20 May 2025 08:15
968
SİYASƏT
A- A+
Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətləri yeni mərhələyə yüksəlib

Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətləri yeni mərhələyə yüksəlib


Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Cənubi Qafqazın lider dövləti olaraq beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib. Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük önəm daşıyır. Bu mənada, Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Çin də öz növbəsində dünyanın fövqəldövləti kimi həm "Şərq-Qərb", həm də "Şimal-Cənub" nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük önəm verir. 

Ölkəmizlə Çin arasında tarixi və mədəni bağların təməli qədim dövrlərə gedib çıxsa da, Azərbaycan öz tarixi müstəqilliyinə nail olduqdan sonra bu əlaqələr daha da genişlənib. Hər iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycanda səfirliyi açılıb və bundan üç ay sonra, 1993-cü ilin sentyabrında Azərbaycan Milli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib.

Azərbaycan-Çin münasibətlərinin inkişafı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra sürətlənib. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Çinə rəsmi səfəri zamanı iki ölkə arasında səkkiz mühüm müqavilə imzalanıb. 1996-cı ilin aprelində isə Çin Xalq Respublikasının Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub. Bu səfərlər, qarşılıqlı əməkdaşlığın və dostluğun möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Çin əlaqələrinin inkişafına Prezident İlham Əliyev də xüsusi diqqət yetirir. 2003-cü ildən sonra dövlətimizin başçısı bir neçə dəfə Çinə rəsmi səfər edib. 2015-ci ilin dekabrında həyata keçirilən səfər zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu" imzalanıb. 

Son illər ərzində Azərbaycan və Çin arasındakı əlaqələrdə xüsusi canlanma yaşanır. 2022-ci ilin sentyabrında, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Sədri Si Cinpin arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən isə yüksəksəviyyəli qarşılıqlı səfərlər davam edib.

Azərbaycan və Çin ticarətlə yanaşı, həm də istehsal, infrastruktur tikintisi, sənaye, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və digər sahələrdə fəal əməkdaşlıq etməkdədir. Son illərdə Azərbaycanla Çin arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. 2024-cü ilin yanvarına olan məlumata görə, Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı birbaşa investisiyanın həcmi 920 milyon dollara çatıb. Azərbaycanın isə Çinə sərmayə qoyuluşu bundan təqribən 2 dəfə çoxdur. Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Çin şirkətləri Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak edir. Çinin "Huawei" şirkəti isə regionda "ağıllı" kənd və "ağıllı" şəhər layihələrinin icrasında fəallığı ilə fərqlənir.

Prezident İlham Əliyev hələ 2023-cü ildə Çinin "China Media Group" media korporasiyasına verdiyi müsahibədə iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulamışdı. Dövlətimizin başçısı eyni zamanda bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda ölkələrimizin bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış etməsinə toxunmuşdu.

"Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək, görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq, iqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq", - deyə Azərbaycan Prezidenti bəyan edib.

Hər iki ölkənin siyasi ekspertləri mətbuata açıqlamalarında bildirirlər ki, Prezident İlham Əliyevin bu fikri, Azərbaycan ilə Çin arasında mövcud olan strateji münasibətlərin və əməkdaşlığın uzunmüddətli perspektivini çox yaxşı əks etdirir. Əslində, beynəlxalq gündəlikdə suverenlik, müstəqillik və ərazi bütövlüyü kimi prinsiplər bir çox ölkə üçün önəmli məsələlərdir və Azərbaycanla Çin bu mövzularda oxşar mövqedədirlər. Bu yanaşma, həmçinin iki ölkənin beynəlxalq arenada bir-birini dəstəkləməsini və qarşılıqlı etibarlarını artırır. Prezidentin vurğuladığı mövqelər, yalnız rəsmi səviyyədə deyil, həm də gündəlik praktikalarda da əhəmiyyətli bir yol xəritəsi kimi qəbul edilməlidir. Bu yanaşma, həm Azərbaycanın, həm də Çinin uzunmüddətli xarici siyasət hədəflərini dəstəkləyən və qarşılıqlı faydalara əsaslanan bir strateji təməl yaradır.

Çin Xalq Respublikasının Sədri Si Cinpin də Azərbaycanla münasibətlərə böyük önəm verdiyini və iki ölkənin dost və tərəfdaş olduqlarını dəfələrlə ifadə edib. Bu münasibətlər yalnız iqtisadi və siyasi deyil, həm də regional təhlükəsizlik və sabitlik baxımından mühüm əhəmiyyət daşıyır.

3 iyul 2024-cü ildə isə "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub. Bu bəyannamə iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsini təmin edən mühüm addım olub. Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Bu bəyannamə, həmçinin ÇXR ilə Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir.

Dövlətimizin başçısının Çinə budəfəki dövlət səfəri isə iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək. Prezident İlham Əliyev səfər çərçivəsində Çinin Sinxua agentliyində dərc olunmuş müsahibəsində bu barədə qeyd edib: "Əminliklə deyə bilərəm ki, ÇXR-ə bütün əvvəlki səfərlər zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunurdu". 

Azərbaycan ilə Çin arasındakı iqtisadi əlaqələr daim genişlənir. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsindəki birgə əməkdaşlıq, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı ilə həyata keçirilən birgə layihələr və Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsünə qoşulması, bu əlaqələri daha da gücləndirib. Eyni zamanda Şərq-Qərb və Orta dəhliz layihələri çərçivəsindəki tərəfdaşlıqlar, nəqliyyat və ticarət əlaqələrinin inkişafına böyük töhfə verib. Pekində Azərbaycanın Ticarət Evinin açılması da bu əməkdaşlığın uğurlarını təzahür etdirir.

Bundan əlavə, Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza prosedurları tətbiq etməklə iki ölkə arasında turizm və mədəni mübadiləni asanlaşdırıb. Bu cür təşəbbüslər, ölkələrimiz arasında iqtisadi, mədəni və sosial əlaqələrin dərinləşməsinə səbəb olub.

Azərbaycan ilə Çin arasında mədəni əlaqələr uzun illərdir möhkəm dostluq körpüsü yaradıb. 12-21 aprel 1995-ci ildə Pekində keçirilən Səttar Bəhlulzadənin əsərlərinin sərgisi iki ölkə arasında mədəni əməkdaşlığın başlanğıcını qoyub. Həmçinin 2001-ci ildə Çinin Cizian əyalətinin Çücou şəhəri ilə Sumqayıt şəhəri qardaşlaşıb.

10 avqust 2008-ci ildə Pekində XXIX Yay Olimpiya Oyunları çərçivəsində "Azərbaycan günü", 2011-ci ilin mayında isə Çində Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Eyni zamanda 10-14 dekabr 2012-ci ildə Azərbaycanda Çin Xalq Respublikasının Mədəniyyət Günləri təşkil olunub. Azərbaycanda fəaliyyət göstərən iki Konfutsi İnstitutu və Çin dilinə artan maraq iki ölkə arasındakı mədəni əlaqələrin güclənməsinə xidmət edir. 

Heydər Əliyev Fondunun Nizami Gəncəvinin büstünü Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinə hədiyyə etməsi isə Azərbaycan mədəniyyətinin Çinlə əlaqələrdəki dəyərini nümayiş etdirir. Bu cür mədəni fəaliyyətlər, xalqlarımız arasında daha yaxın əlaqələrin qurulmasına və qarşılıqlı anlaşmanın güclənməsinə mühüm töhfə verir.

Görünən odur ki, Azərbaycan - Çin münasibətləri yeni əməkdaşlıq mərhələsinə qədəm qoyub. Coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, ölkəmiz dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik olan bu dövlətlə demək olar ki, bütün istiqamətlərdə əlaqələri yüksək səviyyədə inkişaf etdirmək əzmindədir.


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibətilə konsert olub  

01:01
16 İyun

İran - İsrail gərginliyi: qarşılıqlı raket atışları bu gecə də davam edib

00:17
16 İyun

Rusiya vətəndaşlarının İrandan təxliyəsi mərhələli şəkildə həyata keçirilir  

22:46
15 İyun

Böyük Britaniya Yaxın Şərqə hərbi təyyarələr yerləşdirir

22:29
15 İyun

Ukraynaya daha 1200 nəfər həlak olmuş vətəndaşın cənazəsi qaytarılıb  

21:39
15 İyun

Bəzi yerlərdə leysan, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq - XƏBƏRDARLIQ

21:33
15 İyun

Fahrettin Altun: Azərbaycanın Milli Qurtuluş Gününü və Şuşa Bəyannaməsinin dördüncü ildönümünü ən səmimi duyğularımla təbrik edirəm  

21:19
15 İyun

AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib

21:06
15 İyun

Gəncənin MDB-nin idman paytaxtı seçilməsi ilə bağlı sertifikat şəhər rəhbərliyinə təqdim edilib  

20:50
15 İyun

Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram  

20:48
15 İyun

Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib  

20:26
15 İyun

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib  

20:13
15 İyun

İranda 2 nəfər casus ələ keçirilib

19:47
15 İyun

Roma Papası dünyada sülh üçün çağırış edib  

19:35
15 İyun

Şamil Ayrım: Yeni dünya nizamının qurulduğu bir vaxtda Azərbaycan diplomatik, hərbi qələbələrə imza atıb  

19:26
15 İyun

Qırğızıstanın İrandakı səfirliyinin daha bir neçə əməkdaşı Azərbaycan ərazisinə daxil olub

18:41
15 İyun

İran İsrailə 50 ballistik raket atıb

18:40
15 İyun

Andrey Buqrov: Dünyanın hərtərəfli etimada, ədalətə ehtiyacı var

18:38
15 İyun

İran hökumət nümayəndəsi: Biz heç vaxt müharibə istəməmişik

17:53
15 İyun

Lu Mey: Dünya yeni bir qeyri-sabitlik və transformasiya mərhələsinə daxil olub

17:34
15 İyun

Bahar Muradova: Ədalət ümumbəşəri dəyərdir və o, coğrafiyaya, məqsədlərə, maraqlara görə dəyişməməlidir

16:57
15 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!