İllər boyu həsrətlə yolunu gözlədiyi doğma sakinlərini qarşılamağa hazırlaşan Qubadlı rayonunun Zilanlı kəndi yenidən dirçəlir. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən genişmiqyaslı quruculuq işləri nəticəsində Zilanlı yaxın gələcəkdə öz sakinlərinə qucaq açacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müasir infrastruktur, rahat yaşayış şəraiti və dayanıqlı enerji həlləri ilə qurulan kənd keçmişdə yarım qalan xatirələrin yenidən gerçəkləşəcəyi yaşayış məkanına çevrilir. Kənddə tikinti işləri sürətlə davam etdirilir.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva müsahibəsində bildirib ki, Mahruzlu kəndinə yaxın məsafədə olan Zilanlı kəndi Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun sol tərəfində yerləşir: "180 hektar ərazidə inşası nəzərdə tutulan kəndin ilkin mərhələdə 44 hektarında 193 fərdi yaşayış evi tikilir. Hər yaşayış evi 12 sot həyətyanı sahədə inşa edilir və burada 1 təsərrüfat tikilisi də var. Kənddə qeyri-yaşayış binaları da inşa olunur. 264 şagird yerlik orta məktəb, 80 yerlik məktəbəqədər uşaq bağçası, inzibati bina və çoxfunksiyalı binada inşaat işləri davam etməkdədir. Tikinti işlərinin 80 faizi artıq başa çatıb”.
İlhamiyə Rzayeva ilə söhbət zamanı məlum oldu ki, kənd əhalisinin alternativ enerjidən istifadə etməsi də nəzərə alınıb. Belə ki, yaşayış evlərinin damında Günəş panelləri quraşdırılır.
“Hazırda evlərdə daxili mühəndis-kommunikasiya və bəzək işləri davam edir. Fərdi yaşayış evlərində kombi istilik sistemi quraşdırılır. Kənd Həkəri çayının sahilində yerləşdiyindən burada çay daşqınlarının, yağış sularının idarə edilməsi üzrə layihələndirmə işləri də tamamlanıb. Kəndə sakinlərin köçü gələn il həyata keçiriləcək", - deyə şöbə müdiri bildirib.
Qeyd edək ki, Qubadlı rayonunun Zilanlı kəndi Vətən müharibəsində - 2020-ci il oktyabrın 23-də işğaldan azad olunub.