21 Fevral 2024 09:23
500
SİYASƏT
A- A+

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin təməli möhkəm, perspektivləri genişdir

 

Azərbaycan-Türkiyə iqtisadi əlaqələri dedikdə ilk növbədə  möhtəşəm enerji layihələri yada düşür. Bu da təbiidir. Çünki  Azərbaycan neftinin və qazının  dünyaya yolu Türkiyədən keçir. İki qardaş ölkə  sıx tərəfdaşlıqla həmçinin bu gün Avropanın enerji təhlükəsizliyinə  mühüm töhfə verən layihələr gerçəkləşdiriblər. 
Lakin Azərbaycanla Türkiyənin iqtisadi əməkdaşlığı yalnız bu sahə ilə məhdudlaşmır. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri ilə, TANAP-la möhkəm təməli qoyulan və sınaqlardan keçən iqtisadi münasibətlər artıq bir çox sahələri əhatə edir. Sevindirici haldır ki, əməkdaşlıq  həm indiyə qədər əlaqələrin mövcud olduğu sahələrdə genişlənir, həm də  iqtisadiyyatın digər sektorlarında yeni  bağlar yaranır.
Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək və geniş tərkibdə görüşlərində, eləcə də hər iki dövlət başçısının mətbuata bəyanatlarında əsas mövzulardan biri məhz  iqtisadi əməkdaşlığın genişləndirilməsi olub.
Hədəf  ikitərəfli ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır. Nəzərə alınsa ki, bu göstərici bir il əvvəlkinə nisbətən 16 faizdən çox artıb və 7,5 milyard dollar səviyyəsinə yüksəlib, qarşıdakı hədəfə çatmağın da yolu uzun görünmür. Cari ilin may ayında Ankarada keçiriləcək birgə iqtisadi komissiyanın 11-ci iclasının bu istiqamətdə hazırlanacaq "Yol xəritəsi"nin müəyyənləşdirilməsinə fayda verəcəyi şübhəsizdir. Eləcə də fevralın 19-da imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" hədəflərə çatmağa öz töhfəsini verəcək.
Yeri gəlmişkən qeyd edək ki, həmin gün imzalanan sənədlərdən biri də "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş"dir ki, bu da bir daha əlaqələrin şaxələndiyini göstərir. 
Görüşlərdə və bəyanatlarda  enerji layihələri  barədə fikirlər qırmızı xətlə keçib. Xüsusilə TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) haqqında söhbət gedib. Bu, iki qardaş ölkənin birgə layihəsi, "Cənub qaz dəhlizi"nin onurğa sütunudur. Məhz bu kəmər Azərbaycan qazını Türkiyəyə çatdırmaqla yanaşı, həm də mavi yanacağı "Cənub qaz dəhlizi"nin Avropa qolu olan TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) ötürür.  Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilib. Bunun əsas hissəsi TANAP-la nəql olunub. Prezident İlham Əliyev qeyd edib ki,  əldə olunmuş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da TANAP-ın imkanlarının artırılmasının, Xəzərin təbii qazının Türkiyəyə və Avropaya çatdırılmasının bu istiqamətdəki prioritetlər arasında olduğunu deyib.
Nəqliyyatla bağlı  da görüləsi işlər var. Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir. Ərdoğan 2017-ci ildə açılan  bu dəmir yolu xəttini Orta dəhlizin strateji mərhələsi adlandırıb: "Bu xətdəki işlərin ən qısa zamanda başa çatdırılması və xəttin tamamilə işlək vəziyyətə gətirilməsi ortaq mənfəətimizə xidmət edir. Çünki təmirlə əlaqədar yaşanan plansız bağlanma səbəbindən yükdaşıyıcıları çətin vəziyyətdə qalıb. Bundan başqa, uzun müddət bağlı qalan xətt beynəlxalq səviyyədə cazibəsini itirir. Quru yolu ilə tranzit daşımalarını ən qısa zamanda sərbəst vəziyyətə gətirməyimiz də əhəmiyyətlidir. Bu məsələdə dəstəyinizə güvənirəm". 
Səfər çərçivəsində  keçirilən tədbirlərdə eləcə də Qars-Naxçıvan dəmir yolunun tikilməsinin mühüm əhəmiyyəti vurğulanıb.
Önəm daşıyan məsələlər sırasında Azərbaycanın Naxçıvan ərazisindən elektrik ixracı və İğdır-Naxçıvan təbii qaz boru kəməri layihələrinin ən qısa zamanda başa çatdırılması da dayanır. Xatırladaq ki, Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu 2020-ci il dekabrın 15-də Ankarada imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 10 fevral 2022-ci il tarixli sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə keçən  il iyunun 5-də qəbul edilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın prioritet layihələri sırasında yer alıb. 
Qeyd edək ki, boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Eyni zamanda layihə çərçivəsində Dilucu məntəqəsində qazpaylayıcı stansiya tikiləcək. Bu stansiya 20 min kvadratmetr sahəni əhatə edəcək və boru kəməri ilə qaz axını balansını təmin edəcək. Beləliklə, təbii qaz Naxçıvana ən təhlükəsiz şəkildə daxil olacaq. Boru kəməri ilə gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək mümkün olacaq ki, bu da Naxçıvanın mavi yanacağa tələbatını tam ödəməyə imkan yaradacaq. Gələcəkdə isə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür. 
Məlum olduğu kimi, Prezidentimiz tərəfindən Naxçıvan Muxtar Respublikası da "yaşıl enerji" zonası elan edilib. Bərpaolunan enerji layihələrinin reallaşdırılması yaxın illərdə Naxçıvanı enerji ixracatçısına çevirəcək. Odur ki, Naxçıvanın enerji təhlükəsizliyini möhkəmləndirməyi və onu "yaşıl enerji" zonasına çevirməyi hədəfləyən yeni inkişaf mərhələsi Azərbaycan-Türkiyə enerji əməkdaşlığında yeni səhifədir. 2023-cü il sentyabrın 25-də İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması, həmçinin Azərbaycanda və Türkiyədə bərpaolunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlıq sənədinin imzalanması mərasimində Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı bir daha göstərdi ki, ölkələrimiz yeni strateji kursun birgə həyata keçirilməsində qərarlıdırlar və onların siyasi iradəsi bu prosesdə də həlledicidir
Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın nailiyyətlərinə  daim ürəkdən sevinir. Bu, iqtisadi sahədə də belədir. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a  evsahibliyi edəcəyindən də böyük məmnunluq duyduğunu bildirib.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video