21 May 2025 11:51
425
SİYASƏT
A- A+
Azərbaycan-Macarıstan münasibətləri  

Azərbaycan-Macarıstan münasibətləri  


Müştərək tarix, strateji tərəfdaşlıq, qlobal dünyaya vahid baxış


Macarıstan Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birini təşkil edir. Bizi bu ölkə ilə bağlayan vahid tarixi köklərimizlə yanaşı, Macarıstanla zəngin və dinamik müştərək siyasi, habelə iqtisadi gündəmimiz var. Macarıstan Azərbaycanın neft və qaz sektorunda təmsil olunur, eyni zamanda, bizim Avropada mavi yanacaqla təmin etdiyimiz 10 ölkədən biridir. Bu ölkə bütün beynəlxalq platformalarda Azərbaycana fəal dəstək göstərir və bizimlə həmrəylik nümayiş etdirir. Macarıstanın Baş naziri Viktor Orbanın ötən il Şuşaya etdiyi tarixi səfər bu dəstəyin ən parlaq nümunəsidir. 

Dövlətlərimiz bir-biriləri üçün təmsil olunduğumuz coğrafiyalarda etibarlı və möhkəm geosiyasi körpü rolunu oynayırlar. Əgər Azərbaycan Macarıstan üçün zəngin Orta Asiya ölkələrinə çıxışdırsa, eyni qaydada Budapeşt də təmsil olunduğu Avropa strukturlarında, xüsusilə də Avropa İttifaqında (Aİ) Bakının maraqlarını səmimi formada dəstəkləyən dostdur.


Müstəqil siyasət yürüdən strateji tərəfdaşlar

 

Bakı-Budapeşt münasibətləri zəngin tarixə və bu günə malikdir. Bu gündəm özünün dinamik iqtisadi təmasları və siyasi münasibətləri ilə təzahür edir. Ancaq hər iki dövləti bir-birilə bağlayan daha bir amil var: həm Macarıstan, həm də Azərbaycan müstəqil və heç kimdən asılı olmayan xarici siyasət yürüdürlər ki, bu kursun əsas xətti milli maraq və mənafelərin qorunmasıdır. Əgər Azərbaycan müstəqilliyinin ilk günlərindən balanslaşdırılmış xarici siyasətə üstünlük verirsə, Macarıstanın Aİ-də təmsilçiliyi beynəlxalq arenada baş verən hadisələrə fərqli və öz mənafelərini ifadə edən kursu həyata keçirməyə müəyyən maneələr yaradır. Çünki Aİ üzvləri xarici siyasət məsələlərində vahid cəbhədən çıxış etməlidirlər və bu da bir reallıqdır ki, Brüsseldən diqtə olunan direktivlər bir çox hallarda üzv dövlətlərin fərdi maraqları ilə ziddiyyət təşkil edir. 

Bu reallığın ən parlaq nümunəsi Macarıstan və Slovakiyadır. Hər iki dövlətin liderləri maksimum şəkildə öz dövlətlərinin maraqlarından çıxış etmək üçün səylər göstərirlər və bu da Aİ tərəfindən onlara qarşı ədalətsiz yanaşma ilə müşayiət olunur. Təbii ki, bu cəsur davranış həm ölkə daxilində, həm də xaricdə müsbət reaksiyaya səbəb olur ki, bunu biz Viktor Orbanın təmsil etdiyi siyasi qüvvənin illərdir Macarıstana rəhbərlik üçün xalqın dəstəyini qazanmasında görürük. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün Budapeştdə olan Prezident İlham Əliyevin Macarıstan lideri ilə mətbuata birgə bəyanat zamanı bu amilin üzərində xüsusi dayanması onu göstərir ki, dost dövlətin müstəqil və prinsipial xarici siyasəti Azərbaycanda da dərin rəğbət və hörmət mənbəyi kimi qəbul edilir: “Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var. Biz Macarıstanı çox sevirik, o cümlədən bu amillərə görə”. 

Macarıstanı Azərbaycana yaxın edən digər amil mənəvi xarakterlidir. Uzun illər boyu bu ölkənin əhalisini məxsus olduğu tarixi köklərdən ayrı tutublar. Macar xalqının türk dünyasına məxsusluğu və bu gerçəkliyin dərk edilməsi qeyri-rəsmi yasaq mövzusu olub. Məhz Viktor Orbanın hakimiyyətə gəlişi və ümumiyyətlə, onun siyasi fəaliyyəti Macarıstanın türk dünyası ilə əlaqələrinin genişlənməsi prosesinə təkan verib. Mühafizəkar platformada duran köklü “Fides” Partiyasının lideri kimi Orban xalqının keçmişinə və milli özünüdərkinə ciddi önəm verir ki, bu da ölkə ictimaiyyətinin öz rəhbərinə səmimi münasibətinə səbəb olub. 

Orban eyni zamanda, bu tarixi bağlılığı siyasi və iqtisadi maraqlarla unikal və səmərəli şəkildə birləşdirməyi bacaran liderdir. Məsələn, Macarıstan şirkətlərinin Azərbaycana sərmayə yatırımı, xüsusilə də enerji sektoruna maraq göstərmələri Budapeştin təkcə Bakı ilə deyil, bütün türk dünyası təmsilçiləri ilə möhkəm iqtisadi bazanın formalaşdırılması istiqamətində mühüm rol oynayır. Əgər nəzərə alsaq ki, qarşıdakı illərdə Orta Asiya və Cənubi Qafqaz dünya logistik proseslərinin mərkəzi rolunda çıxış edəcək, Budapeştin xarisi siyasətinin bu istiqaməti mənəvi və tarixi əhəmiyyət daşımaqla yanaşı, həm də praqmatik mahiyyət kəsb edir.


Vahid tarixə verilən dəyər


Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirak edir. Ancaq Budapeşt keçirilən sayca ikinci olan qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi etməklə bir tərəfdən vahid tariximizə olan dəyəri nümayiş etdirir, digər tərəfdən isə Azərbaycana və dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsünə dəstəyini əməli addımı ilə göstərir. Çünki qeyri-rəsmi görüşlərin keçirilməsi təşəbbüsü məhz Azərbaycan liderinə məxsusdur və ilk belə bir zirvə görüşü Şuşa şəhərində baş tutub. Bu, olduqca simvolik və rəmzi xarakter daşıyır, çünki Azərbaycanın işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzur türk dünyasının bu günü və sabahında olduqca vacib iqtisadi və siyasi proseslərin mərkəzi rolunda çıxış edir. Birincisi, torpaqlarımızın azadlığa qovuşması bu böyük coğrafiyanın həmrəyliyi prosesində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. İkincisi isə bu bölgəmiz həyata keçirilən və keçirilməsi planlaşdırılan iri iqtisadi layihələrin mərkəzi bəndini təşkil edir. Dünya logistik əməliyyatlarının mərkəzi arteriyası olacaq Orta dəhliz layihəsinin bir istiqaməti də məhz işğaldan azad edilmiş bölgədən keçəcək ki, Azərbaycan burada tələb olunan infrastrukturun qurulması istiqamətində effektiv fəaliyyətini davam etdirir. Şübhəsiz ki, bir Avropa dövləti olaraq Macarıstanın dost və eyni köklərə malik olduğu türk dünyası təmsilçiləri ilə yaxınlığı ona ciddi siyasi və iqtisadi dividentlər qazandıracaq. 

Şuşada keçirilən sayca birinci qeyri-rəsmi Zirvə görüşündə Viktor Orbanın iştirakı Azərbaycanın tarixi qələbəsinin dünyaya reallıq və ədalətin təntənəsi kimi qəbul etdirilməsi prosesində mühüm rol oynayıb. Birincisi ona görə ki, Orban bir Avropa dövlətinin lideridir. İkincisi və ən əsası isə Macarıstan Aİ-nin üzvüdür. Aİ o təşkilatdır ki, Azərbaycanın suverenliyini bərpa etməsi prosesində heç də hər zaman ədalətli mövqelərdən çıxış etməyib. Bütün bunlara rəğmən Macarıstan liderinin Şuşaya gəlməsi və siyasi qətiyyət nümayiş etdirməsi onun nə qədər prinsipial və xarizmatik dövlət başçısı olduğunu sübut edir. Macarsıtan Cəbrayıl rayonunun Soltanlı kəndinin tam bərpasını həyata keçirir. Bu, Azərbaycan dövlətində və xalqında səmimi rəğbət yaratmaya bilməz. Hazırki yaxın əlaqələrimiz və bu platformanın üzərində bərqərar olan strateji münasibətlərimiz məhz belə amillərdən ilhamlanır. 


Siyasi münasibətləri qidalandıran iqtisadi potensial


Azərbaycan-Macarıstan gündəminin mərkəzi mövzularından biri təbii ki, iqtisadi əlaqələrdir. Bakı Avropanın 10 ölkəsini qazla təmin edir ki, onlardan səkkizi Aİ üzvləridir. Bu ölkələrdən biri də Macarıstandır. Ukrayna-Rusiya gərginliyindən ən çox iqtisadi zərər görən Avropa dövlətlərindən biri də Macarıstandır. Bu, həm onun Aİ üzvü olması, həm də Ukrayna ilə vahid sərhədinə görədir. Macarıstan Rusiya qazının sabit alıcısıdır. Hərbi əməliyyatlar mavi yanacağın etibarlı şəkildə Avropaya nəqlini mümkünsüz edir. Üstəlik nəzərə almaq lazımdır ki, Ukrayna bu ilin əvvəlində öz ərazisindən keçən qaz kəmərlərinin fəaliyyətini dayandırıb. Bu gedişatdan ən çox əziyyət çəkən ölkələrdən biri də Macarıstandır və Viktor Orbanın dediyi kimi, belə bir reallıqda rəqbətədözümlü iqtisadiyyatın qurulmasından söhbət gedə bilməz. 

Məhz bu baxımdan, Azərbaycanın Macarıstana göstərdiyi enerji dəstəyi Budapeştdə yüksək qiymətləndirilir və birgə bəyanatın verilməsi mərasimində Viktor Orbanın bu məqam üzərində xüsusi dayanması olduqca əlamətdardır: “Cənab Prezident bizi əmin edib ki, ötən il olduğu kimi, bu il də Macarıstanın qaz təminatı təmin ediləcəkdir. Azərbaycan bizi əmin etmişdir ki, bizə lazım olan həcmdə qaz veriləcəkdir”.

Azərbaycan Prezidentinin də mövzu ilə bağlı Macarıstanı əmin edəcək bəyanatla çıxış etməsi ikitərəfli münasibətlərin nə qədər möhkəm fundamentlər üzərində bərqərar olduğunu göstərir: “Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir”.

Azərbaycanla Macarıstanın enerji gündəmində daha iki məqam var. Bunlardan birincisi, macar şirkətlərinin Azərbaycanın neft və qaz yataqlarının istismarı prosesinə qoşulmalarıdır. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Prezident İlham Əliyevin Budapeştdə bildirdiyinə görə, gələn ilin əvvəlində Macarıstanla növbəti kontrakt imzalanacaq. Macarıstan lideri bu məsələyə ciddi önəm verir: “Macarıstanın MVM və digər şirkətləri Azərbaycanda neft-qaz yataqlarında, boru kəmərlərində səhmlərini artıra bilər. Mən şadam ki, müəyyən həcmdə qaz ehtiyatları və neft barelləri bizim ixtiyarımızdadır. Ola bilər bu, Azərbaycan üçün çox böyük həcm deyil. Ancaq bizim üçün bu, çox vacib bir məsələdir ki, Azərbaycanın neft yataqlarında payçıyıq. Bu, təkcə iqtisadi baxımdan deyil, sırf mənəvi baxımdan da vacibdir. Bu dostluq sayəsində biz özümüzü daha az mürəkkəb vəziyyətdə, həssas vəziyyətdə hiss edirik”.

İkinci məsələ isə modern dünyanın əsas iqtisadi trendlərindən biri olan “yaşıl enerji” sahəsindəki əməkdaşlıqdır. Macarıstan Azərbaycanda istehsal olunacaq ekoloji cəhətdən təmiz enerjinin Avropaya nəqlini təşkil edəcək beynəlxalq konsorsiumun dörd üzvündən biridir. Gürcüstan və Rumıniyanın da daxil olduğu bu işbirliyi əsasında Azərbaycanın bərpa olunan ekoloji cəhətdən təmiz enerjisi Qara dənizin dibi ilə Avropaya nəql ediləcək. Bu prosesin ilkin son ünvanı kimi Macarıstan göstərilir, ancaq şübhə yoxdur ki, tələbatın akltivliyi baxımından Budapeşt Avropa üçün bir qovşaq rolunda da çıxış edə bilər. 

Beləliklə, Azərbaycan Prezidentinin Macarıstana işgüzar səfəri Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısı fonunda ikitərəfli münasibətləri müzakirə etmək üçün olduqca əlverişli zaman kəsiyinə təsadüf edir. Dünyanın qlobal problemləri bölgələrimizə və dövlətlərimizə də təsirsiz ötüşmür. Belə bir reallıqda ümumi maneələrə müştərək yanaşma və addımların konsolidasiyasi həm Macarıstan, həm də Azərbaycan üçün olduqca vacibdir. Dövlətimizin maraqları və liderlərimizin prinsipial mövqeyi hər iki ölkə üçün optimal çıxış yollarının tapılmasının başlıca təminatçısıdır. 


İradə ƏLİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Alimlər dünyada ən nadir yeni qan qrupunu aşkarlayıblar - TƏDQİQAT

11:46
24 İyun

ÜMT: Asiyada istiləşmə qlobal orta göstəricidən iki dəfə sürətlidir

11:37
24 İyun

Dünya birjalarında Azərbaycan nefti 80 dollara satılıb

11:29
24 İyun

DİN: Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılıb

11:21
24 İyun

Dünya birjalarında neft ucuzlaşıb

11:13
24 İyun

Milli Məclisin növbəti plenar iclası keçirilir

11:04
24 İyun

Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və “Made in Italy” nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNƏCƏK  

11:00
24 İyun

Qızıl və gümüşün ucuzlaşması davam edir

10:59
24 İyun

ÜST: Tütündən istifadə hər il 7 milyondan çox insanın həyatına son qoyur  

10:45
24 İyun

Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirilib YENİLƏNİB

10:32
24 İyun

Ölkənin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə edilir – FAKTİKİ HAVA

10:29
24 İyun

Prezident İlham Əliyev: Bu gün ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır  

10:17
24 İyun

Azərbaycan Prezidenti: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir  

10:17
24 İyun

Prezident: Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır  

10:09
24 İyun

Prezident İlham Əliyev: Son 20 il ərzində biz Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq  

10:09
24 İyun

Prezident: “8 Noyabr” Elektrik Stansiyası Mingəçevirin Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək  

10:08
24 İyun

Prezident İlham Əliyev: “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək  

10:07
24 İyun

Tramp İsrail və İran arasında atəşkəsin artıq qüvvədə olduğunu deyib  

10:06
24 İyun

CNN: İran hücumları dayandırarsa, İsrail atəşkəslə razılaşır  

09:57
24 İyun

“STAR” qəzeti: Ermənistanla dialoqda olan Türkiyə Azərbaycanla tam koordinasiyada fəaliyyət göstərir  

09:56
24 İyun

Ərəb Parlamenti: İranın Qətərə təcavüzü beynəlxalq hüquqa açıq şəkildə ziddir  

09:55
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!