Hər bir dövlətin əsas dayağı və gələcəyinin etibarlı təminatçısı vətəninə bağlı, sağlam düşüncəli, peşəkar bilik və bacarıqlara yiyələnməyə, müasir dövrlə ayaqlaşmağa maraq göstərən gəncləridir. Məhz belə bir gənc nəslin formalaşdırılması ölkənin davamlı inkişafında həlledici rol oynayır. Respublikamızda son illər əldə olunan nailiyyətlərdə gənclərin ön sıralarda yer alması dövlətin gənclər siyasətinin düzgün istiqamətdə aparıldığının bariz nümunəsidir.
Ölkəmizdə ailə dəyərlərinin bu gün də qorunub saxlanılması gənclərin düzgün tərbiyəsində xüsusi rol oynayır. Valideynlərindən, ailə böyüklərindən ağsaqqal və ağbirçəklərə ehtiram, uşaqlara qayğı göstərən, hallalığı, əməyə sevgini həyatının qayəsinə çevirməyi, ölkəsinə, xalqına bağlılığı öyrənən, bu ruhda böyüyən gənclər həyatını düzgün qurmaqda çətinlik çəkmirlər. Çünki belə bir mühitdə boya-başa çatan gənclər milli-mənəvi dəyərlərə sadiq, vətəninə bağlı və cəmiyyətə faydalı fərdlər kimi yetişirlər.
Əlbəttə, gənclərin ailəsinə, cəmiyyətə, dövlətinə və xalqına faydalı şəxsiyyət kimi yetişməsində qeyd edilən amillərin əhəmiyyəti misilsizdir. Lakin eyni zamanda onların dünyagörüşünün genişlənməsində və sosial məsuliyyət hissinin formalaşmasında təhsil müəssisələrinin rolu əvəzsizdir. Məktəb şagirdlərə yalnız biliklər qazandırmır, həmçinin onları dövlətçilik ideyaları, vətəndaşlıq borcu və milli kimlik anlayışları ilə yaxından tanış edir. Bu isə gənclərin gələcək həyat yolunu daha uğurlu şəkildə seçmələrinə imkan yaradır.
Prezident İlham Əliyev gənclərlə görüşlərindən birində bildirib: "Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir".
Vurğulamaq yerinə düşər ki, dövlət tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü gənclər siyasəti onların potensialının üzə çıxarılmasına geniş şərait yaradır. Təqdim olunan imkanlar gənclərin öz bacarıqlarını reallaşdırmasına, yeni ideyalarla çıxışına və uğurlu nəticələr əldə etməsinə stimul verir. Məhz bu dəstəyin nəticəsidir ki, Azərbaycan gəncləri müxtəlif sahələrdə mühüm nailiyyətlər qazanırlar.
Ölkəmizdə gənclərlə bağlı qəbul edilən dövlət proqramları bu siyasətin əsas sütunlarını təşkil edir. 2007-ci il "Gənclər ili"nin elan olunması, 2011-ci ildə Gənclər Fondunun yaradılması, 2013-cü ildə respublikamızda ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi və "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiqlənməsi və icra olunmağa başlaması gənclərin cəmiyyət həyatında rolunun daha da gücləndirilməsinə xidmət edib. Bu təşəbbüslər Azərbaycan gəncliyini ölkənin gələcəyini qurmağa qadir əsas qüvvə kimi formalaşdırır.
Azərbaycan gəncləri milli ruhda tərbiyə olunaraq həyatın müxtəlif sahələrində uğurlar qazanmaları ilə fərqlənirlər. Dövlətimiz də, xalqımız da bu gənclərlə haqlı olaraq fəxr edir.
Uzaq olmayan keçmişimizdə - Qarabağ və Şərqi Zəngəzur Ermənistanın işğalı altında ikən bütün Azərbaycan xalqı düşmən əlində qalmış o torpaqlarının dərdi, həsrəti, nisgili ilə yaşayırdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində könüllü olaraq cəbhəyə yollanan, Qarabağ və Şərqi Zəngəzur torpaqlarını yağıların əsarətindən xilas etmək üçün sinəsini düşmən güllələrinə sipər edən əsgər və zabitlərimizin əksəriyyəti uşaqlıq çağlarından vətən sevgisi ilə böyüyən gənclərimiz idi. Onlar öz cəsurluq, qorxmazlıq və rəşadətləri ilə tarixi qəhrəmanlıq nümunəsi göstərdilər.
Vətən müharibəsi Azərbaycan gəncliyinin iradəsini və igidliyini bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində düşmənin uzun illər boyu qurduğu istehkamlar darmadağın edildi, işğal altındakı torpaqlarımız azad olundu və ədalət bərpa edildi. Bu zəfər gəncliyimizin şücaət və fədakarlıq salnaməsində əbədi qalacaq.
Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, Vətən uğrunda, torpaq uğrunda ölümə gedənlərin əksəriyyəti gənclər idi: "Bu hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə getdilər və şəhid oldular, qazi oldular və müzəffər ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi".
Azərbaycan gəncliyi yalnız döyüş meydanında deyil, həm də elm, təhsil, mədəniyyət və idman sahələrində də uğurlarını davam etdirir. Onlar yeni texnologiyaları mənimsəyir, elmi tədqiqatlarda nailiyyətlər qazanır, beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Bu müvəffəqiyyətlər gənclərin həm milli dəyərlərə bağlılığını, həm də dünyaya açıq və yenilikçi olduqlarını sübut edir. Həmin gənclərimizin fəaliyyəti yalnız şəxsi uğurlar deyil, bütöv bir cəmiyyət üçün nümunədir. Onlar vətən sevgisini hər addımda, hər layihədə və hər təşəbbüsdə nümayiş etdirir, azərbaycançılıq ideallarını yaşadırlar.
Sevindirici, qürurvericidir ki, bu gün Azərbaycan gəncliyi yalnız keçmişin qəhrəmanlıqlarını xatırlatmaqla kifayətlənmir, həm də gələcəyin qurucuları kimi fəaliyyət göstərir. Onların iradəsi, enerjisi və fədakarlığı ölkəmizi daha da gücləndirir. Hər bir uğurlu addım, hər bir nailiyyət Azərbaycanın gələcəyinə inamı artırır və gəncliyimizin parlaq gələcəyinə zəmin yaradır.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"