Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Amerikaya səfəri iki ölkə münasibətlərində yeni bir səhifənin başlanğıcıdır. Donald Tramp sülhsevər və ədalətli dövlət rəhbəridir. Onun prezidentliyinin birinci dövründə də ABŞ yeni müharibələrin alovlanmasına dəstək verməyib. Əksinə, dünyada müharibələrin olmamasını üstün tutub. 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi dövründə Tramp hakimiyyətdə olduğuna görə, ABŞ məsələyə ədalət prizmasından yanaşaraq müdaxilə etməmişdi. Amma Bayden prezident seçiləndən sonra ABŞ-nin Azərbaycana münasibəti tamamilə dəyişmişdi. Belə ki, Bayden Administrasiyası erməni lobbisinin təsiri altına düşərək, Azərbaycana qarşı açıq şəkildə qərəz nümayiş etdirməyə başlamışdı.
Milli Məclisin deputatı Azər Badamov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, Bayden Administrasiyasının Azərbaycana qarşı qurduğu ssenariyə uyğun olaraq Konqres və Senatda ölkəmiz əleyhinə qətnamələr qəbul olunub. Ölkəmizin ünvanına ədalətsizcəsinə saxta ittihamlar səsləndirilib. Hətta ABŞ, Avropa İttifaqı və Ermənistan arasında üçtərəfli görüş keçirilərək Ermənistanın silahlandırılmasına maliyyə dəstəyi göstərilməsi qərara alınıb. "Baydenin prezidentliyinin son günündə Dövlət katibi Entoni Blinken ABŞ-Ermənistan arasında əməkdaşlığa dair bir sənəd də imzalayaraq Azərbaycana qarşı hiddətini hakimiyyətinin son anında da nümayiş etdirdi. Amma Donald Trampın yenidən prezident seçilməsi erməni lobbisinin planlarının üstündən xətt çəkdi. Bayden müstəqil rəhbər deyildi, o, idarə olunurdu. Donald Tramp isə müstəqil siyasət yürüdür və kənar qüvvələrin təsiri altına düşmür. O, adını tarixə ABŞ-nin uğurlu prezidenti və sülhsevər lider kimi yazdırmağa çalışır", - deyə Azər Badamov bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev Donald Trampın yenidən hakimiyyətə gəlməsinə hələ seçki kampaniyası dövründən başlayaraq obyektiv münasibət sərgiləyərək onun prezident seçilməsinin həm ABŞ xalqına, həm də beynəlxalq münasibətlər sisteminə böyük töhfə verəcəyini bildirmişdi. Halbuki seçki kampaniyası dövründə avropalı liderlər Trampın yenidən seçilməsinə çox ədalətsiz yanaşır, bəziləri isə hətta onun seçilməsini özünə dərd edirdi. Prezident İlham Əliyev seçki başa çatan kimi qələbə münasibətilə Trampı həm məktubla, həm də telefon zəngi ilə təbrik edərək, ona uğurlar arzulamışdı.
A.Badamov vurğulayıb ki, Tramp prezident seçiləndən sonra Azərbaycanla ABŞ arasında qarşılıqlı təbriklər, zənglər intensivləşməyə başlayıb və bütün təmaslarda ölkələrarası əməkdaşlığın genişləndirilməsindən danışılıb: "Prezident İlham Əliyevin III Qlobal Şuşa Forumunun açılışında səsləndirdiyi fikirləri Donald Tramp "Truth" sosial şəbəkəsində paylaşdı. Bu, ABŞ tarixində ölkə liderinin digər dövlət başçısının fikirlərini səhifəsində dərc etməsinin ilki idi. Prezident İlham Əliyev də "X" səhifəsində paylaşıma münasibət bildirərək təşəkkür etdi. Ölkəmizin rəhbəri media forumunda Azərbaycan-ABŞ münasibətlərindən də danışmışdı: "ABŞ Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq". Təbii ki, bütün bunlar ikitərəfli münasibətlərin inkişaf dinamikasının göstəricisi idi", - deyə deputat əlavə edib.
Siyasətçi qeyd edib ki, Azərbaycanla ABŞ arasında iqtisadi münasibətlərin inkişaf dinamikası da müsbətdir. 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 570 milyon dollar olduğu halda, 2024-cü ildə bu rəqəm 1,8 milyard dollara çatıb. 2025-ci ilin sonunda isə ticarət dövriyyəsində daha böyük artım olacağı gözlənilir.
Deputat bildirib ki, ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqaza münasibəti sülhsevər prizmasındandır: "Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ-yə dəvət olunmaları, onlarla Ağ Evdə ikitərəfli və üçtərəfli görüşlərin keçirilməsinin nəzərdə tutulması regionumuza sülh və əməkdaşlığın gəlişi baxımından çox əhəmiyyətli olacaq.
A.Badamov deyib ki, Donald Trampla Prezident Əliyevin ikitərəfli görüşündə Azərbaycan-ABŞ münasibətlərinin inkişaf etdirilməsi ilk yerdə olacaq. Çünki Azərbaycan Amerikanın Cənubi Qafqazda ən böyük iqtisadi imkanlarına malik strateji tərəfdaşıdır. Tramp ABŞ rəhbərliyində olduğu dövrdə Azərbaycanın beynəlxalq enerji layihələrini dəstəkləyib. O, Zəngəzur dəhlizi məsələsinə də çox müsbət yanaşır və bu dəhlizdə hərəkətin təhlükəsizliyinə töhfə vermək istəyir. "Görüşdə Azərbaycan-Ermənistan arasında sülh sazişinin bağlanması ilə bağlı məsələlər də müzakirə olunacaq. Eyni zamanda sülh müqaviləsinin bağlanmasına sadiqliyin nümayişi üçün razılaşdırılmış müqavilənin paraflanması və ya memorandum imzalana bilər. Hər halda Prezident Tramp bu təşəbbüsü əlinə alıbsa, Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın əldə olunması üçün çox ciddi addımların atılacağını hesab edirəm".
Deputat sonda qeyd edib ki, ABŞ Azərbaycanın regionda yaratdığı yeni reallığı dəstəkləyir. Bu baxımdan dövlətimizin başçısının ABŞ-yə səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Cənubi Qafqazda dayanıqlı sülhün təməlinin möhkəmlənməsi baxımından əhəmiyyətli olacaq.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"