Beləcə, bir gün balıq ovunda çox maraqlı anlar yaşadıq. Həm balıq tutub yenidən suya buraxdıq, həm balıqçılığa idman növü kimi yanaşan həvəskar və prosessional balıqçılarla tanış olduq, həm də onların maraqlı əhvalatlarını və üzləşdikləri problemləri dinlədik.

Bir gün balıq ovunda keçirdiyimiz yaddaqalan anlar xoş xatirəyə çevrildi... 


Rəşad BAXŞƏLİYEV,

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında

01:11
23 May

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında

01:10
23 May

T.T.Məcidovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

01:09
23 May

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İcra məmurları haqqında", "İcra haqqında", "İpoteka haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:09
23 May

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:07
23 May

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş "ASAN ödəniş" informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:07
23 May

"Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:06
23 May

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:05
23 May

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Dərman vasitələri haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:04
23 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də dəyişiklik edilməsi haqqında

01:03
23 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə və 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

01:02
23 May

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 18 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı 

01:01
23 May

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:00
23 May

Psixologiya Elmi-Tədqiqat İnstitutu Elm və Təhsil Nazirliyinin rəsmi icazəsi ilə 2025-2026-cı tədris ili üçün Psixologiya ixtisası üzrə yenidənhazırlanma təhsilinə sənəd qəbulunu elan edir

00:59
23 May

PUA Akademiyasının buraxılış mərasimi keçirilib

23:31
22 May

Keçmiş münaqişə dövründə Ermənistanın Azərbaycanın suveren ərazilərinə hərbi müdaxilə etmə öhdəliyi götürmək barədə imzaladığı məxfi sənədlə bağlı material məhkəmədə tədqiq olunub  

21:28
22 May

Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanır

21:00
22 May

Məşğulluq Strategiyasının icrası ilə bağlı monitorinqin nəticələri müzakirə edilib  

19:57
22 May

Məhkəmədə Şuşanın Ermənistan tərəfindən işğalı zamanı Levon Mnatsakanyanın da iştirak etməsini əks etdirən videomaterial nümayiş olunub

19:36
22 May

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

18:55
22 May

Azərbaycan İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi edəcək  

18:54
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!