Dünya xilas yolunu tapmaq üçün bu il Bakıda toplaşacaq
Ətraf mühitin mühafizəsi sahəsi son illər Azərbaycan üçün daha da aktuallaşıb. Belə ki, işğaldan azad olunan ərazilərimizdə 30 il ərzində flora və faunaya vurulan zərbələr, həmçinin ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər, sağlamlıqla bağlı artan risklər, çayların çirkləndirilməsi və Xəzərə axıdılan zərərli maddələr ciddi ekoloji problemlər yaradıb.
Əslində, bu cür ekoloji problemlər dünyanın bütün ölkələrində mövcuddur. Xüsusilə COVID-19 pandemiyasından sonra bərpa zamanı ölkələrdə yaranan quraqlıq, fırtına və meşə yanğınları iqlim dəyişmələrinə daha güclü təsir etməyə başlayıb və o üzdən "yaşıl iqtisadiyyat"ın inkişafı prioritet istiqamət seçilib. Ona görə də BMT-nin çağırışlarında vurğulanır ki, iqlim dəyişikliklərinə uyğunlaşma səyləri artırılmasa, dünya böyük problemlərlə üzləşməli olacaq. Təşkilatın Ətraf Mühit Proqramının (UNEP-The United Nations Environment Programme) üç ay əvvəlki hesabatında bildirilir ki, qlobal temperatur və istixana qazları emissiyalarının artması fonunda iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün qətiyyətli və cəsarətli addımlar atılmalıdır. Dünya ölkələri səylərini artırmasa və mövcud tendensiyalar dəyişməsə, XXI əsrdə temperatur 2,5-2,9 dərəcə yüksələ bilər ki, bu da Paris sazişinin 2 dərəcə Selsi həddini xeyli üstələnməsi deməkdir.
Məlumat üçün bildirək ki, UNEP BMT-yə üzv dövlətlərin ətraf mühitlə bağlı fəaliyyətini koordinasiya edir, inkişaf etmiş ölkələrin bu sahədə siyasətlərinin və təcrübələrinin beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasını həyata keçirir. Təşkilat 1972-ci ilin iyununda "BMT-nin İnsan Mühiti Konfransı"ndan sonra yaradılıb. Baş qərargahı Keniyanın Nairobi şəhərində olan UNEP-in 6 müxtəlif regional ofisi və müxtəlif ölkələrdə ofisi var. UNEP BMT sisteminin müəllifliyi ilə ətraf mühitlə bağlı fəaliyyətin qlobal və regional səviyyədə həyata keçirilməsini təmin edir. Qurumun mandatına ətraf mühitin dövlətlər tərəfindən daim diqqət mərkəzində saxlanılmasına nail olmaq, eləcə də hökumətlərarası ətraf mühit siyasətinin konsensus yolu ilə həlli və koordinasiyasını təşkil etmək daxildir. Atmosfer, dəniz və Yer kürəsi kimi ekosistemlərin böyük bir əhatəsini də bura əlavə etsək, mənzərə aydın olar. Ətraf mühit konvensiyalarının yaradılmasında, bu sahə üzrə elmin inkişafında, eləcə də regional və qlobal səviyyədə ətraf mühitin inkişafına yönələn iri layihələrin maliyyələşdirilməsində UNEP-in rolu böyükdür.
Hər il UNEP iyunun 5-ni Dünya Ətraf Mühit Günü kimi qeyd edir. 1972-ci il dekabrın 16-da BMT Baş Məclisinin 27-ci sessiyasında elan edilən bu günün qeyd olunmasına səbəb dünyanın 23 ölkəsinin 2 min elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanmış müraciət olub. Müraciətdə "Ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar" çağırışı ilə bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq edilib. Dünya Ətraf Mühit Günü müxtəlif formalarda keçirilir. Bura mövzu ilə əlaqədar küçə mitinqləri, velosiped yürüşləri, "yaşıl konsert"lər, məktəblərdə plakat və inşa yazı müsabiqələri, ağacəkmə kampaniyaları, ərazilərin təmizlənməsi, tullantıların utilizasiyası və s. bu kimi tədbirlər daxildir.
Avropada həmin günün qeyd edilməsi üçün hər dəfə bir baş şəhər seçilir. 2010-cu ildə Bakı mərkəz şəhər seçilmişdir. Bakı bu statusa Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiya sahəsində görülən işlər, həmçinin beynəlxalq qurumların Cənubi Qafqazda ölkəmizə böyük əhəmiyyət verməsi BMT tərəfindən diqqətə alındığı üçün layiq görülmüşdür. Həmin il Bakıda "Çoxlu növlər, bir planet, bir gələcək" devizi altında ətraf mühitin sağlamlaşdırılması və yaxşılaşdırılması, eləcə də ekoloji tarazlığın qorunması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zığ-Heydər Əliyev adına Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində keçirilən kütləvi ağacəkmə kampaniyası bu işin sonrakı illərdə də davam etdirilməsinə stimul vermişdir. O gün əkilən zeytun, şam, sərv və tuya ağacları təkcə ekosistemə verdiyi xeyirlə deyil, həm də həmin yoldan keçənlərin zövqünü oxşamaqla diqqət çəkir.
Maraqlıdır ki, Dünya Ətraf Mühit Gününün Bakıda qeyd olunması həmin ilin Azərbaycanda "Ekologiya ili" elan olunması ilə üst-üstə düşmüşdür. "Ekologiya ili"ndə Qəbələ şəhərində UNEP-in və Azərbaycanın birgə təşkilatçılığı ilə biomüxtəliflik mövzusuna həsr olunmuş Avropa Ətraf Mühit Nazirlərinin yüksəksəviyyəli konfransı keçirilmiş və müzakirələrin yekunu olaraq Qəbələ Bəyannaməsi qəbul olunmuşdur.
Azərbaycan UNEP ilə "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası" üzrə fəaliyyət çərçivəsində də əməkdaşlıq edir. Konvensiya və onun 4 Protokolunun icrasında UNEP Azərbaycana yardım göstərir. Ümumiyyətlə, ətraf mühit üzrə aparıcı qlobal təşkilat olan UNEP millətləri və xalqları həvəsləndirmək, məlumatlandırmaq və onlara imkanlar yaratmaqla gələcək nəsillərin yaşam tərzinə zərər gəlməməsi üçün ətraf mühitin qayğısına qalır. Məqsəd dünya istixana qazı emissiyalarını azaltmaq üçün səyləri gücləndirmək istiqamətində görülən işlərin sürətini artırmaqdır. Çünki bu gün istixana qazları tullantılarının tamamilə qarşısı alınsa belə, iqlim dəyişikliklərinin təsirləri qarşıdan gələn onilliklərdə yenə də hiss olunacaq. Ona görə də iqlim dəyişikliyindən gələn zərər və itkiləri əhəmiyyətli dərəcədə azaltmaq üçün dünyanın bütün ölkələri var gücü ilə çalışmalıdır.
Son illər iqlim dəyişiklikləri daha dağıdıcı və məhvedici olub. Temperatur rekordları, fırtınalar, daşqınlar, zəlzələlər, isti hava axınları, meşə yanğınları bəşəriyyətə qənim kəsilib. BMT-nin əlaqadar qurumu olan UNEP-in icraçı direktoru İnqer Andersenun söylədiklərini SOS siqnalı da hesab etmək olar: "İqlim dəyişikliklərinə uyğunlaşmaqda irəliləyiş bütün istiqamətlərdə ləngiyir. O, əksinə sürətlənməlidir. Yoxsa bəşəriyyət qlobal istiləşmə və onun fəsadlarının öhdəsindən gələ bilməyəcək". Elə bu ilin noyabrında Bakıda keçiriləcək COP29-da bütün dünya həmin fəsadların öhdəsindən gəlməyin, təbii fəlakətlərdən qorunmağın, ən başlıcası, ekologiyanı mühafizə etməyin yollarını arayacaq.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"