28 May 2024 08:05
1295
SİYASƏT
A- A+

Allahın evi - Ağdam məscidi

 

Onu quranlar və dağıdanlar

 

Biz bütün dini məbədləri, o cümlədən məscidləri Allahın evi sayırıq!
Allahın özünün yaşamadığı, amma hər gün min dəfələrlə çağırıldığı, dua edildiyi, kömək istənildiyi ev!

Məscidlər həmişə təmiz saxlanılıb, gülab qoxuyub, insanlar ora paklanıb gedib, kobud danışığa, mübahisə və münaqişəyə yol verməyib, insanlar sülhə, mehribanlığa səslənib.
Allahın evinin sahibi xatirinə...

***
Evlər kimi məscidlər də müxtəlif olur - böyük, kiçik, qoşa minarəli, dörd minarəli...
Amma həcmindən asılı olmayaraq hamısında bir əzəmət, qeyri-adilik duyulur.
Səbəbini aydınlaşdırmaqda çətinlik çəkirəm...
Bəlkə arxitekturasından, içərisinin quruluşundan, bəlkə də müqəddəsliyindən, hələ vaqif olmadığımız sirlərin dərkedilməzliyindən irəli gəlir. 
Nə sirdir insanı Allah evində dəyişən, daha mehriban, səbirli, dözümlü və ürəyiyumşaq edən?!
Hər halda Allah evinə girəndə təkcə davranış və rəftarımızda yox, düşüncəmizdə bir dəyişiklik baş verir, özümüzü yığışdırır və cəmləyirik, danışığımıza fikir veririk.
***
Mənim üçün ən böyük məscid Ağdam məscidi olub!
Bəlkə onadək başqa məscid görmədiyimə görə belə idi...

Hətta onunla ilk tanışlıqda minarələrinə, daxildən tavanına baxanda hündürlüyündən ehtiyatlanırdım, özümü həmin yüksəklikdən aşağı baxan vəziyyətdə təsəvvür edirdim...
Məscidin akustikası isə möcüzə idi. Mikrofonsuz, səsgücləndiricisiz minbərdə deyilənləri ən uzaq küncdə oturanlar belə eşidə bilirdilər.
***
Ağdam məscidi şəhərin mərkəzində yerləşirdi. 
Böyük həyəti vardı. Sovet dövründə dəmir cağlarla əhatəyə almışdılar, sonradan həmin hasar söküldü. Qarşısından qoşa, ikitərəfli mərkəzi yol keçirdi. Yolun o üzündə "Lenin bağı" yerləşirdi. Məscidin həyətində əsasən tut ağacları, "Lenin bağı"nda isə meyvəsiz çoxlu ağaclar vardı. Sıx kölgəliyi olardı. Məhərrəmlik, xüsusən Aşura günlərində Ağdamın kəndlərindən, hətta ətraf rayonlardan o qədər insan gələrdi ki, nəinki məscidin içərisində, hətta həyətində böyük sıxlıq yaranar, necə deyərlər, iynə atsan yerə düşməzdi.
Onda "Lenin bağı" da adamla dolar, burada dayananlar içəri girmək üçün həyətdə seyrəklik yaranmasını gözləyərdilər.
Məhərrəmlik başlayanda rayon partiya və komsomol komitələrinin də işi çoxalardı. İnsanların məscidə getməsinin qarşısını almaq üçün xüsusi tədbirlər keçirilər, maneələr yaradılardı.
Amma faydası olmazdı.
Çünki hamı ürəyində Allaha inanar, belə tapşırıqları candərdi icra edərdi. Sov. İKP üzvlərinə qarşı isə barışmaz mövqe vardı! Hətta məscidə getməyə görə onları partiyadan xaric edə bilərdilər.
Bəli, Sov.İKP zahirən Allaha inanmayanların, ateistlərin partiyası idi.
***
Məscidlə ilk yaxın tanışlığım 4-5 yaşımda olmuşdu. Ağdam məscidi köhnə məhəlləmizdən bir kilometr, təzə köçdüyümüz binadan isə təqribən 4-5 yüz metr məsafədə idi. Bəyim nənəm namazqılan idi. İmkan tapan kimi məscidə gedərdi. Məscid həm də insanların görüşməsi, dərdləşməsi, ünsiyyət qurması yeri sayılırdı. 
Burada qocaların və qarıların öz dostları, rəfiqələri vardı. Onlar bir yerə toplaşar, daim məscidin bəlli yerlərindən birində oturardılar. Hal-əhval tutar, dərdləşər, indiki terminlə desək, "informasiya mübadiləsi" aparardılar. 
Birgə namaz qılınması (o vaxt "cümə namazı" termini işlədilməzdi), axundun moizəsinin dinlənilməsi xüsusi, mənim üçün isə sirli ayin idi.
"Qasım otağı" adlanan qara örtüklü bir yer də vardı. Üstünə şəkillər qoyulmuşdu, adi vaxtlarda oraya nəzir də qoyulardı. Məscidin içərisinə başdan-başa xalça döşənirdi. "Qasım otağı", məscidin daxili əzəməti məni sıxardı. Elə sanardım ki, içəri mələklərlə doludur və hamımıza göz qoyurlar.
50-60-cı illərdə Ağdam məscidinin axundu Mirheydər ağa idi. Nurlu siması, qeyri-adi səsi vardı (Qızı Məleykə müəllimə dördüncü sinifdə mənə dərs dedi). O, minbərdə danışanda hamı diqqətlə qulaq kəsilər, kimsə cınqırını belə, çəkməzdi. Moizəsini həmişə ağlaya-ağlaya başa vurardı. Məsciddəkilər də ona qoşulub sidqi-ürəkdən ağlayardılar. Söhbəti dərindən başa düşməsəm də, nənəmə qoşularaq mən də ağlayardım. Bəzən elə kövrəlirdim ki, sonra məni çətinliklə kiridirdilər. 
Ürəyim sıxılırdı. Evə qayıdan kimi anama xəbər verərdim. Anam nənəmə məni məscidə aparmağı qadağan eləmişdi. Amma bağça və məktəb olmayanda nənəmin başqa çarəsi qalmırdı. Mənə bərk-bərk tapşırardı ki, anana demə. Söz verərdim. Amma hülqumsuz uşağın verdiyi söz necə olar?
Beşinci, altıncı sinifdə oxuyanda özümüzü böyük sayardıq. Marağa və həvəsə görə bir-birimizə qoşularaq xəlvətcə məscidə gedərdik. Bir sinifdə oxuduğumuz qızlar bizi məsciddə görəndə xəbərçilik etməzdilər. Etsəydilər, özlərinin də məscidə getdiklərini etiraf  etmiş olardılar.
Məscidə həvəsimizi artıran bir amil də orada nəzir kimi paylanan şərbət idi. O vaxtlar mağazalarda konfet, peçenye çətin tapılardı. Şirin nə isə yemək isə uşaqların ən çox arzuladığı iş idi. Çaydanı şərbətlə doldurar, əllərində balaca dəmir parç məsciddə gəzər, qarşılarına çıxana təklif edərdilər. Şərbətə ədviyyat da qatıldığından dadından doymaq olmazdı. Hamı bir parçdan içərdi. Nənəmlə gedəndə şərbət içmək üçün özümüzlə ayrıca stəkan da aparardıq.
Məhərrəmlik, Aşura günləri Ağdam məscidi, sözün həqiqi mənasında, şəhərin mərkəzinə çevrilərdi. Adam, maşın əlindən tərpənmək olmazdı. Dəstə bağlayıb "şaxsey-vaxsey" deyən, mərsiyə, növhə oxuyan, zəncir vuranlar... Kəsəsi, ayrı aləm olardı. Əvvəlcə gedib böyüklərin dəstəsinə qoşular, sinə vurardıq. Basabas düşəndə ayaq altda qalmayaq deyə kənara çəkilməli olardıq.
Sonralar sözləri əzbərlədiyimizdən özümüz ayrıca dəstə bağlamağa başladıq. Dəstəbaşı ucadan haray çəkər, biz də xorla onun səsinə səs verərdik. Qurşaqdan yuxarı soyunaraq əvvəlcə tək əllə, sonra qoşa əllə sinəmizə vurardıq. Çalışardıq bərk vuraq ki, sinəmiz möhkəm qızarsın. Belə hesab edirdik ki, nə qədər bərk sinə vursaq və sinəmiz nə qədər çox qızarsa, o qədər də savabı çox olacaqdır.
Sözlər dialoqsayağı belə deyilərdi:
- Həsən vay!
- Hüseyn vay!
- Öldü Əli Əkbəri!
- Sındı belim, ya Hüseyn!
- Oxladılar Əsgəri!
- Sındı belim, ya Hüseyn!
- Ağamın atı gəldi!
- Qanlı xalatı gəldi!
- Necə qan ağlamasın daş bu gün,
- Kəsilib Kərbəlada 72 baş bu gün!

Və səsimiz batana qədər qışqırardıq!
Səhərisi gün məktəbdə batmış səsimiz bizi ələ verərdi. Amma müəllimlərimiz yalnız danlayar, cəza verməz, məsələni böyütməzdilər!
Axı, onlar da gizlincə Allaha inanar, imkan tapanda məscidə gedərdilər!
vvv
Anam Sov.İKP-nin üzvü idi. Amma hər il məhərrəmlikdə "şamü-qəriban" gecəsi hökmən məscidə gedərdi. Qara paltar geyinər, qara kəlağayı bağlayar, tanınmasın deyə üz-gözünü örtüb gizlədərdi. Qonşu arvadlarla sözləşər, hava qaralandan sonra məscidə üz tutardılar. Bizi də özləri ilə aparardılar ki, diqqəti çəkməsinlər. 
"Şamü-qəriban" gecəsi Ağdam məscidi, əslində, ağdamlıların olardı. Çünki başqa rayonlardan və uzaq kəndlərdən gələnlər gecəyə qalmazdılar. Adətən, qadınlar gec gəldiklərindən məscidin içərisinə keçə bilməzdilər, həm də tez qayıtmağı nəzərdə tuturdular. Çox qalsaydılar, raykomun göndərdiyi adamlarla rastlaşa bilərdilər. Odur ki, bayır tərəfdən məscidin pəncərəsinin qabağına yığışardılar. Kişilər onları görən kimi kənara çəkilərək yerlərini güzəştə gedərdilər.
"Şamü-qəriban"da məscidin işıqları 3 dəfə söndürülüb yandırılardı. Bu, şəbehin ən yüksək nöqtəsi sayılardı. Qan çıxanacan zəncir vuran, xəncərlə başını yaran kim, sinə vuran, ucadan qışqıraraq ağlayan kim...
İşıqlar söndürüləndə bir vaynəvseyi-şivən qopardı ki, gəl görəsən. Uğultudan, gurultudan az qala qulaq batardı. Sirli bir vahimə hamımızı bürüyərdi.
Hamı üzünü göylərə - Allaha sarı tutar, mətləbini diləyər, kömək istəyər, dua edərdi...
Məscidi Allahın evi saydığımızdan buranı müqəddəs hesab edər, Allaha daha yaxın olduğumuzu sanardıq. Hesab edərdik ki, məsciddə Allahımız bizi, istəklərimizi, dualarımızı daha tez eşidir.
***
Sovet dövründə Quranın nəşri qadağan idi, buna görə insanları cinayət məsuliyyətinə (gizli çapa görə) cəlb edirdilər.
Quranı evdə saxlamaq da qorxulu sayılırdı. Adətən, müqəddəs kitabımız məscidlərdə olardı. Başqa bir adətimiz də vardı: çətin səfərə gedəni (evdən gəlinlik paltarında çıxanı da), Quranın altından keçirər, beləliklə, ona ilahi xeyir-dua verilmiş olduğunu sanardıq!
Ali məktəbə qəbul imtahanına gələndə də məscidə gedər, Qurani-Kərimin altından keçərdik. Bu, imtahan vaxtı bizə inam və sakitlik gətirərdi. Həm də mətləbimizə yetirərdi...
***
Ağdam məscidi ilə ən həssas, kövrək xatirələrim Birinci Qarabağ müharibəsi dövrünə təsadüf etdi. 
Bu, həm də sonuncu görüş olacaqdı...
Amma Ağdamın işğal ediləcəyini, 27 il düşmən əsarətində qalacağını biz ağdamlılar ağlımıza belə gətirməzdik...
Amma ağlımıza sığışdıra bilmədiyimiz başımıza gəldi...
Özü də başımızın böyük bəlasına çevrildi.
***
Qarabağ uğrunda müharibə başlayanda öz istəyimlə "Həyat", sonra "Azərbaycan" qəzetlərinin bölgə müxbiri oldum. Müdafiə Nazirliyində akkreditasiyadan keçdim, hərbi forma alıb geyindim. İçimizdə bir qəzəb, qisas, eyni zamanda qeyri-müəyyənlik vardı.
Hadisələr hara gedir, bunun axırı hara çıxacaq, bu anormallıq, özbaşınalıq nə vaxtadək davam edəcək?
Sovet hökuməti var idi, hələ yıxılmamışdı!
Amma onun prinsipləri - "xalqlar dostluğu və proletar beynəlmiləlçiliyi", "insan-insana dost, yoldaş və qardaşdır" və digərləri daha işləmirdi.
Qorbaçovun "perestroyka"sı nə idi, sonu nə ilə bitəcəkdi?
Moskva nə oyun oynayır, nəyə nail olmaq istəyir?
Erməni niyə bu qədər ürəklənib "miatsum" deyir, onu niyə susduran, yerində oturdan yoxdur?!
Ölkə rəhbərliyi nə düşünür, axı azərbaycanlılar ev-eşiklərindən qovulur, döyülüb-təhqir olunur, erməni isə Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyir!
Kimdən kömək alasan, üzünü hara tutasan, başına haranın daşını salasan?!
Suallar çox, cavab verən və kömək göstərən isə yox!
Sonrası necə oldu, artıq bunu hamı bilir!
Odur ki, mətləbdən yayınmayaq...
***
Müharibənin ilk günlərindən Ağdam "Qarabağın mərkəzi" funksiyasını yerinə yetirməyə başladı. 
Respublikanın və ittifaqın ozamankı məsul işçiləri əvvəlcə Ağdama gəlir, vəziyyəti öyrənir, sonra Xankəndiyə yollanırdılar.
Əksərən gecələr Ağdama qayıdaraq buradakı "Qonaq evi"ndə qalırdılar.
Respublikanın hər tərəfindən göndərilən ərzaq yardımları Ağdama çatdırılır, buradan müşayiətlə erməni kəndlərinin əhatəsində yaşayan azərbaycanlılara aparılırdı.
Xocalıya, Şuşaya getmək istəyənlər əvvəlcə Ağdama toplaşır, burada mühafizə ayrılaraq yola salınırdılar və s...
O dövrdə mərkəz funksiyası daşıyan Ağdamın da 2 mərkəzi vardı: biri rayon icra hakimiyyəti (o zaman rayon soveti adlanırdı) qarşısında yerləşən mərkəzi meydan və Ağdam məscidi!
Ağdamın mərkəzi meydanı (o vaxtlar buraya həm də "Qaçqınlar meydanı" deyirdilər) daha çox "görüş yeri", "siyasi məkan" funksiyasını daşıyırdı. Ağdama gələnlər, rayon rəhbərliyi ilə görüşmək, yaxud kimdənsə nəyisə eşitmək və öyrənmək üçün bu meydana baş çəkər, kəndlərindən qovulanlar kömək axtarmaq üçün bura üz tutar, bütün günü meydan dolub-boşalardı.
Meydanda istənilən qədər qeyri-rəsmi informasiya olsa da, rəsmi nəsə öyrənmək, dəqiqləşdirmək müşkül sayılırdı. Çünki nəinki rayon rəhbərliyi, hətta ozamankı respublika rəhbərliyi belə hər şeydən xəbərsiz olmaqla hadisələrin önündə yox, arxasında gedirdilər.
Nəticəsi də acınacaqlı oldu...
***
Ağdam məscidi isə taleyin üz döndərdiyi insanların pənah gətirdiyi ünvan sayılırdı.
İNSANLAR BURAYA: 
* evindən qaçqın düşərkən itirdiyi qohum-əqrəbası, dost-tanışı ilə tapışmaq üçün üz tuturdu;
* naməlum şəhidi tanımaq üçün həyəcanla, ürək döyüntüsü ilə məscidə yaxınlaşırdı;
* isinmək, bir tikə çörək yeyə bilmək ümidi ilə gəlirdi;
* itmiş ümidini diriltmək üçün gəlirdi;
* həm də ümidi itdiyi üçün gəlirdi;
* hər yerdən əli üzüldüyündən Allahın ətəyindən yapışmaq üçün gəlirdi;
* Tanrıdan kömək almaq üçün gəlirdi;
* yerdəkilərdən əli üzüldüyündən göylərə sığınmaq üçün gəlirdi!
* müəyyən bir daldalanacaq tapmaq, isti paltar əldə etmək üçün gəlirdi...
Bəzən ümidi doğrular, itirdiyini tapar, ayrı düşdüklərinə qovuşar, bir stəkan isti çay, bir loğma çörək tapardı. 
Bəzən isə yeri dolmayacaq itki ilə qarşılaşardı.
Ağdam məscidi həm də şəhidlərin "yuat yeri" idi.
Ölkənin hər yerindən ürəyinin hökmü ilə torpaqların müdafiəsi üçün Qarabağa gələn, burada şəhidlik zirvəsinə ucalanlar Ağdam məscidində yuyulub kəfənlənəndən sonra öz elinə, obasına yola salınardı...
Dinimizə, adət-ənənəmizə uyğun...
Ağdamlılar bu torpaq uğrunda şəhid olanları daim özününkü sayır, itkilərdən doğan dərdi-kədəri öz ağrısı hesab edirdi.
Elə vaxt olurdu ki, tabut düzəltməyə taxta, kəfən tikməyə bez belə tapılmırdı...
Amma insanlar özlərini oda-közə vuraraq tapır, şəhidləri haqq dünyasına hörmət-izzətlə yola salırdılar.
Ağdam məscidi belə məscid idi!
Amma, sən demə, onun da qismətində murdar əllərə düşmək varmış.
Erməni vandalları bu müqəddəs məkanı söküb dağıtdılar da, xaraba qoydular da, lakin izini itirə bilmədilər.
Yenə öz sahiblərinə qaytarmağa məcbur oldular!
Daha doğrusu, İlham Əliyev Ağdam məscidini də əsl yiyələrinə qaytardı!
vvv
Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşmən işğalından azad etdiyi Ağdama səfəri, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə bərabər Ağdam məscidini ziyarət etməsi, əslində, həm də müqəddəs dini-tarixi abidələrimizin yeni dövrünün başlanması demək idi.
Cənab İlham Əliyev Məkkədən gətirdiyi Qurani-Kərimi məscidə bağışladı, dinimizə hörmət və ehtiramını bir daha izhar etdi.
Məscidin qarşısında dövlət bayrağını qaldırdı, erməni faşizminin murdar xislətini ifşa edən nitq söylədi, Ermənistanın köhnə və yeni rəhbərlərinə kəskin ismarışlarını göndərdi.
Ağdam məscidinin sahibi Ulu Tanrıdır!
O, məsciddə donuz saxlayanları donuzdan da betər günə qoydu!
Məscidi dağıdanları Azərbaycanın Baş Sərkərdəsinin əli ilə darmadağın etdi, diz üstə qoydu!
Allahın evini təhqir edənləri zəlil günə saldı!
Allahın sevdiyi, seçdiyi bəndəsi İlham Əliyev bütün Allah evlərini təmir edir, abadlaşdırır, insanların rahat və sərbəst ibadətinə şərait yaradır!
Budur, İlham Əliyevin tapşırığı əsasında Ağdam məscidi yenidən həyata qaytarıldı: bərpa və təmir edildi, paklaşdırıldı, Tanrı evinə layiq vəziyyətə gətirildi!

Məscidi əsirlikdən qurtaran, onu əvvəlkindən də gözəl hala gətirən İlham Əliyev bu cəfakeş insanların ümid və inam məkanı olan Allah evinin qapılarını yenidən əsl sahiblərinin üzünə açdı!
Nə qədər alicənab, qürurdoğurucu, Allahın da, bəndənin də xoşuna gələn gözəl bir əməl...
Allah həmişə əməlisaleh insanlara kömək edir, onlara arxa durur və xoşbəxt ömür bəxş edir!
Tanrının sevdiyi və seçdiyi İlham Əliyev kimi insanlara!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video