Əmək bazarının sürətlə dəyişən tələbləri ali təhsil müəssisələrində tədris proqramlarının mütəmadi yenilənməsini və müasir çağırışlara uyğunlaşdırılmasını zəruri edir. Bu istiqamətdə Azərbaycan Universitetində həyata keçirilən islahatlar təhsil proqramlarının keyfiyyətinin artırılmasına, məzunların rəqabətqabiliyyətliliyinin gücləndirilməsinə və əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığının təmin olunmasına xidmət edir.
Azərbaycan Universitetindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, təhsil proqramlarının hazırlanması və təkmilləşdirilməsi zamanı əmək bazarının dinamikası, işəgötürənlərin gözləntiləri, ölkənin sosial-iqtisadi inkişaf prioritetləri, beynəlxalq təcrübə və Azərbaycan Milli Kvalifikasiyalar Çərçivəsinin tələbləri kompleks şəkildə nəzərə alınır.
2025/2026-cı tədris ili üçün bakalavriat səviyyəsində mövcud tədris planlarına yenidən baxılıb, seçmə fənlər bloku müasir dövrün tələblərinə uyğun yenilənib. Bu çərçivədə tələbələrin rəqəmsal bacarıqlarının inkişafına, analitik düşüncə qabiliyyətlərinin gücləndirilməsinə, innovativ yanaşmaların və sahibkarlıq kompetensiyalarının formalaşdırılmasına xidmət edən yeni fənlər tədris proqramlarına daxil edilib. Eyni zamanda, bir sıra fənlərin məzmunu yenilənərək əmək bazarının aktual tələblərinə uyğunlaşdırılıb.
Magistratura səviyyəsində hazırlanmış yeni təhsil proqramlarında isə nəticəyönümlü təhsil prinsipləri əsas götürülüb. Bu məqsədlə süni intellekt, data analitikası, rəqəmsal texnologiyalar, innovativ informasiya sistemləri və digər müasir istiqamətlər üzrə fənlər tədris planlarına daxil edilib, həmin sahələr üzrə bilik və bacarıqlar müxtəlif ixtisas fənlərinin məzmununa inteqrasiya olunub.
Universitetdə fəaliyyət göstərən daxili keyfiyyət təminatı sistemi təhsil proqramlarının davamlı monitorinqini və qiymətləndirilməsini həyata keçirir. Bu prosesə akademik heyətlə yanaşı, tələbələr, məzunlar və işəgötürənlər də cəlb olunur, onların rəy və təklifləri proqramların təkmilləşdirilməsi və yeni ixtisasların hazırlanması zamanı nəzərə alınır.
Bu istiqamətdə əldə olunan mühüm nailiyyətlərdən biri “Sosial iş” ixtisası üzrə həm bakalavriat, həm də magistratura səviyyəsində həyata keçirilən təhsil proqramlarının beynəlxalq akkreditasiyadan uğurla keçməsidir. Sosial iş sahəsində formalaşmış güclü akademik məktəbin və keyfiyyətə əsaslanan proqram inkişafı siyasətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.