16 Aprel 2024 01:30
422
Mədəniyyət
A- A+

"Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər" adlı metodik vəsaitin təqdimatı keçirilib

 

Aprelin 15-də Bakı Kitab Mərkəzində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən hazırlanmış "Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər" adlı Azərbaycan dili üzrə Sertifikasiya imtahanı (ADSİ) üçün metodik vəsaitin təqdimatı keçirilib. 
AZƏRTAC xəbər verir ki, təqdimatda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycanın tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər. 
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə proqram haqqında məlumat verib. DİM sədri bildirib ki, imtahan vətəndaşların Azərbaycan dilini hansı səviyyədə bilməsini müəyyənləşdirməyə imkan verəcək. Hazırda elmi-pedaqoji heyət arasında aparılan müzakirələrdən sonra imtahan keçiriləcək. 
Tədris proqramının və test modelinin həmmüəllifi Səbinə Əliyeva, Dövlət İmtahan Mərkəzinin əməkdaşı Mehriban Cəfərsoy, "Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər" proqramının redaktoru Jalə Qəribova təqdim olunan vəsaitin faydalarından danışıblar.
Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva bildiriblər ki, bu kitab əcnəbilərin Azərbaycan dilini bilmək səviyyəsinin müəyyənləşdirilməsinə, dilimizin sevilməsinə, işgüzar dilə çevrilməsinə kömək göstərəcək. 
Qeyd edək ki, Azərbaycan dilinin səviyyələr üzrə imtahanına hazırlaşanlar üçün nəşr edilən metodik vəsait Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə Azərbaycan Dillər Universitetinin əməkdaşları Səbinə Əliyeva, Hüzurə Ağayeva, Ramiqə Şirəliyeva və Fidan Ələsgərova tərəfindən dosent, filologiya üzrə fəlsəfə doktoru Jalə Qəribovanın redaktorluğu ilə hazırlanıb.
Metodik vəsait Azərbaycan dilinin səviyyələr üzrə imtahanına hazırlaşan və bu imtahanla maraqlanan şəxslər üçün nəzərdə tutulub. Vəsaitə imtahanla əlaqədar tərtib olunmuş proqram, tapşırıq nümunələri və digər zəruri materiallar daxil edilib. Metodik vəsaitdə istifadə olunmuş materiallar ölkəmizin aparıcı ali təhsil müəssisələrinin mütəxəssisləri tərəfindən nəzərdən keçirilib. Proqramda CEFR (The Common European Framework of Reference for Languages) normativləri Azərbaycan dili üzrə dil qaydalarına uyğunlaşdırılaraq ərsəyə gətirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video