Növbəti tədris ili üçün isə 253 məktəb təmir olunacaq
2019-2020-ci
tədris ilində ölkə üzrə 164234 şagirdin I sinifdə təhsil alacağı proqnozlaşdırılır.
Onlardan 147458-i Azərbaycan, 15852-i isə rus bölməsidir.
Prezident
İlham Əliyevin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi
istiqamətində əhəmiyyətli işlər görülüb.
1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə
yaxşılaşdırılıb
Son 5 ildə
600-dən çox, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilib və
ya əsaslı təmir edilib. İlk dəfə olaraq ucqar kəndlərdə modul tipli məktəb təcrübəsi
tətbiq edilib, 2017- 2018-ci illərdə 243 belə məktəb quraşdırılıb. Cari ildə 24
rayonda 3520 şagird yerlik daha 50 modul tipli məktəb istifadəyə veriləcək. Məktəb
tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin
təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.
Təhsil müəssisələrinin
maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən imzalanan
sərəncamlar təhsilin inkişafına davamlı dövlət qayğısının daha bir nümunəsidir.
Belə ki, həmin sərəncamlara əsasən regionlarda modul tipli məktəblərin quraşdırılması
məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin
tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon
manat, təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 5.7 milyon manat vəsait
ayrılıb. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə
və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcək.
Təhsil Nazirliyinin
mətbuat xidmətindən verilən məlumata əsasən 2019-2020-ci tədris ilinin əvvəlində
nazirlik tərəfindən 43 məktəb binasının şagirdlərin istifadəsinə verilməsi nəzərdə
tutulur. 2019-cu ildə respublika üzrə 253 məktəb cari təmir olunacaq.
322 adda dərslik və metodik vəsait çap edilib
2019-2020-ci
tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5
668 865 nüsxə dərslik və metodik vəsait çap edilib. Dərsliklərin sentyabrın 6-dək
şagirdlərə çatdırılması nəzərdə tutulur.
Müasir tələblərə
cavab verən dərsliklərin hazırlanması məqsədilə Təhsil Nazirliyinin nəzdində fəaliyyət
göstərən Təhsil İnstitutunda yaradılmış Tədris resursları Mərkəzində baza (ehtiyat)
dərsliklərin hazırlanmasına başlanılıb. Artıq həmin mərkəz tərəfindən ümumtəhsil
müəssisələrinin 1-ci sinifləri üçün "Azərbaycan dili (tədris dili)” və "Riyaziyyat”
fənləri üzrə yeni baza (ehtiyat) dərsliklər hazırlanıb. Bu dərsliklər
2018-2019-cu tədris ilindən başlayaraq seçilmiş 100 məktəbin pilot siniflərinin
sınaq istifadəsinə verilib. Sınaq istifadə qarşıdan gələn 2019-2020-ci tədris ilində
də davam etdiriləcək. Proses hələ ki ümumtəhsil müəssisələrinin 1-ci siniflərini
yalnız 2 fənn üzrə əhatə edir. Növbəti illərdə bu dərsliklərin siyahısı genişləndiriləcək
və ardıcıl olaraq digər təhsil dövrləri üçün yuxarıda təsvir edilən analoji prosedurlardan
keçiriləcək. Hazırlanan dərsliklər Azərbaycanda qüvvədə olan təhsil proqramlarına
(kurikulumlarına) adaptasiya edildikdən sonra onlar ekspertiza ediləcək, sınaq istifadəyə
veriləcək, nəticələr mütəxəssislər tərəfindən təhlil ediləcək, dərsliklər üzərində
müvafiq təkmilləşdirmələr aparıldıqdan sonra onlar kütləvi istifadəyə veriləcək.
Paytaxt məktəblərində də təmir-tikinti işləri aparılır
Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən verilən məlumata əsasən, paytaxt
məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 47 minə yaxın
sorğu yerləşdirilib. Onlardan 43 mindən çoxu ümumi təhsil məktəblərini, 3 mindən
çoxu isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil
müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizindən çoxdur.
Hazırda BŞTİ-nin
tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri, 7 məktəbin mövcud
binası sökülərək yenidən tikintisi davam etməkdədir. Bir təhsil müəssisəsində yaranmış
şagird sıxlığını aradan qaldırmaq məqsədilə əlavə korpus inşa olunur. Həmçinin Bakı
şəhərində Təhsil Nazirliyi tərəfindən 58 məktəbdə cari təmir işləri aparılır.
Sabunçu rayonu
ərazisində şagird sıxlığının aradan qaldırılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən
Kürdəxanı qəsəbəsində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə
tutulur.
39, 113,
129 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri aparılır, 97, 101, 155 və
300 nömrəli tam orta məktəblərin köhnə korpuslarının sökülərək yenidən tikintisi
davam etdirilir. 154, 205 və 208 nömrəli tam orta məktəblərin isə bütövlükdə binalarının
sökülərək yenidən tikintisi həyata keçirilir.
Bundan əlavə,
ehtiyac olan ərazidə daha bir yeni məktəb (161 nömrəli tam orta məktəb) binasının tikintisi başa çatdırılıb.
Həmçinin
90 nömrəli tam orta məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi, yeni
korpusun əsaslı təmiri, 251 nömrəli tam orta məktəb üçün isə əlavə korpusun tikintisi
planlaşdırılır.
Hazırda həyata
keçirilən təmir və tikinti işlərinin yeni tədris ili başlayana qədər başa çatdırılması
nəzərdə tutulur.
5 yaşlı uşaqların 90 faizinin məktəbəhazırlığa cəlb olunması üçün imkan yaradılıb
Məktəbəhazırlıq
qrupları üzrə məlumat verən qurum rəsmisi bildirdi ki, dövlət ümumi təhsil müəssisələrində
sözügedən qruplar 2015-2016-cı tədris ilindən fəaliyyətə başlayıb. Məktəbəhazırlıq
qruplarına qəbul 4-cü tədris ilidir ki, elektron sistem vasitəsilə həyata keçirilir.
Bu isə vətəndaşların rahatlığı və subyektiv amillərin aradan qaldırılması baxımından
mühüm əhəmiyyətə malikdir.
Azərbaycanda
2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşlıların 24 faizini
əhatə edirdisə, 2016-2017-ci dərs ilində bu göstərici 55, 2017-2018-ci tədris ilində
65, 2018-2019-cu dərs ilində 75 faiz həddinə çatdırılıb. 2019-2020-ci dərs ilində
isə 5 yaşlı uşaqların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün
imkan yaradılıb.
2016-2017-ci
dərs ilində BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərində 261 məktəb üzrə
839 qrupa 23 130 uşaq, 2017-2018-ci dərs ilində 263 məktəb üzrə 868 qrupa 24
209 uşaq, 2018-2019-cu dərs ilində isə 264 məktəbdə 917 qrup üzrə 23 799 uşaq cəlb
edilib. 2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 271 ümumi təhsil müəssisəsində
962 məktəbəhazırlıq qrupunun fəaliyyətə başlaması nəzərdə tutulur.
Yeni dərs
ilində də tədrisin təşkili işinin səmərəliliyinin artırılması, təhsilin keyfiyyətinin
yüksəldilməsi, məktəblərin fəaliyyətində rəqabətliliyin genişləndirilməsi, məktəblərdə
sağlam və yaradıcı mühitin möhkəmləndirilməsi üçün sistemli iş aparılacaq. Müəllimlərin
peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmiş zəruri tədbirlərin reallaşdırılması,
təhsil müəssisələrinin idarəetmə məsələlərinə xüsusi diqqət yetirilməsi, şagirdlərin
təlim nailiyyətlərinin daha da yaxşılaşdırılması, onların vətənpərvərlik ruhunun
möhkəmləndirilməsi, istedadlı şagirdlərin stimullaşdırılması və digər bu kimi mühüm
istiqamətlər əsas götürüləcək.
Yasəmən MUSAYEVA,
"Azərbaycan”