09 Aprel 2024 08:15
1142
SİYASƏT
A- A+

Azərbaycan-Türkiyə birliyi zamanın çağırışıdır

 

Bu gün dünyada geosiyasi üstünlük uğrunda gərgin mübarizə gedir. Cənubi Qafqaz regionu isə qlobal siyasi güclərin baş hədəfidir. Konkret olaraq ABŞ və Avropa İttifaqına daxil olan dünyanın köhnə "supergüc"ləri siyasi iradəsi olmayan Ermənistan üzərindən regionda təhlükəli oyunlara başlayıblar və burada ayırıcı xətlər yaratmaq üçün çirkin planlar ssenariləşdirirlər. 
Qərb ölkələrinin yaratdığı bütün bu geopolitik qarışıqlığın fonunda isə türk birliyinin vacibliyi daha qabarıq formada üzə çıxır. Çünki bölgə ilə bağlı həyata keçirilən çirkin planların həm də Azərbaycan-Türkiyə birliyini pozmağa yönəlməsi gün kimi ortadadır. 
Aprelin 5-də Türkiyə Böyük Millət Məclisinin deputatı və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edən zaman Prezident İlham Əliyev Azərbaycan-Türkiyə birliyinin daha da güclənməsinin önəmini qeyd edərək bildirdi ki, hazırda dünyada, o cümlədən Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir. Belə ki, Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər.

 

Bu birliyi pozmaq istəyənlərin arzuları puç olacaq

 

Aprelin 5-də həm də Brüsseldə ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşü keçirildi. Tərəflər etiraf etməkdən yayınsalar da, bu görüşün həm də özündə hərbi komponentlər ehtiva etməsi heç kəsdə şübhə doğurmur. Çünki bir neçə müddətdir ki, Qərb təsisatları təcavüzkar Ermənistana hərbi dəstək göstərir, Fransa İrəvanı silahlandırır və onu Azərbaycanla müharibəyə şirnikləndirir ki, bu da ABŞ və Aİ cütlüyünün yeni siyasi qütbləşmə ilə bağlı qanlı planlarının tərkib hissəsidir. 
Ancaq Cənubi Qafqazın lider ölkəsi Azərbaycan bütün bu çirkin niyyətlərin reallaşmasına qətiyyən imkan verməyəcəyini açıq şəkildə bəyan edir. Elə Prezident İlham Əliyevin aprelin 5-də Brüsseldə "üçlər ittifaqı"nın görüşünün keçirildiyi zaman Türkiyənin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud  Çavuşoğlu ilə Bakıda görüşməsi də riyakar ittifaq üzvlərinə göndərilən xəbərdarlıq mesajı kimi dəyərləndirilə bilər. 
Həmin zaman Brüssel görüşünə toxunan dövlət başçısı bildirdi ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır: "Halbuki son günlər həm ABŞ-nin, həm də Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışmışlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür.
Geosiyasi vəziyyətin dəyişdiyini deyən Prezident İlham Əliyev belə bir şəraitdə Azərbaycan-Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü olmasının vacibliyini qeyd etdi və bu birliyi pozmaq istəyənlərin arzularının puç olacağına əminliyini bildirdi.

 

"Bizim ailəmiz türk dünyasıdır"

 

Türk birliyinin gücünün əhəmiyyətini 44 günlük Vətən müharibəsi zamanı hər kəs görüb şahid oldu. Müharibənin ilk günündən Türkiyə bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Qardaş ölkənin Prezident, xarici işlər naziri səviyyələrində ard-arda verilən açıqlamalar Azərbaycana siyasi, mənəvi dayaq olmaqla yanaşı, ölkəmizin haqq işinə qarışmaq istəyən qərəzli qüvvələri də yerlərinə otuzdurmaqda mühüm rol oynadı.
2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi isə həm iki ölkə arasındakı birliyin daha yüksək zirvəyə qalxması, həm də regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoyması baxımından vacib sənəd oldu.
 Azərbaycanın Vətən müharibəsindəki qələbəsi ümumilikdə yeni türk tarixində qazanılan parlaq qələbə kimi tarixə qızıl hərflərlə həkk edildi və  türk birliyinin daha da güclənməsi üçün yeni yollar açdı. 
Bir vaxtlar yalnız arzularımızda yer alan türk dünyasının birliyi bu gün artıq gerçəklikdir və gün keçdikcə daha da möhkəmlənən bu birgəlikdə Azərbaycanın xüsusi və aparıcı rolu var.
"Bizim ailəmiz türk dünyasıdır", - deyə bu il fevralın 14-də keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev də qeyd etdi ki, bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır: "Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".

 

Türkün birliyi hər zaman onu qələbəyə aparır

 

Bəzi faktlara nəzər salaq: Ermənistan hələlik konstitusion qaydada Azərbaycana qarşı ərazi iddiasından əl çəkməyib. 
Həmçinin bir əsrdir ki, Ermənistan Türkiyəyə qarşı "soyqırımı" iddiasını əldə bayraq edərək dünyaya səs salıb. Ancaq ermənilərin Türkiyəyə qarşı saxta soyqırımı konsepsiyası Qarabağ zəfəri ilə zəifləyib. Belə ki, bu gün Ermənistanda "soyqırımı" ilə bağlı iddialar öz əvvəlki aktuallığını itirib. 
Siyasi, iqtisadi böhranlarla yanaşı, təbii fəlakətlər zamanı da türk birliyinin necə vacib əhəmiyyətə malik olduğu Türkiyədə 2023-cü il fevralın 6-da baş verən dağıdıcı zəlzələlərin fonunda da aydın göründü. Həmin vaxt qardaş ölkənin harayına ilk yetən Azərbaycan oldu və zəlzələnin fəsadlarının aradan qaldırılması üçün maddi-mənəvi dəstək göstərdi. 
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2023-cü il martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsi də dar gündə qardaş ölkəyə mühüm dəstək oldu. 
Təbii ki, türkün birgəliyi düşmənlərimizi qətiyyən sevindirmir və onlar tarixən olduğu kimi, indi də aramıza nifaq toxumları səpmək niyyətindədirlər. 
Xatırlayırsınızsa, 2008-ci ildə ABŞ və Avropanın qərəzli ölkələri Ankaraya Türkiyə-Ermənistan sərhədinin açılması üçün təzyiqlər edirdi. Ancaq Türkiyə buna getmədi. Necə deyərlər, tarix təkrarlanır və eyni qüvvələr hazırda da Ankaranı Ermənistanla sərhədləri açmağa məcbur etmək istəyir, ancaq Türkiyə türklərinin təbirincə desək, nafilə. Qardaş ölkə bu dəfə də təzyiqlərə boyun əyməyəcək. 
Gətirilən nümunələrdən də göründüyü kimi, baş verən qlobal siyasi böhranlara, milli maraqlarımıza qarşı olan bütün güclərə türkün sarsılmaz birliyi ilə çıxmaq bizi hər zaman qalibiyyətə aparır. 
Buna görə də "böyük türk dünyası ailəsi"nin həmrəyliyini daha da möhkəmləndirmək və gücləndirmək, birgə səyləri artırmaq bütün türk xalqlarının, ölkələrinin qarşısında duran zamanın mühüm çağırışıdır. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video