18 Dekabr 2025 09:00
237
CƏMİYYƏT
A- A+
Səssiz təhlükə

Səssiz təhlükə


Soyuq hava şəraitinin hökm sürdüyü payız və qış aylarında insanların gündəlik həyatında istilik cihazlarının rolu əvəzsizdir. Evlərdə qaz sobaları, su qızdırıcıları, kombilər və digər istilik qurğuları fasiləsiz işləyir. Lakin bu cihazlardan düzgün istifadə olunmadıqda, təhlükəsizlik qaydalarına əməl edilmədikdə və texniki baxışlar vaxtında aparılmadıqda, ciddi təhlükə mənbəyi meydana çıxır. Bu təhlükə - dadsız, rəngsiz və qoxusuz olan dəm qazıdır.

Karbon monoksid kimi tanınan dəm qazı tərkibində karbon olan yanacaqların - təbii qaz, benzin, balon qazı, odun və kömürün yanması və ya tam yanmaması nəticəsində yaranır. Bu qazın əsas təhlükəsi ondan ibarətdir ki, insan onu nə görə, nə duya, nə də dada bilir. Məhz bu səbəbdən dəm qazı çox vaxt hiss edilmədən orqanizmə daxil olur və qısa müddət ərzində ağır zəhərlənməyə, bəzən isə ölümlə nəticələnən faciələrə səbəb olur.

Statistik məlumatlar göstərir ki, hər il payız-qış mövsümündə həm iri şəhərlərdə, həm də bölgələrdə dəm qazı zəhərlənmələri artan xətt üzrə davam edir. Bu hadisələrin əksəriyyəti məişətdə təhlükəsizlik qaydalarına laqeyd yanaşma, qaz cihazlarına qeyri-peşəkar müdaxilələr, tüstü bacalarının tutulması və ya havalandırma sistemlərinin yararsız vəziyyətdə olması ilə bağlıdır. Təəssüf doğuran məqam isə odur ki, bu cür hadisələrin böyük əksəriyyətinin qarşısını vaxtında görülən sadə qabaqlayıcı tədbirlərlə almaq mümkündür. Fövqəladə Hallar Nazirliyinin (FHN) dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə ünvanladığı müraciətdə bildirilib ki, istismar olunan qaz cihazı saz və standartlara uyğun olmalı, cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər düzəltməli, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Təhlükə zamanı isə mütləq 112-yə zəng edilməlidir.


Təhlükəsizlik standartlarına cavab verməyən cihazlardan istifadə edilməməlidir


Qış fəslində havaların kəskin soyuması insanların istiliyə olan tələbatını artırır. Bu isə qaz cihazlarının daha intensiv istifadəsinə gətirib çıxarır. Lakin istilik qurğularının düzgün seçilməməsi, standartlara uyğun quraşdırılmaması və texniki baxışdan keçirilməməsi dəm qazı riskini dəfələrlə artırır. Təhlükəsizlik qaydaları üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, qaz cihazlarının quraşdırılması zamanı otağın sahəsi və həcmi mütləq nəzərə alınmalıdır. Onun sözlərinə görə, ikigözlü qaz sobaları üçün otağın sahəsi minimum 8 kvadratmetr, üçgözlü qaz sobası üçün 12 kvadratmetr, dördgözlü qaz sobası üçün isə ən azı 15 kvadratmetr olmalıdır. Əgər həmin məkanda əlavə olaraq su qızdırıcısı da quraşdırılırsa, otağın sahəsi minimum 20 kvadratmetr təşkil etməlidir.

Ekspert bildirib ki, təhlükəsizlik standartlarına cavab verməyən, sertifikasiyası olmayan qaz cihazlarından istifadə ciddi təhlükə yaradır. Belə cihazlar yanma prosesini düzgün həyata keçirmir və nəticədə karbon monoksid əmələ gəlir. Qaz cihazlarının quraşdırılması, texniki qulluğu və təmiri yalnız ixtisaslı mütəxəssislər tərəfindən aparılmalıdır. Qeyri-peşəkar müdaxilələr, boruların özbaşına dəyişdirilməsi və cihazların bir otaqdan digərinə düzgün qaydada köçürülməməsi faciəvi nəticələrə yol aça bilər.

"Dəm qazının yaranmasında tüstü bacalarının vəziyyəti xüsusi əhəmiyyət kəsb edir. Tüstü bacaları ildə ən azı iki dəfə təmizlənməli, onların daxilində dəlik, çat və tutulmaların olmamasına diqqət yetirilməlidir. Bacalarda məişət tullantılarının, quş yuvalarının və ya digər maneələrin toplanması yanma prosesini pozur və qaz tullantılarının çölə çıxmasına əngəl yaradır. Nəticədə dəm qazı otaq daxilində toplanaraq təhlükəli səviyyəyə çatır. Qaz cihazı olan bütün məkanlarda effektiv havalandırma sistemi və nəfəslik mütləq olmalıdır. Xüsusilə mətbəx və hamam otaqları dəm qazının daha çox yarandığı yerlər hesab edilir. Bu səbəbdən həmin məkanlarda təhlükəsizlik qaydalarına əməl edilməsi həyati əhəmiyyət daşıyır. Otaqların həcminə uyğun olmayan qaz cihazlarının istifadəsi, qapalı mühitdə uzunmüddətli yanma prosesi və havalandırmanın olmaması ciddi risk faktorlarıdır", - deyə E.Nurəliyev qeyd edib.

Ekspert qaz sızmasını və dəm qazını aşkarlayan detektorların əhəmiyyətini xüsusi vurğulayıb. Onun sözlərinə görə, qaz sızması əleyhinə detektorlar təhlükə zamanı avtomatik olaraq qazın verilişini dayandırır, dəm qazı detektorları isə yüksək səsli siqnal vasitəsilə istifadəçini xəbərdar edir. Bu cihazlar karbon monoksid yaranan kimi işə düşərək insanların vaxtında tədbir görməsinə imkan yaradır. Detektorların qiymətinin əlçatan olması onların hər bir evdə quraşdırılmasını mümkün edir. Bu sadə, lakin funksional cihazlar minlərlə insan həyatını xilas edə bilər.


Zəhərlənmə zamanı ilkin tibbi yardımın düzgün göstərilməsi həyati əhəmiyyət daşıyır


Dəm qazı zəhərlənmələri insan orqanizmi üçün son dərəcə təhlükəlidir. Həkim-toksikoloq Aynur Məmmədovanın sözlərinə görə, bu zəhərlənmələr yüngül, orta və ağır dərəcəli olmaqla üç qrupa bölünür. Yüngül dərəcəli zəhərlənmələrdə, adətən, ciddi klinik əlamətlər müşahidə edilmir. Xəstələrdə yüngül başağrıları, halsızlıq və yorğunluq hiss olunur. Bu mərhələdə qanda karboksihemoqlobinin miqdarı 15 faizə qədər olur və əksər hallarda tibbi yardıma ehtiyac yaranmır. Orta dərəcəli dəm qazı zəhərlənmələrində əlamətlər daha kəskin olur. Ürəkbulanma, qusma, güclü başağrıları, halsızlıq və bəzən qısamüddətli huş itirilməsi müşahidə edilir. Bu zaman qanda karboksihemoqlabinin (CoHB) miqdarı 35 faizə çatır. Zərərçəkən çox vaxt kömək olmadan qapalı məkandan çıxa bilmir və bu mərhələdə vaxtında müdaxilə olunmazsa, vəziyyət sürətlə ağırlaşa bilər. Ağır dərəcəli zəhərlənmələr zamanı xəstə huşunu tam itirir, qıcolmalar baş verir, tənəffüs və ürək çatışmazlığı yaranır. "CoHB"nin miqdarı 50-55 faizə çatdıqda ölüm riski son dərəcə yüksək olur. Ağır hallarda isə qeyri-iradi qusmalar baş verir və huşsuz vəziyyətdə olan xəstələrdə qusuntu kütləsi tənəffüs yollarını bağlayaraq boğulmaya səbəb ola bilər. Bu hal aspirasiya adlanır və çox vaxt ölümcül nəticə ilə yekunlaşır.

Həkim-toksikoloq dəm qazı zəhərlənməsi zamanı ilkin tibbi yardımın düzgün göstərilməsinin həyati əhəmiyyət daşıdığını vurğulayıb: "İlk növbədə zərərçəkən dərhal təhlükəli mühitdən uzaqlaşdırılmalı və təmiz havaya çıxarılmalıdır. Yuxarı tənəffüs yolları selikdən təmizlənməli, nəfəs dayanıbsa, suni tənəffüs verilməlidir. Eyni zamanda təcili tibbi yardım çağırılmalıdır".

Mütəxəssis bildirib ki, dəm qazı zəhərlənmələri xüsusilə azyaşlılar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəlikləri olan şəxslər üçün daha təhlükəlidir. Risk qrupuna daxil olmayan insanlar belə bəzən bu zəhərlənmələrin ağır fəsadları ilə üzləşə bilərlər. Bu fəsadlar karlıq, korluq, əqli zəiflik və hərəkət pozğunluğu kimi nevroloji əlamətlərlə özünü göstərə bilər. Beynin hansı hissəsinin zədələnməsindən asılı olaraq bu pozuntular müvəqqəti və ya ömürlük ola bilər.

Aynur Məmmədova soyuq günlərin yeni başladığını nəzərə alaraq vətəndaşları daha diqqətli olmağa çağırıb. O qeyd edib ki, qaz cihazlarından düzgün istifadə, təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, tüstü bacalarının vaxtında təmizlənməsi və dəm qazı detektorlarının quraşdırılması ilə bu səssiz təhlükənin qarşısını almaq mümkündür. 


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb VİDEO  

19:38
18 Dekabr

Bakı Limanının infrastruktur imkanları Orta Dəhliz üzrə daşımaların dayanıqlılığını təmin edir VİDEO  

19:37
18 Dekabr

Belarus Prezidenti: Minsk ölkənin qapalı və təcrid olunması barədə Qərbin formalaşdırdığı mifi məhv edib

19:11
18 Dekabr

Aleksandr Lukaşenko: Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ  

19:03
18 Dekabr

BMT-nin rezident-əlaqələndiricisi minatəmizləmə fəaliyyəti barədə məlumatlandırılıb  

18:59
18 Dekabr

YAP Gənclər Birliyi hesabat verib  

18:51
18 Dekabr

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası keçirilib  

18:48
18 Dekabr

Kreml Amerika tərəfi ilə Mayamidə görüşə hazırlığı təsdiqləyib  

18:41
18 Dekabr

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

18:33
18 Dekabr

Ekspert: Azərbaycandan Ermənistana neft yükünün tədarükü Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir  

18:23
18 Dekabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdədir  

18:18
18 Dekabr

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb  

18:02
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!