23 Noyabr 2021 00:17
1786
SİYASƏT
A- A+

Türk dünyasından Azərbaycanın möhtəşəm qələbəsinə layiqli dəyər

 

İstanbuldakı Demokratiya və Azadlıq Adasından, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündən Azərbaycana nəzər salmaq, onun uğurlarına və əldə etdiyi nailiyyətlərə  qardaş dövlətlərin gözü ilə baxmaq bu gün xüsusi əhəmiyyət kəcb edir.

Postmüharibə dövründə möhtəşəm qələbənin birillik yubileyini qeyd edən dövlətimiz uzaqdan, türkdilli dövlətlərin baxış bucağından necə görünür? Hərbi və iqtisadi uğurlarımız qardaş ölkələrin mizan-tərəzisində hansı xüsusi çəkiyə malikdir? Yəni bəzən bir dövlətin daxilində baş verənləri anlamaq üçün ona bir qədər kənardan baxmaq da faydalıdır.

Bizim üçün bu gün ən vacibi möhtəşəm zəfərin uzaqdan seyr edilməsidir. Amma onu xatırlayaq ki, azğın Ermənistan ordusu üzərində çaldığımız qələbədən bir il ötməsinə baxmayaraq,  bu gün də dünyanın bütün aparıcı dövlətləri və tanınmış ekspertləri  tərəfindən 44 günlük müharibənin təfərrüatları dərindən öyrənilir, araşdırılır və hətta NATO qoşunlarının tərkibində belə yeni islahatların aparılması təklifləri irəli sürülür. Dünya düzəninə yeni qoşulan Azərbaycan kimi gənc dövlətin çaldığı qələbədən sonra supergüclər və onların hərbi qurumları artıq daha müasir ordu quruculuğunun aparılmasının zəruriliyini vurğulayır və bu istiqamətlərdə ciddi tədbirlər həyata keçirirlər.

Bu barədə çox yazılıb, amma deyilməyən odur ki, Azərbaycan kimi işğaldan 30 il əziyyət çəkən dövlətin 44 günə düşməni darmadağın etməsi inanılmaz və bütün dünyanı heyrətə gətirən yenilikdir. Biz Ali Baş Komandanın dünyada heç vaxt tətbiq edilməyən uğurlu yeni hərbi strategiya və taktikasının çaldığı şəksiz və unikal qələbənin şahidi olduq. Azərbaycan əsgərinin misilsiz rəşadətinin erməniləri necə dəhşətə gətirdiyini, raket və bomba atəşlərinə məruz qalan dinc əhalinin isə necə dirəniş göstərib evlərini tərk etmədiklərini gördük. Xalq və iqtidar birliyi, Ali Baş Komandan və şəxsən onun uzun illər ərzində qurduğu  möhtəşəm ordu düşmənin başına dəmir yumruq kimi çırpıldı və onu əbədi iflic etdi. Bu, bizim ölkə daxilində qələbəyə verdiyimiz qiymətdir.

VIII Zirvə görüşündə Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilərkən əzəmətli qələbəmizin türkdilli dövlətlər tərəfindən təsəvvür etdiyimizdən dəfələrlə yüksək qiymətləndirilməsinin şahidi olduq. Bununla bağlı qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi haqqında” qərar qəbul etmişdir”.

Qazaxıstan, Qırğız, Türkiyə və Özbəkistan respublikalarının prezidentlərinin imzaladığı bu sənəd bütün türk dünyası üçün qələbənin necə böyük önəm daşıdığını, necə qürur doğurduğunu, Azərbaycanın türk dünyasının parlayan ulduzuna çevrildiyini təsdiq edir. Və ən başlıcası odur ki, Prezident İlham Əliyev öz adını qızıl hərflərlə türkdilli dövlətlərin hərb tarixinə həkk etdi.

Ərdoğan bu qələbəni belə qiymətləndirmişdir: “Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb”.

İstanbuldan Azərbaycanın hərbi qüdrətinin və danılmaz qələbəsinin  türk dünyasının qürur mənbəyinə çevrilməsi aydın sezilir. Sevindirici hal odur ki, zirvə görüşündə Azərbaycanın hərbi uğurları  bütün türk dünyasının qələbəsi kimi təqdim edildi.

Prezident İlham Əliyev çıxışında ona təqdim edilən yüksək mükafata görə dərin təşəkkürünü bildirmiş və bu mükafatın bütün Azərbaycan xalqına verildiyini demişdir: “İkinci Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı və onu da bildirməliyəm ki, bunu hər kəs görür, bizə əlavə güc verən əziz Qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaqdır. Çünki biz bu dəstəyi hiss edərək, onun sözlərinə qulaq asaraq özümüzü daha da güclü hiss etdik. Çünki hörmətli Cümhurbaşqanı demişdir ki, Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır və bu, bizə əlavə güc verdi”.

Azərbaycan bu müharibədə bütün çətinliklərə baxmayaraq, heç bir dövlətin birbaşa iştirakına Ermənistan kimi səy göstərmədi, əksinə, bu müharibənin regional faciəyə çevrilməsinin qarşısını aldı və ildırım sürəti ilə onu qısa zaman kəsiyində tarixi qələbə ilə  bitirdi. Ermənistan dövləti və çoxmilyonlu erməni diasporu bu münaqişəni dünya müharibəsinə çevirmək, Türkiyə ilə Rusiyanı və digər oyunçuları birbaşa münaqişənin həllinə cəlb etmək üçün əldən-ayaqdan gedirdilər. Bu baxımdan Rusiyadakı erməni diasporunun bütün istiqamətlərdən necə hücuma keçdiklərini, Rusiya KİV-ində necə hay-küy qaldırdıqlarını, yəqin ki, hamınız xatırlayırsınız. Azərbaycan Prezidentinin müdrikliyi və uzaqgörənliyi bu təhlükələrin hamısının qarşısını aldı.

Artıq İstanbulda Türkdilli Dövlətlərin Şurasının təşkilata çevrildiyi elan edildi. Özlərini müdrik sayan ermənilər belə vəziyyətdə göz qırpımında sülh müqaviləsini imzalamalı, onlara bir il ərzində təklif olunan imtiyazlardan faydalanmalı idilər. Döyüş meydanında nokauta düşən Ermənistanın yenə əvvəlki kimi sərhədlərimiz boyu təxribatlar törətməsi, Şuşa yaxınlığında Azərbaycan postuna qumbara atması heç bir məntiqə sığmır! Məğlub edilmiş ordunun hücuma keçməsi nokauta düşən boksçunun yerindən qalxıb yumruq atması kimi bir şeydir. Yəni o, yeni zərbələrdən təkrar yerə səriləcək. İndi o da baş verir, erməni təxribatları acı gülüş doğurur. İndi Paşinyan Azərbaycanın Ermənistan ərazilərinə soxulduğunu bəyan edir. Bütün dünyanı köməyə çağırır. Bir yandan mitinqlərdə Rusiya söyülür, digər tərəfdən isə Paşinyan Putinə zəng vurub yalvarır.

Ermənistanın bu provokasiyalarda ciddi məqsədləri var, hiylə işlədir və yalanlarının ayaq alıb yeriyəcəyinə inanır. Məqsəd dünya ictimaiyyətinə yalan məlumatları sırımaq, yenə də əzabkeş erməni surətini gündəmə gətirib şişirtməkdir. Ermənistan işğalın 30 ili ərzində vurduğu milyardlarla ziyanın bədəlini ödəməlidir. İndi zavallı əzabkeş rolunu oynamaqla elə fikirləşir ki, yaxasını qurtara biləcək.

Digər tərəfdən, ermənilər yaxşı bilirlər ki, yeni yaranan Türk Dövlətləri Təşkilatı sülhə köklənir. Ermənistan üçün təhlükə törətməyəcək. Amma məsələ burasındadır ki, genosidə məruz qalan xalq kimi Türkiyədən qaçdıqlarını bayraq edən ermənilər, əslində, dinc əhali yox, hərbi silahlı birləşmələr idilər. Bunu sübut etmək üçün kifayət qədər faktlar mövcuddur. Erməni quldur dəstələri Türkiyədə, Qafqazda və hətta Orta Asiyada saysız-hesabsız vəhşiliklər törədiblər, şəhərləri və kəndləri yandırıb viran qoyublar. Onların cinayətlərinin sayı-hesabı yoxdur. Axı qaçqın, didərgin bunları edə bilməzdi.

İndi erməniləri qorxudan həm də bu faktlardır. Onlar başa düşürlər ki, TDT gec-tez bu məsələni qaldıracaq və bütün türkdilli dövlətlərdə törədilən erməni cinayətləri fərqli rakursdan araşdırılacaq. Bugünkü Ermənistan üçün hakimiyyətdə kimin olmasından asılı olmayaraq, sülhə, barışa getməkdənsə məzlum, zavallı xalq imicini qorumaq daha əlverişlidir. Amma onların xilas yolu sülhdən, barışdan keçir. Ya özləri xoşla gələcək, ya da zorla buna məcbur ediləcəklər.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video