26 May 2023 10:00
426
Mədəniyyət
A- A+

Azərbaycan teatr sənətinin uğurlarla yadda qalan cümhuriyyət dövrü

 

Dövlətçilik tariximizdə müstəsna yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hakimiyyəti cəmi iyirmi üç ay - 1918-ci ilin mayından 1920-ci ilin 28 aprelinədək sürdü. Bolşeviklərin işğalı ilə Azərbaycanın vətənpərvər övladlarının uzun illər apardıqları mücadilələrin nəticəsində qurulan müstəqil hökumət süquta uğradı.
Ömrü qısa oldu. Hakimiyyəti dövründə də başının üzərindən qara buludlar heç çəkilmədi. Həm ölkənin daxilindəki düşmənlər, satqınlar, həm də yadelli işğalçılar Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətinə son qoymaq üçün bir an belə cəhdlərindən əl çəkmədilər. Ancaq bütün dəhşətli təhlükələrə, təhdidlərə, saysız-hesabsız problemlərə baxmayaraq, cümhuriyyət hökuməti bütün sahələrdə böyük işlərə başlaya və bir sıra uğurlara nail ola bildi. Bu baxımdan da, Azərbaycan xalqının tarixi, siyasi, ictimai və mədəni həyatında silinməz izlər buraxdı.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması arzuların çiçək açması, xəyalların gerçək olması idi. Bunu şairlər, yazıçılar, dramaturqlar öz əsərlərində böyük vəcdlə tərənnüm edirdilər. Yeni yaranan bir çox əsərlər səhnəyə qoyulurdu. Cümhuriyyət hökuməti milli teatrın inkişafına da diqqət göstərirdi. Bu sahənin ictimai həyatda rolu yüksəlirdi. Azərbaycan tarixi və milli azadlıq mübarizəsini əks etdirən yeni əsərlər səhnələşdirilirdi. 
Peşəkar Azərbaycan teatr sənətinin əsası 1873-cü ildə qoyulub. Hələ Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətə gəlməmiş - XX əsrin əvvəllərində bu sahədə bir sıra diqqətəlayiq işlər həyata keçirilmişdi. Yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə 1900-cü ildə ilk daimi teatr truppası qurulmuşdu. 1906-cı ildə "Nicat" mədəni-maarif cəmiyyətinin nəzdində yaradılan teatr bölməsi, qabaqcıl teatr xadimlərinin bir truppada birləşdirilməsi milli teatrın inkişafında atılan mühüm addımlar olmuşdu. 1912-ci ildən isə "Səfa" cəmiyyətinin teatr bölməsi fəaliyyət göstərirdi.
Həmin illərdə Azərbaycan teatrının ən böyük problemlərindən biri də tamaşalarda aktyor kimi iştirak etmək istəyənlərin azlığı idi. Çünki aktyorlar çox zaman hətta öz yaxınları tərəfindən belə qınaqlara, hətta təhdidlərə, təzyiqlərə düçar olurdular. Belə bir zamanda "Müsəlman artistləri cəmiyyəti"nin yaradılması aktyorların yaradıcılığının inkişafına, peşəkarlığının yüksəldilməsinə müsbət təsir göstərirdi. 
1918-ci ilin mart soyqırımı Bakıda dinc həyata son qoydu. Teatr və aktyor truppaları da fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldılar. Bakıda teatr truppalarının yenidən təşkil olunmasına yalnız Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra mümkün oldu.
Bakıda cümhuriyyət dövründə fəaliyyətini bərpa edən ilk truppa "Hacıbəyli qardaşları" olub. Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Hacağa Abbasov, Cəlil Bağdadbəyov, Əhməd Ağdamski, Rza Darablı, Sidqi Ruhulla, Muxtar Məhəmmədzadə, Məmmədtağı Bağırzadə, Ələkbər Hüseynzadə, Bağır Kazımovski, Məğfurə xanım, Yeva (Yevgeniya) Olenskaya və başqalarının daxil olduğu bu truppa həftədə üç gün dram, komediya, opera və operetta tamaşaları göstərib. "Hacıbəyli qardaşları" teatr truppasının repertuarında "Dağılan tifaq", "Pəri-cadu", "Ağa Məhəmməd şah Qacar", "Gaveyi-ahəngər", "Axşam səbri xeyir olar", "Sultan Əbdülhəmidin "xəl"i və yaxud zülm və istibdadın axırı", "Ənvər bəyin Ədirnə fəthi", "Azərbaycan" kimi dram əsərləri, "Arşın mal alan", "O olmasın, bu olsun" ("Məşədi İbad"), "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid banu", "Aşıq Qərib", "Evliykən subay", "Şah İsmayıl" kimi operalar və operettalar olub.
"Hacıbəyli qardaşları" teatr truppası Qafqazın bir çox şəhərində, İranda qastrol səfərlərində olub.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıdan başqa bir sıra şəhər və qəzalarında da teatr truppaları təşkil edilib. Şuşada Hacıbəyli qardaşlarının teatr müdiriyyətinin filialı yaradılıb.
Qeyd etdiyimiz kimi, Azərbaycan peşəkar teatrının tarixi 1873-cü ildən başlayır. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət Teatrı statusu alıb. Beləliklə, cümhuriyyət hökumətinin teatrın inkişafı istiqamətində həyata keçirdiyi mühüm işlərdən biri də Azərbaycan Dövlət Teatrının təşkili olub.
Daha bir mühüm məsələ isə cümhuriyyət hökumətinin 1918-ci il 9 oktyabr tarixli qərarına görə, teatr işinin maarif nazirliyinin sərəncamına verilməsi olub. Həmin ilin 18 oktyabrında hökumət Dövlət Teatrının təşkili haqqında xalq maarifi nazirinin məruzəsini dinləyib, Mayılov qardaşları teatrının binasını (hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı) dövlət teatr üçün almaq barədə qərar verib. Xalq maarifi nazirinə tapşırılıb ki, teatrın binası məcburi olaraq, amma ədalətli qiymətlə nazirliyin sərəncamına alınsın və Dövlət Teatrı adlandırılsın.
Dövlət Teatrında göstərilən ilk tamaşa 1918-ci il noyabrın 4-də Nəriman Nərimanovun "Nadir şah" faciəsi olub. Dövlət Teatrında Azərbaycan Xalq Cümhuriyyəti dövründə yalnız opera, musiqili teatr tamaşaları, xalq musiqisindən ibarət konsertlər təşkil olunmayıb. Burada həm də mühüm dövlət tədbirləri keçirilib. 
Daha bir uğurlu addım isə cümhuriyyət hökumətinin müsəlman teatr truppasını öz himayəsinə götürmək barədə qərarı olub. 1919-cu ilin 17 noyabrında Nazirlər Şurasının iclasında maarif naziri türk opera-dram teatrının təşkili haqqında məruzə edib. Cümhuriyyət hökuməti tərəfindən Türk Opera-Dram Teatrının yaradılmasını nəzərdə tutan qanun layihəsi bəyənilib. Teatrın bərpasına vəsait ayrılıb. Beləcə, Azərbaycan türk teatrı milliləşdirilib, dövlətin himayəsinə verilib.
Ənənəvi olaraq xeyriyyə tamaşaları təşkil edilib. Bu məsələdə də Hacıbəyli qardaşlarının truppası xüsusi fəallıq göstərib. Həlak olmuş döyüşçü ailələrinin xeyrinə verilən teatr tamaşaları haqqında mütəmadi "Azərbaycan" qəzetində elanlar verilib.
Cümhuriyyət dövründə teatr Azərbaycanın mədəni həyatında olduqca böyük rol oynayıb. Bunu həmin dövrdə fəaliyyət göstərmiş mətbu orqanların səhifələrində qalan bir çox yazılar, xəbərlər də təsdiq edir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video