15 Mart 2023 04:04
2195
SİYASƏT
A- A+

Avropanın ümid yeri Azərbaycandır

 

İlham Əliyevin enerji diplomatiyası xarici investorların ölkəmizə marağını getdikcə artırır

 

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın əldə etdiyi mühüm geosiyasi uğurlardan biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Həyata keçirdiyi tam müstəqil siyasətlə Azərbaycanı yeni inkişaf mərhələsinə çıxaran Prezident İlham Əliyevin qlobal təşəbbüsləri, enerji layihələri həm də ölkəmizin beynəlxalq miqyasda nüfuzunu, siyasi çəkisini artırıb. 
Hazırda dünyanın geosiyasi və geoiqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın əsas rol oynaması bunu təsdiq edən reallıqdır. 

 

Azərbaycan Avropanın enerji xəritəsini tamamilə dəyişib

 

Bu gün Azərbaycan Avropanın enerji təminatında açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunur. Bu, ölkə sərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Bu prosesi dəyərləndirən İlham Əliyev deyir ki, Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişib. Çünki Azərbaycan tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkməklə yeni rekordlara imza atıb. 
Bütün bu məsələləri İlham Əliyev martın 13-də Almaniyaya işgüzar səfəri çərçivəsində Berlində bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə də qürurla səsləndirib. 
Son 20 ildə iqtisadiyyatımızın üç dəfədən çox artmasının dünya rekordu sayıldığını deyən Prezident bildirib ki, ötən illərdə əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olub. İndi isə hədəf iqtisadiyyatın daha çox şaxələndirilməsi üzərində çalışmaqdır.
Prezident birbaşa xarici borcun azalması strategiyasının uğurlarından da söz açaraq deyib ki, bir neçə il öncə hökumətin qarşısında qoyduğu hədəflər artıq real nəticə verir. Belə ki, Azərbaycan xarici borcunu tamamilə azaldaraq 2023-cü il yanvarın 1-nə olan məlumata əsasən ÜDM-in 10 faizindən aşağı salıb.
Əlbəttə ki, bunun əsas səbəblərindən biri iqtisadi müstəqillikdir. Məhz bu müstəqillik hesabına Azərbaycanın maliyyə imkanlarının artması İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının uğurla reallaşması üçün real zəmin yaradıb.  Azərbaycanın iqtisadi müstəqilliyi gücləndikcə, siyasi müstəqilliyi də möhkəmlənib, beynəlxalq nüfuzu artıb və tərəfdaşlarının sayı çoxalıb.  

 

Azərbaycanın qaz təchizatının kifayət qədər şaxələndirilmiş coğrafiyası var

 

Hazırda Rusiya-Ukrayna müharibəsinə görə, rəsmi Moskvaya tətbiq edilən sanksiyalar üzündən Avropanın enerji təminatında əsas ümidi Azərbaycana qalıb. Ötən ilin iyul ayının 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması da bir daha təsdiqlədi ki, Avropanın bu gün Azərbaycan qazına böyük ehtiyacı var. 
Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə bu sənədin imzalanmasını dəyərləndirən İlham Əliyev dedi ki, imzalanma mərasimində Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycanı Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Əlbəttə ki, Azərbaycanın nailiyyətlərinin bu cür qiymətləndirilməsi böyük şərəfdir. Həqiqətən də Azərbaycan Avropanın bir çox ölkəsini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edir.
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub. Təbii ki, ölkəmiz də tərəfdaşlarının ehtiyaclarını qarşılamaq üçün əlindən gələni əsirgəmir. Çünki hazırda Azərbaycanın qaz təchizatının kifayət qədər şaxələndirilmiş coğrafiyası var.
Bəzi ölkələr artıq Azərbaycandan elektrik enerjisi və əlbəttə ki, təbii qaz almağa başlayıb. Lakin Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar hazırda Azərbaycan kəmər imkanlarını genişləndirməyi planlaşdırır. Belə ki, 16 milyard kubmetr tutumu olan TANAP-ın 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ın isə 20 milyard kubmetrədək genişləndirilməsi nəzərdə tutulur. Bu, əlbəttə ki, Avropadan tələbatın artması ilə əlaqədardır. 

 

Azərbaycanın külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır 

 

Prezident İlham Əliyev həmçinin Azərbaycanın Avropaya "yaşıl enerji" ixracından da söz açaraq vurğulayıb ki, ölkəmizdə külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Hazırda Azərbaycan bu prosesə həm xarici sərmayədarları cəlb edir, həm də həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını yaradır.
Dövlət başçısı bildirib ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri artıq "yaşıl enerji" zonası elan edilib. Bu ərazilərimizdə yalnız bərpaolunan enerji mənbələrindən istifadə olunacaq. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək.
Azərbaycanın bərpaolunan enerji potensialı hələ bununla yekunlaşmır. Prezident bildirib ki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə yanaşı, Naxçıvanı da "yaşıl enerji" zonasına çevirmək planları mövcuddur. Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur. Bu yaxınlarda orada ekspertizanın da aparıldığını bildirən Prezident  deyib ki, yaxın vaxtlarda 500 meqavatlıq günəş-elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımlar atıla bilər. 
Eyni zamanda Naxçıvanda ənənəvi elektrik stansiyalar da çox əhəmiyyətli olar. Çünki Naxçıvanın böyük ixrac potensialı mövcuddur. Türkiyə və İranla sərhədi olan Naxçıvan bu prosesdə hər iki ölkənin elektrik enerjisinə artan tələbatını ödəyə bilər. 

 

Azərbaycanın qaz ixracı getdikcə artacaq

 

Bir sözlə, Prezident bu səfər zamanı Almaniyanın aparıcı şirkətlərinin rəhbərlərinin diqqətini bir daha Azərbaycana yönəltdi. Bu ölkənin tanınmış şirkətlərinə o da bəlli oldu ki, həm Xəzər dənizinin, həm İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının, həmçinin Naxçıvanın böyük enerji potensialı var.  Bu da təbii ki, böyük investorların marağını cəlb etməyə bilməz. 
Xarici investorların Azərbaycanla tərəfdaşlıq etmələri ölkəmizə böyük iqtisadi dividend vəd edir. Çünki bərpaolunan enerjiyə nə qədər çox sərmayə qoyularsa, bir o qədər qaza qənaət ediləcək və bu da Azərbaycandan qaz ixracının artırılması ilə nəticələnəcək. Dövlətimizin əsas hədəfindən biri budur. 
Əminliklə söyləyə bilərik ki, İlham Əliyevin enerji diplomatiyası və bu istiqamətdəki bütün layihələri ölkəmizin iqtisadi potensialını gücləndirir, eləcə də neft-qaz sektorundan əldə edilən gəlirlərin iqtisadiyyatın qeyri-neft sektoruna yönəldilməsinə real imkan yaradır. 
Bütün bunlar onu göstərir ki, Azərbaycan enerji ehtiyatlarının ixracı sahəsində  milli maraqlara tam cavab verən, həmçinin beynəlxalq sferada mövqeyini və əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirən siyasət həyata keçirir. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycanla enerji sahəsində əməkdaşlığa daim xüsusi maraq göstərirlər və ölkəmizin mövqeyi ilə daha çox hesablaşırlar.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video