Planetin haqlı olaraq ağciyəri adlandırılan Amazon tropik meşələri son on ildə karbon qazını udduğundan daha çox ifraz edir. Alimlər həyəcan təbili çalaraq hesab edirlər ki, bəşəriyyət antropogen karbon çirklənməsinin udulması baxımından dünyanın ən böyük tropik meşə massivinə artıq bel bağlaya bilməz. Bu barədə naked-science.ru saytı xəbər verir.
Ekosistemlər 2019-cu ildə 40 milyard tondan çox olmuş karbon qazı tullantıları ilə mübarizədə ən mühüm müttəfiqdir. Son 50 ildə bitkilər və torpaq bu tullantıların təxminən 30 faizini, okeanlar isə 20 faizindən çoxunu udmuşdur. Özü də tropik meşələr digər meşə növlərinə nisbətən karbon qazını həm udmaqda, həm də saxlamaqda daha effektivdir. Dünyanın tropik meşələrinin təxminən yarısı Amazon hövzəsindədir və ona görə də ekoloqlar bu regiona daha çox ümid bəsləyirlər.
Oklahoma Universitetinin, Kaliforniya Texnologiya İnstitutunun (ABŞ), Milli Aqronomiya İnstitutunun (Fransa), Kopenhagen Universitetinin (Danimarka), Cənub-Qərb Universitetinin (Çin) alimləri aydınlaşdırmışlar ki, deyəsən, bunların hamısı boş söhbətdir. Mütəxəssislər illik peyk məlumatlarını təhlil edərək belə bir qənaətə gəlmişlər ki, 2010-2019-cu illərdə Amazon hövzəsindəki Braziliya meşələri 16,6 milyard ton karbon qazı buraxmış və 13,9 milyard ton qaz udmuşdur. Beləliklə, bu meşə indi planetin dostu yox, bir növ düşməni kimi özünü göstərir, zərərli maddələri udduğundan çox ifraz edir. Bu prosesi, yəqin ki, neytrallaşdırmaq olar, amma onun nə vaxt dönməz xarakter daşıyacağı bilinmir.
Tədqiqat həmçinin göstərmişdir ki, Amazonda meşələrin qırılması 2017-2018-ci illərlə müqayisədə 2019-cu ildə, demək olar ki, dörd dəfə sürətlənmişdir. Yanğınlar və ağacların kəsilməsi ucbatından meşə sahəsi həmişəki kimi 1 milyon hektar yox, 3,9 milyon azalmışdır. Alimlərin fikrincə, ekosistemin deqradasiyasına gətirib çıxaran meşələrin qırılması da CO2 tullantılarının artmasının səbəbidir.