Şanlı Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən biri olan Aprel döyüşləri xalqımızın yaddaşında əbədi olaraq yaşayacaq, daim iftixarla, şərəflə xatırlanacaq. Qəhrəmanlıq tariximizin bu qürur dolu günlərindən 9 il ötür.
9 il əvvəl 2016-cı il aprelin ilk günündən başlayaraq Ermənistan silahlı qüvvələri təxribat törədərək yeni ərazilərimizi işğal etmək məqsədi ilə mövqelərimiz üzərinə hücuma keçdilər. Azərbaycan Ordusunun torpağını canından da çox sevən cəsur zabit və əsgərləri düşmən hücumunu dəf etmək üçün vətənin müdafiəsinə atıldılar. Döyüşlərin elə ilk saatlarından işğalçıların hücumları dayandırıldı. Güclü müqavimətlə qarşılaşan qəsbkarların geri çəkilməkdən başqa yolları qalmadı.
Hücumların qarşısını alandan sonra zabit və əsgərlərimiz qətiyyətlə, qələbə əzmi ilə işğalçıların üzərinə yeridilər. Torpaqlarımızın azadlığı uğrunda qanlı döyüşlər başladı. Qısa müddət ərzində hərbçilərimiz tərəfindən düşmənin onlarca canlı qüvvəsi və zirehli texnikası məhv edildi. Bununla da Ermənistan silahlı qüvvələrinin "məğlubedilməzliyi" haqqında dünyanı dolaşan mif Azərbaycan Ordusunun igid zabit və əsgərlərinin ayaqları altında tapdalandı. Cəsur oğullarımız illərdən bəri "məğlubedilməz" hesab olunan erməniləri Aprel döyüşlərinin davam etdiyi dörd gün ərzində ağır itkilərə məruz qoydular. Yeni ərazilərimizi işğal etmək istəyən qəsbkarlar acı məğlubiyyətə düçar olaraq diz çökdü. Azərbaycan Ordusunun sürətli əks-hücumlarından qorxuya düşən Ermənistan rəhbərliyi daha da ağır itkilər verməmək üçün beynəlxalq təşkilatların köməyi ilə atəşkəs rejiminin bərpa edilməsinə çalışdı.
Silahlı Qüvvələrimiz üçün uğurla başa çatan Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, mübarizliyini, əsgərlərimizin qətiyyətini, vətənpərvərliyini və döyüş hazırlığının çox yüksək səviyyədə olduğunu bütün dünyaya göstərdi. Göstərdi ki, Azərbaycan Ordusu erməni qəsbkarlarının əlində olan torpaqlarını müharibə yolu ilə də azad edə bilər. Buna qadirdir, buna hazırdır. Xalqımızın Aprel döyüşlərinin davam etdiyi günlərdə bir yumruq kimi dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında daha da sıx birləşməsi düşmənləri qorxuya saldı. Eyni zamanda bütün dünya gördü ki, Azərbaycan işğal olunmuş torpaqlarını geri qaytarmq gücündə və əzmindədir. Amma bundan dərs almayan düşmən yenə də işğalçılıq siyasətini və beynəlxalq hüquqa hörmətsizliyini davam etdirdi.
Həmin günlərdə ən gərgin döyüşlər əsasən Goranboy, Tərtər, Ağdərə, Cəbrayıl, Füzuli istiqamətlərində getdi. Azərbaycan Ordusunun uğurla başa çatdırdığı döyüşlər nəticəsində bir sıra əlverişli mövqelər, 2000 hektardan artıq ərazi, o cümlədən Cəbrayıl rayonunun ərazisindəki böyük strateji əhəmiyyətə malik olan Lələtəpə yüksəkliyi işğaldan azad edildi. Düşmən ordumuzun əks-hücumları qarşısında duruş gətirməyərək ağır itki verib geri çəkilməyə məcbur oldu.
Lələtəpə yüksəkliyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2,9 kilometr şimal-qərbində, 271,1 metr hündürlükdə yerləşir. Bu əlverişli yüksəkliyin erməni işğalçılarından azad olunması Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini təmin etdi, illər əvvəl doğma ocaqlarından didərgin düşmüş kənd sakinlərinin ata-baba yurdlarına dönməsi üçün imkan yaratdı.
Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli sərəncamı ilə Böyük qayıdış prosesinə start verildi. 24 illik fasilədən sonra Cocuq Mərcanlı kəndinin sakinlərinin doğma torpaqlarına qayıtması üçün ilkin addımlar atıldı. Kənd sakinləri böyük sevinc içində doğma ocaqlarına qayıtmağa hazırlaşdılar.
İlıq yaz günlərində başlayan Aprel döyüşləri xalqımızda ordumuzun gələcəkdə düşmən üzərində misilsiz qələbə qazanacağına və Qarabağı azad edəcəyinə olan ümidlərini daha da artırdı. Bu döyüş düşmənin gücsüz olduğunu bir daha göstərdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Aprel döyüşlərində qazanılmış qələbənin ordumuz və xalqımız üçün böyük önəmini vurğulayaraq demişdir: "Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir".
Sıralarında igid, cəsur zabit və əsgərlərimizin xidmət etdiyi Azərbaycan Ordusu Aprel döyüşlərində qazandığı qələbələri ilə xalqımıza böyük sevinc yaşatdı. Bu sevinc, bu qələbə ölkənin gücünü, qüdrətini nümayiş etdirdi. Bundan dostlarımız sevindi, düşmənlərimiz isə məyus oldu. Yeri gəlmişkən qeyd edək ki, dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun ordusunun qüdrəti ilə də ölçülür. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycanın öz torpaqlarını erməni işğalçılarından azad etməyə qadir və hazır olan ordusu var. Bu güclü və qüdrətli Azərbaycan Ordusu Aprel döyüşlərində erməni işğalçılarına bir-birindən sarsıdıcı zərbələr vurdu, düşmənə yaxşıca dərs verdi, ona layiq olduğu yeri göstərdi. Getdikcə gücünü, qüdrətini artıran ordumuzun qarşısıalınmaz zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikaları məhv edildi. Gərgin döyüşlər zamanı 320 nəfər hərbçisi öldürüldü. 500-dən çox erməni işğalçısı yaralandı.
Aprel döyüşlərində düşmən üzərində qazanılmış qələbə Böyük Zəfərə gedən yollarda atılan ilk uğurlu addımlar oldu. Zabit və əsgərlərimizin qəhrəmanlığı və igidliyı sayəsində düşmənə sarsıdıcı zərbələr vuruldu. İgid oğullarımızın bu addımları bir neçə ildən sonra ordumuzu Qarabağa aparacaq yollara cığır açdı. Dörd gün davam edən uğurlu döyüşlər zamanı Silahlı Qüvvələrimiz illərin sükutunu pozaraq, düşmənə ondan qat-qat güclü və qüdrətli olduğunu sübut etdi. Zabit və əsgərlərimiz torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıqları ilə xalqın sevgi və məhəbbətini qazandılar. Onlar vətənin, xalqın xilaskarı olduqlarını göstərdilər. Sürətli, qarşısıalınmaz, yalnız və yalnız Zəfərə hesablanmış əks-hücumları ilə düşməni ağır məğlubiyyətə uğratdılar, gücü, qüdrəti ilə qəsbkarları mat qoydular.
Aprel döyüşləri Azərbaycan xalqını dünyaya mübariz bir xalq kimi tanıtdı. Beynəlxalq ictimaiyyətə dönə-dönə göstərdi ki, belə mübariz, qəhrəman xalq torpaqlarının işğalı ilə heç zaman barışmayacaq. Günlərin birində ərazilərini qəsbkarlardan azad etmək üçün mübarizəyə qalxacaq. Həmin gün həmişə gözlənilirdi. Həmin gün Aprel döyüşlərindən dörd il sonra bir payız günündə üzümüzə açıldı.
Təəssüf ki, Aprel döyüşlərindən ibrət dərsi götürməyən erməni işğalçıları yeni ərazilərimizi ələ keçirmək məqsədi ilə 27 sentyabr 2020-ci ildə mövqelərimiz üzərinə qəflətən hücuma keçdilər, təxribat törətdilər. Bu təxribat nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Müharibənin elə ilk günlərindən Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Hamı qələbəmiz naminə vuruşmağa, çalışmağa başladı. Vətənpərvər oğullar könüllü olaraq döyüşlərə yollandılar. Qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında torpaqlarımızı azad etdi.
44 günlük Vətən müharibəsi tarixi qələbəmizlə yekunlaşdı. Zabit və əsgərlərimiz 2016-cı ilin aprelində yarımçıq qalmış döyüşlərini 2020-ci ilin sentyabrında, İkinci Qarabağ müharibəsində uğurla başa çatdırdı, müharibə Zəfərlə başa çatdı. Azərbaycan əsgəri 30 ilə yaxın davam edən erməni işğalına 44 gündə cəsarəti, hünəri və qəhrəmanlığı ilə son qoydu. Aprel döyüşlərində Lələtəpədə qaldırılan Zəfər bayrağı 2020-ci ildə Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda, Laçında, Kəlbəcərdə, 2023-cü ildə isə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalandırıldı. Ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olundu. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın "dəmir yumruq" kimi birliyi, həmrəyliyi sayəsində Zəfər bayraqları Qarabağda əbədi olaraq dalğalanacaq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"